Məhkəmə qərarları › İş №2-1(103)-2724/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2724/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2724/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X8 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi Zərdab rayon X6 Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2855/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13-20 sentyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qırmızı qurd eşənəyi diaqnozu ilə xəstədir və xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək İ qrup əlilliyə görə təqaüd almışdır. Ona əlillik həmin xəstəliklə əlaqədar təyin edilmişdir. Hazırda həmin xəstəliklərlə yanaşı şəkərli diabet, diabetik ensefalopatiya, diabetik neyropatiya və bir çox digər xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklər səbəbindən o, daimi olaraq dərmana möhtac vəziyyətdədir. Hər gün dərmanlar qəbul edir, daimi olaraq müalicə götürür. Onun əlillik pensiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əsassız olaraq kəsilmişdir. Sonuncu müraciətinə isə imtina edilmişdir. Hesab edir ki, qəbul edilmiş qərar qanunsuz və ədalətsizdir. Çünki onun stasionar müalicə ala bilməməsi onun xəstəliklərini aradan qaldırmır. O, ağır yataq xəstəsidir. Dərmanlarını almaq imkanı yoxdur. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin müəyyən olunması barədə imtina qərarı qəbul etmişdir. Göründüyü kimi onun əlilliyinin müəyyən olunması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifəsidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2855/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: N.Abıyev) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste..; Diaqnozun mətni: Sistem qırmizı qurd eşənəyi kəskin gedişli.3 d.tez-tez kəskinləşmələrlə.Fastolipid sindrom.2-li anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sistem qırmizı qurd eşənəyi kəskin gedişli.3 d.tez-tez kəskinləşmələrlə.Fastolipid sindrom.2-li anemiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0260003AABBA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste...;Diaqnozun mətni: Sistem qırmizı qurd eşənəyi kəskin gedişli.3 d.teztez kəskinləşmələrlə.Fastolipid sindrom.2-li anemiya; Meyar : 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Qırmızı qurd eşənəyi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste...; Diaqnozun mətni: Sistem qırmizı qurd eşənəyi kəskin gedişli.3 d.teztez kəskinləşmələrlə.Fastolipid sindrom.2-li anemiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Qırmızı qurd eşənəyi” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0260003AAG1K saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste...; Diaqnozun mətni: Digər orqan və ya sistemlərin zədələnməsi ilə müşayiət olunan sistem qırmızı qurdeşənəyi, Sistemli qurd eşənəyi, tez-tez baş verən kəskinləşmələrlə Ağırlaşma N08.5* Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı, Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı Ağırlaşma D63.8* Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya Ağırlaşma 112.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Nefrogen hipertoniya Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xroniki böyrək xəstəliyi İİ mərhələ Yanaşı xəstəliklər J42 Dəqiqləşdirilməmiş xroniki bronxit, Xroniki bronxit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozu və ağırlaşmalarini təsdiq edən, laborator-instrumental müayinələrin nəticələri , mütəxəssislərin rəyləri, status localis və TSEK-ə göndərilən zaman x-n vəziyyəti dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0274003AALM3 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M30-M36 - Birləşdirici toxumanın sistem zədələnməsi => M32 - Sistem qırmızı qurdeşənəyi => M32.1 - Digər orqan və siste...; Diaqnozun mətni: Sistemli qurd eşənəyi, tez-tez baş verən kəskinləşmələrlə.Nefrogen hipertoniya.Xroniki böyrək xəstəliyi İİ mərhələ.Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı.Renal anemiya.Dəqiqləşdirilməmiş xroniki bronxit.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: şəxsin öncəki əlilliyi əsassız olması faktından ləğv edilmişdir, əlavə dəqiqləşdirmələrin aparılması məqsədəmüvafiqdir” səbəbi ilə imtina verilmişdir. Bildirmək istəyirlər ki, İddiaçı Forma 88 arayışında travmotoloq-artoped “M32.1 digər orqan və ya sistemlərin zədələnməsi ilə müşayiət olunan sistem qırmızı qurdeşənəyi, sistemli qurdeşnəyi, tez-tez baş verən kəskinləşmələrlə” qeyd etsə də, kəskinləşmənin sayı qeyd olunmamış, uroloq “N18.2 xroniki böyrək xəstəliyi İİ mərhələ” qeyd etsə də, İİ mərhələ xroniki böyrək çatışmazlığı əlillik əlaməti yaratmır. Bundan əlavə ultrasəs müayinədə iltihabın əlamətləri qeyd edilsə də, iddiaçıda hansı iltihab əlamətlərinin olduğu qeyd edilməmiş və qanın ümumi analizində göstərilən nəticələr funksional pozğunluğun olduğunu göstərsə də, ağırlaşmalarda funksional pozğunluğun olması göstərilməmişdir. Qeyd edilən əsaslara görə hesab edirlər ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2855/2022 saylı, 16 iyun 2022-ci il tarixli qərarı əsassız və qanunsuzdur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı və iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Zərdab rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş xx.xx.2021-cu il tarixli 0260003AAG1K saylı göndərişində aşağıdakılar müəyyən olunur: “X1: Xİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>M30-M36-Birləşdirici toxumanın sistem zədələnməsi=>M32-Sistem qırımızı qurdeşənəyi=>M32.1-Digər orqan və sistem zədələnməsi ....; ” Diaqnozun mətni: Digər orqan və ya sistemlərin zədələnməsi ilə müşayiət olunan qırmızı qurdeşənəyi, Sistemli qurd eşənəyi, tez-tez baş verən kəskinləşmələrlə; Ağırlaşma N08.5-Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı, Birləşdirici toxumanın sistem xəstəliklləri zamanı; Ağırlaşma D63.8 Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya; Ağırlaşma İ12.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), Neforgen hiporteniya; Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xroniki böyrək xəstəliyi İİ mərhələ; Yanaşı xəstəliklər J42 Dəqiqləşdirilməmiş xroniki bronxit, Xroniki bronxit. İş materiallarında olan iddiaçının əlillik vəziyyətinin müəyyən olunması üçün Kürdəmir rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0274003AALM3 saylı göndərişində aşağıdakılar müəyyən olunur: “X1: Xİİ Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>M30- M36-Birləşdirici toxumanın sistem zədələnməsi=>M32-Sistem qırımızı qurdeşənəyi=>M32.1-Digər orqan və sistem zədələnməsi ....; ” Diaqnozun mətni: Sistemli qurd eşənəyi, tez-tez baş verən kəskinləşmələrlə. Nefrogen hipertoniya. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı. Real anemiya. Dəqiqləşdirilmiş xroniki bronxit. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının elektron müraciətlərə dair arayışlardan müəyyən edilir ki, müvafiq olaraq iddiaçının müraciətlərinin təmin olunmasından imtina edilərək, imtinanın səbəbi kimi göstərilmişdir ki; Göndərişin natamam doldurulması-Səbəb: şəxsin öncəki əlilliyi əsassız olması faktından ləğv edilmişdir, əlavə dəqiqləşdirmələrin aparılması zəruridir. Cavabdeh inzibati orqan tərəfindən bununla əlaqədar iddiaçıya aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T33/2022 saylı (ekspertizanın başlanma tarixi 05 yanvar 2022-ci il, başa çatma tarixi 25 yanvar 2022-ci il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq olaraq Zərdab rayon mərkəzi xəstəxanası və Kürdəmir rayon X6 hüquqi şəxsləri tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0260003AAG1K saylı və xx.xx.2021-ci il tarixli 0274003AALM3 saylı, №-088 göndərişləri tam doldurulmuşdur, qeyd edilən diaqnozlar aparılmış kliniki, laborator və instrumental müayinələrin nəticəsində müəyyən edilmişdir, xəstəliyin ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”sinə görə hazırda əlillik təyinatına əsas vermir, əsas xəstəliyin müalicə potensialı başa çatmadığından ixtisaslaşmış müalicənin davam etdirilməsi tövsiyə olunur. İşdən görünür ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakılar müəyyən olunmuşdur: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; - 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; - 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.5-ci bəndində göstərilmişdir ki, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Məhkəmə araşdırması zamanı iş materiallarından o cümlədən ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq olaraq Zərdab rayon mərkəzi xəstəxanası və Kürdəmir rayon X6 hüquqi şəxsləri tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0260003AAG1K saylı və xx.xx.2021-ci il tarixli 0274003AALM3 saylı, №-088 göndərişləri tam doldurulmuşdur, qeyd edilən diaqnozlar aparılmış kliniki, laborator və instrumental müayinələrin nəticəsində müəyyən edilmişdir. Bundan əlavə iş üzrə verilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, “Sistem qırmızı qurdeşənəyi” xəstəliyi xroniki xəstəlikdir radikal müalicəsi yoxdur, yalnız adekvat müalicələr vasitəsilə klinik-laborator remissiya əldə etmək mümkündür. İddiaçı “Sistem qırmızı qurdeşənəyi. Xroniki gedişli, aktiv mərhələ. İİİ dərəcə aktivlik. Dərinin, ağciyərlərin, ürəyin, oynaqların zədələnməsi ilə gedən forma. Funksional çatışmazlıq İİ” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin X2 (xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə) stasionar müalicə almışdır Göstərilən diaqnoz kliniki əlamətlər və labarator-instrumental müayinələrlə təsdiq edilmiş və iddiaçının vəziyyəti ilə əlaqədar olaraq onun daimi həkim nəzarət qrupunun müşahidəsində olması və əlillik dərəcəsinin verilməsi məqsədəuyğun hesab olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Cavabdehin mövqeyinə görə qiymətləndirməyə əsas verən hər iki göndəriş üzrə, yəni Zərdab rayon mərkəzi xəstəxanası və Kürdəmir rayon X6 hüquqi şəxsləri tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0260003AAG1K saylı və xx.xx.2021-ci il tarixli 0274003AALM3 saylı, №-088 göndərişləri üzrə iddiaçıya göndərişin natamam doldurulması əsası ilə əlilliyin təyin olunmasından imtina olunmuş və iddiaçıya aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər iki göndərişdən görünür ki, iddiaçıya qoyulmuş diaqnoz eyni olmuşdur, yəni Sinif-Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri=>M30-M36-Birləşdirici toxumanın sistem zədələnməsi=>M32-Sistem qırımızı qurdeşənəyi=>M32.1-Digər orqan və sistem zədələnməsi ....; ” Diaqnozun mətni: Digər orqan və ya sistemlərin zədələnməsi ilə müşayiət olunan qırmızı qurdeşənəyi, Sistemli qurd eşənəyi, tez-tez baş verən kəskinləşmələrlə; Ağırlaşma N08.5-Birləşdirici toxumanın sistem xəstəlikləri zamanı, Birləşdirici toxumanın sistem xəstəliklləri zamanı; Ağırlaşma D63.8 Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya; Ağırlaşma İ12.0 Böyrək çatmamazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi), Neforgen hiporteniya; Ağırlaşma N18.2 Xroniki böyrək xəstəliyi İİ mərhələ, Xroniki böyrək xəstəliyi İİ mərhələ; Yanaşı xəstəliklər J42 Dəqiqləşdirilməmiş xroniki bronxit, Xroniki bronxit. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T33/2022 saylı rəydən görünür ki, hər iki göndərişlər tam doldurulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MİHO1.3-2022-9584 saylı və Azərbaycan Tibb Universitetinin X3 xx.xx.2022-ci il tarixli eyni məzmunlu rəylərdə qeyd olunmuşdur ki, bu günə qədər dünyanın heç bir ölkəsində “Sistem qırmızı qurdeşənəyi” xəstəliyi xroniki xəstəlikdir radikal müalicəsi yoxdur, yalnız adekvat müalicələr vasitəsilə klinik-laborator remissiya əldə etmək mümkündür. Xəstə İddiaçı 1978ci il təvəllüdlü “Sistem qırmızı qurdeşənəyi. Xroniki gedişli, aktiv mərhələ. İİİ dərəcə aktivlik. Dərinin, ağciyərlərin, ürəyin, oynaqların zədələnməsi ilə gedən forma. Funksional çatışmazlıq İİ” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin X2 (xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə) stasionar müalicə almışdır Göstərilən diaqnoz kliniki əlamətlər və labaratorinstrumental müayinələrlə təsdiq edilmişdir. Bu xəstənin vəziyyəti ilə əlaqədar olaraq onun daimi həkim nəzarət qrupunun müşahidəsində olması və əlillik dərəcəsinin verilməsi məqsədəuyğun hesab olunmalıdır. Göründüyü kimi göndərişlərdə olan məlumatlar əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına əsasən iddiaçıya əlillik təyin edilməsi üçün əsas olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Cavabdeh səhiyyə müəssisəsinin göndərişini hər iki halda natamam doldurulduğunu bildirsə də, səhiyyə müəssisəsinin göndərişləri lazımi qaydada doldurmuş, xəstəliyin funksional pozğunluğu, xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri, nəticədə əlilliyin təyin olunmasına əsas olan diaqnoz qoyulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2855/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar