Məhkəmə qərarları › İş №2-1(103)-2725/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2725/2021

18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2725/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Həmidov(sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakları ilə , İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3068/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3068/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslanmışdır ki, iddia tələbində yol verilmiş formal qüsurların iddiaçı tərəfin diqqətinə çatdırılmaqla həmin xətaların aradan qaldırılması (iddia ərizəsinin imzalanması) üçün hüquqi yardım məktubu iddiaçının iddia ərizəsində qeyd edilmiş ünvanına göndərilmiş, həmin məktub onun tərəfindən poçt qəbzinə imzalanmaqla 08.02.2021-ci il tarixdə alınmış, daha sonra iddiaçının 16.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddianın imzalanmış formasının təqdim etməsini bildirməsinə baxmayaraq ərizəsinə əlavə olunmuş iddia ərizələri yenə də imzalanmamış formada məhkəməyə göndərilmiş, məhkəmənin ikinci hüquqi yardım məktubu iddiaçının iddia ərizəsində qeyd edilmiş ünvanına təkrarən göndərilsə də, həmin məktub onun tərəfindən poçt qəbzinə imzalanmaqla 23.06.2021-ci il tarixdə alınmış, lakin iddiaçı məhkəməyə imzalanmış iddia ərizəsini təqdim etməmiş, yalnız məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinin xahiş etmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3068/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını və işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi iddianın mümkünsüz sayılması barədə qərardadında qeyd etdiyi hallar iddiaçı tərəfindən yerinə yetirilmiş və həmin xətalar aradan qaldırılmışdır. Belə ki, Bakı İnzibati Məhkəməsi tərəfindən ona 27.01.2021-ci il tarixli məhkəmə bildirişi göndərilmiş və həmin məhkəmə bildirişində onun tərəfindən iddia ərizəsinin imzalanmadığı qeyd edilməklə 12.02.2021-ci il tarixə, saat 12:30-a təyin edilmiş məhkəmə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddianın mümkünlük məsələsinə baxılması qeyd edilmişdir. İddiaçı tərəfindən həmin bildiriş 03.02.2021-ci il tarixdə alınmışdır. Lakin iddiaçı qeyd edilən məhkəmə prosesinə üzürlü səbəblərdən dənizdə işlədiyi iş vaxtına düşdüyündən iştirak edə bilmədiyi üçün həyat yoldaşı tərəfindən 11.02.2021-ci il tarixdə teleqram vurulmuşdur. Bundan sonra məhkəmə prosesi 14.06.2021-ci il tarixə, saat 15:30-a təyin edilməsi barədə məhkəmə tərəfindən 19.04.2021-ci il tarixi məhkəmə bildirişi göndərilmişdir. Həmin məhkəmə bildirişini də o, 28.04.2021-ci il tarixdə almışdır.Lakin onun tərəfindən 09.06.2021-ci il tarixdə Bakı inzibati Məhkəməsinə iddia ərizəsinin imzalanmış iki nüsxədən ibarət surətinə əlavə edilmiş ərizəni göndərilmişdir. Həmin məktub Bakı İnzibati Məhkəməsi tərəfindən 14.06.2021-ci il tarixdə alınmışdır. Bu səbəbdən də məhkəmə hazırlıq prossesi 01.09.2021-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Onu məhkəmə hazırlıq iclasına təyin edilmiş 01.09.2021-ci il tarixdə iştirak etməsə də, səhhətində olan problemlərlə əlaqədar Bakı İnzibati Məhkəməsinə 31.08.2021ci il tarixdə teleqram vuraraq hazırlıq iclasının keçirilərək məhkəmə baxışına təyin edilməsinə etiraz etmədiyini və məhkəmə baxışının tarixi və vaxtı barədə məlumat verilməsini xahiş etmişdir. Lakin Bakı İnzibati Məhkəməsi tərəfindən 01.09.2021-ci il tarixdə qərardad çıxarılmış və iddia ərizəsini qeyri-mümkün hesab etmişdir. İddiaçı hesab edir ki, onun tərəfindən İPM-nin 35.1 və 48-ci maddələrinə tam əməl edilmiş və iddia ərizəsinin imzalanması ilə bağlı olan xəta aradan qaldırılmışdır. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları almayaraq iddia ərizəsinin qeyri-mümkün hesab edilməsi qənaətinə gəlmişdir. İddiaçı teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək məhkəmə baxışında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən prosessual normaların tətbiqində səhvə yol verməklə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbində yol verilmiş formal qüsurların iddiaçı tərəfin diqqətinə çatdırılmaqla həmin xətaların aradan qaldırılması (iddia ərizəsinin imzalanması) üçün hüquqi yardım məktubu iddiaçının iddia ərizəsində qeyd edilmiş ünvanına göndərilmişdir, həmin məktub iddiaçı tərəfindən poçt qəbzinə imzalanmaqla 08.02.2021-ci il tarixdə alınmışdır. İddiaçı tərəfindən 11.02.21 tarixində teleqram vasitəsi ilə göndərilmiş məlumatda məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin iddiaçıya ünvanlanmış 12 fevral 2021-ci il tarixli yardım məktubu iddiaçı tərəfindən poçt qəbzinə imza edilməklə 01.03.2021ci il tarixində alınmışdır. İş materiallarında olan (səh.54) İddiaçı tərəfindən imzalanmış 08 iyun 2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı onun tərəfindən imzalanmış iddia ərizələrini inzibati iş materiallarına əlavə etmək üçün Bakı İnzibati Məhkəməsinə göndərərək məhkəmə baxışının həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmin ərizə 14 iyun 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Bundan əlavə iş materiallarına əlavə edilmiş (səh.66) 31 avqust 2021-ci il tarixli telegramdan görünür ki, iddiaçı 01.09.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işin məhkəmə baxışına təyin edilməklə iddiaçıya məlumat verilməsini xahiş etmişdir. Bununla da, iddiaçı iddiaya mahiyyəti üzrə baxılmasında hüquqi marağının olduğunu nümayiş etdirmişdir. Göründüyü kimi iddiaçı tərəfindən Azərbaycan Respublikası İPM-nin 35.1 və 48-ci maddələrinin tələblərinə riayət edilmiş və iddia ərizəsinin imzalanması ilə bağlı olan xətanı aradan qaldırmışdır. Lakin, buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış və iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 14.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinin əlavə edildiyi ərizədə İddiaçı imzası öz əksini tapdığından iddia ərizəsinin də həmin şəxs tərəfindən verildiyi istisna olunmur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin qeyri-mümkün sayılması ilə bağlı gəldiyi nəticə əsassızdır, birinci instansiya məhkəməsinin qərardadı prosessual qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmışdır və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, 2-1(112)-3068/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3068/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” dair inzibati iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar