Məhkəmə qərarları › İş №2-1(103)-2725/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2725/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2725/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-250/2024 saylı, 19 mart 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri 14 saylı notariat ofisində tərtib edilmiş 4Ə-372 saylı notariat işindən görünür ki, AN-İ ******* nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzili X1, qeyd edilən alqı-satqı müqaviləsi üzrə satıcı olaraq İddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi vergi məbləği olaraq 3311,55 manat ödənilmişdir. xx.xx.2018-ci il tarixdə X6 və İddiaçı aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair ərizələrlə Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət etmişlər. Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, alqı-satqı müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikaında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 42-ci bəndinin qüvvədə olduğu vaxt, yəni 05 yanvar 2018-ci il tarixə təsadüf etdiyindən tərəflərin yazılı ərizəsinə əsasən qüvvədə olmuş təlimatın tələblərinə uyğun olaraq ləğv edilmiş, reyestr kitabında və elektron notariat informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır.

2. Bakı şəhəri 14 saylı notariat ofisində tərtib edilmiş 4Ə-10 saylı notariat işindən görünür ki, AN-İ ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzili alıcı X2 və satıcı olaraq İddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi məbləğdə vergi məbləği ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda iddiaçı ilə X6 arasında ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə/372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün dövlət büdcəsinə ödədiyi 3311,55 manat vergi ödənişinin geri qaytarılmasına rəy verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda X6 ilə arasında ünvan 2 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə/372 reyestr nömrəsi ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən alqı-satqı müqaviləsi üzrə satıcı olaraq tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi vergi məbləği olaraq 3.311,55 manat ödənilmişdir. xx.xx.2018-ci il tarixdə mənzilin alıcısı X6 və onun arasında bağlanmış alqı-satqı müqaviləsi ərizələri əsasında Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra tərəfindən Vergilər Nazirliyinə ödənilmiş verginin qaytarılması barədə müxtəlif tarixlərdə elektron bildiriş göndərilsə də, Vergilər Nazirliyi tərəfindən notariat orqanı tərəfindən müqavilənin ləğv edilməsinin qanunvericiliyə uyğun aparılmadığı və bu düzəlişin icrasından sonra yenidən müraciət edilməsi bildirilmişdir. Qeyd edir ki, tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat kontoruna müraciət edərək Vergilər Nazirliyinin tələblərinə riayət edilməsi xahiş edilsə də, notariusun xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, sözügedən alqı-satqı müqaviləsinin xx.xx.2018-ci il tarixə onların tələb etdiyi formada ləğv edilməsi mümkünsüz idi, belə ki, müqavilənin ləğv edilməsi həmin zaman qüvvədə olan Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 42-ci bəndinə uyğun həyata keçirilmişdir. Notariusun cavab məktubunda göstərdiyi xüsusatdan belə anlaşılır ki, həm Dövlət Vergi Xidmətinin, həm də onun tələb etdiyi alqı-satqı müqaviləsinin ləğv edilməsinin həmin forması Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydalarına Nazirlər Kabineti tərəfindən xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişiklik edilsə də, sözügedən alqı-satqı müqaviləsinin ləğvi isə xx.xx.2018-ci il tarixdə icra edilmişdir. X10 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə artıq ödənilmiş rüsumun qaytarılması barədə etdiyi müraciətə cavab verilmədiyi üçün həmin idarəyə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək, onun qaldırmış olduğu iddia tələbi mümkün sayılmamışdır. Belə ki, apellyasiya instansiyası iddia tələbini o səbəbdən mümkünsüz saymışdır ki, birinci instansiya məhkəməsi işə baxan zaman iddianın dəqiqləşdirilməsi barədə ərizə almadan, yəni tərəflərindən qaldırılmış iddia tələbi ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə olsa da məhkəmə ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə rəy verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarmış, bu hal da yuxarı instansiya məhkəməsi tərəfindən prosessual pozuntu kimi qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə gətirib çıxarmışdır. Belə olan təqdirdə təkrar olaraq tərəfindən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ödədiyi 3.311,55 manat pulun geri qaytarılmasına dair rəy verilməsi barədə müraciət etmiş, cavabdeh ona müraciətindən 45 gündən artıq vaxt keçməsinə baxmayaraq heç bir cavab verməmişdir.

5. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş cavabdehin imtinası ilə bağlı cavab məktubuna nəzər saldıqda, müvafiq imtinanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq alqı-satqı müqaviləsinin ləğv olunmaması bildirilmişdir. Məhkəmənin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 42-ci bəndinə istinad etməsindən fərqli olaraq bildirilir ki, Mülki Məcəllə ilkin olaraq, qanun qüvvəli akt sayıldığından, Ədliyyə Nazirliyi daxilində qəbul edilmiş müvafiq Təlimatından iyerarxiya (hüquqi qüvvə) baxımından üstündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarına əsasən artıq ödənilmiş verginin geri qaytarılması barədə rəy verilməsi vəzifəsi DVX-nin üzərinə qoyulmuşdur. Buna baxmayaraq, iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, eyni iddiaçı barəsində çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-2404/2021 nömrəli Qərarı ilə birmənalı şəkildə cavabdehin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi deyil, müvafiq Bakı şəhəri 14 saylı notariat kontoru olması məsələsinə hüquqi qiymət verilmiş və bu məsələ həll edilmişdir. Yəni başqa sözlə, iddiaçı birbaşa özü deyil, notariat kontoru vasitəsilə müraciət etdiyindən, məhz müvafiq notariat kontoru özü cavabdehdən müqavilənin xitam olunmasını əsas gətirərək, artıq ödənilmiş məbləği geri istəməlidir. Bu həmçinin, iddia üzrə iddiaçının subyektiv hüququnun olmamasına da dəlalət edir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1059/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadını ləğv edib, iddianın yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2596/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-250/2024 saylı, 19 mart 2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda İddiaçı ilə X6 arasında ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə/372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi səbəbindən həmin əmlak üçün dövlət büdcəsinə ödənilmiş 3.311,55 (üç min üç yüz on bir manat əlli beş qəpik) manat vergi ödənişinin İddiaçı geri qaytarılmasına dair rəy verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-250/2024 saylı, 19 mart 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-250/2024 saylı, 19 mart 2024-cü nömrəli qərarını ləğv edib, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-250/2024 nömrəli qərarı ləğv olunmalı və iddia mümkünsüz hesab olunmalıdır. İddiaçıya onun X6 arasında ünvan 3 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə-372 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun həmin müqavilə əsasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda ödədiyi vergi məbləğinin qaytarılması üzrə müraciətinə verilmiş və iş materiallarına əlavə olunmuş cavabdehin imtinası ilə bağlı cavab məktublarına nəzər saldıqda, müvafiq imtinanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq alğı-satqı müqaviləsinin ləğv olunmaması bildirilmişdir. Məhkəmənin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 42-ci bəndinə istinad etməsindən fərqli olaraq bildirirlər ki, Mülki Məcəllə ilkin olaraq, qanun qüvvəli akt sayıldığından, Ədliyyə Nazirliyi daxilində qəbul edilmiş müvafiq Təlimatdan iyerarxiya (hüquqi qüvvə) baxımından üstündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarına əsasən artıq ödənilmiş rəyin geri qaytarılması barədə rəy verilməsi vəzifəsi DVX-nin üzərinə qoyulmuşdur. Buna baxmayaraq, iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, eyni iddiaçı barəsində çıxarılmış Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)- 2404/2021 nömrəli Qərarı ilə birmənalı şəkildə cavabdehin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi deyil, müvafiq Bakı şəhəri 14 saylı notariat kontoru olması məsələsinə hüquqi qiymət verilmiş və bu məsələ həll edilmişdir. Yəni başqa sözlə, iddiaçı birbaşa özü deyil, notariat kontoru vasitəsilə müraciət etdiyindən, məhz müvafiq notariat kontoru özü cavabdehə müqavilənin xitam olunmasını əsas gətirərək, artıq ödənilmiş məbləği geri istəməlidir. Bu həmçinin, iddia üzrə iddiaçının subyektiv hüququnun olmamasına da dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarının tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia, yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Yuxarıda qeyd edilənlər iddianın bir neçə mövqedən mümkünlük barədə tələbləri ödəmədiyini və bu səbəbdən mümkün sayılmamalı olduğunu təsdiq edir. Göstərilənlərə baxmayaraq, məhkəmə iddianı əsassız və qanunsuz olaraq, icraata qəbul etmiş və iddianın təmin olunma əsası kimi: “Notariusun işi, agent kimi sadəcə ödənilmiş vergini vergi dövlət büdcəsinə ödəmək və vergi orqanına təqdim etməkdir. Hazırda, müqavilə ləğv olunduğundan ödənilmiş verginin geri qaytarılmasına dair rəyin tərtib edilməsi vəzifəsi Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial siğorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarına əsasən cavabdehin vəzifə səlahiyyətlərinə daxildir.” Görüldüyü kimi, məhkəmə qətnaməsində müraciət etməli olan şəxsin agent olduğunu göstərsə də, iddianın subyektiv hüquq tələbi baxımından iddiaçının deyil, məhz notariat kontorunun olmalı olduğunu göstərmək əvəzinə, iddianı mümkün hesab edərək, təmin etmişdir. Əlavə olaraq bildirirlər ki, mümkünsüzlük barədə məhkəməyə verilmiş vəsatət İPM-ə uyğun olaraq, qərardadla münasibət bildirilməli olduğu halda, məhkəmə bunu mahiyyət üzrə işə baxılması üçün əsas kimi qəbul etmiş və prosessual olaraq, yanlışlığa yol verərək, mahiyyət üzrə qərar çıxarmışdır. Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hesab edirlər ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə qərarda sadalamaqla kifayətləndmişdir. İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə görə işin hərtərəfli, tam və obyektiv tədqiqi məhkəmə baxışının əsas prinsipləridir. Ona görə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-250/2024 saylı, 19 mart 2024-cü nömrəli qərarını ləğv edib, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə barədə qərar qəbul edilməsi xahiş olunur.

Apellyasiya şikayətinə etirazın dəlilləri

12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir.

Tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi

16. Maddə 150.1.9. Fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2, 102.1.18, 144.1.2 və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

17. Maddə 150.3-1. Notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8 və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu 18.Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 19.Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 20.Maddə 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 21.Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 22.Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 23.Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 25.Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 26.Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları 27.Bənd 1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar – tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları; 28.Bənd 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 29.Bənd 3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 30.Bənd 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X3 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

31. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 32.Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

33. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

34. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

35. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

37. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

38. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.

39. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

40. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 41.Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

42. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

43. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

44. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya Məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları işə düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması tələb olunmur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

47. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

48. İnzibati işin mübahisələndirilməyən hallarından aydın olur ki, AN-İ ******* nömrəli, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzili X1, qeyd edilən alqısatqı müqaviləsi üzrə satıcı olaraq İddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi vergi məbləği olaraq 3311,55 manat ödənilmişdir. xx.xx.2018-ci il tarixdə X6 və İddiaçı aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair ərizələrlə Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət etmişlər. Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, alqı-satqı müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 42-ci bəndinin qüvvədə olduğu vaxta, yəni 05 yanvar 2018-ci il tarixə təsadüf etdiyindən tərəflərin yazılı ərizəsinə əsasən qüvvədə olmuş təlimatın tələblərinə uyğun olaraq ləğv edilmiş, reyestr kitabında və elektron notariat informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır. Sözügedən alqı-satqı müqaviləsi ləğv edildikdən sonra iddiaçı mülkiyyətinə qayıdan daşınmaz əmlakı başqa şəxsə alqı-satqı müqaviləsi əsasında satmış və satıcı olaraq İddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi məbləğdə vergi məbləği ödənilmişdir. 49.Kollegiya qeyd edir ki, hazırkı işdə notariusun vəzifəsi agent kimi ödənilmiş vergini dövlət büdcəsinə ödəmək və bununla bağlı bəyannaməni vergi orqanına təqdim etməkdən ibarət olmuşdur. İddiaçı alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar müqavilə bağlanarkən vergi ödəyicisi olaraq dövlət büdcəsinə ödədiyi verginin geri qaytarılmasına dair, cavabdehin vəzifəsi olan, rəyin tərtib edilməsini tələb etdiyindən cavabdehin imtinası kimi apellyasiya şikayətinin dəlilləri də əsassız və qanunsuzdur. 50.Kollegiya cavabdehin “iddia tələbinin mümkünsüz hesab edilməsinə” dair tələbi ilə bağlı qeyd edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. 51.Bundan başqa, iddiaçının subyektiv hüququnun mövcudluğuna Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2596/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə münasibət bildirilmiş və cavabdehin qeyd etdiyi dəlillərə əsasən qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin 21(112)-1059/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilmişdir.

52. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

53. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-250/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 01 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar