Məhkəmə qərarları › İş №2-1(103)-2726/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2726/2021

13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2726/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 İddiaçının vəkili və nümayəndəsi Vəkil1 Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı (üçüncü şəxs X11 cəlb edilməklə) “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərarın ləğv edilməsi” barədə tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4782/2021 saylı 18 avqust 2021- ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə məhkəməyə müraciət edərək Dövlət Miqrasiya Xidmətinin X5 vətəndaşı, 02 noyabr 2012-ci il tarixdə X5 Nyu-York şəhərində anadan olan azyaşlı qızı Bağırova Ceylaya “şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmış olması barədə” qeydinin, 28 fevral 2019-cu il tarixində “vətəndaşlığın verilmiş olması barədə” qərarının ləğv edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hüquqlarının müdafiəçisi Nümayəndə 2020ci ilin mart ayında cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək azyaşlı qızı 02 noyabr 2012-ci il il tarixdə X5 Nyu-York şəhərində anadan olan, X5 vətəndaşına dair 13 dekabr 2012 il tarixdə verilən ********* №-li Pasportunun sahibi Ceylaya 28 fevral 2019-cu il tarixində hansı əsaslarla respublikanın vətəndaşlığına mənsubiyyətin tanınmış olması barədə qərarı çıxarmış olduqları barədə məlumat almaq istədikdə ona cavab verməmişlər. İkinci dəfə 07 dekabr 2020-ci il tarixdə bir daha müraciət edib, azyaşlı Ceylaya Respublikanın vətəndaşlığına mənsubiyyətin tanınmış olması barədə qərarının verilmiş olmasına səbəb olmuş sənədlərin təsdiq edilən surətlərini, həmçinin həmin əsassız qərarının ləğv edilməsi haqqında müraciətinə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi olmuş Talıbov Rzanın K/Ə-2452 №-li 18 dekabr 2020-ci il tarixində hazırlamış olduğu Respublikanın Vəkillər Kollegiyasının 11 saylı vəkil bürosunun müdiri olmuş Vəkil2 25 fevral 2019-cu il tarixində vermiş olduğu sorğusuna (17.08.2018-ci il tarixli 026973 №-li vəkil orderi) görə 02 noyabr 2012-ci il təvəlüdlü azyaşlı Bağırova Ceylanın Azərbaycan Respublikası vətəndaşlığın mənsubiyyəti araşdırılmışdı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixində çıxmış 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin AR-in vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.5-ci yarımbəndinə görə Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Cavabdeh təşkilatın dövlət miqrasiya xidmətinin belə natamam, qeyri- obyektiv cavabı nə onu, nə də nümayəndəni Nümayəndə qane etmədiyindən, Nümayəndə 3-cü dəfə cavabdeh təşkilata müraciət etmişdir ki, vətəndaşlığın verilmiş olmasına səbəb olmuş bütün sənədlərin təsdiq edilən surətləri və verilmiş 28 fevral 2019cu il tarixli qərarı ləğv edilsin. 13 fevral 2021-ci il tarixində cavabdeh təşkilatın - Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi olmuş X15 Əfəndizadəyə ünvanlamış olduğu K7Ə-162 nömrəli 09 fevral 2021-ci il tarixində hazırlamış olduğu cavabında “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci tarixində çıxmış qanuna görə Respublikanın vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs Azərbaycan Respublikası vətəndaşı sayılırdı, 02 noyabr 2012-ci il təvəllüdlü Ceylanın atası olmuş X7 Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdi” göstərilmişdir. Cavabdeh təşkilatın - Dövlət Miqrasiya Xidmətinin azyaşlı Ceylaya 28 fevral 2019-cu il tarixində verilmiş respublikanın vətəndaşlığına mənsubiyyətin tanınmış olması barədə qərarı ilə bağlı toplanmış sənədlərin təsdiq edilən surətlərini təqdim etməkdən, vətəndaşlığı ləğv edilməsinə dair müraciətə dəqiq cavab verməkdən yayınması, iki dəfə vermiş olduğu cavablarında fərqli mövqeləri ortaya qoymuş olması çıxarılmış qərarın qanunsuzluğunu bir daha sübut edir. İddia ərizəsinin əvvəlində qeyd etdiyi və qoşmada təqdim ediləcək sənədlərdən məlum olacağı kimi azyaşlı qızı Ceyla X5 vətəndaşıdır. Azərbaycan Respublikasında isə ikili vətəndaşlıq qanunla təsbit edilmədiyindən azyaşlı qızı Ceylanın Azərbaycan Respublikası vətəndaşı kimi tanınması barədə cavabdeh təşkilatın - Dövlət Miqrasiya Xidmətinin 28 fevral 2019-cu il tarixində vermiş olduğu qərarının əsası yoxdur. Məlum olduğu kimi ilkin olaraq şəxsin (o cümlədən azyaşlı uşağın) vətəndaşı olduğu xarici dövlətin vətəndaşlığına xitam verilməlidir. Lakin onun azyaşlı qızı Ceylanın X5 vətəndaşlığına xitam verilməmişdir, belə bir sənəd cavabdeh təşkilata - Dövlət Miqrasiya Xidmətinə təqdim edilməmişdir. Ən əsası da azyaşlı qızı Ceylanın valideyni - anası kimi onun bu proseslərdən xəbəri olmamışdır. Hesab edir ki, üçüncü şəxs Bağırov Davud tərəfindən cavabdeh təşkilata - Dövlət Miqrasiya Xidmətinə saxta sənədləri təqdim etmiş olduğundan azyaşlı qızı Ceylaya Azərbaycan ərazisində vətəndaşlığın verilmiş olması baş tutmuşdur. Bu səbəblərə görə cavabdeh təşkilat-Dövlət Miqrasiya Xidməti tərəfindən hüquqlarının müdafiəçisi Nümayəndə qəsdən tam, dolğun cavab, həmçinin, vətəndaşlığın verilmiş olmasının səbəbi kimi sənədlərin surətləri təqdim edilməmişdir. Qoşmada təqdim edilən X5 Nyu-York şəhərinin X2 X1 Nyu-York şəhəri - Səhiyyə və Psixo-gigiyena İdarəsi tərəfindən qızı Bağırova Ceylaya 16 noyabr 2012-ci il tarixdə verilən Doğum haqqında Şəhadətnamənin Azərbaycan dilinə tərcümə edilən variantının notariat qaydasında təsdiq edilən surətinə, X5 vətəndaşına dair 13 dekabr 2012 il tarixdə verilən ********* №-li Pasportunun surətinə diqqəti yetirdikdə azyaşlı qızının ABŞ vətəndaşlığına mənsubluğuna şübhə qalmır. Həmçinin X5 Azərbaycan Respublikasındakı Səfirliyinin ona ünvanladığı 26 noyabr 2018-ci il tarixli cavabından məlum olur ki, o azyaşlı qızı Ceyla ilə görüşməyi üçün dəfələrlə: 07 fevral 2017 –ci il, 07 mart, 12 mart, 14 mart, 20 iyun, 29 iyun, 05 iyul, 15 noyabr 2018-ci il tarixlərində onlara müraciətlər edərək azyaşlı qızı ilə görüşməsinə köməklik göstərməsini xahiş etmişdir. X19 və onun ailəsi görüş imkanı vermədiklərindən onlar bunu həyata keçirə bilməmişdir. Daha sonra X5 Azərbaycan Respublikasındakı səfirliyinin azyaşlı qızı Ceylaya dair 09 yanvar 2019-cu il tarixdə Bakı şəhərində hazırladığı X3 məlum olur ki, Bağırov Davud onlara (yəni ABŞ Səfirliyinə) icazə vermişdir ki, azyaşlı Ceyla ilə görüşsünlər. Bu bir daha azyaşlı qızı Ceylanın ABŞ vətəndaşlığına mənsubluğunu təsbit edir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Dövlət Miqrasiya Xidmətinin X5 vətəndaşı, 02 noyabr 2012 il tarixdə X5 Nyu-York şəhərində anadan olan azyaşlı qızı Bağırova Ceylaya “şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmış olması barədə" 6872164-cü saylı 28 fevral 2019cu il tarixində çıxarılmış qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4782/2021 saylı 05.03.2021-ci il tarixli qərardadı ilə X11 üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4782/2021 saylı 18 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, Azyaşlı Ceyla Azərbaycan Respublikasının vətəndaşından doğulsa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmişdir, belə ki, ona Azərbaycan Respublikasının vətəndaşlığı verilməmişdir. Onun Azərbaycan Respublikasının vətəndaşı olması üçün, o, Azərbaycan vətəndaşlığını əldə etməlidir. Bunun üçün onun valideynləri (və ya onlardan biri) uşağın Azərbaycan vətəndaşlığını əldə etmək üçün səlahiyyətli dövlət qurumlarına müraciət etməlidir. İndiki halda belə bir müraciət iş materiallarında mövcud deyildir. Ceyla ABŞ-da anadan olmuşdur və ABŞ vətəndaşıdır. Qaydaların 3.4.10-cu bəndində göstərilən qaydada Ceylanın ABŞ vətəndaşlığından çıxması haqqında müvafiq sənəd təqdim edilməlidir. Belə bir sənəd mövcud deyildir. Buna görə də onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. -İş materiallarında olan ********* nömrəli ABŞ vətəndaşının pasportundan görünür ki, 02.11.2012-ci il təvəllüdlü “Baghirova Jeyla” ABŞ vətəndaşıdır. -Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 28 fevral 2019-cu il tarixli ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil bürosunun 26 fevral 2019-cu il tarixli sorğusuna əsasən, 02 noyabr 2012-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış, qərarın surətinin sorğu verən tərəfə təqdim edilməsi müəyyən olunmuşdur. Qərara əsasən, qərardan 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. - Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 18.12.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri 11 saylı Vəkil bürosunun müdiri Vəkil2 22.05.2019-cu il tarixli sorğusu (17.08.2018-ci il tarixli 026973 nömrəli vəkil orderi) əsasında 02.11.2012-ci il təvəllüdlü X8 Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyəti araşdırılmışdır. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikaısnın vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdiirlməsi Qaydası”nın 4.1.5-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. - Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış 09.02.2021-ci il tarixli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Araşdırma zamanı 02.11.2012-ci il təvəllüdlü X8 atası X7 Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. - İşdən müəyyən olunur ki, X11 və Beishekeyeva Merim arasında ailə münasibətləri pozulmuş və tərəflər arasında çoxsaylı məhkəmə mübahisələri mövcud olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 25.08.2020-ci il tarixli qərarına əsasən (iş nömrə 21(103)- 1199/2020), iddia təmin edilmiş, 02.11.2012-ci il təvəllüdlü azyaşlı X8 adına Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən 12 dekabr 2012-ci il tarixdə 1479-cu nömrəsi ilə aparılmış doğum haqqında akt qeydi ləğv olunmuş və bununla əlaqədar verilmiş AZ-İİ N970077 saylı doğum haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən azyaşlı Ceyla Bağırovanın adına 12.12.2012-ci il tarixdə doğum haqqında akt qeydi aparılarkən sonuncuya artıq ABŞ-da doğum haqqında şəhadətnamə verildiyi nəzərə alınmamışdır. İddiaçının qızı Ceyla Bağırovanın adına doğum qeydi ABŞ-da aparılmaqla bu barədə müvafiq doğum şəhadətnaməsi verildiyi halda cavabdeh inzibati orqanın yenidən doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə olan halda həmin qeydlər qanunsuz inzibati akt olaraq ləğv edilməli, qeydlər əsasında verilmiş doğum haqqında şəhadətnamə isə etibarsız hesab edilməlidir. Həmin qərar qanuni qüvvəyə minmiş və Səbail rayon qeydiyyat şöbəsi tərəfindən icra olunmuşdur. Apellyasiya icraatı zamanı üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddiaçının apellyasiya şikayətinə dair yazılı etiraz təqdim edərək, bildirmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır, yəni Azərbaycan Respublikası vətəndaşı qanunvericiliyə əsasən başqa dövlətin vətəndaşlığına mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşı sayılır. Bu hal ABŞ vətəndaşlığına da xasdır. ABŞ qanunları digər dövlətlərin vətəndaşlığını qadağan etmir, yəni ABŞ vətəndaşı istənilən ölkənin vətəndaşı ola bilər, ancaq Amerika hakimiyyəti onu yalnız ABŞ vətəndaşı hesab edərək digər vətəndaşlığını tanımır. Bundan əlavə Bağırova Ceylanın ABŞ vətəndaşlığına da malik olması onun Azərbaycan Respublikası vətəndaşlığını itirməsi üçün 2 (iki) səbəbdən əsas ola bilməz: 1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsi Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsini özündə ehtiva edir. Bu isə naturilizasiyanı, yəni vətəndaşlığın şəxsi vəsatətlə əldə edilməsini nəzərdə tutur. Filiasiya, yəni vətəndaşlığın anadangəlmə əldə edilməsi istisnadır. Bağırova Ceylanın ABŞ vətəndaşlığını ius soli (torpaq hüququ) əsasında, Azərbaycan Respublikası vətəndaşlığını isə ius sanquini (qan hüququ) əsasında əldə etmişdir. 2. Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi artıq Azərbaycan Respublikası vətəndaşı olmuş şəxsin daha sonra başqa dövlətin vətəndaşlığını əldə etməsini nəzərdə tutur. Bağırova Ceylanın nümunəsində isə şəxs Azərbaycan Respublikası vətəndaşlığını sonradan əldə etmişdir. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, eyni qaydalar ABŞ qanunvericiliyinə də xasdır. Yəni başqa dövlətin vətəndaşlığını naturilizasiya yolu ilə əldə etmiş şəxs ABŞ vətəndaşlığını itirdiyi halda, filiasiya yolu ilə başqa dövlətin vətəndaşlığını qəbul etmiş şəxs ABŞ vətəndaşlığından məhrum olmur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Bağırova Ceylanın istər Azərbaycan Respublikası, istərsə də ABŞ vətəndaşlığına malik olması onun bu dövlətlərin milli qanunvericiliyində və beynəlxalq konvensiyalarda təsbit olunan vətəndaşlıq hüququnu və hüquqdan irəli gələn digər hüquqlarını məhdudlaşdırmır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində də göstərilir ki, hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlıq əldə edir. Nəzərə alınmalıdır ki, həmin Qanunun preambulasına görə bu Qanun, Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət) əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir). “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarına əsasən iddiaçının qızı 02 noyabr 2012-ci il təvəllüdlü X12 ABŞ vətəndaşlığını könüllü deyil, doğum faktı ilə (“ius soli” (torpaq hüququ) əsasında) əldə etmiş və onun (“ius sanguinis” (qan hüququ) əsasında) Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını istisna edən hal mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na əsasən: - 3.11. Dövlət Miqrasiya Xidməti sorğunun bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlayır və həmin tələblərə uyğun təqdim olunmuş sorğuya qeydiyyata alındığı vaxtdan 20 günədək müddətdə baxmaqla, müvafiq qərar qəbul edir. - 3.12. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar sorğu bu Qaydaya uyğun təqdim edilmədikdə, habelə toplanılmış sübutlar yetərli olmadıqda və əlavə sübutların toplanılmasına ehtiyac olduqda, bu Qaydanın 3.11-ci bəndində nəzərdə tutulmuş müddət Dövlət Miqrasiya Xidmətinin əsaslandırılmış qərarı ilə 20 günədək uzadıla bilər və müddət uzadıldıqda, bu barədə Dövlət Miqrasiya Xidməti tərəfindən sorğu verən tərəfə məlumat verilir. - 3.13. Sorğunun baxıldığı müddətdə şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutlar aşkar edilmədikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”na 1 nömrəli əlavə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sorğu vərəqəsi”nin forması təsdiq edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 11 saylı Vəkil bürosunun 26 fevral 2019-cu il tarixli sorğusu “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün sorğu vərəqəsi”nə uyğun formada tərtib edilməsə də, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmasından imtina edilməsi üçün əsas, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutların aşkar edilməməsidir. Cavabdeh inzibati orqan tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 02 noyabr 2012-ci il təvəllüdlü X8 atası X11 Azərbaycan Respublikası vətəndaşı olması (doğulduğu vaxtdan hazırki vaxtadək) müəyyən edildiyindən və işin konkret halına görə ABŞ vətəndaşlığının könüllü qaydada əldə etməsi halı olmadığından (mənsubiyyəti sorğu edilən şəxs yetkinlik yaşına çatmayan şəxs olduğundan) şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün zəruri olan sübutların aşkar edilmədiyi qənaətinə gəlmək üçün əsas müəyyən edilməmişdir Göründüyü kimi hazırkı iş üzrə cavabdeh iddiaçının qızı X5 vətəndaşı, 02 noyabr 2012 il tarixdə X5 Nyu-York şəhərində anadan olan azyaşlı Bağırova Ceylaya Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçı isə “şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmış olması barədə" 6872164-cü saylı 28 fevral 2019cu il tarixində çıxarılmış qərarının ləğv edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin “Qaydaların 3.4.10-cu bəndində göstərilən qaydada Ceylanın ABŞ vətəndaşlığından çıxması haqqında müvafiq sənəd təqdim edilməli olması, belə bir sənədin isə mövcud olmaması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, (Həmin bəndə əsasən, bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biridir), həmin Qaydaların 3.3-cü bəndinə əsasən, Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə, müvafiq ərizə-anketə (2 nömrəli əlavə) bu Qaydanın 3.4.1–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədləri əlavə edir. Göründüyü kimi vətəndaşlıq mənsubiyyəti müəyyən edilən şəxs öz seçimi ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün müraciət etdikdə həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədi təqdim etməlidir, yəni norma yetkinlik yaşına çatmış şəxsə öz mənsubiyyətini öz iradəsinə əsasən müəyyənləşdirilməsinə hüquq verir. Bu isə mahiyyət etibarilə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin (digər dövlətin vətəndaşlığının könüllü əldə edilməsi) icrasını təmin etməyə yönəlmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4782/2021 saylı 18 avqust 2021- ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4782/2021 saylı 18 avqust 2021- ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar