Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2726/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qanundan çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7004/2023 nömrəli 03 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillərin “əmək zəmanətinin" müəyyən edilməsinin hansı xəstəlik diaqnozları və hansı qanunvericilik aktı ilə tənzimlənməsi haqqında qanundan (bütün xəstəlik diaqnozu qeyd edilməklə) çıxarış edilərək ona təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 saylı qanuni qüvvəsini almış qərarını, tibb müəssisəsisinin 0280003AAFMA göndərişini nəzərə alaraq Diaqnoz qrafasında “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ50-İ50.9), 2.4.4. emosional-iradi pozuntular (F48-F48.9) qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə isə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əlillərin “əmək zəmanətinin” müəyyən edilməsinin hansı xəstəlik diaqnozları, hansı qanunvericilik aktı ilə tənzimlənməsi haqqında qanundan (bütün xəstəlik diaqnozu qeyd edilməklə) çıxarış edilərək təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-7004/2023 nömrəli 03 may 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. 1993-cü ildən 1996-cı ilədək Cəmşid Naxçıvanski adına hərbi litseydə, 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2-ci qrup müharibə əlillidir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Mayor rütbəsində zabit kimi Xüsusi Təyinatlı, kəşfiyyat bölmələrində və xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X1, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3029/2021 saylı qərarı ilə iddiaçıya “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı verilməsi təmin etdi, Müdafiə Nazirliyinin Məzrkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 195 nömrəli qərarı ilə təmin edildi, xəstəlik diaqnozu 2008-ci ildən bu günədək eyni xəstəlikdir. Eyni diaqnozla və səhhətində olan digər xəstəliklərlə bağlı bir çox vaxtlarda, bir çox xəstəxanalarda müalicələrdə olmuşdur. Bu xəstəlik diaqnozuna əsasən iddiaçıya 2-ci qrup xx.xx.2021-ci il tarixdən etibarən müddətsiz əlillik təyin edilməsini qanuna müvafiq hesab edir. Belə ki, iddiaçıya müddətsiz əlillik təyin edilməsindən cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etdi, Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli Qərarları ilə xx.xx.2021-ci il tarixdən etibarən iddiaçıya 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsinə qərar verildi və cavabdeh tərəfindən icra edildi. İddiaçıya müddətsiz əlillik təyin edilənədək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının diaqnoz və əmək zəmanəti qrafasında düzəlişlər edilərək cavabdeh tərəfindən iddiaçıya qarşı bir çox qanunazidd hərəkətlərə yol verilmişdir, xx.xx.2021-ci ilə kimi təyin olunmuş əlillikdə əmək zəmanəti qrafasında “Xüsusi yaradılmış şəraitdə işləyə bilər” kimi qeyd edilmiş, sonradan xx.xx.2021-ci ildə əlillik səbəbi dəyişdirilməsi ilə bağlı müraciət etdikdən sonra əmək zəmanəti qrafasında “Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmiş, daha sonra Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli qərarını icra edərək xx.xx.2022-ci ildə xx.xx.2021-ci il tarixdən etibarən iddiaçıya 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən əmək zəmanəti qrafasında “Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmişdir. Cavabdehin qanunazidd hərəkətləri barədə xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək iddiaçı xahiş etdi ki, Azərbaycan Respublikası adından çıxarılan qanuni qüvvəsini alan Ali Məhkəmənin 2- 1(102)- 1012/2022 nömrəli Qərarını nəzərə almaqla xx.xx.2021-ci il tarixdən etibarən iddiaçıya 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Əmək zəmanəti qrafasında yazılmış “Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” sözlərinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışında əmək zəmanəti qrafasında “yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsinə göstəriş verilsin. Lakin xx.xx.2022-ci il tarixli müraciətindən sonra cavabdeh əvvələr olduğu kimi yenə də ona qarşı qərəzli mövqe nümayiş etdirmişdir, belə ki, xx.xx.2022-ci ildə elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, müraciətinə əsasən iddiaçıya köməkdarlıq etmək əvəzinə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılmış “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları” sözlərinin Diaqnoz qrafasında “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotk hallar” sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış “Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” sözlərinin əlillik arayşında Əmək zəmanəti qrafasında “əmək qabiliyyətsiz” sözləri ilə əvəz etmişdir. Hal-hazırda müraciəti ondan ibarətdir ki, əlilliyin əmək zəmanəti müəyən edilməsi barədə hansı qanunvericilik aktına istinad edərək təyin olunması barədə ona məlumat verilməsi barədə müraciətinə cavab verilmədiyi üçün məhkəməyə müraciət etdi, lakin məhkəmə heç bir araşdırma aparmadan əsassız və qanunsuz olaraq iddia tələbini cavabdehin vəkili rolunda çıxış edərək mümkünsüz saymışdır. Belə ki, cavabdeh istədiyi kimi insanların əmək qabiliyyətin qiymətləndirir, bu isə insanların hüquqlarının pozulmasına gətirib çıxarır, belə bir əmək zəmanətini təyin edilməsi barədə qanunun mövcud olub olmaması barədə məhkəmə öz hüquqi mövqeyini vətəndaşların ziyanına olaraq qiymətləndirməklə hüquqların pozulmasına gətirib çıxarır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7004/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı əsassız, qanunsuz və formal xarakterli olduğu üçün ləğv edilməli və iddia tələbi mümkün sayılmaqla icraat davam etdirilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən görünür ki, iddiaçı əlillərin “əmək zəmanətinin” müəyyən edilməsinin hansı xəstəlik diaqnozları, hansı qanunvericilik aktı ilə tənzimlənməsi haqqında qanundan çıxarış edilərək təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici bütün normativ hüquqi aktların, o cümlədən hazırda iddiaçının ona verilməsini tələb etdiyi qanunların dərc edilməsini nəzərdə tutur, həmin aktlar dərc edildikdən sonra hamı üçün əlçatan olur. İddiaçı ona zəruri olan normativ hüquqi aktın mətni ilə müvafiq mətbu nəşr və ya aktı qəbul etmiş orqanın rəsmi internet informasiya ehtiyatı vasitəsilə tanış ola bilər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, əmək zəmanəti şəxsin əlilliyini qiymətləndirən orqan tərəfindən müəyyən olunur və əlilliyi olan şəxslərin peşə yönümünü müəyyənləşdirmək üçün tövsiyə olunacaq əmək fəaliyyətində onun səhhətinə mənfi təsir göstərə biləcək mütləq və nisbi əks-göstəriş sayılan istehsalat şəraitini və amillərini müəyyən edən göstəricidir. Əmək zəmanəti şəxsin xəstəlikləri, zədələri və çatışmazlıqlarına, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə əsasən hər bir şəxsə münasibətdə fərdi olaraq qiymətləndirilməklə müəyyən olunur. İşdən görünür ki, iddiaçının hazırkı iş üzrə hüquqi marağı onun əlilliyi qiymətləndirilərkən əmək zəmanətinin “əmək qabiliyyətsiz"dən “yüngül işlərdə işləyə bilər”ə dəyişdirilməsinə yönəlmişdir, lakin iddiaçı bu tələblə artıq məhkəməyə müraciət etmişdir və müvafiq məhkəmə qərarları vardır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. 15.4. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7004/2023 nömrəli 03 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2726/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2726/2023
27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver