Məhkəmə qərarları › İş №2-1(103)-2727/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2727/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2727/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə Şirinova Gülyar Elman qızının katibliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı maddi və mənəvi ziyan barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7818/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlara vurulmuş maddi və mənəvi zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində kompensasiya ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7818/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7818/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçılar iştirak etsələr də, hazırki məhkəmə iclasının vaxtı və yeri barədə hər iki tərəf lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və gəlməmənin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsləin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7818/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(102)7595/2019 saylı qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “Gözəl Bakı" MTK-nın cavabdehlər X8 və qeyrilərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsindən Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 1 saylı evin, 62 saylı mənzilinin mülkiyyətçisi X4 digər cavabdehlər X3 və X2 ev əşyaları ilə birlikdə, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, 1 saylı evin, 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3 ev əşyaları ilə birlikdə, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, 1 saylı evin, 66 saylı mənzilinin mülkiyyətçisi X5 digər cavabdehlər İddiaçı2, İddiaçı1, X9 ev əşyaları ilə birlikdə "xxxx" MTK-nın vəsaiti hesabına aylıq 1 otaq üçün 350 manat, 2 otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri/evlərinin sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək, orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 1, qapı 1 ünvanda qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan X17 "xxxx" MTK-nın vəsaiti hesabına aylıq 800 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda yeni tikiləcək binada həmin ölçüyə (92 kv. metr) 30 faiz əlavə edilməklə qeyri-yaşayış sahəsi ilə təmin edilməklə əşyaları ilə birlikdə çıxarılması, cavabdeh X4 mülkiyyətinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi, 1C saylı evin altındakı 0.00766 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi hissəsində çıxarışın etibarsız hesab edilməsi, habelə qarşılıqlı iddia uzrə iddiaçılar X4, X3 və X2 qarşılıqlı iddialarının qismən təmin edilərək "xxxx" MTK-nın vəsaiti hesabına cavabdehlərə ayrılan kirayə haqqının 350 manat müəyyən edilməklə onların həmin mənzildən çıxarılmaları, qalan hissədə isə qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu ıl tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)7595/2019 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsinin Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilməsi, onlara veriləcək mənzillərin ölçüsünün faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilməsi, qətnamənin Salamovlara münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixli 2(102)-7595/2019 saylı icra vərəqəsi verilmişdir. İşdə olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 7940e1541/2020-5-6 №li məktubla məhkəməyə təqdim olunmuş Ali Məhkəmənin 2(102)- 7595/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə materiallardan müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi Ali Məhkəmənin 2(102)7595/2019-004 nömrəlii xx.xx.2019-cu il tarixli icra sənədi əsasında xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul etmişdir. İşdə olan Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsi xx.xx.2020-ci il tarixli e1541/2020-5-6 saylı tələbin könüllü icrası haqqında X1, İddiaçı2, İddiaçı1, X13, X10 ünvanlayaraq, 07.0.2020-ci il tarixli icraata başlanmış Ali Məhkəmənin 2 (102)-7595/2019- 004 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Bu müddət ərzində tələb üzrsüz səbəbədən icra edilməszə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərini həyata keçirilməsi ilə bağlı xərclərin onlardan tutulacağı qeyd olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru X18 tərəfindən xx.xx.2020- ci il tarixdə İddiaçı3, xx.xx.2020-ci il tarixdə isə İddiaçı1 mobil telefon nömrələrinə zəng edilərək icra sənədinin icrası ilə bağlı dəvət edilmiş və İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən xəbərdar edilmişlər. İşdə olan Nəsimi rayon icra şöbəsi tərəfindən "xxxx" MTK-ya, Nəsimi RPİ-nin 20-ci polis bölməsinə, Bakı şəhər Təcili və X12 Stansiyasına, Azərbaycan Respublikası FHN-nin X16 Xidmətinə xx.xx.2020-ci il tarixli məktub göndərilərək, Ali Məhkəmənin 2(102)-7595/2019- 004 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin edildiyi bildirilmişdir. İddiaçıların qeyd olunan tələblə cavabdehə müraciət etməsinə, həmin müraciətin xx.xx.2022-ci il tarixdə Nəsimi rayon icra şöbəsinə poçt vasitəsilə təqdim olunmasına baxmayaraq, sonuncu tərəfindən cavablandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırda iddiaçılar cavabdeh tərəfindən həyata keçirilmiş icra tədbirləri nəticəsində onlara vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. Bununla bağlı məhkəmə kollegiyası aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh şöbə tərəfindən həyata keçirilmiş icra tədbirləri qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına uyğun olmuşdur. İddiaçılara cavabdeh şöbənin həyata keçirdiyi icra tədbirləri nəticəsində maddi və mənəvi ziyanın vurulması təsdiq olunmamışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıların iddia etdiyi kimi, onlara maddi və mənəvi ziyanın vurulmasına əsas olmuş hərəkətlər (mənzillərin boşaldılması üçün orada olan əşyaların daşınması və s.) cavadeh şöbənin əməkdaşları tərəfindən deyil, MTK-nın fəhlələri tərəfindən həyata keçirilmişdir ki, bu halda Nəsimi rayon İcra və Probasiya şöbəsi hazırki iddiaya cavab verməli şəxs kimi çıxış edə bilməz. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. . Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7818/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar