Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2728/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3176/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07-10 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində 60.000 (altmış min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsinə dair cavabdehin xx.xx.2021-ci il tarixli, **********9613 saylı qərarının ləğv edilməsi və vergi məsuliyyətinə cəlb etmənin xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim edərək, İddiaçı iddia tələbi üzrə məhkəmə baxışının, həmin iş üzrə başlanmış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3176/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraatın həmin iş üzrə başlanmış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin vəsatəti təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardaddan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********0624 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, Etibar Bəkirov (Qaraçuxur qəs) ünvanında yerləşən “Şadlıq sarayı” adlı obyektində (Dəniz şadlıq evi) həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 30 (otuz) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 002494 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 22 nəfər fiziki şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişdirlər. 8 nəfər isə izahat verməkdən imtina etmiş, bu hal müvafiq aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ‘Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********9613 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 60.000,00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Qeyd edilən operativ vergi nəzarəti ilə bağlı aşkar edilmiş faktlar əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış, hazırda həmin cinayət işi üzrə ibtidai araşdırma aparılır. Cavabdeh tərəfindən iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim edilmiş, vəsatət təmin edilməmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 oğıu apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9613 saylı qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ( kontraktı) hüquqi qüvvəyə minmədən 30 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 60000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021-ci il tarixədək 60000 manat məbləğin büdcəyə ödənilməsinin təmin olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 31 mart 2022-ci il tarixli Q2200887 saylı qərarı ilə “Fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 30 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə Azərbaycan Cinayət Məcəlləsinin 162.1.1-ci maddəsi ilə cinayət işi başlanılması qərara alınmışdır. İşdən göründüyü kimi cavabdeh orqan məhkəməyə iş üzrə icraatın dayandırılması barədə vəsatət təqdim edərək, İddiaçı iddia tələbi üzrə məhkəmə baxışının, həmin iş üzrə başlanmış cinayət işi üzrə icraat başa çatana kimi dayandırılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi vəsatəti təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2004-cü il tarixli Qərarında açıq göstərilmişdir ki, "İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz”. İkincisi, iş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Bu baxımdan, həm İPM-in 7.2-ci maddəsində, həm də MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Lakin hazırkı iş üzrə işlərin belə bir asılılığı müəyyən edilmir. Belə ki, cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında mübahisəli qərarı, inzibati orqan (cavabdeh) tərəfindən ümumi hüquq (vergilərin müəyyən edilməsi və ödənilməsi) sahəsinə aid olan məsələni (vergiləri azaldan vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsini) həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı şəxs (iddiaçı) üçün hüquqi nəticələr (müəyyən miqdarda əlavə vergilər və maliyyə sanksiyaları) yaradan qərar növündə hakimiyyət tədbiri olmaqla, "İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati aktdır. İnzibati orqanların hakimiyyət tədbirlərindən narazı qalan şəxslərin məhkəmə müdafiəsi hüququ isə normativ-hüquqi müstəvidə ən yüksək təminat altına alınmışdır. Qeyd olunanların təhlili göstərir ki, Azərbaycan Respublikasının inzibati icraat və inzibati prosessual qanunvericiliyi ilə şəxslərin hüquq və vəzifələri ilə bağlı inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlardan məhkəmə qaydasında şikayət vermək, yəni inzibati məhkəmələrdə inzibati aktın ləğv olunması və dəyişdirilməsi haqqında inzibati iddia qaldırmaq hüquqları aydın təsbit olunmuş, bu hüquq heç bir istisnaya tabe tutulmamış, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdir. Bu kontekstdə, İPM-in 7.2-ci maddəsinə istinadən məhkəmə baxışı o halda dayandırıla bilər ki, 1) mübahisənin predmeti ilə bağlı cinayət təqibi mübahisənin həllinə təsir etsin, yaxud, 2) məhkəmənin qərarı cinayət işi üzrə məsələnin həllindən asılı olsun. Lakin, bu iki haldan heç biri iş üzrə mövcud deyil. Bu hallar mövcud olmadan İPM-in 7.2-ci maddəsini tətbiq edərək məhkəmə baxışının dayandırılması müstəqil iki növ mühakimə icraatından birinin o birindən asılılığı demək olardı. Doğrudur, məhkəmə baxışının dayandırılması baxımından inzibati mühakimə icraatının İPM-in 7.2-ci maddəsində nəzərdə tutulan qaydada cinayət mühakimə icraatından asılı olduğu hallar vardır, ancaq sözügedən hallar cavabdehin vəsatətində əks olunanlar deyil. Həmin hallara misal kimi, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında ayrılmış torpaq sahəsinin hüquqi qeydiyyata alınmasından inzibati orqanın imtinasının mübahisələndirildiyi inzibati işdə sərəncamın saxta sənəd olması ilə əlaqədar başlanmış cinayət təqibi barədə məhkəməyə rəsmi məlumatın daxil olması göstərilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, İPM-nin 7.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi Barədə” Qərardan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 29 nəfər şəxsi müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar İddiaçı barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata, bu cür əməli ilk dəfə törətməsi, işçilərlə əmək münasibətlərini rəsmiləşdirməsi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə borcunun olmaması ilə əlaqədar, cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Göründüyü kimi cavabdehin vəsatətində göstərilən iş üzrə icraatın dayandırılmasına əsas olan hallar cinayət işi üzrə icraata xitam verilməklə aradan qalxmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, vəsatətin təmin edilməsinə əsaslar olmadığından birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3176/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2728/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2728/2022
13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver