Məhkəmə qərarları › İş №2-1(103)-2729/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2729/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2729/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X3rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair iş üzrə Açar söz: diplomun tanınması X5 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı “diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1239/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İsayeva X6 Respublikasında Anadolu Universitetinin Menecment fakültəsini Menecment ixtisası üzrə bakalavr dərəci ilə “Açı öyrətim” təhsil forması ilə bitirmiş, bu barədə ona xx.xx.2016-cı ildə 2016-135877 nömrəli diplom verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş diplomların surətindən görünür ki, ümumilikdə ali təhsil müddəti 4 il olmuş, iddiaçı 2014-cü il tarixədək “Halkla ilişkilər və tanıtım” ixtisası üzrə subbakalavr proqramı üzrə təhsil alsa da sonradan Universitet daxilində ixtisasını bakalavr poqramı üzrə menecment ixtisası ilə dəyişmiş və 2016-cı ildə təhsilini başa vuraraq diplom əldə etmişdir. Bu hal Anadolu Universitetinin xx.xx.2021-ci il tarixli məktubu ilə təsdiq olunur. İddiaçı diplom üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2021-ci il tarixli məktubu ilə müraciət təmin edilməmişdir. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə” xx.xx.2022-ci il tarixli NA00003537 nömrəli qərarı.

Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Təhsildə X3rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sonradan tələbi dəqiqləşdirərək Türkiyə Respublikasının Anadolu Universitetinin Menecment fakültəsinin Menecment ixtisasından (bakalavr proqramında) verilmiş xx.xx.2016-cı il tarixli 2016- 135877 saylı diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Türkiyə Respublikasının Anadolu Universitetinin Distant Təhsil X1 və Təqdimat üzrə Subbakalavr proqramında xx.xx.2012-ci il tarixində qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixində subbakalavr pilləsindən məzun olmuşdur. **********1 tələb nömrəli iddiaçı Menecment fakültəsinin Menecment ixtisasında (bakalavr proqramında) xx.xx.2014-cü il tarixində Universitet daxilində köçürülmə üsulu ilə qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixində bakalavr pilləsindən məzun olmuşdur. İddiaçı Azərbaycan Respublikasının Təhsildə X4 elektron qaydada müraciət edərək. Türkiyə Respublikasından aldığı 2016-135877 saylı diplomunun nostrifıkasiya edilməsini xahiş etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən xx.xx.2021-ci il tarixində iddiaçının müraciətinə dair mənfi qərar qəbul edilmişdir. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. Qeyd edirlər ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Göründüyü kimi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13- cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda, sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Qaydaların 3.7-ci bəndində isə qeyd olunur ki, 3.6- cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(112)-1239/2022 saylı qərarı ilə (hakim Elvin Əliyev) iddia tələbi təmin edilmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “distant” təhsil forması digər təhsil formalarından fərqli olmaqla yanaşı, müxtəlif səciyyəvi xüsusatlara malikdir. Belə ki, distant forma - təhsil prosesinə xas olan bütün komponentləri (məqsədlər, məzmun, metodlar, təşkilati formalar, tədris vasitələri) əks etdirən və İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil formasıdır. Qeyd olunmalıdır ki, qanunvericilik distant formada təhsilin təşkili qaydalarını şərtləndirməsə belə, iddiaçının təhsil aldığı ölkə ilə Azərbaycan Respublikası Höküməti arasında təhsil sahəsində əməkdaşlıq münasibətləri mövcud olmuşdur ki, həmin münasibətlər zənnində iddiaçının distant təhsil formasının təsdiq edilməsi üçün müəyyən əsaslar yaranır. Əlbəttə, qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıqöğrətim” formasının “distant” təhsil formasına aid olması təkzibolunmaz haldır. Məhkəmə hesab etmişdir ki, Türkiyədə təhsil forması kimi “açık öğretim” və “uzakdan eğitim” kimi anlayışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Göründüyü kimi, Türkiyə Respublikasında “distant” təhsil forması bir neçə növə ayrılmışdır ki, bu hal da iddiaçının aldığı təhsil formasının “distant” forma hesab edilmə meyarına xələl gətirmir. Lakin nəzərə alınmalıdır ki, ümumiyyətlə “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda “distant” təhsilalma formasının bilavasitə təsbit olunduğuna baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın əsası kimi çıxış edə bilməz. Çünki, belə bir halın mövcud olması iddiaçının iradə ifadəsindən asılı yaranmamış və onun bununla bağlı hər hansı bir hərəkət və hərəkətsizliyi olmamışdır. İddia “məcburetmə haqqında iddia” olduğundan inzibati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda hazırkı işdə iddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə bu sübutetmə iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut ebdə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməkvəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür.

Apellyasiya şikayətinin dəlilləri:

Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2-1(112)-1239/2022 saylı qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırımışdır ki, Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Höküməti və Türkiyə Respublikası Höküməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin 12-ci maddəsində qeyd edilmişdir ki, azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Məhkəmə qərarında sözügedən müddəa göstərilsə də, iddiaçının aldığı kvalifikasiyanın Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğunluğunun cavabdeh tərəfindən düzgün yoxlanılmasını müəyyən etməmiş və nəticədə qanunvericiliyin tələblərinə zidd qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”-ma əsasən bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 ildir. Belə olan halda iddiaçı sadəcə 2 il ərzində bakalavr proqramı üzrə təhsil almışdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən sözügedən təhsil pilləsi üzrə təhsil müddəti 4-5 il olaraq müəyyən edilmişdir. Məhkəmə qərarında (səhifə 8) “açıq təhsil”in “distant” təhsil olmasını təkzibolunmaz hal kimi dəyərləndirsə də, bu təkzibolunmazlığın nəyə əsaslandığını qeyd etmir. Daha sonra məhkəmə Türkiyə qanunvericiliyində “açıq təhsil” və “məsafədən təhsil” anlayışlarına toxunaraq heç bir qanunvericilik aktına istinad etmədən iddiaçının əldə etdiyi təhsil formasının məhz “distant təhsil” hesab edildiyini vurğulayır və bunu ümumqəbul olunmuş bir aksioma kimi vurğulayır, halbuki cavabdeh “açıq təhsil” təhsilalma formasını qiyabi-distant (əyani-qiyabi təhsil) kimi qəbul edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Əsaslandırma hissəsi:

Tətbiq edilən hüquq “Təhsil haqqında” Qanunun 27.4-cü maddəsinə əsasən xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2- ci bəndinə əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir.Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma–parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. 87.8-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, qətnamənin əsaslandırıcı hissəsində qeyd edilənlərə əsasən iddiaçının təhsil forması və ali təhsil müddəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olduğundan cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçının təhsil formasının (açıq oyretim) distant təhsil forması kimi dəyərləndirsə də, məhkəmənin nəyə əsaslandığı qeyd edilmir. Halbuki birinci instansiya məhkəməsi öz qətnaməsində Anadolu Universitetinin xx.xx.2022-ci il tarixli məktubuna istinad etmiş, həmin məktubda iddiaçının təhsil modelinin məhz distant təhsil olduğu qeyd edilmişdir. İddiaçının təhsil aldığı müddətin 4 ildən az olması barədə apllyasiya şikayətində qeyd edilənlər də məhkəmə tərəfindən əsassız hesab edilir. Anadolu Universitetinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, iddiaçı “İctimaiyyətlə Əlaqələr və Təqdimat üzrə Subbakalavr” proqramında xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixdə subbakalavr pilləsindən məzun olmuş, xx.xx.2014-cü il tarixdə Universitet daxilində Menecment (İşlətmə) fakultəsinin menecment ixtisasında bakalavr proqramında qeydiyyata alınmış, xx.xx.2016-cı ildə bakalavr pilləsindən məzun olmuşdur. Anadolu Universitetinin xx.xx.2022-ci il tarixli məktubunda iddiaçının ali təhsil aldığı müddətin 4 il olduğu qeyd olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1239/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1239/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar