Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-273/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili X2 iştirakı ilə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-591/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona dövlət qulluqçusu işlədiyi illər nəzərə alınmaqla, dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, üç vəzifə maaşı mislində mükafat və bir vəzifə maaşı həcmində müavinət, hakimiyyət səlahiyyətinin icrasına görə vəzifə maaşına 15 faiz əlavə nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması və dövlət qulluqçusu kimi pensiya hüququ yarandığı vaxtdan bu günə kimi olan fərqin pensiyanın üzərinə hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1991-ci il tarixə qədər Azərbaycan SSR X1 Rayon Komitəsində, Komsomol Komitəsində, Azərbaycan SSR KP Dəvəçi Rayon Komitəsində, Gədəbəy Rayon Komitəsinin birinci katibi, Gədəbəy RXDS-nin sədr müavini vəzifəsində işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir. xx.xx.2002-ci il tarixdən dövlət qulluğu əsasları ilə pensiya alır. 16 il dövlət qulluğunda stajı vardır. Pensiya hesablanarkən hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində mükafat və birqat vəzifə maaşı miqdarında maddi yardım hesablanmalıdır. Həmin məbləğin hesablanaraq pensiya hüququnun yarandığı gündən (ixtisas dərərcəsinə uyğun) ödənilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli məktubla bundan imtina olunmuşdur. İmtina məktubunda göstərilmişdir ki, vəzifə maaşının 15 faizi miqdarında əlavənin, ixtisas dərəcəsinə görə əlavənin, mükafat və müavinətin ödənildiyinə dair məlumatlar mövcud olmadığından, həmin pul təminatlarının qanunvericiliyin tələbləri baxımından iddiaçıya tədbiq edilməsi mümkün olmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə, hakimiyyət səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə və 1 aylıq vəzifə maaşı məbləğində müavinət nəzərə alınmaqla, iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, dövlət qulluqçusunun almadığı və sosial sığortaya cəlb edilməyən ödənişlər onun dövlət məvacibinə daxil edilə bilməz. Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-1061/2020 nömrəli iş üzrə xx.xx.2020ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı “dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmaqla, iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1756/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İK-nın xx.xx.2020-ci il tarixli qərarı mübahisələndirilən hissədə ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili şikayətə uyğun izahat vermiş, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, iddia birinci instansiya məhkəməsi tərəfindən “üç vəzifə maaşı mislində mükafat”, apellyasiya instansiya məhkəməsi tərəfindən “dövlət qulluqçusu üçün ixtisas dərəcəsinə görə əlavə” nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması tələblərinə dair hissədə rədd edildiyi, məhkəmə qərarları həmin hissədə dəyişdirilmədən qüvvədə saxlanıldığı və iddiaçı da bu nəticələrlə razılaşaraq, onlardan şikayət vermədiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmeti olaraq birinci instansiya məhkəməsinin qərarının qanuniliyi yalnız iddia təmin olunan hissədə yoxlanılır. Ali Məhkəmənin iş üzrə xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “31. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı işlədiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan vəsaitlərə edilən əlavələrin pensiya hesablanarkən nəzərə alınmasını tələb edir ki, hazırkı qanunvericilik bu halı qadağan edir.
32. Cavabdeh öz apelyasiya şikayətində də bu mövqedən çıxış etsə də, apelyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərinə heç bir münasibət bildirməmiş, bununla da İPM-in 87.8-ci maddəsinin tələblərini pozmuşdur.
33. Cavabdehin mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 21-ci bəndində göstərilən qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
34. Göründüyü kimi, sözügedən əlavələrin pensiya hesablanarkən nəzərə alınması iddiaçının işlədiyi dövrdə bu əlavələri alıb-almamasından asılıdır. İddiaçı həmin əlavələrin pensiya hesablanarkən nəzərə alınmasını iddia edirsə, bu əlavələri işlədiyi dövrdə aldığını sübut etməlidir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərin icrası ilə bağlı bildirir ki, İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İşlədiyi dövrdə mübahisəli əlavələri alması barədə dəlillərin təqdim olunması iddiaçıya izah olunsa da, o, bununla bağlı mötəbər sübutları Məhkəməyə təqdim etməmişdir. Onun məhkəmə kollegiyasına təqdim etdiyi xx.xx.2020-ciil tarixli 97 nömrəli, xx.xx.2020-ci il tarixli 672 və 673/2 nömrəli arayışlar isə belə bir mahiyyət ehtiva etmədiyi üçün iş üzrə sübut əhəmiyyəti kəsb etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.” İşdən müəyyən edilir ki, iddiaçı da vaxtilə aldığı əmək haqqının tərkibinə daxil olmayan, yəni işlədiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələr nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir və bu hal Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında verilən şərhə ziddir. Qeyd edilənlər birinci instansiya məhkəməsinin iddiaçının belə bir hüququ olmadığı halda maddi hüquq normalarını pozaraq iddianı qismən təmin etməkdə haqlı olmadığını təsdiq edir və məhkəmə kollegiyası da məhz bu mənada apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbul olunmasını konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin xx.xx.2019-cu il tarixli **********7 nömrəli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, qərar yoxlanılan hissədə ləğv edilməli, eyni hissədə iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 2-1(112)-591/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı yoxlanılan hissədə ləğv edilsin, eyni hissədə iş üzrə yeni qərar qəbul edilsin və iddia təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Emin Mehdiyev