Məhkəmə qərarları › İş №2-1(103)-273/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-273/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-273/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Açar söz: qərarın ləğv edilməsi Giriş hissə: X6 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-267/2022 saylı, 24 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2019-cu il tarixli payın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X5 "xxxx" Şirkətindəki ona məxsus olan 100 % payını X7 20,0 (iyirmi) manata satmışdır.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********984200 nömrəli qərarı ilə görünür ki, "xxxx" Şirkəti (VÖEN: **********) tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən kapital ehtiyatların hesabat ilinin sonuna dəyəri 1656901,41 manat təşkil etdiyindən Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən X3 2019-cu il gəlir vergisi üzrə 115978,90 manat əlavə gəlir vergisi hesablanmışdır.

3. İşin hallarından görünür ki, vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.27-ci maddəsindəki güzəşt nəzərə alınmaqla 828440,71 manat məbləğ qeyri-sahibkarlıq fəaliyyətindən aldə edilmiş gəlirə aid edilərək həmin Məcəllənin 37, 67 və 83-cü maddələrinə əsasən 2019-cu il üçün gəlir vergisi 115981,7 manat (828440,71 x 14 faiz) vergi hesablanmışdır. "xxxx" Şirkətinin (VÖEN: **********) 2018-ci il üzrə mənfəət vergisinin bəyannaməsindən görünür ki, müəssisənin 2018-ci il üzrə ümumi gəlirləri 1,718,961.96 manat, xərcləri 1,903,455.97 manat, zərər 184,492.01 manat olmuşdur.

4. "xxxx" Şirkətinin (VÖEN: **********) 2018-ci il üzrə mənfəət vergisinin bəyannaməsinə 1 №-li Əlavədən görünür ki, müəssisənin 2018-ci il üzrə hesabat dövrünün sonuna 4,416,739.35 manat cəmi aktivləri, 4,416,739.35 manat cəmi kapital öhdəlikləri, 2.759.837,94 manat cəmi öhdəlikləri, 1,946,391.78 manat kreditor borcları, 1,738,255.59 manat dövlət büdcəsinə vergi borcu, 186,801.19 manat sair kreditor borcları olmuşdur.

5. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, "xxxx" Şirkəti tərəfindən vergi öhdəlikləri ilə bağlı 2019-ci il ərzində (əsasəndə mart- aprel aylarında) 4,587,330.24 manat dövlət büdcəsinə ödənişlər edilmişdir. - “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən xx.xx.2021-ci il tarixdə çap edilmiş çıxarışdan görünür ki, xx.xx.2000-xx.xx.2019-cu illəri əhatə edən dövr üzrə 5.852.783,32 manat hesablanmış, 3.285.620,54 manat ödənilmiş, 907.592,61 manat azaldımış, əhatə etdiyi dövrün son tarixinə saldo - 1.808.850,71 manat, çap tarixinə saldo 28.491,60 manat, sosial üzrə bölüşdürülməmiş ödənişlər 118.622,11 manat göstərilmişdir.

6. xx.xx.2018-ci il tarixli, **********140851 nömrəli səyyar vergi yoxlmasına dair aktın surətindən görünür ki, "xxxx" Şirkətinin (VÖEN: **********) 2012-2013-cü il üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlama ilə ƏDV-nin 1051538.0 manat, mənfəət vergisinin 182980.75 manat və muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin 988902.48 manat, ödəmə mənbəyindən tutulan verginin 101907.86 manat, cəmi 2325329.09 manat vergilərin azaldığı müəyyən edilmişdir.

7. xx.xx.2018-ci il tarixli, **********805200 nömrəli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə X5 01 yanvar 2012-ci il tarixdən 31 avqust 2013-cü il tarixədək olan dövrdə təsisçisi olduğu "xxxx" Şirkətinin (VÖEN: **********) nəzdində “İddiaçı Klinikası” tibb müəssisəsinin fəaliyyətinə fakitki rəhbərlik edərək 1302456.93 manat vergiləri və 983273,36 manat məbləğində məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödənilməkdən yayındırdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/7507 №-li xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiq hissəsində göstərildiyi kimi vergi orqanı tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi əsas götürülməklə kapital ehtiyatların hesabat ilinin sonuna dəyəri 1656901,41 manat müəyyən edilmişdir. Lakin təqdim edilmiş iş materiallarında "xxxx" Şirkətinin iştirak payının alqı-satqı tarixinə, yəni xx.xx.2019-cu il tarixinə borcunun 5.682.616,00 manat dəyərində olması göstərilmişdir. Eyni zamanda qeyd edilir ki, iş materiallarında (səhifə 82-97) həmin borc məbləğlərinin ödənilməsi ilə bağlı ödəniş tapşırıqları öz əksini tapmışdır. Yəni, iştirak payının satışı tarixinə (xx.xx.2019-cu il) müəssisənin xalis aktivləri mənfi göstəricidədir. Bundan başqa bildirlir ki, təqdim edilmiş iş materiallarında (səhifə 142) olan şirkətin şəxsi hesab vərəqəsində alqı-satqı tarixinə 1.670.039,63 manat qalıq borcunun olması qeyd olunmuşdur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan 2018-2019-cu illərə dair olan mənfəət vergisi bəyannamələrinin ümumi gəlirlər hissəsində olan gəlirlə cəmləndikdə belə (1718961,96+3714505,01=5.433.466,97) şirkətin alqı-satqı tarixinə olan borc məbləğini əhatə etmir. Bütün yuxarıda göstərilənlər nəzərə alındıqda iştirak payının satışı tarixinə, yəni xx.xx.2019-cu il tarixinə müəssisənin xalis aktivlərinin mənfi göstəricidə olması müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********40100 nömrəli qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş 12 may 2020-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə **********984200 №-li qərardan və 15 may 2020-ci il tarixli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, ona 124,093.17 manat vergi borcu hesablanmışdır. Bu qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, kapitaldakı iştirak payı və səhmlərin satışından əldə olunan gəlir üzrə kameral yoxlama nəticəsində hesablanmış əlavə vergi öhdəliyi həqiqi, əsaslı və qanuni sayıla bilməz. Cavabdeh nəzərə almamışdır ki, iştirak payının satışı tarixinə müəssisənin xalis aktivləri mənfi göstəricidədir. Buna görə də pay nominal qiyməti ilə satılmışdır və əlavə olaraq mənfəətə cəlb edilən məbləğ yoxdur. Eyni zamanda xalis aktivin hesablanması qaydası Maliyyə Nazirliyinin normativləri və sənədlərinə əsasən mənfəət vergisinin məbləğindən deyil, aktivlər ilə öhdəliklər arasında yaranan fərq ilə müəyyən edilir.

11. Bakı İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(112)-267/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir.

12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X5 "xxxx" Şirkətindəki ona məxsus olan 100 % payını xx.xx.2019-cu ildə 20,0 (iyirmi) manata X1. “NORD STAR’’ şirkəti təsisçinin xx.xx.2020-ci il tarixli qərarı ilə VÖEN-i saxlanılmaqla “X12” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********740100 nömrəli qərarla Vergi Məcəlləsinin 96.5-ci maddəsinə əsasən X3 2019-cu il gəlir vergisi üzrə 115978,90 manat vergi borcu hesablamışdır. Qərarın qəbul edilməsi əsası kimi X2 xx.xx.2019-cu il tarixdə "xxxx" Şirkətində olan 100% payını 20 manata X7 təqdim etməsi, "xxxx" Şirkəti tərəfindən 2018ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən kapital ehtiyatların hesabat ilinin sonuna dəyəri 1656901,41 manat təşkil etməsi qeyd olunmuşdur. Hazırda iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********740100 nömrəli qərar mübahisələndirilir.

13. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, vergi orqanı xx.xx.2019-cu il tarixdə X4 vergi ödəyicisi kimi qeydə almışdır.

14. Məhkəmə qeyd etmişdir ki, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər... Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə onun şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim edir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Uçota alınmaq üçün ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Onların uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (34.1-ci maddə). Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərir. Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır...(34.2-ci maddə).

15. Bəhs olunan normalara görə vergi ödəyicisinin vergi orqanında uçota alınması onun tərəfindən forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən ərizə verilməsi və ərizəyə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməsi ilə şərtləndirilmişdir.

16. Cavabdeh inzibati orqan iddiaçının ona vergi ödəyicisi kimi uçota alınmasına dair ərizə verməsi barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh iddiaçının belə ərizə verməsi barədə mübahisə də açmamışdır.

17. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” təsdiq edilmişdir.

18. Həmin Qaydaların 2.3-cü və 2.4-cü bəndlərinin tələblərinə görə vergi orqanında uçota alınmaq üçün fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” verilir. Fiziki şəxsi uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma məsələlərində etibarnamə əsasında səlahiyyət verilmiş şəxs təmsil edə bilər. Bu Qaydaların məqsədləri üçün təqdim edilən ərizələr yalnız fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalana bilər. Ərizəni qəbul edən vergi orqanı əməkdaşı onun yalnız buna səlahiyyəti olan şəxs tərəfindən təqdim olunduğunu müəyyən etdikdən sonra bu Qaydalarda göstərilən tədbirlərin yerinə yetirilməsini təmin etməlidir. Ərizələrin səlahiyyətli olmayan şəxslərdən, yaxud uçota dayanmaq istəyən şəxsin qohumlarından (ailə üzvlərindən) qəbul edilməsinə yol verilmir. Ərizədə göstərilənlərin düzgünlüyünə fiziki şəxs və ya onun səlahiyyətli nümayəndəsi cavabdehdir. Eyni tələblərə vergi orqanı tərəfindən hazırlanmış sənədlərin forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən jurnalda imza edilməklə verilməsi zamanı da əməl edilməlidir.

19. Həmçinin, məhkəmə qeyd etmişdir ki, vergi qanunvericiliyinin tələbinə görə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə fərdi sahibkar vergi orqanında uçot alınır. İddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair cavabdeh inzibati orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

20. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının təsis payının olduğu "xxxx" Şirkətinin xx.xx.2000-xx.xx.2019-cu illəri əhatə edən dövr üzrə ümumilikdə 5.852.783,32 manat vergi borcu hesablanmış və həmin məbləğin 3.285.620,54 manatı ödənilmiş, 907.592,61 manatı azaldımışdır. Bu isə son nəticədə onun dövlət büdcəsinə 1.808.850,71 manat borclu qalması deməkdir. Göründüyü kimi "xxxx" Şirkətinin alqı-satqının həyata keçirildiyi zaman 1.808.850,71 manat borcu olmuşdur.

21. Bundan əlavə iş üzrə keçirilmiş ekspertiza tədqiqatı zamanı da iştirak payının satışı tarixinə, yəni xx.xx.2019-cu il tarixinə müəssisənin xalis aktivlərinin mənfi göstəricidə olması müəyyən edilmişdir. Ekspert rəyində əks olunan məlumatlar şübhə doğurmamış, bu məlumatların mötəbərliyinin təkzib edən hallar cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir. Ona görə də məhkəmə iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 9/475 nömrəli ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəyi iş üzrə mötəbər sübut növü kimi qəbul edir.

22. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə məhkəmə araşdırılması zamanı iddiaçı Leyla Şıxlınskayanın "xxxx" Şirkətindəki ona məxsus olan 100 % payını xx.xx.2019-cu ildə sataraq gəlir əldə etməsi öz təsdiqini tapmamışdır.

Apellyasiya şikayətinin dəlilləri: 23.Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2-1(112)-267/2022 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı Leyla İddiaçı Fərruxovanın "xxxx" şirkətindəki özünə məxsus olan 100% payının xx.xx.2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş “payın alqı-satqısı” müqaviləsinə əsasən 20,0 manata X7 təqdim edildiyi müəyyən edilmişdir. Lakin, "xxxx" şirkətinin həmin tarixə olan aktivlərinin dəyəri nəzərə alınaraq iştirak payının 20,0 manata təqdim edilməsi real vergi məbləğinin gizlədilməsi və vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Yaranmış uyğunsuzluq ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********490900 nömrəli məktub göndərilmişdir. Lakin, məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat, zəruri sənədlər və mövcud uyğunsuzluq aradan qaldırılmaqla müvafiq dövr üçün dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmişdir. İddiaçı Fərruxovanın vergi orqanı tərəfindən uçota alınması tam qanuna uyğun olmuş və qeyd olunan hüquqi mövqe Ali Məhkəmənin qərarı ilə təsdiq edilmişdir. Ekspert rəyindən görünür ki, ekspert tərəfindən heç bir tədqiqat aparılmamış, sadəcə əsassız olaraq inzibati işin materiallarında olan rəqəmlər qeyd edilərək cəmiyyətin xalis aktivlərinin dəyəriniun mənfi göstərici olduğu vurğulanmışdır. Göründüyü kimi məhkəmə qərarında qanunvericiliyin müddəaları düzgün tətbiq edilməmiş, sadəcə qanunvericiliyin müddəalar sadalanmış, işin faktiki halları araşdırılmamışdır. Məhkəmə tərəfindən qanunvericiliyə uyğun həyata keçirilən kameral vergi yoxlaması zamanı məhkəmə tərəfindən iddiaçının təsisçi olduğu müəssisənin xalis aktivlərinin dəyəri düzgün nəzərə alınmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

25. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsinin xahiş etmişdir.

26. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi və vəkili Vəkil sonuncu məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir.

27. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

28.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 73-cu maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

Azərbaycan Respublikası Vergi Məcəlləsi: 33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. 37.2-ci maddə-kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 67.1-ci maddə-bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 83.1-ci maddə-Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır. 83.2-ci maddə-vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.

96.5-ci maddə- hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır. 99.1-ci maddə-muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir. 102.1.27-ci maddəsinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir vergisindən azaddır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Apellyasiya Məhkəməsinin hüquqi mövqeyi:

29. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-267/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, məhkəmə araşdırması zamanı xx.xx.2019-cu il tarixdə X5 "xxxx" Şirkətindəki payını satarkən həmin müəssisənin vergi borcları aktivlərinin dəyərindən çox olduğundan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 96.5-ci maddəsinin tətbiqi və payını satmış təsisçiyə vergi hesablanması üçün qanuni əsas olmamışdır.

32. Vergi orqanı öz mövqeyini belə əsaslandırır ki, "xxxx" Şirkətinin özünün 2018-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə əsasən onun vergi öhdəlikləri 1.808.850,71 manat, cəmi öhdəlikləri 2759837,94 manat, cəmi kapitalı 1656901,41 manat, olmuş, cəmi kapitalın (xalis aktivin) dəyəri vergi orqanı tərəfindən qəbul edilərək onun 50%-nə 14 %-lə vergi hesablanmışdır.

33. İşdəki sənədlərdən görünür ki, vergi orqanı "xxxx" Şirkətinə xx.xx.2019-cu il tarixli qərar əsasında 2016-2018-ci illər üçün 1.666.666,66 manat əlavə vergi, 833333,34 manat maliyyə sanksiyası hesablanmış, nəticədə şirkətin 2.500.000 manat əlavə vergi öhdəliyi yaranmışdır. Belə olan halda müəyyən olunur ki, "xxxx" Şirkətinin öhdəlikləri 2018-ci il üçün 2759837,94 manat deyil, ümumilikdə 5259837,94 manat olmuşdur. Payın alqı-satqı müqaviləsi bağlanarkən vergi orqanınn qeyd edilən xx.xx.2019-cu il tarixli qərarı mövcud olmasa da (həmin dövrdə yoxlama başa çatmadığı üçün) , hazırda mübahisələndirilən xx.xx.2020-ci il tarixli, **********984200 nömrəli kameral qaydada qərar qəbul edilərkən vergi orqanının əlavə vergilərin hesablanması barədə qərarı qüvvədə olduğundan cavabdeh yalnız "xxxx" Şirkətinin bəyannamə məlumatlarını əsas götürməklə (həmin dövr üçün əlavə hesablanmış vergiləri nəzərə almadan) təsisçiyə gəlir vergisi hesablamağa haqlı olmamışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, vergi orqanının özünün qəbul etdiyi yoxlama aktı və qərara əsasən "xxxx" Şirkətinin 2018-ci il üçün öhdəlikləri gəlirlərindən artıq olduğundan müəssisə zərərlə işlədiyi üçün vergi orqanının mübahisələndirilən qərarı qanunsiz və əsassız olmuşdur.

34. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normaları düzgün tətbiq edilməklə iş üzrə qanuni və əsaslı olan nəticəyə gəlmişdir.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticəvi hissə:

36. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-267/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-267/2022 saylı, 24 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar