Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-273/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «tutulmuş müavinətin geri ödənilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8065/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2023-cü ilin yanvar ayından yaşa görə sosial müavinətindən artıq hesablamaya görə tutulmuş pulun geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM.m.34). İddianın əsaslarına görə iddiaçı 2022-ci ilin aprel ayından müavinət alır. Müəyyən bir müddət həmin müavinəti aldıqdan sonra cavabdeh tərəfindən onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu əsas tutularaq həmin müavinətin ödənişi dayandırılmış və artıq ödənilmiş məbləğ kimi ondan geri alınmağa başlanılmışdır. Sonradan isə müavinət yenidən ödənilməyə başlanılsa da, artıq ödənilmiş məbləğ adandırılan həmin hissənin tutulması davam etdirilir. Halbuki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığına dair sübutlar təqdim etmişdir. Belə ki, "xxxx" MMC yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, lakin fəaliyyəti səmərəli olmamış, müvafiq orqanlara müraciət edərək cəmiyyətin fəaliyyətini dayandırmışdır. Onun cavabdehə tutulmuş pulun geri qaytarılması barədə müraciəti müsbət nəticə verməmiş, imtina ilə qarşılanmışdır. Hesab edir ki, barəsində olan tutulma qanunvericiliyə görə əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, iddiaçının xx.xx.2022xx.xx.2002-ci il tarixlərdə əmək müqaviləsi olduğu halda, ona sosial müavinət ödənildiyi üçün 1074 manat artıq müavinət ödənildiyinə görə ondan hər ay aldığı müavinətin 44 faizi miqdarında pul tutulduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8065/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 2023-cü ilin yanvar ayından yaşa görə sosial müavinətindən artıq hesablamaya görə tutulmuş pulun geri ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır. Belə ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmiş, lakin sonradan onun xx.xx.2019-cu il tarixli aktiv əmək müqaviləsinin mövcud olduğu aşkar edilmiş və bu səbəbdən xx.xx.2022-ci il tarixdən ona müvafiq müavinət ödənişi dayandırılmışdır. Onun müavinətin bərpası ilə bağlı xx.xx.2022ci il tarixli ərizəsinə baxılmış, xx.xx.2022-ci il tarixdə sözügedən əmək müqaviləsinə xitam verildiyindən yşa görə sosial müavinət ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmiş, lakin xx.xx.2022-xx.xx.2002-ci il tarixlərdə əmək müqaviləsi olduğu halda, ona sosial müavinət ödənildiyi üçün 1074 manat artıq müavinət ödənildiyinə görə ondan hər ay aldığı müavinətin 44 faizi miqdarında pul tutulması davam etdirilərək Mərkəzi Filialın hesabına bərpa edilir. İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinə filialın xx.xx.2023-cü il tarixli cavab məktubu ilə tutulmanın qeyd olunan səbəb ilə bağlı məlumat verilmişdir. Sosial müavinətlər haqqında Qanunun 7.0.2, 11.1.2, 12.1-12.2-ci maddələrinə istinadən cavabdeh hesab edir ki, tutulma qanunvericiliyin tələbləinə uyğun olmuşdır. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsi ilə cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə 2023-cü ilin yanvar ayından yaşa görə sosial müavinətindən artıq hesablamaya görə tutulmuş pulun ona geri qaytarılmasının cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə ilə iddia təmin olunmuşdur. Birinci instansya məhkəməsi bu nəticəyə gələrkən hesab etmişdir ki, sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya sosial müavinətin təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan məhkəməyə müraciət etmək əvəzinə öz təşəbbüsü ilə araşdırma apararaq “artıq ödəmə müəyyən edildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən və ən əsası müvafiq məhkəmə qərarı olmadan müavinətdən qanunsuz tutulmasını həyata keçirmişdir. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq hesab edir ki, xx.xx.2022xx.xx.2002-ci il tarixlərdə iddiaçının əmək müqaviləsi olduğu halda, həmin müddət ərzində ona yaşa görə 1074 manat sosial müavinət ödənildiyinə görə ondan hər ay aldığı müavinətin 44 faizi miqdarında pulun tutularaq Filialın hesabına bərpa edilməsi qanunvericiliyə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Birincisi ona görə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********219100 saylı məktubuna əsasən müəyyən olunur ki, uçot baza məlumatlarına əsasən iddiaçının çalışdığı xx.xx.2019-cu il tarixdə vergi uçotuna alınmış "xxxx" MMC-nin fəaliyyəti xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Konkret halda da məhz, cavabdeh tərəfindən mübahisəndirilir ki, iddiaçının aktiv əmək müqaviləsi olduğu dövr xx.xx.2022-xx.xx.2002-ci illəri əhatə edən dövr təşkil edir. Göründüyü kimi, fəaliyyətdə olmayan müəssisədə iddiaçının qazanc əldə etməsi də mümkünsüzdür və formal olaraq onun əmək müqaviəsinin xx.xx.2022-ci il tarixə qədər ləğv edilməmiş qalması onun əmək haqqı alması anlamını verə bilməz. İkincisi, cavabdeh tərəfindən artıq ödmə adı ilə iddiaçıdan ona mübahisələndirilən dövr üzrə ödənilən sosial müavinətin tutlması da qanunvericiliyə zidd olaraq, özbaşınalıqla həyata keçirilmişdir. Belə ki, ilk öncə, mübahisələndirilən tutulma cavabdeh tərəfindən inzibati icraat haqqında hüqüq normalarının tələblərinə riayət edilmədən həyata keçirilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə öz təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati aktı qəbul etmək vəzifəsi inzibati orqanın vəzifəsi kimi müəyyyən edilmiş və həmin Qanunun 36.3-cü maddəsinə əsasən inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, həmin şəxsləri maraqlı şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Cavabdeh tərəfindən isə qeyd olunan inzibati icraat haqqında hüqüq normalarının tələbləri pozulmuşdur. Digər tərəfdən, cavabdeh orqan tərəfindən istinad etdiyi, maddi hüquq normalarının tələblərinə belə riayət olunmamışdır. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə sosial müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Həmin Qanunun 11.1.2-ci maddəsinə əsasən yaşa görə sosial müavinət şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. İşin mübahisələndirilməyən hallarından da göründüyü kimi, iddiaçıya onun müraciətinə əsasən xx.xx.2022-ci il tarixdə yaşa görə Qanunun qeyd olunan 7.02-ci maddəsinə uyğun olaraq sosial müavinət təyin edilsə də, xx.xx.2022-xx.xx.2002-ci il tarixlərdə əmək müqaviləsinin olmaması əsası ilə, ilk öncə ödəniş dayandırılması, daha sonra isə ondan həmin müddət ərzində ödənilən 1074 manat məbləğində sosial müavinətdən, hər ay aldığı müavinətin 44 faizi miqdarında pulun tutulması Qanunun 12-ci maddəsinin tələblrinin pozulması ilə həyata keçirilmişdir. Yəni, artıq ödəmə adı altında həmin müavinət məbləği iddiaçıdan məhkəmə qərarı olmadan, özbaşınalıqla tutulmağa başlanılmışdır. Onu da qeyd etmək lazımdır ki, inzibati icraat haqqında qanunvericiliyin aşağıdakı tələbilərnə də məhəl qoyulmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməmişdir. Ümumiyyətlə, cavabdehin apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş sənədlərə əsasən iddiaçı tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə yol verilməmiş və bununla bağlı cavabdehin heç bir əsaslandırması və dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarını mahiyyəti üzrə maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olması ilə bağlı irəli sürdüyü dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8065/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8065/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-273/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-273/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver