Məhkəmə qərarları › İş №2-1(103)-2731/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2731/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2731/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı X11 iştirakı ilə, İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12.08.2021-ci il tarixli, 2-1(112)-5708/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X15 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanuni qüvvədə olan 2-228/201 saylı, 19 fevral 2001-ci il tarixli qətnamənin icrasını təmin edərək, ona məxsus evin mövcud halda (Daş Karxanası küçəsi, ev 331) öz adına rəsmiləşdirilərək çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-cu ildən Bakı şəhəri, Nərimanov rayonunda yaşayıb, avtobus sürücüsü işləmişdir. Təxminən 1993-1994-cü ildən rəsmi Bakı şəhərində qeydiyyatdadır və 2 nömrəli avtoparkın sürücüsü işləmişdir....Yaşadığı ünvandakı evin sənədləri natam olduğundan 2003-cü ildən əvvəlki ailə sahibləri tərəfindən özü və ailə üzvlərini yaşadıqları evə qeydiyyata alınmaqla, sonra da özləri qeydiyyatdan çıxmaqla xaricə köçmüşlər. Evi A.N.Baskakovadan 11.300 ABŞ dollarına satın almışdır. Ona məxsus ev Nərimanov Məhkəməsi tərəfindən Baskakovanın 1961-ci ildən yaşadığı evin mülkiyyət hüquququnun qeydiyyata alınmasına və bacısı ilə bölünməsinə dair müraciətinə əsasən hakim E.Babayevin sədrliyi ilə 2-2228/2001 nömrəli qətnamə ilə 19 fevral 2001-ci ildə təmin edilərək 30 illik yaşayış yerinə mülkiyyət hüququ tanınmışdır. Əvvəlki sahibi olan Baskakova mövcud evdə istifadə hüquququnun bölünməsi bölgüsünü həyata keçirtmişdir, lakin qətnamənin icrası naməlum səbəbdən təmin edilməmişdir. Beləliklə hakim iddiaçının ailəsinin 1976-cı ildən birgə yaşayaraq qeydiyyatda olması ilə hüquqlarını tanımışdır. 25.10.2001-ci ildə Baskakovanın ailə üzvlərinin pasport qeydiyyatına alınması üçün 17 saylı polis bölməsinə qətnamənin icra olunmasına dair məktub göndərmiş, ƏMDK yanında DƏDRX-i 1 saylı Bakı Ərazi İdarəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün göndərilən məktub icra edilməmişdir. Bu səbəbdən də qətnamənin icrası natamam qalmışdır. Qanunvericiliyə əsasən daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququilə fasiləsiz və etirazsız sahiblik etmişsə o mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Əvvəlki sahib 1961-ci ildən bugünə qədər 60 il fasiləsi və etirasız sahiblikdə olan yaşayış evinə istinad edilən qanuna əsasən hüquqların dövlət qeydiyyatı üçün əsaslarda daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını alınmalıdır. Bakı İnzibati Məhkəməsinin 12.08.2021-ci il tarixli, 2-1(112)-5708/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)-5237/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, mübahisəli mənzili əvvəlki mülkiyyətçinin qardaşına ödəniş etməklə əldə etmişdir. Heç bir müqavilə bağlanmamışdır. Apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli, 2-1(112)- 5237/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, xx.xx.1945-ci il tarixdə doğulmuş X15 ünvan 2 ünvanda qeydiyyatdadır. - N.V.Baskakova tərəfindən Nərimanov rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə ünvanlanan notarial qaydada təsdiq olunaraq kserosurəti çıxarılmış 22.10.2003-cü il tarixli ərizələrdən görünür ki, sonuncu X11, X10 və X7 ünvan 4 ünvanına qeydiyyata düşmələrinə etiraz etmir. - N.V.Baskakova tərəfindən Nərimanov rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə ünvanlanan notarial qaydada təsdiq olunaraq kserosurəti çıxarılmış 22.10.2003-cü il tarixli ərizədən görünür ki, N.V.Baskakova onun ünvan 4 ünvandan qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon MKTB tərəfindən verilmiş Forma 2 Arayışından görünür ki, X15 2003-cü il tarixdən, X14 2003-cü il tarixdən, X12 2003-cü il tarixdən ünvan 4 ünvanında müvəqqəti qeydiyyatdadırlar. - Nərimanov rayon Məhkəməsinin 19 fevral 2001-ci il tarixli, 2-228/2001 saylı Qətnamədən görünür ki, iddia qismən təmin edilmiş X8 və X3 Bakı şəhəri, Montin qəsəbəsi, Daş Karxanası 331 saylı özbaşına tikilmiş evin sahələri 15,2 kv.metr, 11,0 kv.metr olan otaqlardan, sahəsi 11,1 kv.metr olan mətbxdən və sahəsi 6.7 kv.metr, və 9.2 kv.metr olan yardımçı tikililərdən istifadə hüququnun verilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Montin qəsəbəsi, Daş Karxanası 331 saylı özbaşına tikilmiş evdən istifadə qaydalarının müəyyən edilməsi, sahəsi 8,0 kv.metr, 9,75 kv.metr olan yardımçı tikililər X1 və X4 istifadəsinə verilməsi, sahələri 15,2 kv.metr, 11,0 kv.metr olan otaqlar, sahəsi 11,1 kv.metr olan mətbxdən və sahələri 6.7 kv.metr, və 9.2 kv.metr olan yardımçı tikililər X5, X8 və X2 istifadələrinə verilməsi, sahəsi 1,1 kv.metr, olan tualet və 2,9 kv.metr, olan hamam müvəqqəti olaraq tərəflərin istifadəsində qalması qət edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon MKTB tərəfindən təsdiqlənmiş ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin eskiz layihəsi tərtib edilmişdir. - cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18.03.2021-ci il tarixli, **********53 saylı imtina məktubundan görünür ki, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası 331 ünvanda yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizəsinə baxılmış və müraciətlə əlaqədar bildirilmişdir ki, qeyd edilən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, fərdi yaşayış evinin onun adına qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Buna görə də cavabdeh tərəfindən həmin daşınmaz əmlakın iddiaçının adına qeydiyyata alınmasından imtina edilməsi əsaslı olmuşdur və iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının qeyd edilən daşınmaz əmlaka hüquqmüəyyənedici sənədlərinin mövcud olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; [173] 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Göründüyü kimi iddiaçı yuxarıda qeyd olunan əsaslardan heç birini məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı daşınmaz əmlakın uzun müddətdir onun istifadəsində olmasına, həmin ünvana pasport qeydiyyatına alımasına əsaslanaraq, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etsə də, göstərilən sənədlər qeyd edilən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınması üçün əsas deyildir. Belə ki, Məhkəmə Nərimanov rayon Məhkəməsinin 19 fevral 2001-ci il tarixli, 2228/2001 saylı Qətnaməsi əsasında qeyd olunan ünvana X13 deyil, X6 istifadə hüquqlarının tanındığını və eyni zamanda X9 ilə X16 arasında olan alqı-satqı müqaviləsinin qanunvericiliyin tələbinə müvafiq olaraq notarial qaydada təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçının həmin evdə qeydiyyatda olmasına gəldikdə isə məhkəmə qeyd bununla bağlı qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat, təbiətinə görə texniki xarakter daşımaqla öz-özlüyündə qediyyatda olan şəxsə qeydiyyatda olduğu evə dair hər hansı əmlak hüququ vermir. Eyni zamanda apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında heç bir hüquqmüəyyənedici sənədinin olmadığını, mənzili isə mülkiyyətçi ilə müqavilə bağlamadan onun qardaşına ödəniş etməklə əldə etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12.08.2021-ci il tarixli, 2-1(112)-5708/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar