Məhkəmə qərarları › İş №2-1(103)-2731/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2731/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2731/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “əlillik təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6390/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nə qarşı məcburetmə haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək, Agentliyin xx.xx.2023-cü il tarixli İddiaçı dair əlilliyin təyinindən imtina barədə qəbul edilmiş qərarın ləğv edilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il 11 nömrəli qərarı ilə təsdiq edilən “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci yarımbəndinə və 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilən “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1 və 7.7.1.1-ci yarımbəndlərinə əsasən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin va konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə 2 il müddətinə 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə bağlı əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... İddiaçı 2-ci Qarabağ Müharibəsi iştirakçısı olmuş, döyüş tapşırığını yerinə yetirərkən xəsarət almışdır. Aldığı xəsarət səbəbindən müxtəlif dövlət və özəl tibb müəssisələrində müayinə və müalicədə olmuş, sonunucu xx.xx.2023-cü il tarixdə 2 nömrəli X1 Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunduqdan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" publik hüquqi şəxsə əlillik təyin edilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən göndəriş verilmişdir (Forma 88). Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə onun əlilliyi qiymətləndirilərək “Fəlakətdən (müharibə) sonra davamlı şəxsiyyət dəyişikliyi, kobu davranış pozuntuları, depressiv daxilolmalarla anamnezində intihar fikirləri cəhdi ilə tez-tez baş verən funksional tutmalarla, Xroniki postravmatik baş ağrısı Serebrovaskulyar xəstəliklərin nəticələri. Başgicəllənmə və duruşun pozğunluğu. Yuxuya getmənin və davam etməsinin pozğunluğu (yuxusuzluq). Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə qulağın başqa zədələnmələri bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnmələri, İşiasla gedən lümbaqo” diaqnozu təyin edilmiş və Diaqnozun əlillik təyin etməməsi səbəbindən əlillikdən imtina olunmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6390/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia müddətinin buraxılması əsası ilə mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-6390/2024 nömrəli qərardadını ləğv edib buraxılmış prosessual müddəti bərpa edərək iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...“Əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddia ərizəmə və “buraxılmış prosessual müddətin bərpasına” dair təqdim etdiyim ərizəyə məhkəmə iclasında baxılaraq iddianın mümkün sayılmaması barədə xx.xx.2024-cü il tarixli, e-2-1(112)- 6390/2024 nömrəli qərardad qəbul edilmişdir. Həmin qərardad xx.xx.2024-cü il tarixində elektron kabinetə yerləşdirilmişdir. Məhkəmənin bu qərardadı ədalətli deyildir. Belə ki, mütəxəssisə müraciət edərək tibbi rəy aldığım və vəkilə müraciət etdiyim üçün əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəmizin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşəm. Düşünür ki, tibbi rəy almaq üçün mütəxəssisə, iddia ərizəsinin hazırlanması üçün vəkilə müraciət etdiyim üçün prosessual müddəti ötürməyim üzrlü səbəbdir, buna görə də məhkəmə üzrlü səbəbdən buraxdığı prosessual müddəti bərpa edərək iddia ərizəsinə mahiyyəti üzrə baxıb qərar qəbul etməli idi. Tibbi rəyi aldıqdan sonra əlilliyimin təyin edilməsi məqsədilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bununla da əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəmizin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən buraxmışdır. Onu da qeyd edim ki, buraxılmış prosessual müddət cəmi 20 gün ötürmüşdür. Məhkəmə təcrübəsində, prosessual müddətin ötürülmə səbəbi üzürlü olduqda aylarla, hətta illərlə prosessual müddət ötürülmüş olsa belə, məhkəmələr tərəfindən buraxılmış prosessual müddət bərpa edilərək işə mahiyyəti üzrə baxılmışdır...” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesaba gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin qərarın 2.8-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEKdən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. İşin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə 2 nömrəli X1 Həkim Psixiatr Komissiyası tərəfindən sonuncu müayinəsindən əlillik təyin edilməsi ilə bağlı cavabdeh “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi"PHŞ-nə 088 formalı göndəriş verilmiş, həmin göndəriş əsasında cavabdeh tərəfindən onun əlilliyi qiymətlədirilərək, xx.xx.2023-cü il tarixdə imtina qərarı qəbul olunmuşdur (i.v.4, 65). Kokret halda, iddiaçı cavabdehə qarşı qaldırdığı məcburetmə haqqında iddia tələbində xx.xx.2023-cü il tarixli həmin imtina qərarının ləğv edilərək, məcburetmə qaydasında ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin va konstitusiya quruluşunun müdafiəsi səbəbi ilə 2 il müddətinə 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə bağlı əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsi isə nəzərdə tutur ki, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə qəbul etdiyi imtina qərarından məlumatlı olmuş, həmin qərardan xx.xx.2023-cü il tarixdə Agentliyə şikayət də vermiş və onun həmin şikayətinə baxılaraq Agentliyin Tibbi sosial ekspert komissiyasında baxılaraq komissiyanın xx.xx.2023-cü il tarixli qərarı ilə təmin olunmamışdır. Birinci instansiya məhkəməsin 08 aprel 2024-cü il tarixli məhkəmə iclas protokolundan da görünür ki, iddiaçı həmin qərarı xx.xx.2023-cü il tarixdə almış, daha sonra mütəxəsissə müraciət etmiş, bundan sonra isə xx.xx.2024-cü il tarixdə məhkəmədə hazırkı iddianı qaldırmışdır. İş materiallarından, o cümlədən, elektron məhkəmə informasiya sistemindən də görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim olunmuşdur. Göründüyü kimi, cavabdehin imtina qərarı qəbul olunduqdan, o cümlədən şikayəti ilə bağlı imtina qərarını sonra, bir il keçdikdən də sonra ona əlillik təyin edilməsi barədə məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, iddiaçının buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizəsənin də məhkəmə icraatı mümkünsüzdür. Belə ki, 24.4-cü maddəsinin tələbinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra, həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə də, iddiaçının hazırkı iddia tələbi İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, əsaslandırılmış iddia tələbi kimi qəbul edilə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin imperativ tələbindən isə görünür ki, belə hallarda məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən buraxılmış prosessual müddəti üzürlü hesab edilərək bərpa edilməklə, mahiyyəti üzrə işə baxılmalı olduğunu bildirməklə, qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6390/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6390/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar