Məhkəmə qərarları › İş №2-1(103)-2732/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2732/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2732/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müharibə veteranlarına verilən müavinətin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4942/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13-20 sentyabr 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibədə iştirakı ilə bağlı ödənilməmiş 27 illik veteran pulunun hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 noyabr 2017-ci il tarixdən ona Prezident təqaüdü təyin edilmişdir. Əvvəlki dövr üçün, yəni 2016-cı ilin yanvar ayınadək veteran adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 manat ödənilirdi. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən bu məbləğ hazırda 80 manat təşkil edir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar İdarəsinin 19 sentyabr 2016-cı il tarixli, 12/227 saylı arayışına əsasən o, AZ SSR Dövlət Təhlükəsizlik Komitəsində xidmət keçdiyi dövrdə DTK-nın 27 iyul 1991-ci tarixli 0141 və 0142 nömrəli əmrləri əsasında Goranboy rayonuna ezam olunaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir və müharibə veteranıdır. Ancaq veteran vəsiqəsi və veteran pulunun verilməsi ona 14 noyabr 2017-ci il tarixdən başlanmışdır. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək, iddia tələbinin “xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək müharibədə iştirakı ilə bağlı veteran pulunun hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4942/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş və xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ödənilməmiş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. (hakim: S.Salahova) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ərizəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək əvvəlki illər üzrə müavinətin ödənilməsinin qanunvericiliklə mümkün olduğunu iddia edir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmçinin qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində və Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndində təsbit olunmuşdur ki, “veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir." Müharibə veteranın adının verilməsi Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən həyata keçirilir. Qeyd olunan sosial müavinətin təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. Sosial müavinət almaq hüququ veteran vəsiqəsini aldığı tarixdən yarandığı üçün vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, xx.xx.2017-ci il tarixindən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ yaranmamışdır. Bu fakt öz təsdiqini müharibə veteranı vəsiqəsində yazılan “vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir” müddəasında da tapır. Yəni, güzəşt və imtiyazlardan istifadə hüququnun yaranması vəsiqənin sahibi olmaq anıyla şərtləndirilmişdir. İİ. Veteran statusu almaq hüququ sosial müavinət almaq hüququndan fərqlənir. Şəxsin döyüşlərdə iştirak etməsi nəticəsində veteran statusu alması mübahisə predmeti deyildir, lakin şəxsin “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində göstərilən fəaliyyəti həyata keçirmiş olması (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş olması) onun bəhs edilən sosial müavinəti alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Sosial müavinətin təyin olunması üçün hüquqi əsas isə “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində tələb olunduğu kimi veteran vəsiqsəsinin təqdim olunmasıdır. Ona görə də bu qəbildən olan işlərdə veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Oxşar mövqe müharibə əlillinə təqaüdün ödənilməsiylə bağlı Ali Məhkəmənin 2-1(102)-575/2018 saylı Qərarında və digər Qərarlarında qeyd olunmuşdur. Həmin Qərarda hüququn yarandığı anın müəyyən olunması aşağıdakı kimi əsaslandırılmışdır: “Hazırkı iş üzrə iddiaçıya Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin edilməsinə əsas Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilməsi olmuşdur. Başqa sözlə, iddiaçının Azərbaycan Respublikasının Prezidentinin Təqaüdünü almaq hüququ ona üçüncü dərəcə əlillik təyin edildiyi andan yəni, xx.xx.2016-cı il tarixdən yaranmışdır.” Ali Məhkəmənin bu Qərarından da aydın görünür ki, müharibə əlili statusunun verildiyi an döyüşlərdə iştirak anı deyil, əlilliyin müəyyən olunduğu andır və həmin andan da təqaüdü almağa hüquq yaranmış hesab olunur. Nəzərə alsaq ki, müharibə əlillərinin onların xüsusi statusuna görə aldıqları ödənişlərə hüququnun yaranması anı (müharibə əlili statusunun yarandığı an) kimi onların döyüş əməliyyatlarında iştirak etdiyi deyil, əlilliyinin rəsmiləşdirildiyi (müəyyən olunduğu) an müəyyən olunur, eyni yanaşma müharibə veteranları üçün də tətbiq olunmalıdır. Aşağıdakı əsaslara görə bu münasibətlər tamamilə analoji münasibətlərdir: 1) Hər iki kateqoriyadan olan şəxslərin xüsusi statusunun yaranması üçün əsas (müharibə veteranı və müharibə əlili statusu) Vətənin bütövlüyü uğrunda döyüşlərdə iştirak olmuşdur; 2) Hər iki kateqoriya şəxsin statusu rəsmiləşdirilir.(müharibə əlillərində-əlillik arayışı ilə, veteranlarda-veteran vəsiqəsi ilə). Bütün bu faktlar birmənalı şəkildə göstərir ki, müharibə veteranlarının da xüsusi statusu - qanunvericilikdə onlar üçün müəyyən edilmiş istənilən hüquq, o cümlədən, sosial ödənişləri almağa hüquq müharibə əlillərində olduğu kimi onların xüsusi statusunun rəsmiləşdirildiyi anda - vəsiqənin verildiyi anda yaranmış olur. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Kadrlar İdarəsinin xx.xx.2016-cı il tarixli 12/227 nömrəli arayışına əsasən iddiaçı Az SSR Dövlət Təhlükəsizlik Komitəsində xidmət keçdiyi dövrdə DTK-nın 27 iyul 1991-ci il tarixli 0141 və 0142 nömrəli əmrləri əsasında Goranboy rayonuna ezam olunaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilmiş MV seriyalı 090060 nömrəli müharibə veteranı vəsiqəsindən görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə “Müharibə veteranı” adı verilmişdir. İş materiallarında olan “Sosial ödənişlər” Alt sistemindən çıxarışdan görünür ki, iddiaçı ona müharibə veteranı kimi müavinət ödənilməsi üçün xx.xx.2018-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2018-ci il tarixli 1738 saylı qərar ilə iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2017-ci il tarixdən sosial müavinət təyin etmişdir. İşdən görünür ki, iddiaçı ona xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək müharibədə iştirakı ilə bağlı veteran pulunun hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçıya buna səlahiyyətli olan dövlət orqanı tərəfindən veteran statusunun və vəsiqəsinin vaxtında verilməməsi iddiaçının veteranlar haqqında qanunvericilikdən irəli gələn hüquqlarına təsir etməli deyil. 1991-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş iddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci abzasına uyğun olaraq müharibə veteranıdır. Lakin müharibə veteranı statusundan irəli gələn hüquqlarını (o cümlədən, sosial təminat hüququnu) həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, o, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu (onun iradəsindən asılı olmayaraq) müraciət edilməzdən əvvəlki üç il üçün müavinətin ödənilməsini tələb edə bilər. Hazırkı işin hallarına əsasən aydın olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2017-ci il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, xx.xx.2018-ci il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni xx.xx.2017-ci il tarixdən müavinət təyin etmiş və ödənişlər həyata keçirilməyə başlamış, lakin əvvəlki üç il üçün ödəniş etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıya müvafiq ödənişi xx.xx.2017-ci il tarixdən deyil, müraciət etdiyi xx.xx.2018-ci il tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2015-ci il tarixdən həyata keçirməli idi. Buna görə də iddia tələbi xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ödəniş edilməsi hissəsində əsaslıdır və bu hissədə təmin edilməlidir. Qanun daha əvvəl yaranmış hüquqlara münasibətdə əvvəlki üç il üçün ödəniş edilməsi tarixini müraciət tarixindən asılı etdiyindən, iddiaçıya vəsiqə xx.xx.2017-ci il tarixdə verilsə də, o cavabdehə xx.xx.2018-ci il tarixdə müraciət etdiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək ödəniş edilməsi hissəsində təmin oluna bilməz. Cavabdehin hazırda müharibə veteranlarına müavinət yox, Prezident təqaüdü ödənilməsi barədə dəlilinə gəldikdə məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə edilmiş bu dəyişiklik iddiaçının müharibə veteranı adı və vəsiqəsi almasından (xx.xx.2017-ci il) sonra, yəni xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir. Bu səbəbdən həmin müddəalar iddiaçıya tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İdiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə qərarından apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İşin təkzib olunmaz halıdır ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2017-ci il tarixdə verilmişdir. Burada məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, «28 iyun 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001ci ıl tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir «İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddənin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir». Daha sonra, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabınetının 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir». Beləliklə, yuxarıda artıq qeyd olunduğu kimi iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2017-ci il tarixdə tarixində verilmiş, Azərbaycan Respublikası Prezidentinin məlum 641 saylı Fərmanı isə 15 aprel 2019-cu il tarixdə qəbul edilmişdir və həmin fərmanla 2019cu ilin aprelin 1-dən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətlərin əvəzinə, Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. İşin mübahisələndirilən halı “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq iddiaçıya ödənilməmiş pul məbləğinin ödənilməsi ilə bağlıdır. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin xx.xx.2017-ci il tarixdə aldığını əsas götürərək, həmin tarixdən etibarən iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan 80 manat məbləğində Azərbaycan Respublikasının Prezidentinin təqaüdü təyin olunmaqla ödənildiyini bildirərək, bu səbəbdən iddiaçıya əvvəlki illər üçün sosial müavinətin təyin edilməsindən imtina edir. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2017-ci il tarixdə verilsə də, cavabdehə xx.xx.2018-ci il tarixdə müraciət etmiş, cavabdeh tərəfindən də iddiaçıya müharibə veteranı kimi Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi nəzərə alınmadan xx.xx.2017-ci il tarixdən etibarən hər ay Azərbaycan Respublikası Prezidentinin təqaüdü həyata keçirilməyə başlanılmışdır. Göründüyü kimi iddiaçıya 2017-ci ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirakına görə həmin vəsiqəni almış və həmin vəsiqəni alması səbəbi 2017-ci il tarixdə deyil, o, döyüş əməliyyatlarında iştirak etdikdən sonra yaranmışdır. Yəni iddiaçı 2017-cı ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin ona vəsiqə sonradan verilmişdir. Başqa sözlə, iddiaçıya 2017-ci ildə müharibə veteranı vəsiqəsi verilməsi onun statusunu sadəcə leqallaşdırılmışdır və bu hal iddiaçının hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. Yuxarıda istinad olunan normadan da görünür ki, qanunvericilik ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlərin təyin olunmasını mümkün saymışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin edərək ona «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsinə uyğun olaraq xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun əlilliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb ola bilər. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4942/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar