Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2732/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədirlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(112)-8320/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8320/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, ünvan 1 ünvanda yerləşən 4 nömrəli mənzilin mövcud vəziyyətinə nisbətdə tavan və dam hissəsinin, eləcə də divarlarının 1,5 metr hündürlüyündə qaldırılmasına razılıq verilməsinə dair sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Həmin qərar qanuni qüvvəsini aldığından xx.xx.2022-ci il tarixli məktubla icra edilməsi üçün aidiyyəti üzrə Cavabdehnə göndərilmişdir. Məhkəmənin qərarının icrası təmin edilmədiyindən Bakı İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(112)-8320/2022 saylı qərardadı ilə Bakı şəhəri Cavabdeh 1.000 (bir min) manat miqdarında cərimə olunması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı cərimənin məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8320/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından xx.xx.2022-ci il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir. Həmin məktub poçt xəbərnaməsinə əsasən, xx.xx.2022- ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qərarın icra olunmadığını bildirmişdir və qərarın icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə növbəti məktub göndərilmişdir. Qeyd edilən hər iki məktubda icra üçün müddət müəyyən edilmiş və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubun surətindən görünür ki, iddiaçıdan ünvan 1 ünvanda yerləşən 4 saylı mənzilə dair hüquqmüəyyəndici sənədlər və görüləcək işlərin memarlıq-planlaşdırma həllinin təqdim edilməsi xahiş olunmuşdur. Həmin məktub barədə iddiaçı məlumatlandırılmış, iddiaçı tərəfindən isə tələb olunan sənədlərin rəsmi olaraq təqdim edildiyi bildirilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin sənədləri mart ayında qəbul etdiklərini təsdiq etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən qərarın icrasına yönəlmiş ilk hərəkət icra barədə məktubu aldıqdan 2 ay sonra edilmişdir. Qərarın icrası ilə bağlı xx.xx.2023-cü il tarixdə növbəti məktub göndərilmiş, qanunvericiyin tələbləri izah olunmuş və məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsinə görə cərimənin tətbiqi barədə məsələyə baxılması üçün məhkəmə iclası təyin ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. Qeyd edilən məktub xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Hazırkı məhkəmə iclası tarixinə də, 5 ay ərzində sözügedən qərarın icrası təmin edilməmiş, icranın baş tutmamasının üzrlü səbəbləri cavabdeh tərəfindən əsaslandırıla bilməmiş və 1-2 ay fasilələrlə hansısa hərəkətin edilməsi (iddiaçıya məktub ünvanlanması və s.) onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməsi anlamına gəlmir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Üzərinə qoyulmuş öhdəlikləri (vəzifələri) icra etməyən inzibati orqanların cərimə edilməsi ilə bağlı məsələlər İnzibati Prosessual Məcəllənin 120-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin dispozisiyasında konkret olaraq qeyd edilmişdir ki, bu Məcəllənin 33.4cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin: 120.1-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir; 120.2-ci maddəsinə əsasən, bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir; 120.3-cü maddəsinə əsasən, cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər; 120.4-cü maddəsinə əsasən, cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Kollegiya iş materiallarından cavabdeh inzibati orqan tərəfindən məhkəmə qərarının icrasının təmin edilməməsi və cərimənin təyin edilməsi barədə birinci instansiya məhkəməsinin movqeyini əsaslı hesab etsə də, ilk dəfə cərimə tətbiq edildiyini nəzərə alaraq cərimənin 1000 manat məbləğində müəyyən olunmasını əsaslı hesab etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(112)-8320/2022saylı qərardadı cərimə məbləği hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 100 və 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2-1(112)-8320/2022saylı qərardadı cərimənin məbləği hissəsində dəyişdirilsin.. Bakı şəhəri Cavabdeh 500 (beş yüz) manat miqdarında cərimə olunsun və həmin inzibati orqandan tutulan cərimə dövlət büdcəsinə ödənilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2732/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2732/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver