Məhkəmə qərarları › İş №2-1(103)-2733/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2733/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2733/2024 19.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) “qeydiyyatın ləğvi” ilə bağlı iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1722/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəməyə müraciət edərək 14 mart 2008-ci il tarixli, AN-İ№ ******* saylı “Alqı- Satqı" müqaviləsinin, xx.xx.2007-ci il tarixli, AA 001455 saylı “Planı-Ölçü"nün və AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyatdan keçirilib X5 adına verilmiş “0093013'' MH seriyalı, xx.xx.2008-ci il tarixli Çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın, 14 mart 2008-ci il tarixli, AN-İ№ ******* saylı alqı-satqı müqaviləsinin, xx.xx.2007-ci il tarixli, A№ 021591 saylı və xx.xx.2007ci il tarixli, AA 001455 saylı torpaq sahəsinin plan və ölçüsünün, həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyatdan keçirilib X5 adına verilmiş “0093013” MH seriyalı, xx.xx.2008-ci il tarixli çıxarışın ləğv edilməsi” kimi” kimi dəqiqləşdirilmişdir. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli “Çıxarış”ın, xx.xx.2007-ci il tarixli, A№021591 saylı və xx.xx.2007-ci il tarixli, AA 001455 saylı “Torpaq sahəsinin planı və ölçüləri”nin, AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyatdan keçirilib X5 adına verilmiş “0093013” MH seriyalı, xx.xx.2008- ci il tarixli “Çıxarış”ın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-2008-ci illərdə, Xəzər rayonu, Mərdəkan qəsəbəsində guya iddiaçıya məxsus olan M-748 saylı torpaq sahəsi üzərində alqısatqı əməliyyatı aparmaq üçün onun adından və saxtalaşdırılmış anket məlumatlarından istifadə edərək dələduzluq edilmişdir. Belə ki, guya o, xx.xx.2007-ci il tarixində Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, M-748 saylı sahədə yerləşən 0.12 ha torpağa dair, X9 etibarnamə vermiş, bundan cəmi 17 gün sonra, xx.xx.2007-ci il tarixində Kamil Şükürov həmin torpaq sahəsinə dair X7 etibarnamə verərək “səlahiyyətlərini’' Müşfiq Musayevə ötürmüşdür. Müşfiq Musayev isə, öz növbəsində saxta sənədlər əsasında, onun adına MH seriyalı, ******* nömrəli “Çıxarış” və “Plan-Ölçü” almış, 14 mart 2008-ci il tarixli, AN İM ******* saylı “AlqıSatqı” müqaviləsi əsasında sözügedən torpaq sahəsini X1. Bir daha bildirir ki, onun bütün bu olanlardan qətiyyən məlumatı olmayıb. Bu işlər onun anket məlumatlarını saxtalaşdırılaraq edilmiş, o, isə bu olanlarla bağlı məlumatı yalnız bu günlərdə almışdır. Əzizbəyov Rayon İHB-nın 619/3 saylı, xx.xx.1994- cü il tarixli Sərəncamı ilə həqiqətən də ona Mərdəkan qəsəbəsində M-748 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmış idi. Lakin sonradan, yəni 2000-ci ildə o, fərdi ev tikməyə imkanı olmadığı üçün Mərdəkan qəsəbə nümayəndəliyinə ərizə ilə müraciət edərək həmin torpaq sahəsindən imtina etdiyini, buna görə də, geri qaytarılmasını xahiş etmişdir. Bundan sonra onun ərizəsi və Mərdəkan qəsəbə nümayəndəliyinin 187 saylı, xx.xx.2000-ci il tarixli Təqdimatı əsasında onun adına verilmiş Əzizbəyov İHB-nın 619/3 saylı xx.xx.1994-cü il tarixli Sərəncamı ləvğ edilmişdir. Lakin, yaxın günlərdə məlum olanlardan aydın olur ki, peşəkar torpaq dələduzları adından istifadə edərək 2008-ci ildə həmin torpaq sahəsini saxta sənədlər əsasında yenidən “diriltmiş” və nümayəndəsi X3 vasitəsi ilə, Rusiya vətəndaşı olan X8 adlı şəxsə satmışlar. Həmin şəxslərin hər birinin kimliyi məlumdur. Bu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi və hökmü mövcuddur. Bununla bağlı ərizə ilə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi və mövcud olmayan etibarnamə əsasında əldə edilmiş “PlanÖlçü’', “Çıxarış" və s. sənədlərin etibarsızlığını nəzərə alaraq, xx.xx.2007-ci il tarixli, AA 001455 saylı “Planı-Ölçü"nü, AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyatdan keçirilib X5 adına verilmiş “0093013" MH seriyalı, xx.xx.2008-ci il tarixli Çıxarışı ləğv edilməsini xahiş etdi. Lakin bu günə qədər ərizəsi ilə bağlı ona cavab verilməyib. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1722/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əzizbəyov Rayon İHB-nın 619/3 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamı ilə İddiaçı Mərdəkan qəsəbəsində M-748 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Fərdi ev tikməyə imkanı olmadığından İddiaçı 2000-ci ildə Mərdəkan qəsəbə nümayəndəliyinə müraciət edərək həmin torpaq sahəsinin geri qaytarılmasını xahiş etmişdir və onun ərizəsi və Mərdəkan qəsəbə nümayəndəliyinin 187 saylı, xx.xx.2000-ci il tarixli Təqdimatı əsasında İddiaçı adına verilmiş Əzizbəyov İHB-nın 619/3 saylı xx.xx.1994-cü il tarixli Sərəncamı ləğv edilmişdir. Lakin 2008-ci ildə peşəkar torpaq dələduzları Nailə İsmayılovanın yaxın qohumları ilə birləşərək həmin ləğv olunmuş Sərəncamı “diriltmiş” saxta sənədlər əsasında İddiaçı adına “Çıxarış” almış, yaxın qohumları olan X2. Belə olan halda İddiaçı 2008-ci ilin mart ayına qədər torpaq vergisinin ödənilməsi öhdəliyi yaranmışdır. Çünki, həmin sənədlərə görə M- 748 saylı torpaq sahəsi guya, 1994-cü ildən 2008-ci ilə qədər İddiaçı istifadəsində və mülkiyyətində olmuşdur. 2. 2008-ci ilin mart ayında Mərdəkan qəsəbəsində M-748 saylı torpaq sahəsi S. Nəsibovanın adına sənədləşdirilmiş və onun xəbəri olmadan notarial qaydada 10044 manata satılmışdır. Bu halda İddiaçı 10044 manatı almadığı halda, özünün də xəbəri olmadan həm də, alqısatqı nəticəsində satışdan əldə olunan gəlirdən vergi öhdəliyi yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə etmiş, cavabdeh tərəf isə şikayətin əsassız olduğunu, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Həmin Plenum qərarında qeyd edilir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülkihüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçının hazırkı iddia tələbi xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli “Çıxarış”ın, xx.xx.2007-ci il tarixli, A№021591 saylı və xx.xx.2007-ci il tarixli, AA 001455 saylı “Torpaq sahəsinin planı və ölçüləri”nin, AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyatdan keçirilib X5 adına verilmiş “0093013” MH seriyalı, xx.xx.2008-ci il tarixli “Çıxarış”ın ləğv edilməsi ilə bağlıdır. İş materiallarından müəyyən edilir ki, həmin qeydiyyatlar mülki-hüquqi əqd əsasında aparılmışdır. Belə olan halda yuxarda qeyd edilən Plenum qərarına istinadən Kollegiya qeyd edir ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “....1821/2 saylı, xx.xx.2000-ci il tarixli Əzizbəyov İHB-nın sərəncamı ilə Əzizbəyov İHB-nın iddiaçıya torpaq sahəsi ayrılması barədə 619/3 saylı, xx.xx.1994-cü il tarixli Sərəncamı ləğv edilmişdir. Qeyd edilən hal iddiaçıya torpaq sahəsinə dair aparılmış qeydiyyatın mübahisələndirilməsinə hər hansı hüquq vermir. Belə ki, iddiaçının torpaq sahəsinə hüquqi marağını əsaslandıran hər hans hüquqmüyyənedici sənəd mövcud deyildir. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, şikayətin dəlilləri iddia tələbinin məzmunu ilə oxşarlıq təşkil edərək, məhkəmə qərardadının ləğvinə əsas vermir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1722/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar