Məhkəmə qərarları › İş №2-1(103)-2734/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2734/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2734/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə əmək pensiyasının dövlət qulluqçusu kimi nəzərə alınması (təyin edilməsi) vəzifəsinin qoyulması tələbinə iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3884/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, təyin olunmuş əmək pensiyasının dövlət qulluqçusu kimi nəzərə alınması (təyin edilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1979-cu ildən Azərbaycan Respublkası Kənd Təsəsrrüfatı Nazirliyinin Respublika X1 böyük aqronom vəzifəsində əmək fəaliyyətinə başlayıb. Azərbaycan Respublkasında “Azərkimya Respublika İstehsalat Elm Birliyi”nin yaradılması ilə əlaqədar xx.xx.1980-ci il tarixdə keçirmə yolu ilə qeyd edilən orqanın Bitki Mühafizəsi İdarəsində əmək fəaliyyətini davam etdirib. xx.xx.1984-cü il tarixdə “Azərkimya Respublika İstehsalat Elm Birliyi” sədrin köməkçisi vəzifəsinə keçirmə yolu ilə əmək fəaliyyətini davam etdirib. xx.xx.1987-ci ildən xx.xx.1995-ci il dövründə Azərbaycan Respublkasının Plan Komitəsi-Kənd təsərrüfatı şöbəsinin rəisi vəzifəsində əmək fəaliyyətini davam etdirib. xx.xx.1995-ci il tarixdə keçirmə yolu ilə Azərbaycan Respublkası Prezidentinin İcra Aparatının sərəncamına göndərilib. Həmin tarixdən xx.xx.2000-ci il dövrünə kimi Prezident Aparatının ərazi idarəetmə orqanları şöbəsində böyük referent vəzifəsində əmək fəaliyyətini davam etdirib. xx.xx.2000-ci ildən xx.xx.2001-ci il dövründə Azərbaycan Respublkası İqtisadiyyat Nazirliyində Aqrar-sənaye kompleksi şöbəsində bölmə rəisi vəzifəsində işləyib. Əmək pensiyasına çıxmağı ilə əlaqədar xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edib. Bu müraciətinə xx.xx.2021-ci il tarixli 2/********** nömrəli məktubla bildirmişlər ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Cavabdeh “X2 Elm Birliyi”ndə işlədiyi 6 il 8 ay 26 günü hesablamadan dövlət qulluğunda əmək stajını 14 il 2 ay 11 gün hesablamış, 6 il 8 ay 26 günü dövlət qulluğu stajı kimi nəzərə almamışdır. Halbuki, “Azərkimya Respublika İstehsalat Elm Birliyi” dövlət orqanı, o da dövlət qulluqçusu olub. “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsində qeyd edilib ki, Azərbaycan Respublkasının qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda Azərbaycan Respublkasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış dövlət qulluqçularının qurumu dövlət orqanıdır. Həmin Qanunun 8.1.6-cı maddəsində qeyd edilir: Əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 120-ci maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları-müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikası Televiziya və X8 (6-cı kateqoriya dövlət orqanları). İşlədiyi “Azərkimya Respublika İstehsalat Elm Birliyi” dövlət orqanı və onun dövlət qulluqçusu olduğunu adıçəkilən Qanunda 3 fakt təsdiq edir: yaradılması; dövlətin məqsəd və funksiyasının həyata keçirilməsi; maliyyələşməsi. Həmin Fərmanın 2-ci bəndinə əsasən, siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirlməsi nəzərdə tutulmuşdur. “Azərkimya Respublika İstehsalat Elm Birliyi” 1997-ci ildə ləğv olunması səsəbindən onun adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə xx.xx.1991-ci ilədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na daxil olunması nəzərdən qaçırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının dövlət qulluğu vəzifəsində qulluq stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərarın əsaslarına görə, “... məhkəmə qeyd edir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına əsasən “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi Azərbaycan SSR Dövlət Aqrar- Sənaye Komitəsinin yanında olan birliklərin siyahısında nəzərdə tutulana qədər “Azərbaycan SSR Nazirlər Soveti yanında olan qurum olmuşdur. Bu səbəbdən də həmin qurumun yaranması, dövlətin məqsəd və funksiyalarını həyata keçirib-keçirməsini və maliyyələşməsi baxımından iddiaçının “Azərkəndkimya” Elmistehsalat birliyində aparıcı arqonom vəzifəsində işləməsinə (xx.xx.1981-xx.xx.1984) Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1.16-cı bəndi şamil edilməlidir. İddiaçının qeyd edilən qurumda sədr köməkçisi işlədiyi dövrə münasibətdə məhkəmə qeyd edir ki, həmin bənddə (1.15-ci bənddən fərqli olaraq) rəhbərin köməkçisi nəzərdə tutulmamışdır. İddiaçının dövlət qulluğunda mübahisələndirilməyən stajı 14 il 2 ay 11 gündür. Həmin dövr X10 tərəfindən təqdim edilən arayışa əsasən dövlət qulluğu stajı olduğu müəyyən edir. Məhkəmə həmin əsaslandırmanı qanunauyğun hesab edir. Mübahisələndirilən dövr qeyd edilən hissədə nəzərə alındığı təqdirdə (aparıcı arqonom vəzifəsinin uyğunlaşdırıldığı aparıcı məsləhətçi vəzifəsində işlədiyi dövr), iddiaçının dövlət qulluğu vəzifəsində qulluq stajının ən azı 15 il olduğu müəyyən edilir.” Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi “ Azərbaycan SSR X13 Komitəsinin strukturu və say tərkibi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda deyil, 2 nömrəli Əlavədə - Komitənin yanında olan birliklərin siyahısında nəzərdə tutulmuşdur. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarının aparatında mövcud olan vəzifələrin "İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Resupublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. Həmin siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR Dövlət Komitələrinin aparatında mövcud olan vəzifələr “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən vəzifələrə uyğunlaşdırılmışdır. İddiaçının 1980-1987-ci illərdə işlədiyi “Azərkəndkimya Respublika İstehsalat Elm Birliyi" Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin aparatında nəzərdə tutulmadığı və birlik statusunda fəaliyyət göstərdiyi, yuxarıda qeyd edilən siyahıda isə yalnız Azərbaycan SSR Dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunaşdırılması aparıldığı üçün, həmin illər dövlət qulluğu stajına hesablanarkən nəzərə alınmır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçı şikayəti qəbul etməyib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. İddiaçının müraciətinə cavab olaraq cavabdeh “Dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” xx.xx.2021-ci il tarixli **********3 nömrəli imtinasında bildirmişdir ki, “Əmək pensiyaları haqqında" AR Qanununun 20.11.1, 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (14 il 2 ay 11 gün) təşkil edir. Bu səbəbdən də ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdən müəyyən edilir ki, iddiaçının xx.xx.1987-xx.xx.2000 və xx.xx.2000-xx.xx.2001ci il tarixləri arasındakı işlədiyi dövrlər 14 il 2 ay 11 gün olmaqla, dövlət qulluğu stajı kimi nəzərə alınmışdır. Mübahisələndirilən dövr iddiaçının xx.xx.1980-xx.xx.1986-ci illərdə “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyində aparıcı aqronom (xx.xx.1980-xx.xx.1984) və sədrin köməkçisi (xx.xx.1984-xx.xx.1986) işlədiyi dövrlərdir. İddiaçının 1980-1987-ci illərdə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması barədə məlumatların təqdim edilməsinə dair birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq X6 xx.xx.2021-ci il tarixli 04/xxxx/3250 nömrəli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 10 iyul 1981-ci il tarixli 299 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında kənd təsərrüfatının aqrokimyəvi xidmətləri üzrə X11 (Азерсельхозхимия) haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən adı çəkilən birlik Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR-də vahid ixtisaslaşdırılmış aqrokimyəvi xidmət yaradılması haqqında” 1979-cu il 2 noyabr tarixli 461 nömrəli Qərarı ilə, SSRİ Nazirlər Sovetinin “Ölkədə vahid aqrokimyəvi xidmətin yaradılması haqqında” 9 sentyabr 1979-cu il tarixli 765 nömrəli Qərarına uyğun olaraq yaradılmışdır. “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi “Azərbaycan SSR Dövlət Aqrar- Sənaye Komitəsinin strukturu və say tərkibi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda deyil, 2 nömrəli Əlavədə - Komitənin yanında olan birliklərin siyahısında nəzərdə tutulmuşdur. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olan vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Əlavə olaraq bildiririk ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində dövlət orqanının anlayışı müəyyən edilmişdir. Həmin maddəyə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. İddiaçının 1980-1987-ci illərdə işlədiyi “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin aparatında nəzərdə tutulmadığı və birlik statusunda fəaliyyət göstərdiyi, yuxarıda qeyd edilən Siyahıda isə yalnız Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparıldığı üçün həmin illər dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır.” İddiaçının 1980-1987-ci illərdə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıb-alınmaması barədə məlumatların təqdim edilməsinə dair birinci instansiya məhkəsimənin təkrar sorğusuna cavab olaraq X6 xx.xx.2022-ci il tarixli PMŞ/3-2-2022-878 nömrəli məktubunda qeyd olunmuşdur ki, iddiaçının 1980-1987-ci illərdə işlədiyi müddətə dair Mərkəzin xx.xx.2021-ci il tarixli 04/xx-xx/3250 nömrəli məktubu ilə cavab verilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Fondun struktur qurumlarına ünvanlanmış xx.xx.2006-cı il tarixli xx/xx-1692 nömrəli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 aprel tarixli xx/xx/6716, 6037, 428-18 nömrəli məktubu ilə Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müvafiq rəyləri nəzərə alınmaqla aşağıda qeyd olunmuş şirkət, konsern, birlik, idarə və təşkilatlardakı vəzifələrdə işləmiş şəxslərə “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsinin qanunauyğun olmadığını bildiririk.

1. Dövlət sığorta şirkəti və onun tabeliyində olan şəhər, rayon müfəttişlikləri.

2. Azərbaycan SSR Nazirlər Soveti Baş Energetika və Elektrikləşdirmə idarəsi.

3. Azərbaycan SSR Əlvan Metallurgiya idarəsi.

4. Azərbaycan SSR Nazirlər Sovetinin Balıqçılıq Təsərrüfatı idarəsi.

5. “Azneftkimyamaş” Dövlət şirkəti.

6. Azərbaycan Dövlət Dəmiryol İdarəsi.

7. Azərbaycan SSR X4 birliyi.

8. SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyi Ümumittifaq Lenin ordenli “Soyuzneftemaş” Sənaye birliyi.

9. Kənd Təsərrüfatı Nazirliyinin “Azərquşçuluq” Sənaye birliyi.

10. “Azərqızıl” Dövlət şirkəti.

11. “Azərquşçuluqsənaye” Dövlət şirkəti.

12. “Azərsənayetikinti” Dövlət şirkəti.

13. “Taxıl məhsulları” Dövlət şirkəti.

14. “Azərkəndtikinti” Dövlət şirkəti.

15. “Xalqüçünmallar” Dövlət konserni.

16. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm şurası.

17. Azərbaycan SSR Sənaye Ticarət Palatası.

18. Azərbaycan SSR(Naxçıvan MSSR) X14 Heyəti(sədr,sədrin müavinləri və katibi).

19. “Azərittifaq” və Naxçıvan MR İstehlak cəmiyyətləri.

20. Respublika Həmkarlar İttifaqlarının Azərbaycan X7, X5 Respublika Komitələri, Naxçıvan Muxtar Respublikası X7, Naxçıvan Muxtar Respublika Həmkarlar İttifaqları vilayət komitələri.

21. Azərbaycan Kommunist Partiyasının idarə, müəssisə və təşkilatlar üzrə azad partiya komitələrinin katibləri.

22. Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Dövlət Arxiv idarəsinin rayon, şəhər şöbələri.

23. SSRİ Dövlət Bankının Azərbaycan SSR Bankı və Azərbaycan SSR Bankının Naxçıvan MSSR idarəsinin şəhər və rayon şöbələri.

“Dövlət qulluğu haqqında” AR Qanununun: Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir; Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir; Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır; Maddə 8.1. Dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları); Maddə 9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir; Maddə 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır; Maddə 14.2. İnzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir; Maddə 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir; Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir; Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X10” publik hüquqi şəxsin Nizamnaməsinin: - 1.1. Azərbaycan Respublikasının X10 (bundan sonra – Mərkəz) dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir; - 2.1. Mərkəzin əsas vəzifələri aşağıdakılardır: 2.1.1. dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; 2.1.1-1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir; 2.1.21. müsabiqəyə çıxarılan dövlət qulluğu vəzifələri üzrə vəzifə təlimatlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ümumi şərtlərə uyğun hazırlanmasını təmin edir; 2.1.36. dövlət qulluqçularının reyestrini aparır və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatların həmin reyestrə daxil edilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə əsasən, bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 77 nömrəli Qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. “Əmək pensiyaları haqqında” AR Qanununun: Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); Maddə 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.

İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi-hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı sayır. Belə ki, “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi “Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin strukturu və say tərkibi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda deyil, 2 nömrəli Əlavədə - Komitənin yanında olan birliklərin siyahısında nəzərdə tutulmuşdur. İddiaçının 1980-1987-ci illərdə işlədiyi “Azərkəndkimya” Respublika İstehsalat Elm Birliyi Azərbaycan SSR Dövlət Aqrar- Sənaye Komitəsinin aparatında nəzərdə tutulmadığı və birlik statusunda fəaliyyət göstərdiyi, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparıldığı, həmin Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıldığı üçün, mübahisəli illər iddiaçıya münasibətdə dövlət qulluğu stajı hesablanarkən nəzərə alına bilməz. Dövlət qulluğu sahəsində fəaliyyəti və dövlət qulluğu üçün kadrların seçilməsini təşkil edən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, dövlət qulluqçularının reyestrini aparan və dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə məlumatların həmin reyestrə daxil edilməsini təmin edən publik hüquqi şəxs olan Azərbaycan Respublikası X6 iş üzrə verdiyi rəy də məhz bu məzmunda olmuşdur.

Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının təyin olunmuş əmək pensiyasının dövlət qulluqçusu kimi nəzərə alınması (təyin edilməsi) ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin xx.xx.2021-ci il tarixli imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı ləğv edlməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3884/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı təyin olunmuş əmək pensiyasının dövlət qulluqçusu kimi nəzərə alınması (təyin edilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar