Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2735/2024 16.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrində mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması, evə və torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1049/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrində mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması, evə və torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (**********45-05101-093001 reyestr nömrəli) əsasən Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2 ünvanında yerləşən 175 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd olunan daşınmaz əmlak ilkin olaraq mənzil kimi qeydiyyata alınsa da, faktiki olaraq fərdi yaşayış evidir. X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 30/143 reyestr nömrəsi ilə verilmiş 25 fevral 1999-cu il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nda da daşınmaz əmlak fərdi yaşayış evi kimi nəzərdə tutulmuşdur. Həmçinin, texniki pasportda torpaq sahəsinin ölçüsü (24.4x45m) qeyd olunmuşdur. Lakin həmin reyestrdən çıxarışda yanlış olaraq daşınmaz əmlakın növü fərdi yaşayış evi kimi deyil, mənzil kimi qeydiyyata alınmışdır. İddiaçı 10 yanvar 2023-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2 ünvanında yerləşən 175 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi, torpaq sahəsinin (24.4x45metr, yəni 1098 kv.m) isə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin cavabdeh 2 mart 2023-cü il tarixli məktubu ilə məsələnin həllindən əsassız olaraq imtina etmişdir. Həmin imtina məktubu rəsmi olaraq poçt vasitəsilə 27 mart 2023-cü il tarixdə iddiaçıya çatdırılmışdır. Cavabdehin imtinasının əsası kimi bildirilmişdir ki, mənzilin fərdi yaşayış evinə keçirilməsi ilə əlaqədar torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Müraciət olunan torpaq sahəsində yerləşən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Daşınmaz əmlakın mövcud vəziyyətinə və texniki pasportuna əsasən də müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan əmlak mənzil deyil, fərdi yaşayış evidir. Həmin əmlak otaqlardan, habelə yaşayış ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş evdir və çoxmənzilli bina ilə hər hansı bir əlaqəsi yoxdur. Hesab olunur ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş həmin Siyahının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüququn əldə edilməsi üçün əsas hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, 60, 71-ci maddələrinə, Azərbaycan Respulikası Mülki Məcəlləsinin 139, 140, 146, 152, 154, 157-ci maddələrinə, Mənzil Məcəlləsinin 13-cü maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2, 8.0.8, 12.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, İPM-in müddəalarına əsaslanaraq, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2 ünvanında yerləşən 175 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi, həmin ünvandakı torpaq sahəsinin (24.4x45metr, yəni 1098 kv.m) xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazında bildirilir ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2, mənzil 175 ünvanında yerləşən mənzilə dair dövlət reyestrində cari dəyişikliklərin edilməsi və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 11 yanvar 2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport hüquqmüəyyənedici sənəd qismində qeyd olunmuş, müraciət olunan torpaq sahəsində yerləşən əmlak isə daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Bu səbəbdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya 2 mart 2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, müvafiq daşınmaz əmlakda rekonstruksiya işləri aparılmış, arakəsmələr dəyişdirilmişdir. İdarədə mövcud olan arxiv məlumatlarına əsasən Bakı ŞİH-in 31 may 1995-ci il tarixli 272a saylı sərəncamı ilə X1 adına 18 avqust 1995-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin Bakı ŞİH-in 592 saylı 10 sentyabr 2001-ci il tarixli sərəncamı ilə qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Bakı ŞİH-in 31 may 1995-ci il tarixli 272a saylı sərəncamı və sözgedən qeydiyyat vəsiqəsinə əsasən mənzilə dair tərtib edilmiş 30/143 nömrəli 25 fevral 1999-cu il tarixli texniki pasport ləğv edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.1.1) icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Həmin Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: (8.0.10.2) məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(112)-1049/2024 saylı qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi, həmin evin altındakı torpaq sahəsinin (1098 kv.m) iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan iddiaya etirazın məzmunu ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2- 1(112)-1049/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı ŞİH başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, ünvan 3 ünvanındakı daşınmaz əmlak X1 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır və bu barədə müvafiq reyestr kitabının 121-ci səhifəsində 18651 qeydəalma ilə (30 nömrə, 13201) 18 avqust 1995-ci il tarixdə qeydiyyat aparılmışdır. - Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 4 ünvanına dair X1 adına 25 fevral 1999-cu il tarixdə texniki pasport verilmiş, texniki pasportda Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 fevral 1995-ci il tarixli məktubuna, Bakı şəhəri Nəsimi RİH başçısının 272a nömrəli 31 may 1995ci il tarixli sərəncamına və 474-Ə saylı 23 fevral 1999-cu il tarixli ərizəyə əsasən tərtib olunduğu qeyd edilmiş, daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin ölçüsü 1.098 kv.m göstərilmişdir. - 5 iyul 1948-ci il tarixdə Laçın rayonunda doğulmuş X1 adının “Telli”dən “Zülfiyyə”yə dəyişdirilməsi barədə Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 25 aprel 2000-ci il tarixdə akt qeydi aparılmış və İ-ЖГ seriyalı 271683 nömrəli “Familiyanın, adın, ata adının dəyişdirilməsi haqqında şəhadətnamə” verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 5 ünvanındakı daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 10 mart 2011-ci il tarixdə qeydiyyata alınmışdır (********** nömrə ilə). Birinci instansiya məhkəməsinin 7 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış məktubu ilə hazırkı iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/93 nömrəli 23 fevral 1995-ci il tarixli məktubunun və ona əlavə edilmiş sənədlərin təsdiqlənmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məhkəməyə ünvanlanmış 3-35/2-710/2024 nömrəli 24 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirilir ki, «Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018ci il tarixli Fərmanı ilə Bakı ŞİH Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın icrası çərçivəsində arxivə təhvil verilən sənədlərə baxış zamanı Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 fevral 1995-ci il tarixli 18/03- 8/93 nömrəli məktubu Dövlət Şəhərsalma vəı Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin 7 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına ünvanlanmış məktubu ilə hazırkı iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, məhkəməyə Bakı şəhəri Nəsimi RİH-in 31 may 1995-ci il tarixli 272a saylı sərəncamı və ona əlavə olunmuş sənədlərin təqdim edilməsi, həmin sərəncamın qüvvədə olub-olmamasına dair məlumatın verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə ünvanlanmış 18 yanvar 2024-cü il tarixli 3-48-2F/2-255/2024 nömrəli məktubu ilə Dövlət Arxivinin Bakı Filialında saxlanılan Bakı şəhəri Nəsimi RİH-in arxiv fondu üzrə 31 may 1995-ci il tarixli 272a saylı sərəncamının və ona əlavə edilmiş sənədlərin surətləri məhkəməyə təqdim olunmuş və bildirilmişdir ki, həmin sərəncamın qüvvədə olub-olmaması barədə Dövlət Arxivinin Bakı Filialında hər hansı bir məlumat saxlanılmır. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi RİH-in 272a nömrəli 31 may 1995-ci il tarixli sərəncamı ilə Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 fevral 1995-ci il tarixli 18/03-8/93 nömrəli razılıq məktubu və təsdiq olunmuş layihə əsas götürülərək, İnqilab küçəsi, 2 saylı evin 175 saylı mənzilində yaşayan R.Hüseynova mənzilinin yararsız və yaşayış üçün təhlükəli olduğu nəzərə alınaraq, mənzilin rekonstruksiya etməsinə icazə verilmişdir. Bakı şəhəri Nəsimi RİH-in 272a saylı 31 may 1995-ci il tarixli sərəncamına əlavə edilmiş Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı şəhəri Nəsimi RİH başçısına ünvanlanmış 23 fevral 1995-ci il tarixli 18/03-8/93 nömrəli məktubunda qeyd olunmuşdur ki, Memarlıq və Şəhərsalma Baş İdarəsinə İnqilab küçəsi, 2 saylı evin 175 saylı mənzilində yaşayan vətəndaş R.Hüseynov müraciət edərək, yaşadığı mənzilin yararsız və yaşayış üçün təhlükəli olduğunu nəzərə alaraq sökülüb yenidən layihə əsasında tikintisinə icazə verilməsini xahiş etmişdir. Memarlıq və Şəhərsalma Baş İdarəsi vətəndaş R.Hüseynovun evinin sökülüb yenidən tikilməsinə etiraz etmir. Yaşayış evinin sahəsi gələcəkdə əsas məqsədlə istifadə edildikdə tikintiyə çəkilən xərclər ödənilməyəcəkdir. Bakı şəhəri Nəsimi RİH-in 272a saylı 31 may 1995-ci il tarixli sərəncamına əlavə edilmiş Nəsimi Rayon 59 saylı MİS tərəfindən təsdiq edilmiş 28 mart 1995-ci il tarixli aktda qeyd olunmuşdur ki, MİS əməkdaşları tərəfindən h/ş 144-də 175 nömrəli mənzildə vətəndaş X2 mənzilində yoxlama işi aparıldı və aşağıdakılar aydın oldu: - h/ş 144, mənzil 175 özəlləşdirilmiş mənzildir. Evin sahibi vətəndaş X5r. Onun mənzili 2 otaqdan 26 kv.m-dən ibarətdir. Ev köhnə tikilidir, taxta “fin” tipli evdir. Texniki baxış vaxtı aydın oldu ki, evin təmirə ehtiyacı vardır. Belə ki, ev taxta olduğundan, bütün taxtalar çürümüş, sökülmüş və dağılmışdır, qapılar və pəncərələr tam çürümüş və yararsız hala düşmüşdür. Evin damı uçmaq üzrədir, çünki bütün balkalar da çürümüşdür. H/ş 144 evin 175 nömrəli mənzilinin ümumi sahəsi 25m x 45m-dir. Bu evdə vətəndaş X2 əsaslı tikinti aparması üçün icazə verilməsi xahiş olunur. Akt RİH-ə təqdim edilməsi məqsədi ilə tərtib edildi. Birinci instansiya məhkəməsinin 17 avqust 2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC-dən aşağıdakı məsələ üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır: - Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2, mənzil 175 ünvanında yerləşən binanın əlamətlərinə görə “mənzil” və ya “fərdi yaşayış evi” olmasının müəyyən edilməsi (mərtəbəliyi, giriş-çıxış imkanları, həyətyanı sahəsi və s. göstərilməklə). "xxxx" MMC-nin məhkəməyə təqdim olunmuş MB-16/1396 nömrəli rəyində aşağıdakılar qeyd olunmuşdur: - Ekspert qarşısında qoyulmuş sual üzrə Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2, mənzil 175 ünvanında yerləşən binaya baxış keçirilmiş və müəyyən edilmişdur ki, yaşayış binası 4+zirzəmi mərtəbədən ibarətdir. Yaşayış binasının həyətyanı sahəsi, həyətyanı sahəyə ayrıca çıxışı var. Torpaq sahəsi texniki pasportda da öz əksini tapmışdır (24,4m x 45 m). Yaşayış binası hasara alınmışdır və dəmir darvazası var. Bu xüsusiyyətləri nəzərə alaraq, qanunvericiliyin tələblərinə, eləcə də daşınmaz əmlakın mövcud vəziyyətinə əsasən yaşayış binasının çoxmənzilli yaşayış binasına heç bir əlaqəsinin olmadığı, fərdi yaşayış evi olduğu müəyyən edilmişdir. Beləliklə iş materiallarından və işin faktiki hallarından müəyyən edilir ki, hazırkı İddiaçı ünvan 9 ünvanındakı daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlakın həmin qeydiyyatı “mənzil” kimi aparıldığından, iddiaçı həmin qeydiyyatda düzəliş olunaraq, əmlakın “fərdi yaşayış evi” qismində əks olunmasını və bununla yanaşı evin altındakı torpaq sahəsinə mülkiyyət hüququnun da qeydiyyata alınmasını istəyir. Bununla bağlı o, cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İddiaçıya məxsus əmlakın ünvanı “H.Əliyev küçəsi, ev 2, mənzil 175” göstərilsə də, məhkəmənin həmin ünvanda (H.Əliyev küçəsi 2) neçə mənzilin mövcud olması (qeydiyyata alınması) barədə məlumatın verilməsinə dair sorğusunu qeydiyyatı və ünvan reyestrini aparmaqda səlahiyyətli orqan kimi çıxış edən hazırkı cavabdeh cavablandırmamışdır. Bu isə belə nəticə yaradır ki, həmin ünvanda digər mənzillərin olması müəyyən edilmir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçıya məxsus həmin əmlakın texniki pasportunda əmlak mənzil kimi deyil, fərdi ev kimi göstərilmiş, həmçinin onun yerləşdiyi torpaq sahəsi də əks olunmuşdur. Bu isə, qeydiyyatın əvvəlcədən mənzil qismində aparılmasının səhv addım olması ehtimalını daha da artırır. Nəzərə alınmalıdır ki, iş üzrə icraatda əmlakın qiymətləndirilməsi üzrə ixtisaslaşmış qurum kimi "xxxx" MMC-dən alınmış MB-16/1396 nömrəli rəyində yaşayış evinin həyətyanı sahəsinin, ayrıca çıxışının olması, hasara alınması və dəmir darvazasının mövcudluğu, bu xüsusatlar nəzərə alınaraq, onun mövcud vəziyyətinə əsasən çoxmənzilli yaşayış binasına aidiyyətinin olmadığı və fərdi yaşayış evi olduğunun müəyyən edildiyi bildirilmişdir. Beləliklə, İddiaçı mülkiyyətində olan daşınmaz əmlak (H.Əliyev küçəsi, ev 2, mənzil 175) göstəricilərinə görə Mənzil Məcəlləsində təsbit olunmuş “mənzil” anlayışı ilə deyil, “yaşayış evi (fərdi ev)”lə uzlaşır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2, mənzil 175 ünvanında yerləşən torpağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Apelyasiya baxışı zamanı iddiaçı tərəf ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək iddia tələbinin – mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2 ünvanında yerləşən 175 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi, həmin evin yerləşdiyi (altındaki) torpaq sahəsinin (24,5x24,5metr, yəni 600,25 kv.m) isə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi kimi nəzərə alıb bu barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizəsi məhkəmə kollegiyası tərəfindən icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dəqiqləşdirilmiş iddia tələbi əsaslıdır. Belə ki, «Torpaq islahatı haqqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasənm tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda nəzərdə tutulmuş sənədlər sırasına aşağıdakılar da aiddir: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 1 yanvar 2001-ci il tarixədək tərtib olunmuş texniki pasport (texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi, otaq, bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli Qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Apellyasiya şikayətinin Bakı ŞİH-in 592 saylı 10 sentyabr 2001-ci il tarixli sərəncamı ilə qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Bakı ŞİH-in 31 may 1995-ci il tarixli 272a saylı sərəncamı və sözügedən qeydiyyat vəsiqəsinə əsasən mənzilə dair tərtib edilmiş 30/143 nömrəli 25 fevral 1999-cu il tarixli texniki pasportun ləğv edilməsi dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işdə olan sənədlərdən göründüyü kimi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 218 saylı xx.xx.2009-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, ev 2 ünvanında yerləşən 175 saylı mənzilinin icarə müqaviləsinin vət. İddiaçı ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmış və bundan sonra iddiaçıya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2011-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Həmin çıxarış və texniki pasport hal-hazırda qüvvədədir. Buna görə də apellyasiya şikayətinin göstərilən dəlilinin heç bir əsası yoxdur. Həmçinin, apellyasiya şikayətinin İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı müvafiq daşınmaz əmlakda rekonstruksiya işlərinin aparılması və arakəsmələrin dəyişdirilməsinin müəyyən olunması barədə dəlili ilə bağlı qeyd olunmalıdır ki, bu hallar qeydiyyatın aparılmasından imtina üçün əsas hesab oluna bilməz. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi, həmin evin altındakı torpaq sahəsinin (1.098 kv.m) iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilməli, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi, həmin evin yerləşdiyi (altındaki) torpaq sahəsinin (24,5x24,5metr, yəni 600,25 kv.m) iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(112)-1049/2024 saylı qərarı İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi, həmin evin altındakı torpaq sahəsinin (1.098 kv.m) iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində dəyişdirilsin. İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi, həmin evin yerləşdiyi (altındakı) torpaq sahəsinin (24,5x24,5metr, yəni 600,25 kv.m) iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2735/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2735/2024
16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver