Məhkəmə qərarları › İş №2-1(103)-2736/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2736/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2736/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2622/2022 nömrəli iş üzrə 25 aprel 2022-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, əmək kitabçasındakı iş illəri və hərbi xidmət dövrü sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı 16 avqust 1955-ci il tarixdə Kəlbəcər rayonunun Bozlu kəndində doğulmuşdur, hazırda Bərdə rayon Qaradəmirçi kəndində yaşayır. Erməni silahlı birləşmələrinin Kəlbəcəri işğal zamanı əsir düşmüşdür. İddiaçı 1 yanvar 1972-ci il tarixdən 31 dekabr 1984-cü il tarixədək Kəlbəcər rayonu 1 May kolxozunda kolxozçu kimi işləmişdir. Sonradan hərbi xidmətə getmiş, hərbi xidmətdən sonra 15 mart 1985-ci il tarixdə R.Səfərəliyev adına kolxozda süravi kolxozçu, 20 aprel 1987-ci il tarixdə həmin kolxozda traktorçu işinə qəbul olunmuşdur. 5 yanvar 1998-ci il tarixdə “Röya” müstəqil kommersiya firmasında sürücü işləmiş və 23 mart 2011-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. O, hazırda təqaüdə çıxmaq istəyir. DSMF ona bildirir ki, 2006-cı ildən sonra fərdi fərdi hesabımda sığorta ödənişi olmamış və bundan başqa əmək stajı 25 il təşkil etmir, bu səbəbdən də ona əmək pensiyası təyin olunmur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının əmək kitabçasındakı iş illəri və hərbi xidmət dövrü sığorta stajına daxil edilməklə ona yaşa görə (xx.xx.2020-ci il tarixdən) əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının təqdim etdiyi xx.xx.1992-ci il tarixli AZE ******* nümrəli əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajı 17 il 5 ay 20 gün müəyyən edilmişdir. Bu müddət isə 25 ildən azdır və xx.xx.2006-cı ildən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qeyri-mümkündür. İddiaçının iddia ərizəsində qeyd etdiyi Kəlbəcər rayon “1 may kolxozu”nda işləməsilə bağlı Milli Arxiv İdarəsi Kəlbəcər rayon Dövlət Arxivinə sorğu ünvanlanmış və cavab məktubunda həmin kolxozun sənədlərinin işğal zonasında qalması qeyd olunmuşdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı və onun vəkili Vəkil şikayəti qəbul etməyib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətinə gəldikdə, ilk olaraq, birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə: “Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. ... «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsinə əsaəsn hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. ... Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn arxivə gündərilən sorğuya cavab alınmamasınə görə baş tutmaması şəxsin (iddiaçının) təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisələndirilən dövrdə İddiaçı kolxozda 1 yanvar 1992-ci il tarixdən əvvəlki tarixdə əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməməsi cavabdeh inzibati orqanın hərəkətlərinin «İnzibati icraat haqqında» Qanunun 12, 13.1, 19-cu maddələrinin tələbləri ilə uzlaşmaması nəticəsini yaradır. İş üzrə məhkəmə icraatında müəyyən edilir ki, iddiaçının 1 yanvar 1992-ci il tarixdən sonrakı dövrdə 1 yanvar 2006-cı il tarixədək 17 il 5 ay 20 gün sığorta stajının toplanmasını cavabdeh inzbati orqan mübahisələndirmir. Yəni iddiaçının 17 il 5 ay 20 gün sığorta stajının mövcudluğu işin mübahisələndirilməyən hallarına aiddir. Həmçinin müəyyən edilir ki, iddiaçı 1974 – 1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Həmin 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsi, həm də həmin tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsi şəxsin hərbi xidmət dövrünü onun sığorta stajı kimi nəzərdə tutur. Məhkəmə vurğulayır ki, iddiaçının yuxarıda qeyd olunan qurumdakı fəaliyyətinin 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2002-ci il tarixədək olan hissəsi üzrə alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmalarının həyata keçirilməməsinin pensiya hesablanmasında nəzərə alınmaması 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 8-ci hissəsində tənzimlənmişdir. Həmin maddəyə (8-ci hissəsi) əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Odur ki, qeyd edilənlərə görə belə qənaət yaranır ki, iddiaçının 1992-ci – 2002-ci illərdə əmək haqqından məcburi dövlət sosial sığorta ayırmalarının aparılmaması (hətta bu hal sübut olunsa belə) ona əmək pensiyasının təyinatı zamanı həmin dövrün sığorta stajı kimi nəzərə alınmamasına əsas vermir. Eləcə də mübahisə üzrə cavabdehin yuxarıda qeyd olunan dəlilinin 1 yanvar 2002ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövrə aid hissəsinə münasibətdə isə nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, qanunvericiliyə edilmiş tənzimləmələrdə 2006-cı ilin yanvar ayının 1-nədək yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən, hazırkı iddiaçının 1 yanvar 2002-ciil tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövr üzrə əmək fəaliyyəti də sığorta stajı kimi nəzərə alınmalıdır. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında və arxiv arayışlarında göstərilən iş stajının sığorta stajına daxil edilməməsi və bu səbəbdən də yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunması qanuna zidd və onun sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, İddiaçı kolxozda işlədiyi müddət cavabdehin mübahisələndirmədiyi (1992 – 2006-cı illər) sosial sığorta stajına əlavə edildikdə onun 25 ildən artıq sığorta stajı toplanmış olur ki, bununla da «Əmək pensiyaları haqqında» Qanunun 7ci maddəsinə görə onun 16 avqust 2020-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır.” İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının faktiki və qanuni əsasları ilə razılaşdığı üçün onları təkrar sadalamır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, dəlillər əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun: 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2-ci maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 67-ci maddəsinin üçüncü abzasının ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Əsli işdə olan, iddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, o, xx.xx.1972-ci ildə əmək fəaliyətinə başlamış, xx.xx.2001-ci il tarixədək müxtəlif iş yerlərində və vəzifələrdə çalışmışdır (29 il 2 ay 22 gün). Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubunda iddiaçının xx.xx.2006-cı il tarixədək 17 il 5 ay 20 gün staja malik olduğunu bildirsə də, hansı iş yerində stajın nəzərə alınmadığını qeyd etməmişdir. Cavabdeh apellyasiya şikayətində də bu məsələni dəqiqləşdirməmişdir. Bundan əlavə, işdə olan arayışlardan, həmçinin, müəyyən olunur ki, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı il tarixlərdə hərbi xidmətdə olmuş (1 il 11 ay 20 gün), xx.xx.1969xx.xx.1970-ci il tarixlərdə 47 nömrəli peşə məktəbində təhsil almışdır (9 ay 23 gün). İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə gəldikdə isə, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, “63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır)”. Normadan görünür ki, qanunda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə azı 25 il sığorta stajı tələbləri alternativ hüquqi imkanlar kimi təsbit olunmuşdur, iddiaçı da bu iki imkandan birinin - azı 25 il sığorta stajı şərtini yerinə yetirir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin xx.xx.2021-ci il tarixli imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından da zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2622/2022 nömrəli iş üzrə 25 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar