Məhkəmə qərarları › İş №2-1(103)-2737/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2737/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2737/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(112)- 2075/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X1” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi (Əsəd Əhmədov küçəsi 1 A) inşa etdiyi 1 saylı evin 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 98 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa, 25.10.10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi (Əsəd Əhmədov küçəsi 1 A) 1 saylı evin 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı 98 nömrəli mənzil (bundan sonra- mənzil) üzərində əmlakın sahibi kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi üçün 14.07.2020-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məktubla müraciət etmişdir. Belə ki, iddiaçı ilə “X1” MMC arasında bağlanmış 13.02.2013-cü il tarixli müqaviləyə əsasən sonuncu mənzili iddiaçının mülkiyyətinə vermişdir. İddiaçıya verilmiş 13.02.2013-cü il tarixli maliyyə arayışından görünür ki, onun mənzilə görə “X1” MMC-yə borcu yoxdur. “X1” MMC-nin iddiaçıya verilmiş 15.03.2018-cü il tarixli arayışından görünür ki O, həqiqətən mənzilin sahibidir və təmirə başlanması üçün razılıq verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-255/2019 saylı, 13.03.2019-cu il tarixli qətnaməsi ilə mənzilə sahiblik və istifadə hüququ bir daha tanınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7320/2019 saylı, 29.05.2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 255/2019, 13.03.2019-cu il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali məhkəməsi Mülki Kollegiyasının 2(102)-7669/2019 saylı, 12.12.2019-cu il tarixli qətnaməsi ilə isə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş 2(103)-7320/2019 saylı 29.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Cavabdehin **********88 nömrəli, 18.08.2020-ci il tarixli cavab məktubunda qanunsuz olaraq, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmiş və beləliklə də, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(112)-2075/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(112)-2075/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25.10.2010-cu il tarixli Qərarına əsaslanaraq bildirmişdir ki, qərara əsasən çıxarış verilməsi üçün binanın istismara icazə sənədləri tələb olunmur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(112)-2075/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - “X1” MMC ilə bağlanmış 13 fevral 2013-cü il tarixli müqavilədən müəyyən edilir ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının evin 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin əvəzi tam ödənilməklə İddiaçı tərəfindən əldə edilmişdir. - “X1” MMC tərəfindən verilmiş 13.02.2013-cu il tarixli 120 saylı maliyyə arayışından görünür ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində inşa edilən 1 saylı evin 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı mənzil üçün şirkətə borcu yoxdur. - “X1” MMC tərəfindən verilmiş 15.03.2018-ci il tarixli arayışından görünür ki, iddiaçı “X1” MMC-də 1 saylı yaşayış binasında 98 saylı mənzilin sahibidir. - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-255/2019 saylı, 13.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı 98 nömrəli mənzilə İddiaçı sahiblik və istifadə hüququ tanınmış, mənzilin ona təhvil verilməsi barədə öhdəlik “X1” MMC-nin üzərinə qoyulmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7320/2019 saylı, 29.05.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-255/2019 saylı, 13.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7669/2019 saylı, 12.12.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məhkəmə sorgusuna cavab olaraq göndərilən 19.02.2021-ci il tarixli 05/09-326 saylı məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində (Əsəd Əhmədov küçəsi, 1A) “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 1 nömrəli yaşayış binasının istismara icazə sənədi arxivdə aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.10-cu maddələrini, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8, 8.0.6, 10.2.1, 15.1-ci maddələrini, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0-cı maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X1” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində (Əsəd Əhmədov küçəsi 1 A) inşa etdiyi 1 saylı evin 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.mdən ibarət olan 3 otaqlı 98 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası təmin edilməməldir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuş və həmin əsaslar aşağıdakılardan ibarətdir: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25.10.2010-cu il tarixli Qərarında əsaslandığı hissədə qeyd olunur: - Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Qeyd olunan hissənin məzmununa əsasən aydın olunur ki, tikintisi başa çatmış, yəni, istismara qəbul aktı olan binalara dair kooperativ qarşısında öhdəliyini yerinə yetirmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqını tam ödəmiş kooperativ üzvünün mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19.08.2021-ci il tarixli, 2-1(112)-2075/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar