Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2737/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X14 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək “Azərelektromaş” X11 X4 İnstiutunda işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4506/2022 saylı 18 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1975-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Azərbaycan SSR ANN “Azərbaycan idarələrarası avtonəqliyyat ekspedisiyası” Bakı QNEM-də nəqliyyat-konteyner şöbəsinə əmtəə üzrə ksassir vəzifəsinə qəbul edilmiş, xx.xx.1976-cı ildə işdən azad edilmiş, xx.xx.1976-cı ildə katib-makinaçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci ildə kargüzar vəzifəsinə keçirilmiş, xx.xx.1978-ci ildə tabelçi vəzifəsinə keçirilmiş, xx.xx.1980-cı ildə istehsal üzrə texnik vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci ildə Azərbaycan SSR ANN-nin 676 saylı xx.xx.1981-ci il tarixli əmrinə əsasən Bakı QNEM-si xx.xx.1982-ci il tarixdən Azərbaycan SSR ANN “Bakı sənayeticarət nəqliyyatı” Bakı İstehsal avtonəqliyyat birliyi adlandırılmış, xx.xx.1982-ci ildə rezin üzrə baş texnik vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü ildə ştat cədvəlinin dəyişdirilməsi ilə əlaqədar istismar şöbəsinin uçot üzrə texniki adlandırılmış, xx.xx.1983-cü ildə işdən azad edilmiş, xx.xx.1983-cü ildə Azərbaycan ETİ ETİ “Azərelektromaş” birliyində qeyristandart avadanlıq və tara, istehsal proseslərinin mexabikləşmə və avtomatlaşdırılması ETŞ-nin təşkilatı-texniki təchiz edilməsi qrupunun mühəndisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1987-ci ildə institut sturukturunun dəyişdirilməsi ilə əlaqədar istehsal proseslərinin mexanikləşdirmə və avtomatlaşdırılması vasitələri üzrə layihə şöbəsinin təşkilati-texniki təchiz edilmə və tara sektoruna mühəndis-konstruktor vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə institutun yeni strukturunun təsdiq edilməsi ilə əlaqədar texnoloji təchizat vasitələri üzrə konstruktor şöbəsinin qeyri-standart avadanlığın layihələndirilməsi sektoruna İİİ dərəcəli mühəndis-konstruktor vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci ildə idarəetmə sturukturunun təkmilləşdirilməsi ilə əlaqədar texnoloji təchizat vasitələrinin layihələndirilməsi sektoru texnoloji təchizat vasitələri üzrə konstruktor şöbəsinin tərkibindən çıxarılmış, xx.xx.1991-ci il qeyri-standart avadanlığın layihələndirilməsi sektorunun İİ dərəcəli mühəndis-konstruktor vəzifəsinə keçirilmiş, xx.xx.1993-cü ildə İİİ dərəcəli mühəndis-konstruktor vəzifəsində keçirilmiş, xx.xx.1994-cü ldə qeyri-standart avadanlığın layihələndirilməsi sektoru bundan sonra qeyri-standart avadanlığın layihələndirilməsi üzrə elmi-təhqiqat laboratoriyası adlandırılmış, xx.xx.1994-cü ildə İİ dərəcəli mühəndis-konstruktor vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə işdən azad edilmişdir. İddiaçı ona yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından **********6 saylı xx.xx.2021-ci il tarixli məktubla imtina olunmuşdur. Belə ki, həmin imtina məktubunda qeyd edilmişdir ki, onun əmək kitabçasına və sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü nəzərə alınmaqla sığorta stajı 16 il 3 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən, yəni 25 ildən azdır. Həmçinin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 3 ay sığorta stajına uyğun olaraq 12.383,64 manat təşkil edir ki, bu məbləğ qanunvericliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələriin İdarəetmə Mərkəzinin xx.xx.2021-ci il tarixli arayışına və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Elm və X6 xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş “Azərelektromaş” EİB-nin Elmi X1kı əmək fəaliyyətinin xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün araşdırılması zamanı qeyd olunan müəssisənin arxiv sənədlərinin mühafizə olunması üçün təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəblə də qeyd olunan dövrün araşdırılması mümkün olmamış və həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək “Azərelektromaş” X11 Elmi X1 işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, ali təhsilli mühəndis-texniki işçi kimi hələ Sovet dövründən müxtəlif vəzifələrdə, o cümlədən “Azərelektromaş” X2 X1 işləmişdir. Həmin İnstitutda işləməsi barədə ona aid əmək kitabçasında müntəzəm olaraq 2021-ci il tarixədək müvafiq qeydlər aparılmışdır. Əmək kitabçasında işə götürülmə, müxtəlif vəzifələrə keçirilmə müvafiq əmrlərlə rəsmiləşdirilir və işçi işdən çıxanda sonda qeyd olunan yazılar müəssisənin möhürü ilə təsdiqlənir. Hazırda əmək pensiyası yaşına çatdığından, əmək pensiyasının təyin edilməsi məqsədilə sənədləri toplayıb müvafiq orqana müraciət etmişdir. Pensiya stajını müəyyən edən ona məxsus əmək kitabçasından görünür ki, o, 14 avqust 1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış və pensiya yaşına çatmaqla 17 may 2021-ci il tarixdə işdən azad olmuşdur. Onun hesablamalarına görə 45 ildən çox əmək stajı vardır və bu stajın əmək pensiyası təyin olunması üçün kifayət edəcəyini düşünürdü. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmiş, imtinanın səbəbi kimi isə əmək pensiyasının təyinatı üçün lazım olan 25 ildən az olmayan sığortalı əmək stajının cəmi 16 il 3 ay təşkil etməsi göstərilmişdir. Onun sığortalı əmək stajı 14 avqust 1975-ci il tarixdən yalnız 1 yanvar 1992-ci il tarixədək hesablanmış, 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək dövr, yəni daha 16 il sığortalı əmək stajı nəzərə alınmamışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçının pensiya yaşına çatdığı 8 may 2021-ci il tarixə qadınların pensiya yaşı «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 62 yaş müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi 17 avqust 1975-ci il tarixdə tərtib edilmiş İT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən ümumi sığorta stajı 16 il 3 ay (14 avqust 1975-ci il tarixdən 12 yanvar 1976-cı il tarixədək, 2 fevral 1976-cı il tarixdən 23 avqust 1983-cü il tarixədək, 26 avqust 1983-cü il tarixdən 1 yanvar 1992-ci il tarixədək olan dövr) olmaqla qanunvericilikdə tələb edilən 25 ildən az olduğundan, 1 yanvar 2006- cı il tarixdən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından və «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2, 27.1 və 29.1-1-ci maddələrinə əsasən 1 yanvar 2006-cı il tarixədək olan 16 il 3 ay sığorta stajına uyğun olaraq hesablanan 12.383,64 manat pensiya kapitalı tələb edilən 28.800 manat pensiya kapitalından az olduğundan, yəni əmək pensiyasının minimum məbləğindən (8 may 2021-ci il tarixə 200 manat) az olmayan pensiya təminatına imkan vermədiyindən, ona yaşa görə pensiya təyin edilməsi mümkün olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunmuş “Azərelektromaş” X11 Elmi X1kı əmək fəaliyyətinin 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövrünün araşdırılması zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 6 iyul 2021-ci il tarixli arayışına və Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Elm və X6 5 avqust 2021-ci il tarixli arayışına əsasən qeyd olunan müəssisənin arxiv sənədlərinin mühafizə olunması üçün təhvil verilmədiyi müəyyən edilmişdir. X7 və Araşdırma şöbəsinin "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi M.N.Babayevanın iştirakı ilə tərtib etdiyi 17 iyul 2021-ci il tarixli aktına əsasən İddiaçı əmək kitabçasında qeyd olunan 26 avqust 1983-cü il tarixdən 17 may 2021-ci il illərin əmək stajının qarşılıqlı araşdırılması zamanı müəyyən edilmişdir ki, “Azərelektromaş” EİB-nin sənədləri arxivində saxlanılmır. Bu səbəbdən həmin dövrün sığorta stajını araşdırmaq mümkün olmamışdır. Halbuki, «Əmək pensiyaları haqqında» Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin araışları arasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunvericilik 1 yanvar 2006-cı il tarixədək olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. İddiaçının isə, əmək kitabçasına əsasən cavabdeh tərəfindən mübahisələndirən stajı nə Dövlət Arxivinin arayışı ilə, nə də iş üzrə digər sübutlarla təsdiqini tapır. İddiaçı tərəfindən təqdim edilmiş 1994 – 1998-ci illərə dair əmək haqqının məbləği barədə arayışla bağlı bildirilir ki, müəssisənin arxiv sənədləri olmadan əməkhaqqı barədə həmin arayışın hansı sənədlərə əsasən tərtib edildiyi məlum olmadığından mötəbər hesab edilməmişdir. Yuxarıda qeyd olunan səbəblərdən həmin dövr (1992 – 2006-cı illər) iddiaçının sığorta stajına daxil edilməmişdir. Həmçinin 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, iddiaçıya «Əmək pensiyaları haqqında» Qanunun 22-1-ci maddəsinin tələbləri qaydasında avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyin edilməsi mümkün olmamışdır. Vətəndaşın ümumiyyətlə pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, məcburi dövlət sığorta haqları ödənilmədiyindən «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2., 21.1-ci maddələrinin tələblərinə əsasən əmək kitabçasında qeyd olunmuş 1 yanvar 2006cı il tarixdən 17 may 2021-ci il tarixədək olan dövrün də sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə, sadalanan səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4506/2022 saylı 18 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı onun 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək “Azərelektromaş” X11 X4 İnstiutunda işlədiyi dövr sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, qərar əsassız olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “onun 1 yanvar 1992-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək “Azərelektromaş” X11 X4 İnstiutunda işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun sığorta stajının 25 ildən az olması, yəni 16 il 3 ay olması, həmçinin pensiya kapitalının tələb olunan məbləğdən az olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajının olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçı xx.xx.1959-cu ildə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 62 yaşdan pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış və 17 may 2021-ci il tarixədək müxtəlif işlərdə çalışmışdır. İddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək “Azərelektromaş” EİB-nin X13 İnstitutundakı işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir halın olmadığı halda 1992- 2006-ci illər üzrə olan dövrü qəbul etmir, yeganə dəlil olaraq həmin dövrdə işlədiyi müəssisənin arxiv sənədlərinin Arxivə təhvil verilmədiyini göstərir. Beləliklə, hazırda cavabdeh inzibati orqan iddiaçının onun işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi səbəbindən xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərdə sosial sığorta stajının araşdırılmasının mümkün olmaması, bu səbəbdən onun ümumi iş stajının 25 ildən az olması və buna görə də pensiya hüququnun yaranmaması qənaətindədir. Apelliyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaçı ilə eyni müəssisədə və eyni dövrdə işləmiş şəxlərin pensiya işləri tələb olunmuşdur. Bununla bağlı cavabdeh inzibati orqan tərəfindən adı çəkilən müəssisədə işləmiş xəslərdən bəzilərinin pensiya işləri məhkəməyə təqdim olunmuşdur. Qeyd olunan məsələ ilə bağlı təqdim olunmuş pensiya işləri və pensiya işlərinin məxsus olduğu şəxslərə aid əmək kitabçalarındakı məlumatlardan müəyyən olundu ki, məsələn: X16 xx.xx.2011-ci il tarixdə pensiya təyin edilərkən onun “Azərelektromaş” EİBnin X13 İnstitutunda işlədiyi xx.xx.1971-xx.xx.1971,xx.xx.1972-xx.xx.1987, xx.xx.1988xx.xx.2000-ci illər, X9 pensiya təyin olunarkən onun adı çəkilən müəssisədə işlədiyi xx.xx.1978-xx.xx.1980-ci, xx.xx.1982-xx.xx.1998-ci illər, X10 pensiya təyin olunarkən onun həmin müəssisədə işlədiyi xx.xx.1980-xx.xx.2000-ci illər, X8 xx.xx.2021-ci ildə pensiya təyin edilərkən onun müəssisədə işlədiyi xx.xx.1986-xx.xx.2006-cı illər və X3 pensiyası yenidən hesablanarkən onun adı çəkilən müəssisədə işlədiyi xx.xx.1965-xx.xx.2000-ci illər iş stajına daxil edilmişdir. Beləliklə, iş üzrə iddiaçının əmək kitabçasının, həmçinin onunla eyni müəssisədə və eyni dövrdə işləyən digər işçilərə məxsus əmək kitabçalarının, həmin şəxslərin pensiya işlərinin məzmunundan aydın olur ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müəssisə mövcud olmuşdur. Buna görə də iddiaçının 1992-2006-cı illər üzrə iş stajını sübut edən əsas sənəd- əmək kitabçası təqdim olunan digər sənədlərlə birlikdə qiymətləndirilərək, həmin dövrdə iş yeri olan müəssisənin fəaliyyət göstərməsi, iddiaçının da həmin müəssisədə işləməsi faktı təsdiq olunduğu üçün həmin dövr (1992- 2006) ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Cavabdehin istinad etdiyi hal- iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin Arxivə təhvil verilməməsi barədə gətirdiyi dəlillə bağlı isə qeyd olunmalıdır ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilmə vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Odur ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddət onun stajına daxil edilməlidir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixə ümumilikdə 25 ildən artıq iş stajı vardır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərtinin ödənildiyi anlamına gəlir və buna görə də qanunun digər şərtinin- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Odur ki, apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin olunması ilə bağlı düzgün nəticəyə gəlsə də, qərarının nəticəvi hissəsində iddiaçıya yaşa görə əmək pensiyasının məhz hansı yaşdan və tarixdən təyin olunmasını dəqiq olaraq göstərməmişdir. Lakin bu pozuntu kobud prosessual pozuntu hesab olunmadığı üçün qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və ya dəyişdirilməsi üçün də əsas yaratmır. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4506/2022 saylı 18 aprel 2022-ci il tarixli qərarı “iddiaçıya yaşa görə pensiyanın onun 62 yaşının tamam olduğu, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4506/2022 saylı 18 aprel 2022-ci il tarixli qərarı “iddiaçıya yaşa görə pensiyanın onun 62 yaşının tamam olduğu, yəni xx.xx.2021-ci il tarixdən təyin edilməsi” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-2737/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2737/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver