Məhkəmə qərarları › İş №2-1(103)-2737/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2737/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2737/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4, 3-cü şəxs X6 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2324/2024 saylı, 06 mart 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-29488D KOD 00306016 nömrəli 25216 nömrə ilə kitabda qeydə alınmış şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri 09 saylı Dövlət Notariat Kontorunun 22 mart 2006-cı il tarixli 4-Ə-1/190 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0.12 ha ölçüsü olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4/35 saylı sahədə yerləşən ölçüsü 0.12 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********29 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-5661/2023 **********61 nömrəli məktubla elektron kadastr məlumatlarına əsasən keçmiş X13 Komitəsi tərəfindən verilən JN-24449D saylı şəhadətnamənin yerləşməsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluğun mövcud olması, həmin sahənin faktiki göstərilən sahədən 30-35 metr aralı məsafədə yerləşməsi, faktiki göstərilən sahənin daxilində digər fiziki şəxslərə məxsus özəl sahələrin mövcud olması, bu səbəbdən plan-ölçünün tərtib edilməsinin mümkün olmadığı C.Ə. Nuriyevə bildirilmişdir.

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi; Yeni qaydalarla ünvan 2 ünvanında yerləşən ölçüsü 0.02 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X14 adına ********** qeydiyyat nömrəsi, **********84 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir.

5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi; Yeni qaydalarla Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 36-cı Şüvəlan küçəsi 101 ünvanında yerləşən ölçüsü 0.10 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına ********** qeydiyyat nömrəsi, **********90 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi; Yeni qaydalarla AZ 1150, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 36-cı Şüvəlan küçəsi 101 ünvanında yerləşən ölçüsü 0.10 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına ********** qeydiyyat nömrəsi, **********84 reyestr nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4/35 saylı 0.12 ha torpaq sahəsinə dair “torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi ev tikintisi üçün 22 mart 2006-cı il tarixdə 9 saylı Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4/35 saylı 0,12 ha torpaq sahəsini almışdır. Buna dair, ona həmin vaxt müvafiq icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası DTXKsi (Torpaq Komitəsi) tərəfindən JN-29488D, KOD 00306016 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Sahəni əldə edən zaman ona naturada təhvil verilmiş və mütəxəssislər yerində nəzarət qaydasında ölçmə işləri aparmaqla adına yenidən texniki sənədlər işlənilməklə şəhadətnamə verilmişdir. Torpaq sahəsi həmin tarixdən fasiləsiz onun istifadəsindədir. Qeyd olunan şəhadətnamə mülkiyyət sənədi olmaqla onun əsasında xx.xx.2023-cü il tarixdə çıxarış almışdır. Lakin, torpaq sahəsinin yerləşməsini müəyyən edən sənəd olan “torpaq sahəsinin plan-ölçüsünü” almaq istədikdə cavabdeh haqsız olaraq bundan imtina etmişdir. Onu da qeyd edir ki, həmin dövrdə onun sahəsinə yanaşı sahələri alan şəxslərə belə sənədlər verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda yanlış olaraq şəhadətnamənin nömrəsini JN24449D göstərməklə qeyd etmişdir ki, ona məxsus sahə şəhadətnamədə göstərilən yerdən aralı sahədə yerləşmiş və guya başqa şəxslərin yeri onun faktiki olan yerinin üstünə düşür. Müəyyən sorğu-araşdırma apardıqdan sonra o, bir daha cavabdehə müraciət etmiş və o, xx.xx.2023-cü il tarixli məktubu ilə xx.xx.2023 tarixli məktubuna istinad edərək eyni əsaslarla bir daha müraciətinə imtina etmişdir. Hesab edir ki, cavabdehin hərkəti qanunsuz və əsassızdır. Cavabdeh qurum öz sənədlərində texniki uyğunsuzluğu aradan qaldırılmalı və onun mülkiyyət hüququnu pozmamalıdır. Ona məlum olmuşdur ki, 2006-cı ildə işlənilən koordinat-ölçü işləri bir qaydada aparılırdı, daha sonra başqa, daha mükəmməl koordinatölçmə sistemi əsasında aparılıb (əvvəl sovetlərdən qalmış “Pulkovol1942, sonra isə WGS- 84 sistemi işlənməyə başlayıb). Cavabdeh öz məlumat bazasında uyğunlaşdırma işini aparmalı və mülkiyyətçini bu cür cavablarla çıxılmaz vəziyyətə salmamalıdır.

9. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş və **********61 saylı, xx.xx.2023-cü il tarixli məktubla ona cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən keçmiş X13 Komitəsi tərəfindən verilən JN-24449D saylı şəhadətnamənin yerləşməsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, şəhadətnamənin yerləşməsi faktiki göstərilən sahədən 30-35 metr aralı məsafədə yerləşir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 1480 kv.m təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 1200 kv.m hissəsi X7 və X14 adına qeydiyyatdan keçmiş sahələrlə üst-üstə düşür. Ona görə də iddia tələbinin təmin edilməməsi xahiş olunur.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2324/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4/35 saylı sahədə yerləşən ölçüsü 0.12 ha olan torpaq sahəsinə dair “Torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2324/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2324/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən keçmiş X13 Komitəsi tərəfindən verilən JN-29488D saylı şəhadətnamənin yerləşməsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, şəhadətnamənin yerləşməsi faktiki göstərilən sahədən 30-35 metr aralı məsafədə yerləşir. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 1480 kv.m təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 1000 kv.m hissəsi **********90 reyestr nömrəsi ilə X7 və 200 kv.m hissəsi isə **********63 reyestr nömrəsi ilə X14 adına qeydiyyatdan keçmiş sahələrlə üst-üstə düşür. Həmçinin JN-29488D saylı şəhadətnamənin baza məlumatı olan sahə də **********44 və **********42 reyestr nömrələri ilə X5, **********14-10301 reyestr nömrəsi ilə X2, **********51-10301 reyestr nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahələrlə üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş və bununla bağlı araşdırma aparılmamışdır.

Apellyasiya şikayətinə etirazın dəlilləri

13. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir.

14. 3-cü şəxslər apellyasiya şikayəti ilə bağlı yazılı münasibət təqdim etməmişlər.

Tərəflərin izahatları

15. Məhkəmə kollegiyasının iclasında cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Əraz İdarəsinin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər.

17. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs X6 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, 3-cü şəxs X17 məhkəmə iclasında iştirak etməmiş, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxs X14 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

20. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu

25. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

26. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. Daşınmaz əmlak barəsindən notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu 27.Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 28.Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 29.Maddə 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 30.Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 31.Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 32.Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 33.Maddə 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 34.Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 35.Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 36.Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 37.Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 38.Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

39. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 40.Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

41. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

42. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

43. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

44. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

45. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

46. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

47. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

48. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

49. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

50. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlid

51. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

52. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.59. mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq; 53.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1138/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı.

Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

54. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

55. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya Məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları işə düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması tələb olunmur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

58. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 59.İnzibati iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, iddiaçı mübahisəli torpaq sahəsini Bakı şəhəri 09 saylı Dövlət Notariat Kontorunda 22 mart 2006-cı il tarixdə bağlanmaqla təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-29488D KOD 00306016 nömrəli şəhadətnamə vermişdir. Sonradan iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış verilmişdir. Lakin, iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilsə də, “torpaq sahəsinin plan-ölçüsü” sənədinin verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi ona istinad edilmişdir ki, keçmiş X13 Komitəsi tərəfindən verilən JN-24449D saylı şəhadətnamənin yerləşməsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq mövcuddur. Belə ki, faktiki göstərilən sahədən 30-35 metr aralı məsafədə yerləşir. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki sahəsi 1480 kv.m təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 1200 kv.m hissəsi X6 (X12 öz torpağını X1.) və X14 adına qeydiyyatdan keçmiş sahələrlə üst-üstə düşür. 60.Göründüyü kimi inzibati işin mübahisələndirilməyən və işdəki mötəbər sübutlarla təsdiqlənən hallarına görə iddiaçıya məxsus və onun qonşuluğunda yerləşən torpaq sahələrinə dair hər birinin adına artıq cavabdeh inzibati orqan tərəfindən ayrıca çıxarışlar tərtib edilmişdir. İddiaçının adına elə cavabdehin özü tərəfindən verilmiş (keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi) “Torpağın mülkiyyətə verilməsinə dair” JN – 29488D KOD-00306016 nömrəli şəhadətnaməyə əsasən, şəhadətnamə tərtib edilərkən iddiaçıya məxsus torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü göstərilmiş, torpaq sahəsinin yerləşdiyi yerin sxemi tərtib edilmişdir. Həmçinin cavabdeh tərəfindən torpaq sahəsinin faktiki ölçüsünün 1480 kv.m olmasına istinad edilsə də, iddiaçının həmin əlavə torpaq sahəsi ilə bağlı hər hansı bir iddiası yoxdur. İddiaçının tələbi elə özünün xüsusi mülkiyyətində olan 0.12 ha hissəyə dair plan-ölçü sənədinin verilməsi ilə bağlıdır. Əlavə olaraq elektron kadastr baza məlumatlarına əsasən həmin torpaq sahəsinin X6 və X14 adına qeydiyyatdan keçmiş sahələrlə üst-üstə düşməsi iddiaçının hüquqlarını məhdudlaşdıran hal-kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh iddiaçıya və 3-cü şəxslərə məxsus torpaq sahələrini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldığı təqdirdə və iddiaçının mülkiyyətində olan torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü edilmədiyi, eləcə də, torpaq sahəsi ilə bağlı hazırda həmin şəxslərlə iddiaçı arasında hər hansı bir məhkəmə mübahisəsi mövcud olmadığı təqdirdə, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra yol verdiyi yanlışlığı aşkar etməli və aradan qaldırmalı olduğu halda, əksinə, iddiaçının müraciətinin icrasından imtina etmiş, situasiyanı araşdırmamış, özünün yaratdığı ziddiyyətli vəziyyəti həll etməmiş, son nəticədə isə həm iddiaçının, həm də 3-cü şəxslərin mülkiyyət hüququnu pozan vəziyyət yaranmışdır. Halbuki, mülkiyyətçiyə çıxarış, o cümlədən sözügedən torpaq sahəsinə şəhadətnamə eyni qurum, yəni cavabdehin özü tərəfindən verilmişdir. Ziddiyyətli vəziyyəti yaradan da, elə cavabdeh qurumun özüdür. 61.Kollegiya qeyd edir ki, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Ona görə də cavabdeh öz vəzifəsini icra etməkdən, yəni iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Belə ki, cavabdeh yaratdığı uyğunsuzluğu özü aradan qaldırmalı, onun hərəkətləri dövlət tərəfindən tanınan və qorunmasına təminat verilən mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün isə əsas ola bilməz. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.

62. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,

qərara aldı

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2324/2024 saylı, 06 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 01 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar