Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2737/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Fərdi Elmi-İstehsalat müəssisəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, X15 və X10) “X23 Auksion Mərkəzinin xx.xx.2017-ci il tarixli, 26/01 nömrəli protokolu, keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-1526/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Fərdi Elmi-İstehsalat müəssisəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə "xxxx" Fərdi Elm-İstehsalat Müəssisəsinə ayrılmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmiyə dair X5, həmin yarımzirzəminin 40.90 kv.m hissəsi X11 dair hərracın nəticələrinin qanunsuz hesab edilərək texniki pasport və çıxarışların ləğv edilməsi” tələbi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, X15 və X10 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmənin qərardadı ilə iddiaçının vəkilinin ərizəsinə əsasən iddia tələbi “Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 2328 saylı sərəncamı ilə "xxxx" Fərdi Elmi-İstehsalat müəssisəsinə ayrılmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmiyə dair X5 həmin yarımzirzəminin 40.90 kv.m hissəsinə X11 dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilərək hərrac protokolunun, onun nəticəsində verilmiş hüququmüəyyəedici sənədlər, texniki pasport və qeydiyyatın (çıxarışın) ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddiaçının vəkilinin ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə "xxxx" Fərdi Elmi-İstehsalat müəssisəsinə ayrılmış 30.22 kv.m olan yarımzirzəmiyə dair hərracın nəticələri barədə X23 Auksion Mərkəzinin xx.xx.2017-ci il tarixli, 26/01 nömrəli protokolu, keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması” kimi dəyişdirilmişdir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmi sahəsinin istehsal məqsədləri üçün "xxxx" kiçik müəssisəsinə ayrılmış, sözügedən ünvanda yerləşən yarımzirzəmidə məcburi köçkünlər yerləşmişdir. Belə ki, ünvan 4 MKİS tərəfindən verilmiş xx.xx.2024 tarixli 24 saylı arayışdan görünür ki, ünvan 1 saylı binanın 3-cü girişinin yarımzirzəmisində yerləşən "xxxx" kiçik müəsissəsinin 2 otaqdan ibarət olan hissəsində Laçın rayon məcburi köçkünləri X13, X19, X6, X12 və X20, eləcə də digər 3 otaqdan ibarət olan hissədə Şuşa Rayon məcburi köçkünləri X21, X16, X17 və X1 kimi məskunlaşmışdır. ünvan 1 ünvanında yerləşən yarımzirzəminin 59.3 kv.m hissəsi X3, həmin yarımzirzəminin 40.90 kv.m hissəsi X9 adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.2-ci maddəsinə əsasən hərracın yekun protokolu əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmi sahəsinin istehsal məqsədləri üçün "xxxx" kiçik müəssisəsinə ayrılmışdır. Buna baxmayaraq, cavabdeh inzibati orqan işin faktiki hallarını obyektiv və ədalətli araşdırmadan iddiaçının etimad hüququnu pozaraq qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyestrinə dair qeydiyyat işləri aparmışdır. Və sözügedən əmlaka dair qeydiyyat hərəkətləri iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Buna görə də, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmiyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində X9 və X3 adına qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsinə dair cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz və əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 6 ünvanında olan ümumi sahəsi 59,3 kv.m təşkil edən qeyri-yaşayış sahəsi müəssisənin alqı-satqısına dair xx.xx.2017-ci il tarixli müqavilə üzrə X23 Auksion Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixli, 26/01 №-li protokola əsasən X4 adına **********84-05101-083005 reyestr nömrəsi ilə qeydiyyata alınmış, daha sonra xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ilə vərəsəsi X3 adına özgəninkiləşdirilmişdir. Eləcə də, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 6 ünvanında olan ümumi sahəsi 40,9 kv.m təşkil edən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilə əsasında X7 adına **********84- 05101-083005 reyestr nömrəsi ilə qeydiyyata alınmış, daha sonra R.M.Quliyeva ilə X15 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən sonuncunun adına özgəninkiləşdirilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 13-cü bəndinə əsasən əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Üçüncü şəxs X3 iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu il tarixli “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 111 №-li icarə müqaviləsindən görünür ki, ƏMDK sədrinin xx.xx.2009-cu il tarixli, 28 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 6 (registr №***- *******2-010) ünvanında yerləşən, ümumi sahəsi 59.8 kv.m təşkil edən Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Nizami rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə mərhum əri X4 icarəsinə verilmişdir. Sözügedən müqavilə növbəti illər üçün uzadılmışdır. Hazırkı etiraz mülahizələrinə əlavə edilən ƏMDK-nin X33 Olmalar və X2 müdiri Ənnağı Cənnətov tərəfindən mərhum əri S.M.Vahabova ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubdan görünür ki, 111 №-li xx.xx.2009-cu il tarixli icarə müqaviləsinə əsasən onun icarəsinə verilmiş yuxarıda sözügedən qeyri-yaşayış sahəsinin icarə haqqının aylıq məbləği xx.xx.2014-cü il tarixdən yeni tariflərlə hesablanmışdır. Hazırkı etiraz mülahizələrinə əlavə edilən ƏMDK-nin sədr müavini Rafiq Cəlilov tərəfindən mərhum əri S.F.Vahabova ünvanlanmış xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, yuxarıda sözügedən ünvanda yerləşən S.M.Vahabovun icarəsində olan qeyri-yaşayış sahəsinin satın alınması S.M.Vahabova təklif olunmuşdur. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “X23 Auksion Mərkəzi”nin 25 iyul 2017-ci il tarixli, 26/01 saylı hərrac protokolundan, eləcə də bank qəbzlərindən görünür ki, yuxarıda sözügedən qeyri-yaşayış sahəsi mərhum əri S.M.Vahabova satılmış və həmin sahənin dəyəri onun tərəfindən tam olaraq ödənilmişdir. Özbəkistan küçəsi 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları S.M.Vahabovun adına dövlət reyestrinə daxil edilməklə yanaşı, onun adına ‘‘Texniki pasport” da tərtib olunmuşdur. Əri S.M.Vahabov vəfat etdiyindən onun adına mülkiyyət hüququ ilə qeydə alınmış yuxarıda sözügedən qeyri-yaşayış sahəsi vərəsəlik qaydasında üçüncü şəxsin adına keçmiş və həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ tərəfindən DƏDR-nə daxil edilmişdir. Özbəkistan küçəsi 6 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi 07 avqust 2009-cu il tarixdən həmin sahə 25 iyul 2017-ci il tarixli hərracın nəticələrinə əsasən əri S.F.Vahabovun mülkiyyətinə verilənədək icarə əsasında əməli və faktiki istifadəsində və sahibliyində olmuş, qeyri-yaşayış sahəsi S.F.Vahabovun mülkiyyətinə verildikdən sonra isə vərəsəlik qaydasında onun mülkiyyətinə keçdikdən sonra üçüncü şəxsin xüsusi mülkiyyətində olmaqla istifadəsində və faktiki sahibliyində olmuşdur. Hesab edir ki, hazırkı iş üzrə iddiaçı uzun illərdən sonra subyektiv və formal mülahizələrə əsaslanmaqla hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Onun iddia tələbi qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-1526/2025 saylı qərardadı ilə (hakim L.Musayeva) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-1526/2025 saylı qərardadının ləğv edilərək iddianın mümkün sayılıb mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmi sahəsi istehsal məqsədləri üçün "xxxx" kiçik müəssisəsinə ayrılmış, daha sonra isə sözügedən ünvanda yerləşən yarımzirzəmidə məcburi köçkünlər yerləşmişdir. ünvan 1 ünvanında yerləşən yarımzirzəminin 59.3 kv.m hissəsi X3, həmin yarımzirzəminin 40.90 kv.m hissəsi X9 adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.2-ci maddəsinə əsasən hərracın yekun protokolu əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bundan fərqli olaraq, torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr icraatlarında olan işlərə baxarkən inzibati aktın və onunla əlaqəli olan müqavilənin birlikdə və ya ayrılıqda mübahisələndirilməsi məsələsini irəli sürülən dəlilləri nəzərə almaqla tərəflərlə müzakirə etməli və prosessual qənaətə nail olmaq üçün müvafiq hüquqi yardım göstərməlidirlər. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmi sahəsinin istehsal məqsədləri üçün "xxxx" kiçik müəssisəsinə ayrılmışdır. Buna baxmayaraq, cavabdeh inzibati orqan işin faktiki hallarını obyektiv və ədalətli araşdırmadan iddiaçının etimad hüququnu pozaraq qanunsuz olaraq daşınmaz əmlakın dövtət reyestrinə dair qeydiyyat işləri aparmışdır və sözügedən əmlaka dair qeydiyyat hərəkətləri iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Buna görə də həmin yarımzirzəmiyə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində X11 və X3 adına qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsinə dair cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz və əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər nümayəndələrinn məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İşin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə "xxxx" Fərdi Elmi-İstehsalat müəssisəsinə ayrılmış 130.22 kv.m olan yarımzirzəmiyə dair hərracın nəticələri barədə X23 Auksion Mərkəzinin xx.xx.2017-ci il tarixli, 26/01 nömrəli protokolunun, keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması barədə iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ona ayrılmış yarımzirzəmiyə dair hərracın nəticələri barədə X23 Auksion Mərkəzinin protokolunun, keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bu da məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Belə ki, qanunvericiliyin tələbindən də görünür ki, dövlətin balansına keçmiş yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələrinə dair dövlət əmlakının idarəedicisi ilə icarə müqaviləsinin bağlanması tələb olunur. İddiaçı isə belə bir icarə müqaviləsi bağlamamışdır. Odur ki, qeyd olunan qeyriyaşayış sahəsinin ona məxsus olmasını təsdiq edən sübutlar aşkar edilmədi. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, məhkəməyə müraciət etmək üçün iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Hərracın nəticələri barədə X23 Auksion Mərkəzinin protokolu hərracın təşkili nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı sənəd olaraq inzibati akt hesab olunmadığından məhkəmə tərəfindən iddia mümkün sayıla bilməz. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlili Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmi sahəsinin istehsal məqsədləri üçün "xxxx" kiçik müəssisəsinə ayrılmasına baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən işin faktiki hallarını obyektiv və ədalətli araşdırılmaması ilə bağlıdır. Məhkəmə kollegiyası ümumilikdə apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçüb əsas deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikasının Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən:
1. Bu Əsasnamə «Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında» 1998-ci il 20 iyun tarixli 732 nömrəli Fərmana, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmış və Azərbaycan Respublikasında dövlət əmlakının registrinə daxil olan məlumatların tərkibini, strukturunu və aparılması qaydalarını müəyyən edir.
2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.
3. Azərbaycan Respublikasında dövlət əmlakının Registri respublikanın informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir.
7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır.
8. Azərbaycan Respublikasında daşınmaz dövlət əmlakının Registri Dövlət Xidməti tərəfindən dövlət əmlakının mərkəzi registri və yerli registrləri əsasında tərtib edilir.
15. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir: əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə).
18. Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər.
19. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmış daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişikliyin qeydə alınması üçün müvafiq əmlak sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər müəyyən edilmiş qaydada zəruri tədbirlər görməli və müvafiq registrləri aparan Dövlət Xidməti və onun yerli bölmələrinə 5 gün müddətində həmin dəyişikliyin qeydə alınması məqsədi ilə sənədlər təqdim etməlidirlər. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 6 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanının 1-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmiş, bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsi hesab olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”na əsasən:
4. Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: ... 4.2. qeyri-dövlət hüquqi şəxsləri və ya fiziki şəxslər tərəfindən icarəyə götürülmüş (bundan sonra - icarəçi) qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə ərizələr Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Dövlət Xidməti) təqdim edilir. Ərizəyə icarə müqaviləsinin surəti və aşağıdakı sənədlər əlavə olunur: a) hüquqi şəxslər üçün: hüquqi şəxsin nizamnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti; hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti; qeyri-yaşayış sahəsinin texniki pasportu; b) fiziki şəxslər üçün: şəxsiyyəti təsdiq edən sənəd; qeyriyaşayış sahəsinin texniki pasportu. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi daxil olmuş müraciətə əsasən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi haqqında iki həftə ərzində müvafiq qərar qəbul edir. 4.2.1. İcarəçi tərəfindən icarəyə götürülmüş qeyriyaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Dövlət Xidməti arasında alqı-satqı müqaviləsi bağlanılır. 4.2.2. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Dövlət Xidməti tərəfindən "Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları"na müvafiq olaraq özəlləşdirilir. 6. Qeyri-yaşayış sahələrinin alıcısı qismində "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət əmlakının alıcıları çıxış edə bilərlər. 7. Qeyri-yaşayış sahələrinin qiymətləndirilməsi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həyata keçirilir. Göründüyü kimi, iddiaçıya Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 2328 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan, 6 ünvanında yerləşən ümumi sahəsi 130.22 kv.m olan yarımzirzəmi istehsal məqsədləri üçün ayrılmışdır. Həmin sərəncamdan görünür ki, Rayon Mənzil-İstismar İdarəsinin üzərinə iddiaçı ilə icarə müqaviləsi bağlanılması öhdəliyi qoyulmuşdur. Hazırkı halda iddiaçı tərəfindən belə bir icarə müqaviləsinin bağlanması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Göründüyü kimi, sərəncam icra edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan yarımzirzəmiyə mülkiyyət hüququnu təsdiq edən və ya mülkiyyət hüququnun yaranmasına əsas olan hər hansı mötəbər sübut təqdim edilmədiyi üçün iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddia təmin olunacağı təqdirdə iddiaçının hansı hüquqi marağının təmin olunacağını, əks təqdirdə hansı hüquqlarının pozulmasını müəyyən etmək mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə sərgilədiyi mövqe ilə razılaşaraq həmçinin qeyd edir ki, hərracın nəticələri barədə X23 Auksion Mərkəzinin protokolu hərracın təşkili nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı sənəd olaraq inzibati akt hesab edilmir. Bu səbəbdən hərrac protokolunun mübahisələndirilməsinin inzibati mühakimə icraatı qaydasında həyata keçirilməsi mümkün deyildir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına xx.xx.2024-cü il tarixli əlavə və dəyişikliyə əsasən: 6.3. Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülki-hüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki-hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır. Nəzərə alınmalıdır ki, əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01 may 2025-ci il tarixli, 2-1(112)-1526/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov