Məhkəmə qərarları › İş №2-1(103)-2738/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2738/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2738/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1142/2022 saylı 18 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X4 çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən işaxtaran kimi qeydiyyatdadır. İddiaçı ona “COVİD -19 pandemiyası ilə əlaqədar 190 manat birdəfəlik ödəmənin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 3 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********0 saylı 14 aprel 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sisteminə uyğun olaraq aztəminatlı sayılmadığına görə birdəfəlik ödəmənin verilməsindən imtina olunmuş və bu barədə mobil nömrəsinə SMS bildiriş göndərilmişdir. Eyni zamanda, sosial rifahın təmin edilməsi, dayanıqlı və aktiv məşğulluq fəaliyyəti ilə məşğul olmadığı məqsədilə “e-sosial.az” internet portalı vasitəsilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində mövcud olan vakansiyaları mütəmadi izləmək tövsiyə olunmuşdur. İddiaçıya ünvanlanmış “sms”-dən görünür ki, onun aztəminatlı sayılmaması səbəbindən tələbinin təmin olunmasından imtina edilmişdir. Həmin imtinadan narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək “COVİD-19 pandemiyası ilə əlaqədar təyin edilən aylıq 190 manat ödəmənin verilməsinin müəyyən edilmiş aprel, may, iyun, iyul, avqust və dekabr ayları üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona cavabdeh inzibati orqan tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar 190 manat məbləğində müavinət ödənilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1142/2022 saylı 18 aprel 2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı Dmitriyeçə xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin aprel, may, iyun, avqust və dekabr ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin maddi normaları pozmaqla qəbul etdiyi qərar əsassız və qanunsuz olduğundan ləğv edilərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Belə ki, Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq, “Koronavirus (COVİD- 19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər PlanTnın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X5 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı (bundan sonra -Qərar) ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilmişdir. Həmin qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Qeyd olunmalıdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqramı başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi, bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Təsadüfi deyildir ki, Qərarın 1.2-ci bəndində açıq şəkildə göstərilmişdir ki, birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Müasir dövrdə ilk dəfə baş vermiş qlobal pandemiyanın ilkin dövrlərində (2020-ci ilin aprel-may ayları) digər sahələrdə olduğu kimi əhalinin məşğulluğunun yeni çağırışlara uyğun tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliklər yaransa da, hazırki məhkəmə işinə baxıldığı dövrdə, habelə iddia ərizəsi ilə məhkəməyə müraciət ünvanladığı zaman X3 tərəfindən işsiz şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi üçün xeyli məhdudiyyətlər aradan qalxmışdır. Hamıya məlumdur ki, koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlər yalnız 190 manat birdəfəlik ödəmə ilə sonlanmamış, işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin edilməsi məqsədilə 50 min haqqı ödənilən ictimai iş yeri (əmək haqqı 250 manat) yaradılmışdır. Digər tərəfdən 2020ci il ərzində 10.000 nəfərdən artıq işsiz şəxsin özünüməşğulluğuna kömək məqsədilə bütün zəruri addımlar atılmışdır. Bir məsələ də vurğulanmalıdır ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq" altsistemində (bundan sonra - MAS) Vakansiya Bankı formalaşmış və həmin bankda 10 minlələrlə vakant vəzifələr vardır. İşsiz şəxs “e-sosial.az” internet portalındakı şəxsi kabinetinə daxil olaraq MAS-da mövcud olan vakansiyaları mütəmadi izləmək, həmin vəzifələrə göndərişlərin formalaşdırılması imkanlarına malikdir. Nəzərə alınmalıdır ki, yuxarıda sözügedən birdəfəlik ödəmə həyata keçirilməmiş şəxs MAS-da işsiz kimi qeydiyyatda saxlanılır və bu şəxsin istəyi və müraciəti olduğu halda onun məşğulluğunun təmin olunması məsələsinə Qanuna müvafiq olaraq baxılır. Məhkəmə işi hərtərəfli, tam vəobyektiv araşdırmamış, işin həlli üçün zəruri olan hallar müəyyən etmədən qərar qəbul etmişdir. Tərəflərin izahatları: xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyi üçün məhkəmə qərarının qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Çünki iddiaçı iddia tələbinin təmin edilmədiyi hissədə məhkəmə qərarını mübahisələndirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırki işdən müəyyən olunur ki, İddiaçı Smitriyeviçin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı tələbi “190 manat birdəfəlik müavinətin 2020-ci ilin aprel, may, iyun, iyul, avqust və dekabr ayları üzrə verilməsi” ilə bağlı olmuşdur. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun “aztəminatlı sayılmadığı üçün” tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edildiyi hissədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan X4 çıxarışlardan görünür ki, İddiaçı Smitriyeviç xx.xx.2020-ci il tarixdə “işaxtaran” kimi qeydiyyata alınmışdır. “Məşğulluq haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: (-); 1.1.6. işsiz şəxs-işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtaran-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs; (-). Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli sərəncamı: 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra-pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılsın. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”: (-). 2-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir. (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”: (-). İİ. Məşğulluq və sosial rifaha dəstək sektoru üzrə işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi istiqamətində (-). 4. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi- ƏƏSMN-2020-ci ilin aprel, may ayları (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası.

1. Ümumi müddəalar 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

2. Birdəfəlik ödəmənin verilməsi şərtləri 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: [2] 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyrimaddi aktivləri və s.) olanlara. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

3. Birdəfəlik ödəmənin verilməsi qaydası 3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. 3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur. 3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir. Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır. 3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. 3.5. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. 3.6. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir. 3.7. Birdəfəlik ödəmənin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir. 3.8. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin bu Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə yeni məzmunda 2-1-ci hissə əlavə edilmişdir. 23 iyun 2020-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyun 2020-ci il, № 120, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 805) ilə 2-1-ci hissədə “Birdəfəlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik” sözləri ilə əvəz edilmişdir. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3-cü bəndin birinci abzasına “ödənişləri alan” sözlərindən sonra “, habelə bu bənddə göstərilən meyarlara cavab verən” sözləri əlavə edilmişdir. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3.10-cu yarımbəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na yeni məzmunda 2.3.11-2.3.15-ci yarımbəndlər əlavə edilmişdir. 25 aprel 2020-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 3.8-ci bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 3.8. Bu Qaydanın 2.3.9-cu və 2.3.10-cu yarımbəndlərinə uyğun olaraq, işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılır. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli 216 nömrəli qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 iyul 2020-ci il tarixli 245 nömrəli qərarı: “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 216 nömrəli Qərarının adında və 1-ci hissəsində “şəhərləri” sözü “, Mingəçevir, Şəki, Yevlax şəhərləri” sözləri ilə və “Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları” sözləri “Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 avqust 2020-ci il tarixli 283 nömrəli qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Salyan, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. Azərbaycan Respublikasının ərazisində koronaviruss (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2020-ci il tarixli 506 nömərli qərarı:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. İş materiallarından müəyyən olunur ki, iddiaçıya pandemiya ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödənişin verilməsindən aztəminatlı sayılmaması səbəbindən imtina edilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının aztəminatlı olmasını sübut edən hər hansı araşdırmanının aparılması iş materiallarında öz təsdiqini tapmır. Belə olan halda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş və sonradan müəyyən dəyişikliklər edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na görə iddiaçınıın digər aylarda da birdəfəlik yardım almaq hüququ olmuş, onun aztəminatlı olan şəxslərin kateqoriyasına aid olmasına dair işdə hər hansı sübut olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli sərəncamı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2-1-ci bəndində, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda birdəfəlik ödəmənin cari ilin aprel və may ayları üçün ödənilməsinin nəzərdə tutulması qeyd edilmişdir. Cavabdeh inzibati orqan hesab edir ki, birdəfəlik ödəmə 600 min şəxsi əhatə etmiş və ayrılmış vəsait təyinatı üzrə istifadə olunduğundan iddia əsaslı sayıla bilməz. 190 manat birdəfəlik ödəmənin yalnız 600 min şəxsə aid edilməsi, həmin ödəməni almaq hüququ olan şəxslərdən yalnız 600 mininə ödənilməli olması barədə hər hansı rəsmi sənəd mövcud olmamışdır. Cavabdeh bu imtinası ilə hamının qanun və inzibati orqan qarşısında bərabər olması və inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə “İnzibati icraat haqqında” Qanunun 12. 1 və 12.2-ci maddələrinin tələbini nəzərə almamışdır. Belə olan halda cavabdeh inzibati orqanın iddiaçıya Nazirlər Kabinetinin müvafiq Qərarları ilə nəzərdə tutulmuş 190 manat birdəfəlik ödənilməsindən imtinası əsassız olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Belə ki, cavabdeh iddiaçıların hansı sənədlər əsasında aztəminatlı olmamalarını təsdiq edən halın mövcudluğunu sübut edə bilməmişdir. Halbuki, İPM-in 14.3-cü maddəsinə əsasən bu halda sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Həmin maddəyə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırki işdə iddiaçıların tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçıların tələbinin təmin olunmasından cavabdehin imtina etməsi əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə əsaslı olduğundan, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1142/2022 saylı 18 aprel 2022-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1142/2022 saylı 18 aprel 2022-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar