Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2739/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı (xx.xx.1982-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır, faktiki olaraq yaşadığı ünvan-ünvan 3 Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövr üzrə aylıq birdəfəlik ödəmənin verilməsi” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2- 1(112)-3521/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 12.01.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 1 saylı Ərazi Məşğulluq Mərkəzinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin COVİD-19 xəstəliyinin yayılmasının qarşısının alınmasına görə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar birdəfəlik ödəmənin (190 manatın) verilməsi barədə müvafiq qərarın icrası və ona çatası pulu verməkdən imtinası barədə hərəkətlərinin əsassız hesab edilməsi, birdəfəlik ödəmənin (bir il ərzində verilmiş 190 manat ödəmələrin) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək işsiz kimi qeydiyyata alınmağını və COVİD-19 xəstəliyinin yayılmasının qarşısının alınmasına görə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar birdəfəlik ödəmənin (190 manatın) verilməsini xahiş etmişdir. Keçən müddət ərzində cavabdeh təşkilat iddiaçını işsiz kimi qeydiyyata alsa da, müxtəlif bəhanələrlə iddiaçıya verilməli olan pulun ödənilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən imtina onunla əsaslandırılır ki, İddiaçı mülkiyyətində torpaq sahəsi vardır. İddiaçı bu imtinanı tamamilə əsassız hesab edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən torpaq sahəsinin olmaması barədə arayış alıb cavabdeh orqana təqdim etmişdir. Yenə də cavabdeh məsuliyyəti öz üzərindən ataraq müxtəlif bəhanələrlə ona 190 manatı verməkdən imtina etmişdir. İddiaçı torpaq mülkiyyətçisi olmadığını və ümumiyyətlə heç bir daşınmaz əmlakı olmadığını vurğulamışdır. O, öz iddia ərizəsində pula ehtiyacı olduğunu və qışın soyuğunda, pandemiyanın tüğyan etdiyi bir zamanda cavabdehin onu ac-yalavac saxladığını qeyd etmişdir. İddiaçı aldığı imtina məktubu ilə tanış olduqda onun imzasız, blanksız və ünvanı səhv göstərilmiş formada olduğu məlum olmuşdur. Buna görə də, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə cavabdehin qanunazidd hərəkətləri (hərəkətsizliyi) barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı 2020-ci ilin fevral ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işsiz vətəndaş kimi qeydiyyatdan keçməyinə baxmayaraq, həmin vaxtdan bu günədək onu heç bir işlə təmin etməmiş və qanunla ona verilməli olan 190 manatı ödəməmişlər. Bakı İnzibati Məhkəməsinin 04.03.2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 1 saylı Ərazi Məşğulluq Mərkəzinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin aprel, may, iyul, avqust ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-3521/2021 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmiş, İddiaçı işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu 2020-ci ilin aprel, may, iyul, avqust ayları üzrə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-3521/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin "qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 19 mart 2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X3 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, hazırda birdəfəlik ödəmənin verilməsi proqram başa çatdırılaraq, icrası müddəti bitmiş və bir aydan az müddət ərzində 600 min şəxsə bu ödəmə təyin olunaraq, ödənişlər həyata keçirilmişdir. Göründüyü kimi bu sosial müdafiə tədbirinə cəlb etmə müddəti və cəlb olunan şəxslərin sayı üzrə konkret çərçivə müəyyən edilmişdir. Bu məqsədlə birdəfəlik şəkildə dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsait ayrılmış və həmin dövrdə təyinatı üzrə istifadə olunmuşdur. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işin həlli üçün zəruri olan halları müəyyən etmədən qərar qəbul etmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-3521/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı DOST Mərkəzinin 06.01.2021-ci il tarixli, № **********9 saylı arayışında bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” alt sisteminə əsasən iddiaçı 22.08.2019-cu il tarixindən işsiz kimi qeydiyyatdadır və “X4” altsisteminə əsasən onun qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialının iddiaçıya ünvanladığı 30.09.2020ci il tarixli **********7 saylı məktubuna əsasən iddiaçının “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 aprel tarixli 127 nömrəli Qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmənin təyin olunması ilə bağlı müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialında aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır və 600 min şəxs üzrə bütün ödəmələr həyata keçirilmişdir. İddiaçı müraciəti zamanı İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemindən əldə olunan məlumatlara əsasən torpaq mülkiyyətçisi olduğuna görə ona 190 manat birdəfəlik ödəmədən imtina edilmişdir. Həmçinin iddiaçıya boş (vakant) iş yerləri ilə tanış olmaq üçün ’’e-sosial” və ya ”e- gov.az” portalı vasitəsilə X6 (MAS) mövcud olan vakansiyaları mütəmadi izləmək və istədiyi iş yerinə elektron göndəriş formalaşdıra biləcəyi tövsiyə olunmuşdur. - Səbail RPİ tərəfindən 27.04.2018-ci il tarixdə verilmiş AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Səbail RPİ, A.Abbaszadə küçəsində qeydiyyatdadır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 26.02.2021-ci il tarixli № **********99 saylı cavab məktubunda bildirilir ki, İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 17.05.2021-ci il tarixli № **********30 saylı cavab məktubunda bildirilir ki, arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 19.05.2021-ci il tarixli № **********16 saylı cavab məktubunda bildirilir ki, Ərazi İdarəsində mövcud olan arxiv materiallarına əsasən İddiaçı barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən məhkəməyə təqdim etmək üçün verilmiş 06.01.2021-ci il tarixli № **********9 saylı arayışında bildirilir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” alt sisteminə əsasən 22.08.2019-cu il tarixindən işsiz kimi qeydiyyatdadır və “X4” altsisteminə əsasən onun qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 23.07.2021-ci il tarixli № ***-*******21 saylı cavab məktubunda bildirilir ki, DİN-in Baş X9 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına görə İddiaçı adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Həmçinin qeyd olunur ki, X2 məxsus “KİA RİO” markalı **- MR-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə ilə 15.09.2020-ci il tarixdən 27.05.2028-ci il tarixədək İddiaçı istifadəsinə verilməsi barədə DİN-in Baş X9 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsasən - 1.1. Koronavirus (COVİD- 19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra MEİS) “Məşğulluq” altsistemində (bundan sonra MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2-ci bəndinin müddəalarına əsasən - 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “X4” altsistemində aktiv X4 olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ona işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi ilə bağlı müraciətinə baxılmış və məsələnin həllindən iddiaçının torpaq mülkiyyətçisi oldugu əsası ilə imtina edilmişdir. Lakin işin birinci instansiya icraatı zamanı Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsinin qərara alındığı tarixdə iddiaçının mülkiyyətində daşınmaz əmlakın olduğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsassızlığı sübuta yetirildiyindən, ,birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsində düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-3521/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 avqust 2021-ci il tarixli, 2-1(112)-3521/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-2739/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2739/2021
03.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver