Məhkəmə qərarları › İş №2-1(103)-2739/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2739/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2739/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrün dövlət qulluğu stajına daxil edilərək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrün dövlət qulluğu stajına daxil edilərək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5586/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Ona xx.xx.2016-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və bu zaman 1.09.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr dövlət qulluğu stajı kimi nəzərə alınmamışdır. İddiaçı dövlət qulluqçusu kimi stajının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı xx.xx.2021ci il tarixli imtina məktubundan qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1 -ci maddəsinə əsasən isə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Qeyd olunanlar nəzərə alınaraq iddiaçının xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə X5 “ştatdan kənar məsləhətçi” vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onun xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrün dövlət qulluğu stajına daxil edilərək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1989-1999-cu illərdə ölkə uçun ağır dövrlərdə o, Z.Tağıyev adına X1 əvvəl 1-ci dərəcəli mühəndis - kimyaçı, sonra isə seçki yolu ilə X4 sədri vəzifəsində çalışmışdır. (3 dəfə seçilmiş 3 ildən bir). Həmin dövrlərdə hamı bilirdi ölkədə nə baş verirdi. Müəssisələrdə çevrilişlər edilirdi. Bu vəziyyət Z.Tağıyev adına X3 gəlib çıxmışdır. İşçilər 7 (yeddi) gün tətil etdilər. Dəfələrlə müxalifət cəbhəçilər basqınlar edirdilər və camaatı öyrədib dövlətə qarşı çıxarırdılar. 1995-ci ildə o, Bakı şəhərinin böyük rayonlarından olan Nərimanov rayonu üzrə Seçki məntəqəsinin sədri olmuşdur. Həmçinin qeyd edir ki, 2007-ci ilə kimi dövlət qulluğunda işləyən vətəndaşları imtahana göndərilmirdi, birbaşa təyin edirdilər. Həmçinin nəzərə alınmalıdır ki, o, 2003- 2004-cü illərdə qeyd olunan 1 il 3 ay ərzində dövlət qulluğunda ştatdan kənar olsa belə inzibati vəzifədə işləmiş və faktiki olaraq inzibati vəzifə funksiyalarını yerinə yetirmişdir. Odur ki, hesab edir ki, əgər o, vəzifəyə təyin edilərkən kimsə qanunvericiliyin tələbinə tam riayət etməyibsə, buna görə onun təqsirli hesab edilməsi düzgün deyil. Faktiki olaraq inzibati vəzifə üzrə dövlət qulluğu funksiyasının icra olunub-olunmamasına diqqət yetirilməlidir. İddiaçı da qeyd olunan 1 il 3 ay ərzində dövlət qulluğunda inzibati vəzifəsinin funksiyalarını tam yerinə yetirmişdir. Göründüyü kimi, onunla dövlət orqanı publik hüquq münasibətləri mövcud olmuşdur. Belə olan halda hesab edir ki, onunla dövlət orqanı arasında dövlət qulluğu sahəsində hüquq münasibətlərinin olması tanınmalı və 1 il 3 ay onun dövlət qulluğu stajına aid edilməlidir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1 il 3 ay dövlət qulluğunda işləməsi qanuni hesab edilmirdirsə, onun həmin vəzifəyə təyin edilməsi barədə əmr məlum olduğu halda 1 il ərzində ləğv oluna bilərdi. O, xx.xx.2017-ci il tarixdə pensiyaya çıxmışdır. Həmin zaman DSMF bütün halları araşdıraraq ona 1 il 3 ayıda nəzərə almaqla pensiya təyin etmişdir. Göründüyü kimi, onun 1 il 3 ay ərzində dövlət qulluğunda işləməsi DSMF-yə məlum olmuşdur. Odur ki, həmin qurum yalnız bir il ərzində yəni xx.xx.2018-ci il tarixinədək onun 1 il 3 ay ərzində dövlət qulluğu vəzifəsində işləməsinə dair əmrin ləğvini məhkəmə qaydasında qaldıra bilərdi. Lakin Dövlət Sosial Müdafiə Fondu qanunun tələblərini pozaraq təxminən 5 ildən sonra özbaşına və qanunsuz onun pensiyanıı azaltmışdır. xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Elm və Texnika komitəsində inzibati vəzifədə çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 623 nömrəli Fərmanına əsasən ləğv edilən Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsinin Patent Lisenziyalaşdırma İdarəsinin bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. 2002-2017-ci illər ərzində isə iş fəaliyyətimi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində davam etdirmişdir. Əvvəl inzibati vəzifədə işləmişdir. Sonra isə 21 iyul 2000-ci il tarixli 926-İQ nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunduğuna görə orta texniki təhsilə malik olduğu üçün xx.xx.2003-xx.xx.2005-ci ilə qədər olan dövrdə ştatdankənar inzibati vəzifəyə keçirilmişdır, (1 il 3 ay). Daha sonra xx.xx.2005-ci ildən xx.xx.2017-ci ilə qədər yəni pensiyaya çıxanadək yardımçı vəzifədə çalışmışdır. xx.xx.2017- 05.2021-ci il dövr ərzində pensiyalar bir neçə dəfə artırıldıqdan sonra aldığı pensiyanın məbləği 2021 -ci il may ayına kimi 521 manat 79 qəp olmuşdur. 2021-ci il may ayından sonra isə pensiya alarkən pensiyanın məbləğindən 140 manat kəsildiyini görmüşdür. Müəyyən araşdırmalardan sonra aydın olmuşdur ki, xx.xx.2003xx.xx.2005-ci ilə qədər olan dövrdə ştatdankənar inzibati vəzifə daşıdığı üçün (1 il 3 ay) staj kimi hesablanmamışdır. Bundan əlavə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı onun dövlət qulluğunda ümumi stajını 13 il 7 ay 5 gün hesablamışdır. Pensiya hesablananda isə staj kimi ancaq 13 ili götürülmüşdür. Bu da pensiyanın 70%-i edir 7 ayı stajı isə hesablanmamışdır. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021 -ci il tarixli ********** nömrəli məktubu ilə dövlət qulluğuna qəbul edilərkən and içmə məsələsi qeyd olunmaqla onun 1 il 3 ay stajı dövlət qulluğu stajı kimi nəzərə alınmamışdır. Göründüyü kimi, onun işə qəbul prosesi ilə əlaqədar işçi ilə işəgötürən münasibətlərini tənzimləyən və bir-birini tamamlayan inzibati aktlar mövcuddur. Eyni zamanda qeyd olunan 1 il 3 ay ərzində işçi ilə işəgötürən arasında işçilərin həvəsləndirilməsi, məzuniyyət və ezamiyyət məsələlərini tənzimləyən əmrlər, əməyin ödənişi ilə bağlı bir sıra tədbirlər (dövlət qulluqçusu kimi əmək haqqımdan tutulmalar, habelə sosial sığorta haqqı ilə bağlı ödənişlər və s.) barədə çoxsaylı inzibati aktlar da qəbul edilmişdir. Həmin inzibati aktların heç biri işlədiyi istər inzibati orqanın özü, istərsə də X10 və ya bundan əvvəl dövlət qulluğuna qəbulla bağlı prosedurları yerinə yetirən orqanlar, habelə digər orqanlar tərəfindən mübahisələndirilməmiş və həmin inzibati aktlar ləğv edilməmişdir. Göründüyü kimi, mübahisələndirilən 1 il 3 ay ərzində onunla işlədiyi dövlət orqanı arasında publik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu 1 sentyabr 2001-ci il tarixindən qüvvəyə minmişdir. "Dövlət qulluğu haqqında" Qanunun 9-cu maddəsinə əsasən, dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyqun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Qanunun 20.12-ci maddəsinə əsasən, bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 1 ci maddəsinə əsasən inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq dövlət qulluqçularının inzibati və yardımçı vəzifələrinin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxildir, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə müvafiq olaraq dövlət orqanlarının ştat cədvəllərinin hazırlanması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. Qeyd etmək zəruridir ki, "Dövlət qulluğu haqqında" Qanunda və “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən inzibati və yardımçı vəzifələrin siyahısında ştatdankənar məsləhətçi vəzifəsi dövlət qulluğu vəzifəsi kimi göstərilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5586/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanuni və əsaslı olmadığı, qanunvericilik aktlarının tələbləri düzgün tətbiq edilmədən və hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməlidir. Məhkəmə öz qərarında göstərir ki, "Dövlət qulluğu haqqında" Qanunda və "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu''nda göstərilən inzibati və yardımçı vəzifələrin siyahısında ştatdankənar məsləhətçi vəzifəsi dövlət qulluğu vəzifəsi kimi göstərilmədiyindən, cavabdeh tərəfindən iddiaçının xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə X5 "ştatdankənar məsləhətçi" vəzifəsində işlədiyi iş stajının onun dövlət quluğu stajına hesablanmasından imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir.” Məhkəmə faktiki olaraq onun dövlət qulluğu vəzifəsində işlədiyini və dövlət qulluğu vəzifələrini icra etdiyini nəzərə almamış, məsələyə yalnız vəzifəsinin adına diqqət yetirməklə formal baxmış, nəticədə onun hüquqlarını pozmuşdur. 21 iyul 2000-ci il tarixli 926-İQ nömrəli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunduğuna görə orta texniki təhsilə malik olduğu üçün xx.xx.2003-xx.xx.2005-ci ilə qədər olan dövrdə ştatdankənar inzibati vəzifəyə keçirilmiş (l il 3 ay), xx.xx.2005-ci ildən xx.xx.2017-ci ilə qədər yəni pensiyaya çıxanadək yardımçı vəzifədə çalışmışdır. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli ********** nömrəli məktubu ilə dövlət qulluğuna qəbul edilərkən and içmə məsələsi qeyd olunmaqla onun 1 il 3 ay stajı dövlət qulluğu stajı kimi nəzərə alınmamışdır. Halbuki 2007-ci ilə kimi dövlət qulluğunda işləyən vətəndaşları imtahana göndərilmirdilər, birbaşa vəzifəyə təyin edirdilər. Həmçinin nəzərə alınmalıdır ki, o, 2003-2004-cü illərdə qeyd olunan 1 il 3 ay ərzində dövlət qulluğunda ştatdan kənar olsa belə inzibati vəzifədə işləmiş və faktiki olaraq inzibati vəzifə funksiyalarını yerinə yetirmişdir. Faktiki olaraq inzibati vəzifə üzrə dövlət qulluğu funksiyasının icra olunub-olunmamasına diqqət yetirilməlidir. O da qeyd olunan 1 il 3 ay ərzində dövlət qulluğunda inzibati vəzifənin funksiyalarını tam yerinə yetirmişdir. Göründüyü kimi, mübahisələndirilən 1 il 3 ay ərzində onunla işlədiyi dövlət orqanı arasında publik hüquq münasibətləri mövcud olmuşdur. Belə olan halda hesab edir ki, onunla işlədiyi inzibati orqan arasında mövcud olan publik hüquq münasibətləri tanınmalıdır (müəyyən edilməlidir). Lakin Bakı İnzibati Məhkəməsi iddia ərizəsinə formal baxaraq, publik hüquq münasibətinin mövcud olmasını və faktiki dövlət qulluğunun vəzifəsinin icrasını nəzərə almadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə qərarı tamamilə qanunsuz və əsassızdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı ona dövlət qulluqçusu kimi pensiya təyin olunarkən xx.xx.2003-cu il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müddətin nəzərə alınmamasını qanunsuz hesab edərək cavabdeh orqandan həmin müddətin də onun dövlət qulluğu stajına daxil edilməklə pensiyasının yenidən hesablanmasını tələb edir. Cavabdeh isə iddiaçının xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə X5 “ştatdan kənar məsləhətçi” vəzifəsinin dövlət qulluğu stajına daxil edilə bilinməməsi əsası ilə tələbin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda iddiaçının müvafiq dövlət orqanında işlədiyi ştatdankənar məsləhətçi vəzifəsinin dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublkası Qanununun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyaçılarına təyin edilir. Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında. Hazırki işdə iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin olunmuş, lakin həmin pensiya təyin olunarkən onun xx.xx.2003-cu il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müddət dövlət qulluğunda olan qulluq stajına hesablanmamışdır. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə X5 “ştatdankənar məsləhətçi” vəzifəsində işləmişdir. Hazırda iddiaçı həmin dövrlərin də dövlət qulluğu stajına əlavə edilməklə pensiyasının yenidən hesablanmasını tələb edir. Lakin cavabdeh orqan tərəfindən onun xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə X5 “ştatdan kənar məsləhətçi” vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajı kimi qəbul edilmir. Bu məsələnin araşdırılması məqsədilə hazırki işə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən iddiaçının xx.xx.2003-xx.xx.2005-ci il tarixədək işlədiyi “ştatdan kənar məsləhətçi” vəzifəsinin inzibati və ya yardımçı vəzifələrin təsnifatına daxil olmaqla dövlət qulluğu stajı kimi nəzərə alınıb-alınmaması barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı X9 məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş X7 xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası’nın 7-ci hissəsində dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınan dövrlər müəyyən edilmişdir. Həmin hissədə nəzərdə tutulmayan fasilələr dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən dövlət qulluqçusu həmin Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının dövlət qulluqçusu statusuna malik olması onun “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutması və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən and içməsi ilə şərtləndirilmişdir. Adıçəkilən Qanunun 9-cu maddəsində müəyyən edilmişdir ki, dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Dövlət Qulluqçularının Reyestrinə daxil edilən məlumatlara əsasən iddiaçı Z X.Seyidova xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsinin Hüquqi təminat və metodologiya sektorunda ştatdankənar məsləhətçi vəzifəsində çalışmışdır. Yəni, iddiaçı dövlət orqanının normativ hüquqi aktlarla müəyyən edilmiş struktur quruluşu və ştat cədvəlinə uyğun olaraq müəyyən edilmiş vəzifəni deyil, dövlət orqanının ştat cədvəlində nəzərdə tutulmayan, başqa sözlə desək, dövlət qulluğu vəzifəsi olmayan vəzifəni tutmuşdur. İddiaçı xx.xx.2003cü il tarixdən xx.xx.2005-ci il tarixədək yuxarıda adıçəkilən dövlət orqanının ştat cədvəlində nəzərdə tutulan dövlət qulluğu vəzifəsini tutmadığı üçün qeyd edilən illərdə dövlət qulluqçusu statusuna malik olmamışdır. Bununla əlaqədar olaraq, İddiaçı xx.xx.2003-cu il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müddət dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Azərbaycan Respublikasında “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək dövlət orqanlarında mövcud olmuş vəzifələrin uyğunlaşdırılması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə aparılmışdır. Həmin “Siyahı”da ştatdankənar məsləhətçi vəzifəsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.2003cu il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxil edilmədiyi üçün həmin müddətin nəzərə alınaraq onun pensiyasının yenidən hesablanması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki vəziyyətdə iddiaçı onun istədiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyindən və bu dəlillərə qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə apellyasiya araşdırılmasına zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5586/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5586/2022 saylı 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar