Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-274/2021 04.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Yusifov Cahangir Afər oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1731/2019 saylı, 11 iyul 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1731/2019 saylı, 11 iyul 2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 27 saylı fərdi yaşayış evinin 1750 kv.m torpaq sahəsi (həyətyanı və tikinti altı) üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi qərara alınmışdır. (hakim X.İmanov). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşın-maz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 1750.0 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçı 23 iyun 2004-cü il tarixdə X9 ilə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 1750 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 25.8 kv.metr olan 27 saylı evi almış və öz adına dövlət qeydiyyatından keçirmişdir. Həmin torpaq sahəsi Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin 26.10.1997-ci il tarixli 36 saylı sərəncamı ilə X6 fərdi yaşayış evi tikmək üçün ayrılmış və bu barədə fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin müvafiq texniki pasportu verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.05.2013-cü il tarixli 2in(82)-1061/2013 saylı qərarı əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, X10ı kitabında 01.11.2013-cü il tarixdə 36279 nömrə ilə uçota alınmışdır. İddiaçı mülkiyyətində olan həmin əmlakdan maneəsiz olaraq istifadə edir və həmin əmlaka dair heç bir iddia olmamışdır. İddiaçı mülkiyyətində olan evin həyətyanı torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdehin **********90 saylı, 22.12.2017-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişi ilə ona imtina edilmişdir. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2647/2019 saylı 19 dekabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1731/2019 saylı, 11 iyul 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-703/2020 saylı 15 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2647/2019 saylı 19 dekabr 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X3 izahatında apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, idarəyə təqdim edilmiş sənədlər surətdir və sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. Bundan başqa, əlavə 164.0 kv.m torpaq sahəsi zəbt edilmişdir və torpaq sahəsində mövcud olan əlavə tikililər təqdim edilmiş texniki pasportda öz əksini tapmamışdır. Həmçinin, yaşayış evinin torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında qeyd olunan hər hansı bir sənəd təqdim edilməmiş, sözügedən torpaq sahəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən Qağayı sanatoriyasının ərazisidir. Bundan başqa müvafiq torpaq sahəsinin sərhədləri tam hasarlanmamışdır. Qeyd olunanların düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bilgəh bələdiyyəsi, Bakı şəhəri, Şabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və ekspertiza təyin edilməlidir. Odur ki, qərarın ləğv edilməsini, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, ş materiallarında olan 23 iyun 2004-cü il tarixdə X9 (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsi, 1750.0 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 25.8 kv.metr olan 27 saylı ev alıcıya satılmışdır. Baş Dövlət Texniki İnventarlaşdırma, mülkiyyət hüquqlarının qeydiyyatı və Şəhərsalma kadastrı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində yerləşən ümumi sahəsi 25.8 kv.metr olan 1 otaqdan ibarət 27 saylı ev İddiaçı adına mülkiyyət hüququ Abşeron rayon 1 saylı DNK-nin 23.06.2004-cü il tarixli, 4Ə/507 nömrəli müqaviləyə əsasən qeydə alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən torpaq sahəsinin plan və ölçüsündə 1750 kv.metr torpaq sahəsinin X10 Kitabında 01.11.2013- cü il tarixdə, 36279 nömrəsi ilə qeydə alınmış, torpaq sahəsinin kadastr göstəriciləri, döngə nöqtələrinin koordinatları, qonşu sərhədləri göstərilmiş, 1:1000 miqyasda planı çəkilmişdir. DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********90 saylı, 22.12.2017-ci il tarixli “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Bundan başqa əlavə olaraq 164.0 kv.metr torpaq sahəsi istifadə edilməkdədir və torpaq sahəsində (sərhədlər tam hasarlanmamışdır) mövcud olan əlavə tikililər təqdim edilmiş texniki pasportda öz əksini tapmamışdır. Həmçinin, bildirilmişdir ki, yaşayış evinin torpaq sahəsinə dair (elektron kadastr məlumatına əsasən Qağayı sanatoriyasının ərazisidir) "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 8-ci maddəsində qeyd edilmiş hər hansı sənəd təqdim edilməmişdir. Sonda qanunvericiliyə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim ediləcəyi təqdirdə ərizəyə yenidən baxılacağı qeyd edilmişdir. İşdən görünür ki, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi, sahəsi 1750 kv.metr olan torpaq sahəsi (tikinti altı və həyətyanı) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh orqanın imtina məktubunda aşağıdakı əsaslar qeyd edilmişdir: 1) sənədlərin surət olması; 2) torpaq sahəsinin tam hasarlanmaması; 3) əlavə 164,0 kv.m torpaq sahəsindən istifadə edilməsi; 4) mövcud olan əlavə tikililərin təqdim edilmiş texniki pasportda öz əksini tapmaması; 5) elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin Qağayı sanatoriyasına ayrılmış ərazidə yerləşdiyi və "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 8-ci maddəsində qeyd edilmiş hər hansı sənədin təqdim edilmədiyi göstərilmişdir. “İnzibati icraat haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin surət olması iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas ola bilməz. Qeyd edilən çatışmamazlıqların aradan qaldırılması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 32-ci maddəsinin tələbləri nəzərə alınmaqla inzibati orqan tərəfindən aradan qaldırıla bilərdi. Birinci instansiya məhkəməsi eyni zamanda torpaq sahəsinin tam hasarlanmaması ilə bağlı imtina bildirişindəki dəlili də əsassız saymış və hesab etmişdir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin koordinatları əks olunan plan və ölçünü ərizəsinə əlavə etdiyindən sahənin hasarının olmaması torpaq sahəsinin yerini müəyyənləşdirməyə mane ola bilməz. Hüquqmüəyyənedici sənədi olmayan əlavə 164,0 kv.m torpaq sahəsindən istifadə edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 9.1.3-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. İddiaçı cavabdehə müraciətində yalnız 1750 kv.metr torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını bəyan etdiyindən faktiki istifadəsində əlavə torpaq sahəsi olması bu hüququn qeydiyyatından imtina üçün əsas ola bilməz. İmtinaya əsas kimi göstərilmiş mövcud olan əlavə tikililərin təqdim edilmiş texniki pasportda öz əksini tapmaması ilə bağlı məhkəmə düzgün olaraq göstərmişdir ki, iddiaçı hazırda tikililərin deyil, mülkiyyətində olan həyətyanı və tikili altı torpaq sahəsinin dövlət qeydiyyatına alınmasını xahiş etdiyindən cavabdeh orqanın bu dəlili ümumiyyətlə əsassızdır. Cavabdeh elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin “Qağayı” sanatoriyasına ayrılmış ərazidə yerləşdiyini göstərsə də bu dəlillə bağlı nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı sübut təqdim etməmişdir. İşin mübahisəsiz halıdır ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyatına dair çıxarış tələb etdiyi torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərində tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi, sahəsi 1750 kv.metr torpaq sahəsi (tikinti altı və həyətyanı) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə DƏDRX-in 1 saylı Bakı ərazi idarəsinə təqdim etdiyi ərizəsinə alqı-satqı müqaviləsini, evə dair çıxarışı və texniki pasportunu, “torpaq sahəsinin planı və ölçüsü” sənədlərini əlavə etmişdir ki, həmin sənədlər də, daşınmaz əmlak üzərində hüquqların qeydə alınması üçün kifayət hesab olunur. «İnzibati icraat haqqında» Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İş materiallarına əlavə edilmiş, məhkəmə qərarlarından məlum olur ki, mübahisəli torpaq sahəsinə bitişik və qonşuluğunda yerləşən, ünvan 3 ünvanda yerləşən 1750.0 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh apellyasıya şikayətində Bakı Şəhər İcra Hakimiyyəti, Bilgəh bələdiyyəsi, Bakı şəhəri, Şabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin iş üzrə 3-cü şəxs qismində cəlb edilməli olduğunu göstərsə də, mübahisənin həmin orqanların hansı maraqlarına toxunduğunu əsaslandırmamışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015 ci il 13 yanvar tarixli Fərmanının 2.4-cü maddəsinə əsasən (2016-cı il 11 iyul tarixli, 984 № 2-1(102)-1874/17 4 nömrəli Fərmanla edilmiş dəyişikliklərlə), üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanı tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan və dövlət qeydiyyatına alınmış yaşayış evinə dair texniki inventarlaşdırma orqanı tərəfindən 1999-cu ildə tərtib edilmiş texniki pasportda mülkün 1750 kv.m torpaq sahəsində yerləşdiyi qeyd olunmuşdur. Eyni ölçü həmin torpaq sahəsinə dair 01.11.2003-cü il tarixdə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində də göstərilmişdir və iddiaçı da məhz həmin ölçüdə torpaq sahəsi üzərində hüququnun qeydə alınmasını tələb edir. Torpaq sahəsinin yuxarıda qeyd edilən sərəncamla X7 adına ayrıldığına dair cavabdehin dəlili də vəziyyəti dəyişmir. Belə ki, iddiaçı həmin torpaq sahəsində yerləşən və hal-hazırda mülkiyyətində olan evi 2004-cü ildə X12 oğlundan qanunla müəyyən edilmiş qaydada almış, həmin evə iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Beləliklə, iddiaçı evin yerləşdiyi torpaq sahəsinə hüququ evin əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə etmişdir. Odur ki, iddiaçının İPM-in 34.1-ci maddəsindən irəli gələn tələb hüququ vardır. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı ca vabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1731/2019 saylı, 11 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-274/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-274/2021
04.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver