Məhkəmə qərarları › İş №2-1(103)-274/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-274/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-274/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və qeyri-yaşayış sahəsinə hüquqlarının qeydə alınaraq çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-59/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Əzizbəyov RİH başçısının 30 oktyabr 1996- cı il tarixli 886 saylı sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 May küçəsində ona ayrılmış torpaq sahəsinə və orada inşa edilmiş qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarış və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri Əzizbəyov RİH başçısının 30 oktyabr 1996- cı il tarixli 886 saylı sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 May küçəsindəki dayanacağın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün iddiaçıya torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin sərəncamda nəzərdə tutulduğu qaydada mağaza tikmiş, daha sonra həmin əmlakın müvafiq qaydada qeydiyyatdan keçirilməsi üçün o, cavabdehə müraciət etmişdir. Cavabdehin 29 noyabr 2019-cu il tarixli məktubu ilə həmin məsələnin həllindən imtina olunmuş, formal mülahizələrlə iddiaçının xahişini icra etməmiş, qanunun tələblərini pozmuşdur. Halbuki, cavabdeh torpaq sahəsinə yerində baxmaqla, sənədləri araşdrımaqla, mütəxəssis vasitəsi ilə müəyyən edə bilərdi ki, iddiaçı qeyd edilən əmlakın mülkiyyətçisidir…» Cavabdeh iddia ərizəsinə etirzında iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: Aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, qeyri-yaşayış binasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqimüəyyənedici sənədlər təqdim edilməmiş, həmçinin həmin ünvanda yerləşən qeyri-yaşayış binasında İdarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait də yaradılmamışdır. Bu səbəbdən ərizənizin icrası mümkün olmamış, bu barədə vətəndaşa **********87 saylı 29 noyabr 2019-cu il tarixli məktub ünvanlanmışdır Bakı İnzibati Məhkəməsinin 2-1(112)-59/2023 saylı xx.xx.2023 il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir. Apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “ Məhkəmənin iddiaçıyüa ayrılmış torpaq sahəsinin ölçüsünün qeyd edilmədiyi barədə mövqeyi əsassızdır. Belə ki, xx.xx.1996-cı il tarixində Bakı şəhəri İcra Hakimiyyətinin Şəhərsalma Baş idarəsi ilə razılaşdırılmış «Pirallahı qəsəbəsi iayanacağımağazanın layihəsi» obyektin ölçüləri qeyd edilməklə tərtib edilmiş və həmin layihədə, tikintisinə icazə verilən obyektin ölçüləri qeyd edilmişdir. Məhkəmənin qeyri-yaşayış sahəsinin yolun mühafizə zolağında yerləşməsi ilə əlaqədar iradı da əsassızdır. Belə ki, «Avtomobil yolları haqqında” Qanunu»nun 15-1-ci maddəsinə gorə yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla umumi istifadədə olan avtomobil yolları ucun qorunma (mühafizə) zolaqları muəyvən edilir. İddiaçıya məxsus mübahisəli daşınmaz əmlak isə qəsəbsdaxili yolun kənarında yerləşir və həmin yol qəsəbə daxilində (yaşayış məntəqəsinin hüdudlarında) yerləşdiyinə gorə onun mühafizə zolağı muəyyən edilmir. Həmçininin iş üzrə verilmiş, xx.xx.2022-ci il tarixli, 10/3055 saylı ekspert rəyinin nəticə hissəsində tədqiq edilən obyektin «qəsəbə yolunun kənar xəttindən» yazmaqla, yolun qəsəbədaxili (yaşayış məntəqəsinin hüdudlarında) olduğu qeyd edilmişdir. Halbuki, ekspert hüquqşünas deyil, texniki məsələlərdə fikir bildirməli idi. Məhkəmənin mübahisəli əmlakı istismara qəbul edilməməsi ilə bağlı qeydləri obyektiv həqiqəti əks etdirmir. Belə ki, 13.04.20'21 -ci il tarixli ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə Əzizbəyov (Xəzər) rayon gjigiyena və epidemiologiya Mərkəzinin xx.xx.1997-ci il tarixli icazə məktubu və AR Dİ1 -nin 22 N-li hərbiləşdirilmiş yanğın hissəsinin icazə məktubu təqdim edilmişdir. Mübahisəli obyektin həm faktiki, həm də həmin dövrdə qüvvədə olan qaydalara əsasən istismarına icazə verilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsininiddddiaçının tələbinin rədd edilməsi hüquqa zidd, qanunsuz, ədalətsiz və qərəzlidir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi mübahisəli ünvanda inşa edilmiş qeyri yaşayış sahəsinin (dayanacaq- mağaza) istimara qəbulu ilə bağlı ərizə ilə Fövqaladə Hallar Nazirliyində təşkil olunmuş komisiyaya müraciət dərək müvafiq sənədləri təqdim etdiyini, lakin hələlik ərizəsinə və təqdim etdiyi sənədlərə münasibət bildirilmədiyini qeyd edərək hər bir halda, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 30 oktyabr 1996-cı il tarixli 886 saylı sərəncamına əsasən Pirallahı qəsəbəsi, 1 May küçəsində ona ayrılmış torpaq sahəsinə və orada inşa edilmiş qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarış və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə, iddianı rədd olunmasını onunla əsaslandırmışdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə görə İddiaçı ona hüquqlarının reyestrdə qeydiyyata alınması ilə bağlı tikilinin yerləşdiyi torpaq sahəsinə hüququnu təsdiq edən sənəd və razılaşdırılmış layihəsi ilə yanaşı RİH-in tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktını təqdim etməlidir. Halbuki, bu sənədlər mövcud deyil və inzibati icraat zamanı cavabdeh orqana təqdim olunmamışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu isə iddia olunan qeyri-yaşayış sahəsinə mülkiyyət hüşququnu qeydə alınmasını zəruri edən aşağıdakı əsasların mövcudluğu tələb olunur: 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.9-cı maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.1. 9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.1. 9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.10-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. ...; 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri yaşayış binalarına münasibətdə qeydiyyata əsas verən sənədlər aşağıdıakılardır:

1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2.müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə; 3.müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı; 4.istismara qəbul aktı (m.8.0.9.2) Lakin, iş materiallarına əsasən iddiaçı tərəfindən qeyd olunan sənədlərin tam dosyesi nə cavabdeh orqana nə də ki, məhkəməyə təqdim olunduğu müəyyən edilmir. Belə ki, əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlər aşağıdaklarla ehtiva olunur. 1) Bakı şəhəri Əzizbəyov RİH-in 886 saylı 30 oktyabr 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/032-8/1396 saylı 25.10.96-cı il tarixli məktubu ilə iddiaçıya Pirallahı qəsəbəsində 1 May küçəsindəki köşklü dayanacağın əvəzinə daşdan dayanacaq və mağaza tikintsinə razılıq verilməsi barədə məktubu nəzərə alınaraq ona Pirallahı qəsəbəsi, 1 May küçəsindəki dayanacağın sökülüb təsdiq edilmiş layihə əsasında daşdan tikilməsi üçün i torpaq sahəsi ayrılmışdır. 2) Həmin avtobus dayanacağı –mağazanın Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/032-8/1396 saylı 25.10.96-cı il tarixli məktubu ilə razılaşdırılması barədə üzərinə dördkünc tamp vurulumuş layihəsi. Göründüyü kimi, iddiaçı tərəfindən isə həmin səndlər sırasından yalnız birinci və ikinci sənədlər - torpaq sahəsinin ayrılmasına dair sənəd və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə təqdim olunmuş, digər tikilinin inşa edilməsinə icazə barədə müvafiq icra hakimiyyəti orqanının qərarı və istismara qəbul aktı təqdim olunmamışdır. Hazırkı mərhələdə iddiaçının (nümayəndəsinin) məhkəmdən kənar Fövqaladə Hallar Nazirlyində yaradılmış müvafiq komissiya vasitəsilə həll edilməsinə yönələn hərəkətlərinə gəldikdə isə həmin sənədlər cavabdeh qeydiyyat orqanıa ilkin müraciət zamanı təqdim olunmamış, həmin inzibati icraat mərhələsinin araşdırma oyektini təşkil etməmişdir. Belə olan halda, yəni, Fövqaladə Hallar Nazirlyində yaradılmış Komissiya tərfindən məsələnin müsbət həll olunaraq, bununla bağlı əldə edəcək sənədlər ərizəsi ilə birlikdə cavabdeh qeydiyyat orqanına təqdim ediləcəyi təqdirdə, sonuncu tərəfindən onun tələbinin təmin olunacağı istisna olunmur. Ona görə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin “Atomobil yolları haqqında” Qanunun 15-1-ci maddəsinə istinad olunmaqla qeyri-yaşayış sahəsini qəsəbə daxilində yerşdiyi baxımından mühifizə zolağı nəzərə alınmadığını bildirən, habelə torpaq sahəsinin ölçüsü razılaşdırılmış layihədə göstərildiyi halda, məhkəmə tərfindən torpağın ölçülərinin sərəncamda qeyd edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşsa da, qeyri-yaşayış sahəsinin onun adına qeydiyyatının təsbit olunması üçün sözügedən iki əsasverici sənədlər mövcud olmadan onun iddia tələbinin təmin edilməsi istisna olunur. “ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsi isə nəzərdə tutur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, qeydiyyatdan imtina edilə bilər. Beləliklə də iddiaçı tərəfindən, ona məxsus mübahisəli qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüququ ilə qeydiyyata alınması ilə bağlı müraciət olunan hüququn qeyd alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu tamlığı ilə sübuta yetirilmədiyi halda cavabdeh orqan tərəfindən mübahisəli daşınmaz əmlaka dair onun adına qeydiyyat aparılmasından imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarının pozması kimi yozula bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə o zaman inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsi qərarından da, məhz, görünür ki, məhkəmə tərəfindən iş hərtərəfli araşdırılmış, işin halları qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verilmiş və iddianın rədd olunması barədə maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlinmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız, qeyri-obyektiv və qərəzli oluduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 59/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-59/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar