Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2740/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, vəkili Vəkil2, cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin qismən ləğv olunması, iddiaçının işə bərpa edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçı tərəfindən verilmiş “qərara izah verilməsi” barədə ərizə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1168/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 04- 11 oktyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin xitam verilməsinə dair çıxarılmış xx.xx.2018-ci il tarixli, **********3 nömrəli əmrin qismən (iddiaçıya aid olan hissədə) ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1168/2020 nömrəli qərarı ilə, iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********3 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilmiş, İddiaçı işdən azad edildiyi vaxtdan yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-604/2021 nömrəli qərarı ilə təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-2210/2021 nömrəli qərarı ilə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-604/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-1168/2020 nömrəli qərarı qanuni qüvvəsini aldığından xx.xx.2022-ci il tarixli məktubla icra edilməsi üçün cavabdehə göndərilmişdir. Sonradan iddiaçı 02 mart 2022-ci il tarixdə həmin qərara izah verilməsi üçün Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarında “əmək haqqi” termini işlədildiyi üçün məcburi işburaxma dövrü üçün yalnız vəzifə maaşı hesablanaraq ödəniləcəkdir, hesablamaya digər ödənişlər, yəni staja görə, ixtisas dərəcəsinə görə əlavələrin və mükafatların ödənilməsi daxil olmayacaqdır. Bu səbəbdən “əmək haqqı” ifadəsinə izah verilməlidir. İddiaçı daha sonra ərizəyə əlavə təqdim edərək, əmək haqqının hansı müddətə ödənilməsi hissəsində də qərara izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yekun məhkəmə aktı xx.xx.2020-ci il deyil, Ali Məhkəmənin qərarı ilə, yəni xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Cavabdeh ərizəyə etirazında göstərmişdir ki, mübahisələndirilən məhkəmə aktının qərar hissəsində “İddiaçı işdən azad edildiyi vaxtdan yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin.” qeyd edilmişdir. Mətndən göründüyü kimi qərarda fikir dəqiq ifadə edilmiş, qeyd edilmiş tarixə tam aydınlıq gətirilmişdir. “Əmək haqqı” ifadəsinə izah verilməsi ilə bağlı qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Lakin “Dövlət qulluğu haqqında” AR Qanunda əmək haqqı terminindən istifadə edilməmişdir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin dövrdə iddiaçının qüvvədə olan əmək müqaviləsində ona hər hansı əmək haqqı əlavəsi və ya mükafatın ödənilməsi qeyd edilməmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Əmək Məcəlləsində qeyd edilmiş qaydada bağlanılmış əmək müqaviləsinə əsasən Nazirlikdə çalışmışdır. “Dövlət qulluğu haqqında” AR qanununun 28.7-ci maddəsinə əsasən Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən əmək fəaliyyəti dövründə İddiaçı dövlət qulluqçusu kimi məvacib deyil, Əmək Məcəlləsinə uyğun olaraq Əmək haqqı ödənilmişdir. Həmçinin, iddiaçı tərəfindən qeyd edilən əmr mübahisələndirilərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)- 2447/2018 saylı qərarı hələ qəbul edilməmişdir. Hətta qəbul edilmiş olsaydı belə, qeyd edilən qərarla 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 25 aprel 2018-ci il tarixli qərarı qüvvədə saxlanılmış və həmin qərarda isə yalnız Nazirliyin üzərinə İddiaçı daimi dövlət qulluğuna qəbul edilməsi vəzifəsi qoyulmuşdur. Göründüyü kimi Məhkəmə qərarında “dövlət məvacibi” deyil “əmək haqqı” ifadəsindən istifadə etməkdə haqlı olmuşdur. Həmçinin İddiaçı ərizəsində mükafatların məbləğinin ona ödənilməli olduğunu qeyd etmişdir. Qeyd edilən məsələ ilə bağlı Ali Məhkəmənin 20 noyabr 2020-ci il tarixli 2-1(102)-2004/20 nömrəli iş üzrə qərarında ətraflı izah verilmişdir. Həmin qərarın 47-ci hissəsində qeyd edilir ki, Qanunvericilik müddəlarından göründüyü kimi, dövlət qulluqçusunun mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə qanunvericilikdə dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətdən çıxış edərək verəcəyi qiymətdən asılıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığından iddiaçıya məcburi iş buraxma müddəti üçün mükafatın ödənilməsi qanuni hesab edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1168/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. (hakim: H.Ağalarov) Həmin qərardaddan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi “məhkəmə qərarına izah verilməsinə dair” işə baxarkən 230.1-ci maddənin tələblərini pozaraq, qanuni qüvvəyə minmiş qərarın nəticəvi hissəsinə izah vermək əvəzinə onun məzmununu dəyişdirmişdir. Belə ki, qanuni qüvvəyə minən qərarın nəticəvi hisssəsi “İddiaçı işdən azad edildiyi vaxtdan yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni xx.xx.2018-ci il tarixədək xx.xx.2020-ci il tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin.” şəklində göstərilsə də, qərara izah verən birinci instansiya məhkəməsi qərarın məzmununu tamamilə dəyişərək, “məcburi iş buraxma müddətinin yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni 14 dekabr 2021-ci il tarixədək hesablanmalı olması və həmin müddət üçün dövlət məvacibinin ödənilməli olması" qərara alınmışdır. İddiaçının "məhkəmə qərarına izah verilməsi barədə" ərizəsi əsasən iki tələbdən ibarətdir: 1. “Məcburi iş buraxma müddəti"nə izah verilməsi; 2. “Əmək haqqı" anlayışına izah verilməsi. Məcburi iş buraxma müddətinin hansı dövrü əhatə etməsi qanuni qüvvəyə minmiş məhkəmə aktının qərar hissəsində konkret olaraq, “İddiaçının işdən azad edildiyi vaxtdan yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2020ci il tarixədək" şəklində qeyd olunmuşdur. Mətndən də göründüyü kimi məcburi iş buraxma müddətinin dəqiq tarixi qərarda aydın şəkildə öz əksini tapmışdır. "Əmək haqqı" anlayışına izah verilməsi ilə bağlı isə qeyd olunmalıdır ki, “əmək haqqı" və “dövlət məvacibi” qanunvericiliklə fərqləndirilmiş anlayışlardır. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. “Dövlət qulluğu haqqında" Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Belə ki, iddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Əmək Məcəlləsində qeyd edilmiş qaydada bağlanılmış əmək müqaviləsinə əsasən Nazirlikdə çalışmışdır. Qeyd edilən əmək fəaliyyəti dövründə İddiaçıya dövlət qulluqçusu kimi məvacib deyil, Əmək Məcəlləsinə uyğun olaraq əmək haqqı ödənilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarında da məhz "məcburi İş buraxma müddəti üçün əmək haqqı ödənilməsi" cavabdehin üzərinə öhdəlik kimi qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(102)- 2447/2018 saylı qərarına gəldikdə isə nəzərə alınmalıdır ki, həmin qərarda yalnız Nazirliyin üzərinə İddiaçının daimi dövlət qulluğuna qəbul edilməsi vəzifəsi qoyulmuşdur. Göründüyü kimi məhkəmə, qərarında “dövlət məvacibi" deyil, “əmək haqqı" ifadəsindən istifadə etməkdə haqlı olmuşdur. Digər tərəfdən, iddiaçının qərarın nəticəvi hissəsində “işdən azad edildiyi vaxtdan yekun məhkəmə aktı qəbul olan vaxtadək məcburi iş buraxma müddəti üçün dövlət məvacibinin ödənilməsi” şəklində düzəliş edilməsi ilə bağlı ərizəsi Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1168/2020 saylı qərardadı ilə təmin edilməmişdir. İşə baxan məhkəmə hesab etmişdir ki, iş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçının tələbi aydın surətdə ifadə olunmaqla, müraciəti “məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxanadək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi" ilə bağlıdır. Məhkəmə qərarının nəticə hissəsi də iddiaçının tələbinə uyğun şəkildə ifadə olunmuşdur. Buna baxmayaraq, işə baxmış eyni hakim “məhkəmə qərarına düzəliş edilməsi” üzrə işdə tələbi "əmək haqqının ödənilməsi” kimi qəbul edərkən, “məhkəmə qərarına izah verilməsi” üzrə işdə isə “əmək haqqını” “dövlət məvacibi” kimi şərh etməyi məntiqli hesab etmişdir. Birinci instansiya məhkəməsinin qərarın nəticəvi hissəsində əks olunanların, eləcə də ilkin iddia tələbinin əksinə olaraq məhkəmə qərarına bu şəkildə izah verməsi əslində nəticəvi hissənin, yekunda isə iddia tələbinin dəyişməsinə səbəb olmuşdur. Həmçinin, İddiaçı ərizəsində mükafatların məbləğinin ona ödənilməli olduğunu qeyd etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, bu məsələ ilə bağlı Ali Məhkəmənin 20 noyabr 2020-ci il tarixli 2-1(102)- 2004/20 nömrəli iş üzrə qərarında ətraflı izah verilmişdir. Həmin qərarın 47-ci hissəsində qeyd edilir ki, qanunvericilik müddəlarından göründüyü kimi, dövlət qulluqçusunun mükafatlandırılması onların qulluq keçdiyi orqanın rəhbərinin mülahizəsinə əsasən həll edilir. Başqa sözlə, qanunvericilikdə dövlət qulluqçusunun hər bir halda pul mükafatı ilə təltif ediləcəyini müəyyən edən birmənalı norma yoxdur, bu, dövlət qulluqçusunun fəaliyyətinə onun rəhbərinin diskresion səlahiyyətdən çıxış edərək verəcəyi qiymətdən aşlıdır. Bu mənada, mükafat qanunun birbaşa göstərişinə əsasən dövlət qulluqçusuna ödənilən əlavə olmadığından iddiaçıya məcburi iş buraxma müddəti üçün mükafatın ödənilməsi qanuni hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Qeyd edilən qərar cavabdeh tərəfindən qismən icra edilmiş, iddiaçıya dövlət büdcəsi vəsaiti hesabına 15.000 manat məbləğində pul ödənilmişdir. Qərarda tələb olunan digər məsələlərin icrasına isə iddiaçı maneə yaratdığıdan (faktiki qüvvədə olan əmək müqaviləsi olduğundan, müvafiq sənədlər təqdim edilmədiyindən) tam icranı həyata keçirmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi nəzərə almalıydı ki, 15.000 manat kompensasiyanın ödənilməsi artıq qərarın “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsində tam icra olunmuş hesab olunmalıydı. Lakin hazırki qərar qərarın tam icrasına məhz iddiaçının yaratdığı maneələr səbəb olduğu halda, onun normadan sui-istifadə edərək cavabdehin hüquqlarını pozmasına gətirib çıxarmışdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X1 və vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı İddiaçı və vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1168/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında “məcburi işburaxma müddəti” və “əmək haqqı” ilə bağlı məsələyə izah verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni 2-1(112)-1168/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edərək qərarda göstərilən məcburi işburaxma müddəti ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı əmək müqaviləsinin xitam verilməsinə dair çıxarılmış xx.xx.2018-ci il tarixli, **********3 nömrəli əmrin qismən (iddiaçıya aid olan hissədə) ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərarı ilə, iddia tam təmin edilmişdir. Daha sonra, cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı iş üzrə yekun məhkəmə qərarı, məhz cavabdehin apellyasiya və kassasiya şikayətləri üzrə məhkəmə icraatının sonunda qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2-1(102)- 2210/2021 nömrəli qərarı olmuşdur. Nəzərə alsaq ki, iddiaçının tələbi məcburi iş buraxma müddətinin yekun məhkəmə qərarı çıxan günədək hesablanması olmuşdur, iddia da tam təmin edilməklə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmış və hazırkı iş üzrə yekun məhkəmə qərarı da kassasiya instansiyası məhkəməsinin qərarı olmuşdur, onda məcburi iş buraxma müddətinin də yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni 14 dekabr 2021-ci il tarixədək hesablanmalı olması nəzərə alınmalıdır. Məhkəmə qərarda göstərilən “əmək haqqı” ifadəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 22.1-ci maddəsinə əsasən, dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır; 22.2-ci maddəsinə əsasən, dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, məhkəmədən iddiaçının 2015-ci il 10 dekabr tarixdən daimi dövlət qulluğu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müqavilə əsasında işə qəbul olunduğu, yəni 2015-ci il 10 dekabr tarixdən daimi dövlət qulluğuna qəbul edilməyi cavabdeh Nazirliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli, 2-1(81)- 2142/2018 №-li qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müqavilə əsasında işə qəbul olunduğu 2015-ci il 10 dekabr tarixdən etibarən daimi dövlət qulluğuna qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 4 sentyabr tarixli, 2-1(103)- 1845/2018 №-li qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 27 noyabr tarixli, 2-1(102)2447/2018 №-li qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırkı iş üzrə tələbin təmin olunduğuna dair məhkəmə aktı qəbul olunarkən cavabdeh inzibati orqanın iddiaçını 2015-ci il 10 dekabr tarixdən daimi dövlət qulluğuna qəbul etmək öhdəliyi qüvvədə olan məhkəmə qərarına əsasən mövcud olmuşdur. Bu səbəblə, cavabdeh iddiaçı ilə əmək müqaviləsinin müddətli bağlandığına, dövlət qulluqçusu kimi məvacib deyil, Əmək Məcəlləsinə uyğun olaraq əmək haqqı ödənilməsinə istinad edə bilməz. Həmçinin məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi verilmiş suallara cavab olaraq bildirmişdir ki, sözügedən məcburi işburaxma dövrü iddiaçıya dövlət qulluğu stajı kimi nəzərə alınacaqdır. Cavabdehin dövlət qulluğu stajına daxil etdiyi dövr üzrə dövlət məvacibi deyil, yalnız vəzifə maaşı ödənilməsi ilə bağlı mövqeyi anlaşılan deyil. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, nə qədər ki, cavabdehin iddiaçını 2015-ci il 10 dekabr tarixdən daimi dövlət qulluğuna qəbul etmək öhdəliyi qüvvədə olan məhkəmə qərarına əsasən mövcud olmuşdur, məcburi işburaxma dövrü üçün də vəzifə maaşı deyil, dövlət məvacibi ödənilməlidir və məhkəmə qərarının da bu şəkildə icra edilməli olması nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən ərizədə göstərilən hallar tam araşdırılmış və məhkəmənin ərizənin təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır; 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir; 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir; Məhkəmə araşdırması ilə müəyyən olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı cavabdeh orqan tərəfindən tam icra olunmamışdır. Belə ki, sözügedən qərara əsasən məcburi iş buraxma müddətinin yekun məhkəmə aktı qəbul olan vaxtadək, yəni 14 dekabr 2021-ci il tarixədək hesablanmalı olması və həmin müddət üçün dövlət məvacibinin ödənilməsi ilə bağlı məsələ öz həllini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində “Birinci instansiya məhkəməsi nəzərə almalıydı ki, 15.000 manat kompensasiyanın ödənilməsi artıq qərarın “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsində tam icra olunmuş hesab olunmalıydı. Lakin hazırki qərar qərarın tam icrasına məhz iddiaçının yaratdığı maneələr səbəb olduğu halda, onun normadan sui-istifadə edərək cavabdehin hüquqlarını pozmasına gətirib çıxarmışdır” dəlilinə münasibətdə qərarın tam icrasına məhz iddiaçı tərəfindən maneələrin yaratması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1168/2020 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2740/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2740/2022
11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver