Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2740/2024 09.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2995/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum Əlizadə Hüseynova məxsus olmuş, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanında yerləşən mebellərin təmiri firmasının fəaliyyətinin dayandırılması, obyektin sökülməsi nəticəsində onlara ödənməmiş qalan 200 manat kompensasiyanın, 540 min manat əldən çıxan faydanın, cəmi 740 min manat pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 həyat yoldaşı, Ülvi isə mərhumun oğludur. X1 rayonu, ünvan 4 ünvanında yerləşən mebellərin təmiri firmasını 87414000 manata satın almış, dövlət büdcəsinə ******* manat pul köçürmüşdür. Ümumi sahəsi 366.0 kvm olan obyektin Dövlət Əmlak Komitəsi tərəfindən 1997-ci ildə tərtib edilmiş texniki pasportundan göründüyü kimi tikilinin bünövrəsi, damı, bəzəkləri, suyu, kanalizasiyası və işığı olmuşdur. Başqa sözlə, obyekt tam olaraq istifadəyə yararlı olmuş, müntəzəm gəlir gətirmişdir. Fəaliyyətin müntəzəm vergisi verilmişdir. Obyekt 192 kv.m ümumi əsas, 174 kv.m ümumi köməkçi - cəmi 366 kvm olmuşdur. Texniki Paportda binanın istismarına dair dəqiq məlumatlar, habelə tikintinin və həyətin planı əks olunmuşdur. Torpaq sahəsi üzrə eksplikasiya 469 kv.m, tikinti həcmi 1509 kv.m olmuşdur. İddiaçının həyat yoldaşı həyatda olduğu müddətdə obyekt ailəsinə hər ay 3 min manat gəlir vermişdir. Sonra həyat yoldaşı xəstələnmiş və xx.xx.2008-ci il tarixdə Obyekt plana düşərək sökülmüşdür. Həmin vaxtdan real dəyəri 300 min manat obyektə görə iddiaçılara 100 min manatdan az olmaqla pul ödədilər, sonra isə söz versələr də, heç nə etmədilər. Beləliklə, iddiaçılar hesab edirlər ki, yaranmış vəziyyətə cavabdeh təşkilat olaraq ailələrinə ödənməmiş qalan 200 min manat və 300 min manat əldən çıxan fayda Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən ödənməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2995/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim T.Məlikov) iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərək, qərardadın təmin ləğv edilib, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardadın ikinci vərəqinin 3-cü abzasında qeyd olunur ki, iddia ərizəsi yazılı münasibət bildirməsi məqsədi ilə cavabdehə göndərilmiş, cavabdeh iddiaya münasibət bildirməmiş, etiraz təqdim etməmişdir. Cavabdeh eyni saymazlığı və sayğısızlığı onların müraciətlərinə münasibətdə də göstərmiş, tələblərini qəbul və ya imtina etmək barədə onlara hər hansı cavab verməmişdir. Bundan başqa, cavabdeh məhkəmə iclaslarına da gəlməmiş, vətəndaşın tələbinə və məhkəməyə növbəti sayğısızlığı göstərmişdir. İkinci vərəqin 3-cü abzasında tərəflərin iştirak etmədiyini yazır. Halbuki, o, prosesdə iştirak etmiş, iddianı müdafiə etmiş, tələblərində israrlı olduqlarını məhkəmənin diqqətinə çatdırmışdır. Cavabdeh isə, ümumiyyətlə məsələyə fikir bildirməmişdir. Onların ərizəsi və məhkəmənin sərəncamı, məhkəmə bildirişləri cavabdehə çatsa da, heç bir cavab verməyən cavabdeh, bununla işin baxılmamasında maraqlı olduğunu göstərmişdir. 4-cü abzasda məhkəmə qeyd edir ki, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Niyə? Tərəflərin iştirakını təmin etmədən məsələni başdan eləmək nə üçün mümkün saymamaq kimə lazım idi?! Halbuki, onların da qeyd etdiyi kimi, ekspert qiymətləndirməsinin müəyyən hissəsi onlara ödənmişdir. Əgər bu məsələ mübahisə predmeti ola bilməzdisə, cavabdeh tərəf onlara ödənilən əvvəlki məbləği nə üçün ödəmişdi?! Bundan başqa, onlara ödənilən vəsait tanımadıqları şəxs vasitəsi ilə ödənsə də, ödəyən, danışıqları aparan İcra Hakimiyyəti olub. Məhkəmə onlara istinadla, guya əvvəllər müraciət etmədiklərini bildirməklə, müddət bəhanəsinə haqq qazandırmaq istəyir. Necə ki, qərardadın 3-cü vərəqinin 2-5-ci abzaslarında sırf müddətin ötürülməsini əsas gətirərək iddianı mümkün hesab edir. Halbuki, Mülki Prosessual Məcəlləsinin (o vaxt qüüvvədə olan) 298-ci maddəsi nəzərdə tutur ki, hüquqlarının pozulmasını bildikləri andan 1 ay müddətinə məhkəməyə müraciət etmək hüquqları vardır. Bildirirlər ki, cavabdeh tərəf müxtəlif adamlar vasitəsi ilə onlarla mütəmadi əlaqə saxlayaraq həmin məbləğin onlara ödəniləcəyini vəd etmiş, bununla da ötən müddətin uzanmasını süni şəkildə təmin etmişdir. Cavabdehin onlara pul ödəməyəcəyini o zaman bilmişlər ki, onların müraciətinə heç bir cavab verilmədi. BŞİH-nə müraciət etdikdə isə bildirmişlər ki, əvvəlki komanda yoxdur, yeni işçilər isə köhnələrin hərəkətlərinə cavabdeh deyillər. Başqasını cavabdeh göstərmək tələbi də absurddur, məntiqsizdir və əsassızdır. İddia ərizəsində göstərdiyi kimi onların obyektinin yerində qış parkı salınıb. Parkı sadə vətəndaş və ya bir şirkət sala bilməz, layihə dövlətin, icra işi İcra Hakimiyyətinindir. Məhkəmə Ali Məhkəmənin 18 iyul 2018-ci il tarixli tövsiyəsinə istinad edir, imkanların aradan qalxmasını vacib nüans hesab edir. Bu zaman məhkəmə unudur ki, araşdırma aparıb cavabdehin onlara pul ödəməli olmasını və ya ödəməli olmamasını aydınlaşdırması imkanı itirilməmişdir, cavabdehin onlara kompensasiya ödəmək imkanları da, qeyri-məhdud şəkildə mövcuddur. Göründüyü kimi, məhkəmə yardım etmək vəzifəsinin tələblərinə əməl etməmiş, tələbə hüquqi qiymət verməmiş, onlara hüquqi yardım etməmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, qərardadın təmin ləğv edilib, iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, ərinə məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanında yerləşən mebellərin təmiri firmasının sökülməsi nəticəsində 100 min manat kompensasiya onlara həmin dövrdə ATVnin rəhbəri Tağı adlı şəxs tərəfindən ödənilmişdir, sökülən obyektin yerində Qış parkı salındıqdan sonra məcburən Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət etmişdir, onlar isə cavabdeh olmadıqlarını bildirmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, Bakı Şəhəri İcra Hakimiyyəti hazırki iddia tələbi üzrə cavabdehlik daşımır, sözügedən obyekt tərəflərindən sökülməyib, həmin obyektlə bağlı heç bir ödəniş icra hakimiyyəti tərəfindən olmayıb, onlarla müqavilə bağlanmayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər İddiaçı2 məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Göründüyü kimi, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının müəyyən edilməsi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. İşin hallarından müəyyən olunur ki, iddiaçıların hüquqi marağı onlara məxsus tikilinin 2009-cu ildə sökülməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf söküntünün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı İddiaçı1 izahatında bildirmişdir ki, ərinə məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, ünvan 3 ünvanında yerləşən mebellərin təmiri firmasının sökülməsi nəticəsində 100 min manat kompensasiya onlara cavabdeh Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən deyil, həmin dövrdə ATV-nin rəhbəri Tağı adlı şəxs tərəfindən ödənilmişdir, sökülən obyektin yerində Qış parkı salındıqdan sonra məcburən Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət etmişdir, onlar isə cavabdeh olmadıqlarını bildirmişlər. Həmçinin, cavabdehin səlahiyyətli nümayəndəsi qeyd edilən obyektin onlar tərəfindən sökülmədiyini, iddiaçılara heç bir ödəniş həyata keçirmədiklərini bildirərək hazırki iş üzrə cavabdehlik daşımadıqlarını qeyd etmişdir. Hətta qəbul edilsə belə sökülən obyektin yerində dövlət əhəmiyyətli park salınmışdır, belə olan halda da məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçılar cavabdeh inzibati orqana qarşı təxminən 14 il sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəmədə tələb irəli sürmüş, bununla da, mübahisələndirilən hərəkətlərin baş verdiyi dövrdə qüvvədə olan qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, hazırkı iddia ilə mübahisələndirilən məsələ hazırda qüvvədə olan İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki, yəni 01 yanvar 2011-ci ilə qədərki dövrə aiddir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci Fəslinin (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) müddəaları əsasında həll olunurdu. Adıçəkilən Məcəllədə də inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Belə ki, həmin Məcəllənin 298-ci maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilmişdir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Göründüyü kimi, söküntünün baş verdiyi dövrdə (2009-cu ildə) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının hərəkətlərini mübahisələndirmək üçün qısaldılmış iddia müddəti müəyyən etmişdi. Hazırkı iş üzrə iddiaçılar onlara məxsus olmuş tikilinin sökülməsi barədə söküntünün aparıldığı vaxtdan, yəni 2009-cu ildən məlumatlı olduqlarını, bir hissə pul vəsaiti əldə etdiklərini inkar etmirlər. Belə olan halda isə iddia müddəti ötürüldüyündən iddiaçıların hazırkı iddianı qaldırmaq imkanı istisna olunur. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə açan iddiaçılar həmin mübahisənin yarandığı dövrdə qüvvədə olan qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından həmin aktlarda qeyd edilmiş müddətlərdə istifadə etmədikləri halda, 1 yanvar 2011-ci il tarixədək inzibati orqan tərəfindən həyata keçirilmiş hərəkətin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar hüquqlarını pozan həmin hərəkətləri artıq yeni qanuna istinadla mübahisələndirə bilməzlər. İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə də, uzun müddət mövcud olan mübahisəyə qarşı zamanında iddia qaldırılmaması həmin hüququn itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddia ona cavab verməli olmayan orqana qarşı qaldırıldığına, həmçinin, hətta Cavabdehlik daşımış olsaydı belə iddia müddətinə riayət edilmədiyinə görə iddianın mümkün sayılmaması ilə bağlı nəticə qanuni və əsaslı hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin hüquqi yardım göstərərək iddiaçıların diqqətinə çatdırır ki, apellyasiya araşdırması zamanı verilmiş izahatlara əsasən qeyd edilməlidir ki, əgər iddiaçılara hər hansı bir fiziki şəxs tərəfindən müvafiq ödənişin bir hissəsini əldə etdikdən sonra razılaşdırılmış məbləğ həmin şəxs tərəfindən ödənilməmişdirsə, artıq mülki məhkəmə icraatı qaydasında həmin şəxsə qarşı iddia qaldırmaq hüququna malikdirlər. Odur ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2995/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2995/2024 nömrəli, 29 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-2740/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2740/2024
09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver