Məhkəmə qərarları › İş №2-1(103)-2741/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2741/2021

30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2741/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2-1(112)-7624/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 16 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək 10.06.2013-cü il tarixdən 10.06.2016-cı il tarixədək veteranlar üçün nəzərdə tutulmuş müavinətin hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1971-ci il tarixdə Zaqatala rayonu Dombabinə kəndində doğulmuş və həmin ünvanda qeydiyyatdadır. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 19.02.2016-cı il tarixli 057671 nömrəli vəsiqəyə əsasən, o, müharibə veteranıdır. Veteranlar üçün nəzərdə tutulmuş sosial müavinəti 10.06.2016-cı il tarixdən alır. O, müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki üç il üçün ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 08.04.2021-ci il tarixli **********3 nömrəli məktubla bildirmişdir ki, 19.02.2016-cı il tarixdə müharibə veteranı vəsiqəsi aldığından həmin tarixdən aylıq sosial müavinət təyin edilmişdir və üç il əvvələ ödənilməsi mümkün deyildir. O, cavabdehin bu cavabı ilə razı deyil. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, 10.06.2013-cü il tarixdən 10.06.2016-cı il tarixədək veteranlar üçün nəzərdə tutulmuş müavinətin hesablanıb birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-839/2021 saylı 20.05.2021-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmiş və iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan sonra iddiaçı iddia tələbində dəqiqləşmə verərək, müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 19.02.2013-cü ildən 19.02.2016-cı ilədək 36 ay fərq məbləğinin tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2-1(112)-7624/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.(hakim: O.Həsənov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı 19.02.2016-cı il tarixdə veteran vəsiqəsi almışdır. İddiaçı cavabdeh orqana müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin əvvəlki üç ilə münasibətdə ödənilməsi üçün müraciət etmiş, lakin müraciətin müsbət həlli mümkün olmamışdır. Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və həmin Qanunun 4.0.1.6-cı maddəsinə görə, veteranlara verilən müavinətin növü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə də “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” sosial müavinət alan şəxslərin siyahısına daxil edilmişlər. Fərmandan görünür ki, müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Prezidenti “müharibə veteranı adı almış şəxslər”ə olan güzəştləri müavinətlə əvəz etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununda isə sadəcə “müharibə veteranları” anlayışı açıqlanmış, onun əhatə etdiyi şəxslərin dairəsi verilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin şəxsə sosial müavinət təyin edilməsi üçün hər hansı birbaşa qüvvəsi yoxdur və məhkəmənin iddiaçıya veteran vəsiqəsini almamışdan əvvəlki dövr üçün sosial müavinətin təyin edilməsi və ödənilməsi ilə bağlı mübahisəyə həmin normanı tətbiq etməsi əsassızdır. Müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət üçün əsas deyil. Sosial müavinətlər haqqında qanunvericilik “müharibə veteranlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi” şərtini göstərir. Müvafiq icra hakimiyyəti orqanı isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” olaraq müəyyən edir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin, 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. İişə baxan məhkəmələr adı çəkilən Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət edirlər ki, bu da aşağıda qeyd edilən səbəb və əsaslara görə sözügedən maddi hüquq normasının məhkəmələr tərəfindən düzgün təfsir və tətbiq edilməməsinin nəticəsidir. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının 28.06.1994cü il tarixdən qüvvədə olan Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci il tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: “İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddəsinin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir”. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11,07.2005ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. Nəhayət, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən (AR NK-nin 18 iyul 2006-cı il tarixli 174 nömrəli Qərarı ilə əlavə edilib), veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Beləliklə, şərh olunan qanunvericilik aktları normalarının əlaqəli təhlilindən göründüyü kimi, müharibə veteranları üçün əvvəllər kommunal və digər xidmətlərin haqqının ödənilməsi üçün nəzərdə tutulan güzəştlər sonradan aylıq müavinətlərlə əvəz olunmuşdur. Belə ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli və ləğv edilən hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 19.02.2013-cü ildən 19.02.2016-cı ilədək 36 ay fərq məbləğinin tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin Azərbaycan Respublikasının müdafiəsi zamanı gedən döyüşlərdə iştirakına görə verilməsi, həmçinin iddiaçının müharibə veteranı statusunu “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edilməzdən əvvəl, yəni 19.02.2016-cı il tarixdə alması ona dəlalət edir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi iddiaçıya şamil olunmalı və ona həmin döyüşlərdə iştirakına görə verilməli olan müavinət veteran vəsiqəsini aldığı tarixdən geriyə üç il olmaqla 19.02.2013-19.02.2016 dövrü əhatə etməklə ödənilməlidir. Bundan başqa, məhkəmə vurğulamağı zəruri hesab etmişdir ki, iddiaçıya veteran statusu aldığı tarixdən geriyə üç il olmaqla 36 ayın fərq məbləği ödənilən zaman həmin fərq məbləğinin ödənilməsi birdəfəlik qaydada həyata keçirilməlidir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun müddəalarından da göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət-aylıq müavinət hesab olunur. Pensiya qanunvericiliyindən fərqli olaraq əvvəlki dövrlər üçün ödənilməli olan sosial müavinətlərin hissə-hissə ödənilməli olması ilə bağlı qanunvericilikdə hər hansı bir müddəa mövcud olmamış, ödəmənin birdəfəlik qaydada həyata keçirilməsi isə məhdudlaşdırılmamışdır. Bundan başqa, oxşar işlər üzrə formalaşmış son məhkəmə praktikasına görə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin təsiri altına düşən müharibə veteranlara veteran statusu aldığı vaxtdan geriyə üç olmaqla yaranan fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyini cavabdeh inzibati orqanın üzərinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın 19.02.2013cü ildən 19.02.2016-cı ilədək olan dövr üçün müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində düzgün nəticəyə gəlsə də, iddianın ödənilməyən məbləğin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 19.02.2016-cı il tarixdə verilmiş M/V № 057671 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 16 saylı Regional Ərazi Filialının 30.03.2021-ci il tarixli ********** saylı arayışından görünür ki, İddiaçı 10.06.2016-cı il tarixdən müharibə veteranı kimi 80 manat Prezident təqaüdü alır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 16 saylı Regional Ərazi Filialı tərəfindən İddiaçı ünvanlanmış 28.04.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş bəzi kateqoriya şəxslərə görə” müharibə veteranı adlı müavinət növünü almaq hüququ 19.02.2016-cı il tarixində Müdafiə Nazirliyi tərəfindən verilmiş M/V seriyalı 057671№-li Müharibə Veteranı vəsiqəsinin verilmə tarixindən müəyyən olunduğu göstərilmişdir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla),müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Hazırki işin hallarından görünür ki, iddiaçıya 19.02.2016-cı il tarixdən müharibə veteranı vəsiqəsi verilmiş və ona bununla əlaqədar olaraq 10.06.2016-cı il tarixdən sosial müavinət təyin edilmişdir. İşin mübahisələndirilən halı həmin müavinətin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təyinatdan əvvəlki üç il nəzərə alınaraq yenidən hesablanması və fərqin ödənilməsi ilə bağlıdır. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin 2016-cı ildə verilməsini əsas götürərək, həmin tarixdən də ona sosial müavinət təyin edildiyini bildirir və bu səbəbdən iddiaçıya 2013-cü ildən sosial müavinətin təyin edilməsindən imtina edir. İş materiallarından aydın olur ki, iddiaçıya 2016-cı ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirakına görə həmin vəsiqəni almış və həmin vəsiqəni alması səbəbi 2016-cı il tarixdə deyil, o, döyüş əməliyyatlarında iştirak etdikdən sonra yaranmışdır. Yəni iddiaçı 2016-cı ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin ona vəsiqə sonradan verilmişdir. Başqa sözlə, iddiaçıya 2016-cı ildə müharibə veteranı vəsiqəsi verilməsi onun statusunu sadəcə leqallaşdırmışdır və bu hal iddiaçının hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. Yuxarıda istinad olunan normadan da görünür ki, qanunvericilik ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlərin təyin olunmasını mümkün saymışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərək ona müharibə veteranı kimi müavinətin 19.02.2016-cı ildən əvvəlki üç illik dövr üçün hesablanaraq ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı hesab edərək bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb ola bilər. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əvvəlki üç illik dövr üçün hesablanaraq ödənilməsi tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi qeyd olunsa da, ödənilməmiş məbləğin birdəfəyə ödənilməsi nəzərdə tutulmamışdır. Belə ki, həmin hissə müstəqil iddia tələbi olmayıb, qərarın icra üsulu olduğundan mahiyyəti üzrə həlli zamanı nəzərə alınmasına zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarı qismən, yəni 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 23.08.2021-ci il tarixli, 2-1(112)-7624/2021 saylı qərarı qismən, yəni 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. 19.02.2013-cü ildən 19.02.2016-cı ilədək olan dövr üçün müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına üzərinə qoyulması hissəsində qərar dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar