Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2741/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(112)-6468/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 12 iyul 2021-ci il tarixli 00800/0077 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının “İnzibati xəta haqqında iş üzrə icraat zamanı Rusiya Federasiyanın vətəndaşı İddiaçı aşkar edilmiş canlı orqanizm-zəlilər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.4.2-ci maddəsinə əsasən aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməlidir” məzmunlu hissəsinə əsasən, 04 iyun 2021-ci il tarixdə gömrük baxışı keçirilən zaman ondan aşkar edilib əvəzsiz götürülərək, təbiətə buraxılan gömrük orqanlarına bəyan edilməyən cəmi 18200 ədəd canlı zəlinin ümumi dəyərini təşkil edən 18200 (on səkkiz min iki yüz) manat pulun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən alınaraq, Rusiya Federasiyanın vətəndaşı İddiaçı qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyasının vətəndaşı İddiaçı cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi tərəfindən 12 iyul 2021-ci il tarixdə qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 00300/0077 nömrəli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin əlli faizi - 9100 manat miqdarında inzibati cərimə tənbeh növünün tətbiq edilməsi, ondan aşkar edilmiş canlı orqanizmin - zəlilərin aidiyyəti dövlət qurumlarına verilməsi və inzibati xəta haqqında iş üzrə aparılmış ekspertiza tədqiqatına görə 100 manat məhkəmə məsrəfinin ondan alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Cavabdeh təşkilatın vəzifəli şəxsinin həmin qərarına əsasən, Rusiya Federasiyasının (bundan sonra-RF) vətəndaşı İddiaçı İXM-in 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, 04 iyun 2021-ci il tarixdə X2 SU 1855 saylı Bakı-Moskva aviareysi ilə RF-yə gedərkən, onun çantalarına gömrük baxışı keçirilən zaman şifahi, yazılı və ya elektron qaydada gömrük orqanlarına bəyan etmədiyi 19 torbada ümumi çəkisi 16311 qram, ümumi sayı isə 18200 ədəd olan canlı zəli ona məxsus çantalardan aşkar edilərək, araşdırma aparılması məqsədilə götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Bakı İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(112)-6468/2023 saylı qərardadı ilə (hakim H.Ağalarov) iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-6468/2023 nömrəli inzibati iş üzrə qərardadının ləğv edilməsi və iddia ərizəsində göstərilən dəlillərin araşdırılması üçün inzibati işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hazırkı iddia inzibati xətanın bilavasitə obyekti olmuş predmetlə bağlıdır. Məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və bunun nəticəsində yanlış olaraq iddia ərizəsi üzrə inzibati məhkəmə icraatı mümkün sayılmamışdır. Cavabdehlərin inzibati orqan olmaları işin mübahisə edilməyən hallarından biridir. İşin mübahisə edilməyən digər bir halı ondan ibarətdir ki, hüquqlarını müdafiə etdiyi iddiaçı RF vətəndaşı İddiaçı xx.xx.2021-ci il tarixdə X2 “SU 1855” saylı Bakı-Moskva aviareysi ilə gedərkən şifahi, yazılı və ya elektron qaydada gömrük orqanlarına bəyan etmədiyi cəmi 18200 ədəd canlı zəli ona məxsus çantalardan inzibati orqan olan cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları (bundan sonra-Hava Nəqliyyatında Baş Gömrük İdarəsi) tərəfindən aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Əlbəttə, bu halda inzibati orqan olan cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşının davranışı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin müvafiq bəndlərinə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müvafiq maddələrinin tələbinə uyğun olmaqla, qanuni sayılmalıdır. Qeyd edilməlidir ki, İddiaçı məxsus cəmi 18200 ədəd canlı zəli ondan xx.xx.2021-ci il tarixdə götürüləndən sonra hüquqi taleyi həll edilənə qədər onların məsul saxlanc vəzifəsi rəsmən cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin üzərinə düşmüşdür. Nəzərə alınmalıdır ki, cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nə adıçəkilən Əsasnamədə, nə də Gömrük Məcəlləsində ölkədən gedən vətəndaşlardan götürdüyü əmlakı haqqı ödənilmədən, yəni havayı olaraq başqasına vermək, bağışlamaq və ya hər hansı formada özgəninkiləşdirmək səlahiyyətlərinə malik olması nəzərdə tutulmamışdır. Belə vəziyyətlə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İnzibati icraat haqqında” Qanun) “Etimad hüququnun qorunması prinsipi” adlanan 13-cü maddəsində müəyyən edilmişdir ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Məhkəmənin müəyyən etdiyi hallara görə cavabdeh orqanlarla iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törənmiş olsun. Çünki inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqan Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati xətalara dair işlər üzrə inzibati icraat sahəsindəki fəaliyyət sferasına daxildir. Hazırkı iddia isə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlə bağlıdır. Məhkəmənin bu qənaəti ilə razılşmaq olmaz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) “İnzibati araşdırma” adlanan 102-ci maddəsində inzibati araşdırmanın başlanmasının və aparılmasının hüquqi əsasları tənzimlənir. İXM-in 102.1-ci maddəsinə görə gömrük işi sahəsində inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Yenə İXM-in 102.5ci maddəsində müəyyən edilmişdir ki, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İXM-in 102.6-ci maddəsinə görə inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən nə İddiaçı məxsus cəmi 18200 ədəd canlı zəli ondan aşkar edilib götürüldüyü xx.xx.2021-ci il tarixdə, nə də ondan sonrakı gün yəni, xx.xx.2021-ci il tarixdə inzibati araşdırmanın başlanması haqqında qərardad qəbul edilməmişdir. Belə vəziyyətdə isə hazırkı iddianın predmetini cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin araşdırma apardığı inzibati xətanın bilavasitə obyekti olan məsələ kimi qiymətləndirmək olmaz. Aydındır ki, zəlinin əldə edilməsi, daşınması və satılması qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin bir növüdür. Bundan ötrü xüsusi razılığın (lisenziyanın) alınmasına da ehtiyac yoxdur. Belə vəziyyətdə isə iddiaçı Samaddin Agalıevdən götürülmüş 18200 ədəd canlı zəli üzərində onun mülkiyyət hüquqları pozulmuşdur. Çünki, İddiaçı özü ilə daşıdığı və gömrük orqanına bəyan etmədiyi həmin zəlilər üzərində mülkiyyət hüququna malik olmuşdur. Məlumdur ki, RF vətəndaşı İddiaçı barəsində inzibati xəta haqqında protokol tərtib edilənə qədər ondan məcburi qaydada götürülmüş 18200 ədəd canlı zəlinin ödənişsiz olaraq dövlətin mülkiyyətinə keçməsinə dair cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin davranışı onların müsadirə edilməsi kimi qiymətləndirmək olmaz. Lakin, inzibati araşdırmanın başlanması haqqında qərardadın hələ qəbul edilmədiyi halda, ondan götürüldüyü günün səhəri yəni, xx.xx.2021-ci il tarixdə İddiaçı yazdığı ərizədə ondan aşkar edilmiş 18200 ədəd zəlinin onun iştirakı olmadan təbiətə buraxılmasına etiraz etmədiyini bildirmiş, həmin gün də 18200 ədəd tibb zəlisi (“Hirudo medicinalis”) X5 sahilinə gətirilərək təbii mühitə buraxılmış və bu barədə xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Ona görə də İddiaçı barəsində inzibati xəta ilə bağlı icraatın hələ başlanmadığı halda, ondan aşkar edilərək götürülmüş 18200 ədəd canlı zəlinin əvəzsiz olaraq, yəni havayı cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə təbii mühitə buraxması iddiaçının həmin zəlilər üzərində mülkiyyət hüququndan faktiki məhrum edilməsi ilə nəticələnmişdir. Çünki, əcnəbidən məcburi qaydada götürülmüş 18200 ədəd canlı zəlini xx.xx.2021-ci il tarixdə X5 sahilində ona ödəniş etmədən təbii mühitə buraxmaqla, cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsi faktiki olaraq, həmin zəlilərin ödənişsiz olaraq, dövlət mülkiyyətinə verilməsini yəni, müsadirəsini həyata keçirmişdir. Həmçinin nəzərə alınmalıdır ki, İXM-də cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsinin inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsinə dair qərar qəbul etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Belə vəziyyətdə öz səlahiyyətindən kənara çıxan cavabdeh Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsi ilə İddiaçı arasında inzibati münasibət artıq yaranmışdır. Qərardadın surəti ona xx.xx.2023-cü il tarixdə rəsmən təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaya münasibət məktubunda bildirmişdir ki, 4 iyun 2021-ci il tarixində Heydər Əliyev adına X4 Bakı-Moskva aviareysi ilə Rusiya Federasiyasına gedən Rusiya Federasiyasının vətəndaşı İddiaçı məxsus çamadanın içərisindən onun tərəfindən gömrük nəzarəti zamanı bəyan olunmayan ümumi sayı 18200 ədəd zəli aşkar edilərək protokol əsasında götürülmüşdür. Yuxarıda qeyd olunan faktla bağlı İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair barəsində Hava Nəqliyyatında Baş Gömrük İdarəsində 00800-0085/21 saylı inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, icraat zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X1 Xidmətindən daxil olmuş məktuba əsasən İddiaçı aşkar edilərək götürülmüş tibb zəlisi (Hirudi medicinialis) “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiyasının (CİTES) İİ əlavəsinə daxil olduğu və ölkə ərazisindən ixrac edilməsi üçün CİTES icazə/sertifikat sənədinin tələb olunduğu müəyyən edilmişdir. “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 yanvar 2009-cu il tarixli 7 saylı Qərarına əsasən, bu qaydaların pozulması nəticəsində götürülmüş nümunələr saxlanılmaq üçün inzibati orqana verilir. Aşkar olunmuş zəlilərin ixrac edilməsi üçün CİTES icazə/sertifikat sənədinin olmadığından Rusiya Federasiyası vətəndaşı İddiaçı xx.xx.2021-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə ərizə ilə müraciət edərək ondan aşkar edilərək götürülmüş zəlilərin özünün iştirakı olmadan təbiətə buraxılmasına etiraz etmədiyini bildirmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 yanvar 2009-cu il tarixli 7 saylı Qərarına əsasən həmin zəlilər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə X5ndə təbii mühitə buraxılmış və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 12 iyul 2021-ci il tarixli, 00800/0077 saylı inzibati tənbeh vermə haqqında Qərarına əsasən İddiaçı barəsində inzibati xətanın bilavasitə obyekti olan zəlilərin dəyərinin əlli faizi miqdarında, yəni 9100,0 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Həmçinin, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)- 711/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı ilə “İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 12 iyul 2021-ci il tarixli 00800/0077 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan rədd edilmişdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1769/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İddiaçı vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 12 iyul 2021-ci il tarixli 00800/0077 nömrəli “İnzibati tənbeh vermə haqqında” Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 3(003)-711/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı barəsində çıxarılmış həmin Qərar qanunvericiliklə müəyyən olunmuş müddət ərzində icra olunmadığından, eləcə də onun Rusiya Federasiyası vətəndaşı olması nəzərə alınaraq, xx.xx.2021-ci il tarixində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahısına daxil edilməklə, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 17.1.7, 17.3-cü maddəsinə əsasən ölkə ərazisindən çıxışına məhdudiyyət qoyulmuş, eyni zamanda həmin şəxsin ünvan 1 ünvanında müvəqqəti yaşadığından sözügedən qərar icra olunması üçün aidiyyəti üzrə Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 17.1.7-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər inzibati xəta törətdikdə barələrində inzibati tənbeh tədbirləri icra olunanadək ölkədən getməsi məhdudlaşdırılır. İddiaçı dəfələrlə Dövlət Gömrük Komitəsinə eyni məzmunlu müraciətlər etmiş, həmin müraciətlərə ayrı-ayrılıqda baxılaraq onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə müsadirə qərarının çıxarılmadığı, məhz ərizəsi əsasında həmin zəlilərin təbii mühitə buraxıldığı ona bildirilmişdir. Həmçinin, İddiaçı iddia qaldırdığı zaman Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə birlikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini də cavabdeh olaraq göstərmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı iddia tələbi “04 iyun 2021-ci il tarixdə gömrük baxışı keçirilən zaman ondan aşkar edilib əvəzsiz götürülərək, təbiətə buraxılan gömrük orqanlarına bəyan edilməyən cəmi 18200 ədəd canlı zəlinin ümumi dəyərini təşkil edən 18200 (on səkkiz min iki yüz) manat pulun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən alınaraq, Rusiya Federasiyasının vətəndaşı İddiaçı qaytarılması barədə qərar qəbul edilməsi ilə əlaqədar olduğundan, iddia ərizəsində cavabdeh sırasında Dövlət Gömrük Komitəsi deyil, yalnız 12 iyul 2021-ci il tarixli, 00800/0077 saylı inzibati tənbeh vermə haqqında Qərarın qəbul edildiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan aidiyyəti ixtisaslaşdırılmış gömrük orqanı Hava Nəqliyyatında Baş Gömrük İdarəsi olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 21.1.2.1-ci yarımbəndində Hava Nəqliyyatında Baş Gömrük İdarəsi inzibati orqan kimi nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində göstərdiyi analoji tələblə əvvəlcə inzibati orqana, yəni Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və cavabdehin nümayəndəsinin isə məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən (Bakı şəhərində olmaması) məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Eyni Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 04 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələri inzibati xətalara dair mübahisələrlə bağlı münasibətlərə şamil edilmir. İnzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının etirazı, narazılığı və şikayəti inzibati xəta haqqında iş üzrə icraat zamanı iddiaçıdan əvəzsiz olaraq götürülmüş, 18200 ədəd canlı zəlinin ümumi dəyərini təşkil edən 18200 manat pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən tutulması ilə bağlıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının qeyd olunan tələbi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı irəli sürülsə də, cavabdeh orqanlar ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törənmiş olsun. Çünki inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın (hazırkı halda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin) inzibati xətalara dair işlər üzrə inzibati icraat sahəsindəki fəaliyyət sferasına daxildir. Hazırkı iddia isə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərlə bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; -48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2-1(112)-6468/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Rəşid Səmədov Hakimlər Azad İmanov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2741/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2741/2023
25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver