Məhkəmə qərarları › İş №2-1(103)-2741/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2741/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2741/2024 22.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “dayandırılmış mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1748/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “ehtiyatda olan hərbi qulluqçu kimi müvəqqəti ödənilən və 2023-cü ilin yanvar ayından etibarən dayandırılmış mənzil kirayəsinə görə kompensasiya ödənilməsinin bərpa edilməsi və həmin kompensasiyanın 2023-cü ilin yanvar ayından etibarən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1990-cı ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidməti ilə əlaqədar arxiv sənədlərində müvafiq məlumatlar vardır: xx.xx.1992-ci il tarixli müvafiq əmrə əsasən Mİ-2 vertalyotunun bort texniki vəzifəsinə təyin edildiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1992- ci il tarixli 115 nömrəli əmrilə (əsas: səh,141, § 4) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin 24.12 1992-ci il 119 nömrəli əmri ilə (əsas: səh 145 § 2) baş gizir İddiaçı ümumi təminatlara daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 27 nömrəli əmri ilə (əsas:səh 176 § 2) əmrdə adı tam, atasının adı yazılmamışdır və hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı qazan təminatına daxil edilməsi barədə məlumat vardır, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 57 nömrəli əmrində ilə (əsas:səh 301 § 2) gizir В Kərimovun Yevlax rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 58 nömrəli əmrində (əsas:səh 202 § 4) baş gizir В.Kərimovun ezamiyyətdən qayıtması barədə məlumat vardır, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 90 nömrəli əmrində (əsas:səh 2 § 2) gizir İddiaçı maddi yardım göstərilmişdir, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 181 №li əmrində (əsas: səh 8, § 3, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı Yevlax rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat var, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 185 №-li əmrində (əsas: səh 202, § 4, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı Yevlax şəhərindən ezamiyyətdən qayıtması barədə məlumat vardır, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 202 nömrəli əmrində (əsas səh 37, Gəncə şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 212 №-li əmrində (əsas: səh 37, § 4, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı ezamiyyətdən qayıdaraq vəzifəsinin icrasına başlamış hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli 262 №-li əmrində (əsas: səh 4, § 2, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmrdə “FLNA BbinoriHeHne 6/3 В в/н 200” fərqli diyircəkli qələmlə yazılmışdır) baş gizir İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün N №-li hərbi hissəyə ezam olunaraq qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 269 №-li əmrilə (əsas: səh 12. § 4, sıra 12) baş gizir İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 54 №-li əmrilə (əsas: səh 46. § 3) borttexnik baş gizir Kərimov X2 rayonuna ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 57 №-li əmrdə (əsas; səh 49. § 1, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) bort-texnik gizir İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994- cü il tarixli 72 №-li əmrilə (əsas: səh 73, § 2, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) borttexnik gizir İddiaçı Gəncə şəhərinə ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 77 №- li əmrilə (əsas: səh 76, § 2) baş gizir İddiaçı ezamiyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 110 №-li əmrilə (əsas: səh 107, § 5) baş gizir İddiaçı 1993-cü il üçün istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyası ödənilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 152 №-li əmrilə (əsas: § 1, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) Mi- 2 vertalyotunun bort texniki gizir İddiaçı maddi yardım ödənilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 154 №-li əmrilə (əsas: səh 6, § 3) Mi-2 vertalyotunun bort texniki baş gizir İddiaçı Gəncə şəhərinə ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 156 №-li əmrilə (əsas, səh 6. § 3) Mi-2 vertalyotunun bort texniki baş gizir İddiaçı Gəncə şəhərindən ezamiyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994- cü il tarixli 175 №-li əmrilə (əsas səh 30, § 2, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) gizir İddiaçı Mi-2 vertalyotunun bort texniki vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 224 №-li əmrilə (əsas: səh 79, § 1) Mi-2 vertalyotunun bort texniki baş gizir İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il 2 tarixli 231 №-li əmrilə (əsas: səh 87, § 7) baş gizir İddiaçı məzuniyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 257 №-li əmrilə (əsas: səh 159, § 1) baş gizir İddiaçı məzuniyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. Azərbaycan Respublikasının “Hərbi xidmət häqqında” Qanununa müvafiq olaraq Baş Aviasiya Eskadrilyası Mİ-8 (Mi-9) aviasiya manqasının borttexniki gizir İddiaçı HHQ və HHMQ komandanının xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən 18-ci maddənin “Q” bəndinə (təşkilati tədbirlərlə əlaqədar olaraq xidmətdə olanlardan istifadə etmək mümkün olmadıqda) müvafiq olaraq ehtiyata tərxis olunduğu üçün N nömrəli hərbi hissənin şəxsi heyəti sırasından və bütün nov təminatlardan çıxarılmışdır. Hərbi xitmət ilə əlaqədar ezamiyyətdə olduğu qeyd olunan ezamiyyətlərin demək olar ki, hamısı döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar olmuşdur. Bundan başqa, xx.xx.1988-ci ildən xx.xx.1988-ci il tarixədək “33860” saylı hərbi hissədə səhra poçtu tərkibində Əfqanıstan DR-da hərbi qulluq keçmiş və hazırda rəsmi qaydada həm Əfqanıstan, həm də Qarabağ müharibəsinin veteranıdır. Ehtiyata buraxılmış hərbi qulluqçu kimi Bakı şəhər Nərmanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019- cu il tarixli sərəncamı ilə 10 nəfər ailə üzvü ilə Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranı kimi yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və qanunamüvafiq olaraq İcra Hakimiyyəti tərəfindən mənzillə təmin olunanadək müvəqqəti mənzil kirayəsi üçün kompensasiya ödənilmişdir. Lakin 2023-cü ilin yanvar ayından etibarən qeyd olunan kompensasiyanın ödənilməsi dayandırılmışdır. Kompensasiyanın ödənilməsini cavabdeh təşkilatdan tələb etdikdə bununla əlaqədar verilmiş 5-14/2-189/2023 saylı imtina məktubunda bildirilmişdir ki, “mənzil uçot işinə keçirilən baxış zamanı ünvan 1 ünvanda yaşayış sahəsi 28,1 kv.m ümumi sahəsi 63,8 kv.m olan mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əmlak müəyyən edilmişdir. Daha sonra qeyd edilmişdir ki, bu isə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinə zidd olduğundan, dövlət büdcəsindən müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi dayandırılır”. Cavabdeh tərəfindən verilmiş cavab əsassızdır və onun qanuni hüquqlarının pozulmasına səbəb olmuşdur. İmtinada göstərilən onun adına 28,1 kv.m yaşayış sahəsi olan mənzilin müəyyən olunması tamamilə əsassızdır. Belə ki, həmin ünvandan ailə üzvləri barədə arayış təqdim edərək, ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyi barədə ərizə ilə müraciət etmiş və mənzil növbəsinə götürülməyi barədə sərəncamda da yaşayış - yəni qeydiyyat yeri kimi həmin ünvan göstərilmişdir. Ona görə də onun adına 28,1 kv.m yaşayış sahəsi olan mənzilin olmasının müəyyən edilməsi tamamilə absurddur. Ona verilmiş imtina məktubunda göstərilənlər tamamilə əsassızdır. Belə ki, Qanunun həmin maddəsində ümumiyyətlə ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə dayanmış hərbiçilərə kompensasiya məbləğinin verilməsindən bəhs olunmur. Qanunun həmin maddəsində qeyd olunur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ var. Hazırkı mübahisə isə cavabdehdən fərdi ev tikdirmək üçün pulsuz torpaq sahəsi tələb olunması ilə əlaqədar deyil. Həmin Qanunun 12-ci maddəssinin 7-ci bəndində göstərilir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Qeyd olunan yaşayış sahəsi üzrə ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. Onun adına olan ünvan 2 ünvanında 10 nəfərdən ibarət ailə üzvlərindən oğlu, həyat yoldaşı və iki uşağı ilə birlikdə yaşayırlar. Onlar 6 nəfər isə kirayədə yaşayır və bu barədə rəsmi sənədləri cavabdeh təşkilata təqdim etmişdir. Orada da ailə üzvlərindən 4 nəfəri kirayədə yaşamadığı üçün qalan 6 nəfərə görə mənzil kirayəsi ilə əlaqədar kompensasiya ödənilmişdir. Qanunun qeyd olunan normalarının tələbinə görə, onun ehtiyatda olan hərbi qulluqçu kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülməyi kirayədə yaşadığı üçün mənzil alana qədər mənzil kirayəsinə görə ona müvəqqəti kompensasiya ödənilməsi üçün əsasdır. Ona görə də, cavabdeh tərəfindən verilmiş imtina əsassız hesab edilməlidir. Ona ehtiyatda olan hərbi qulluqçu kimi müvəqqəti ödənilən mənzil kirayəsinə görə kompensasiya ödənilməsi bərpa edilməlidir və həmin kompensasiyanın 2023-cü ilin yanvar ayından etibarən ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə müraciət edərək bildirmişdir ki, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində mənzil növbəsinə götürülmüş “Hərbi qulluqçuların statusunda haqqında” AR qanununun və AR Mənzil Məcəlləsinin tələbləri qaydasına tənzimlənir. Bildirmişlər ki, İddiaçı Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, 103 №-li Sərəncamı ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində ehtiyata buraxılmış hərbi qulluqçu (baş gizir) statusunda mənzil növbəsinə götürülmüşdür və 6 nəfərlik ailə üzvlərinə dövlət büdcəsindən müvəqqəti mənzilin kirayəsi üçün aylıq 525 manat kompensasiya məbləği ödənilmişdir. İddiaçı mənzil-uçot işinə baxış keçirilərkən onun mülkiyyətində bir neçə yaşayış sahəsinin, hazırda isə Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 14 ünvanında yaşyış sahəsi 28.1 kv.m, ümumi sahəsi 63.8 kv.m olan daşınmaz əmlakın olması müyyən edilmişdir. İddiaçı Nərimanov RİH-ə təqdim etdiyi AR ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin Daşınmaz Əmlakın Dövlət Reysrindən verilmiş xx.xx.2019-cu il tarixli, **********25 №-li Arayışına əsasən onun mülkiyyətində olan daşınmaz əmlaklar barədə müvafiq məlumatlar verilmişdir: ünvan 4, mənzil 121 A, 1 otaq ümumi sahəsi 63.8 kv.m, yşayış sahəsi 28.1 kv.m hazırda mülkiyyətindədir. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1321 В saylı bağ evi (xx.xx.2014-cü il tarixdə özgəninkiləşdirilib Seyidov Habil Həbib oğlunun adına) Bakı şəhəri, Nərimanov rayonu, Əlizadə küçəsi, ev 124, mənzil 12 (xx.xx.1993- cü ildə X5 bağışlanıb). “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (№ 36) 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin maddənin 3cü hissəsinə əsasən, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 12-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Bakı şəhərində şəxsi mülkiyyət hüququ ilə yaşayış evinə (evin bir hissəsinə) malik olan, uçota durmaq hüququ qazanmaq məqsədi ilə evi (evin bir hissəsini) özgənin adına keçirməklə (satmaqla, bağışlamaqla) və ya evi (onunbir hissəsini) korlamaqla öz mənzil şəraitini süni surətdə pisləşdirdiyi gündən ən tezi on il sonra uçota götürülürlər. Bakı şəhərində yaşamaq üçün yararlı evə (onun bir hissəsini) vərəsə kimi yiyələnmiş vətəndaş həmin evi özgənin adına keçirdikdə də bu qayda tətbiq olunur. A.Kərimovun Nərimanov RİH-ə təqdim etdiyi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş 15 mart 2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 111.9 kv.m, yaşayış sahəsi 55 kv.m, yardımçı sahəsi 56.9 kv.m olan 3 otaqlı bağ evinin mülkiyyətçisi Seyidov Habil Həbib oğlu bağ evini İddiaçı icarəyə verir. A.Kərimova mülkiyyətində olmuş və özgəninkiləşdirdiyi bağ evini həmin şəxsdən yenidən icarəyə götürməsi bu faktları bir daha təsdiq edir. Başqa sözlə, В.A.Kərimov özünə məxsus daşınmaz əmlakları özgəninkiləşdirməklə (satmaqla, bağışlamaqla və s.) müvafiq hərəkətlər etməsi mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, qeyd olunan tələbin cavabdeh tərəfindən yerinə yetirilməsi mümkünsüz hesab olunur, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əksinə olaraq, iddiaçıya müvəqqəti mənzil kirayə xərclərinin verilməsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1748/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli, K-8- 068 qeydiyyat nömrəli ərizə ilə Nərimanov RİH-ə müraciət edərək mənzil növbəsinə götürülməsini xahiş etmiş və Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixli, 103 №-li Sərəncamı ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində ehtiyata buraxılmış hərbi qulluqçu (baş gizir) statusunda mənzil növbəsinə götürülmüş və həmin andan onun 6 nəfərlik ailə üzvlərinə dövlət büdcəsindən müvəqqəti mənzilin kirayəsi üçün aylıq 525,0 manat kompensasiya məbləği ödənilmişdir. İlk öncə bildirirlər ki, ümumiyyətlə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində bu və ya digər əsaslarla mənzil növbəsinə götürülməsi, onların statusu haqqında qüvvədə olan qanunvericilik aktları və AR Mənzil məcəlləsinin tələbləri qaydasında tənzimlənir. Həmin şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində mənzil növbəliliyinin davam etdirilməsi və ya ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində (6 ay müddətində) müvafiq arayışların: 2 saylı Forma üzrə, ailə tərkibi barədə, şəxsin və onun digər ailə üzvlərinin adına digər yaşayış və ya torpaq sahələrinin olubolmaması və s. barədə arayışlar aidiyyətli qurumlardan alınaraq mənzil növbəliliyinin olduğu yerli icra hakimiyyətinə təqdim edilməlidir. İddiaçının sonradan Nərimanov RİH-ə təqdim etdiyi AR ƏMDK yanında DƏDRX-nin xx.xx.2019-cu il tarixli, **********25 nömrəli Arayışına əsasən onun mülkiyyətində 1. ünvan 4 ünvanında ümumi sahəsi 63,8 kv.m olan 121A Nə-li mənzil onun mülkiyyətidir(hal-hazırda da xüsusi mülkiyyətidir). 2. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0.12 ha torpaq sahəsində yerləşən 1321B nömrəli bağ evi iddiaçının mülkiyyəti olmuş, Sumqayıt Şəhər 4 saylı dövlət notariat kontorunun xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirilmişdir. 3. ünvan 5 ünvanında olan 12 N°-li mənzil iddiaçının mülkiyyətində olmuş və 38 saylı DNK-nın xx.xx.1993-cü il tarixli bağışlanma müqaviləsinə əsasən arvadı X8 bağışlanmışdır. İddiaçının sonradan Cavabdehə təqdim etdiyi DƏDRXnin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********52 nömrəli Arayışa əsasən onun arvadı X3 adına daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində mülkiyyətçi hüququnun qeydiyyatı barədə məlumat olmaması bildirilmişdir. İddiaçı Cavabdehə sonradan təqdim etdiyi və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 15 mart 2019-cu il tarixli icarə müqaviləsinə əsasən ünvan 6 ünvanında 0,12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 111.9 kv.m, yaşayış sahəsi 55 kv.m, yardımçı sahəsi 56.9 kv.m olan 3 otaqlı bağ evinin mülkiyyətçisi Seyidov Habil Həbib oğlu vaxtı ilə İddiaçı məxsus bağ evinin aylıq 200 manata ona icarəyə verir. (Müqavilə müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (NQ 36) 12ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin maddənin 3-cü hissəsinə əsasən, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular göstərilən qaydada mənzillə və ya torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 12-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən. Bakı şəhərində şəxsi mülkiyyət hüququ ilə yaşayış evinə ( evin bir hissəsinə) malik olan, uçota durmaq hüququ qazanmaq məqsədi ilə evi (evin bir hissəsini) özgənin adına keçirməklə (satmaqla, bağışlamaqla) və ya evi (onunbir hissəsini) korlamaqla öz mənzil şəraitini süni surətdə pisləşdirdiyi gündən ən tezi on il sonra uçota götürülürlər. - Bakı şəhərində yaşamaq üçün yararlı evə (onun bir hissəsini) vərəsə kimi yiyələnmiş vətəndaş həmin evi özgənin adına keçirdikdə də bu qayda tətbiq olunur. İddiaçı mülkiyyətində olmuş və özgəninkiləşdirdiyi bağ evini həmin şəxsdən yenidən icarəyə götürməsi bu faktları bir daha təsdiq edir. Başqa sözlə, İddiaçı özünə məxsus daşınmaz əmlakları özgəninkiləşdirməklə (satmaqla, bağışlamaqla və s.) müvafiq hərəkətlər etməsi mənzil şəraitinin süni pisləşdirilməsi kimi qiymətləndirilməlidir. Belə ki, AR Mənzil Məcəlləsinin 52-ci maddəsinin tələbinə görə: yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Göründüyü kimi iddiaçı səhv və təhrif olunmuş məlumatları əks etdirən sənədləri RİH-ə təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olmuş və dövlət büdcəsindən mart 2019-cu il tarixindən müvəqqəti mənzilin kirayəsi xərclərini almışdır (Hal-hazırda bu məsələ müvafiq tədbirlərin görülməsi üçün tərəfimizdən araşdırılır). Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı əlavə olaraq izahatında bildirdi ki, mülkiyyətində olan mənzilin sahəsi kiçik olduğundan xx.xx.2019-cu il tarixli icarə-kirayə müqaviləsi əsasında Novxanı bağ sahəsində kirayəyə götürdüyü bağda yaşayır. Həmin müqavilə də icra hakimiyyətində mənzil növbəsinə götürülən zamanı inzibati orqana təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddianın mümkünlüyü: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırki iş üzrə iddiaçı ehtiyatda olan hərbi qulluqçu kimi müvəqqəti ödənilən və 2023-cü ilin yanvar ayından etibarən dayandırılmış mənzil kirayəsinə görə kompensasiya ödənilməsinin bərpa edilməsi və həmin kompensasiyanın 2023-cü ilin yanvar ayından etibarən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. İddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətinə imtina edilmişdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.

3. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; 3.2. növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. - 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra - uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

İşin araşdırılmış hallarından görünür ki, iddiaçı Bakı şəhəri Cavabdehin 103 saylı xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ailə tərkibi 10 nəfər (özü, arvadı, 2 oğlu, 2 gəlini, 4 nəvəsi) olmaqla yaşayış yeri üzrə Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı kimi mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi alan ailələrin və ehtiyata buraxılmış hərbçilərin siyahısına daxil edilmişdir və iddiaçıya 6 nəfərlik ailə üzvlərinə dövlət büdcəsindən müvəqqəti mənzilin kirayəsi üçün aylıq 525 manat kompensasiya məbləği ödənilmiş, lakin 2023-cü ilin yanvar ayından etibarən kompensasiyanın ödənilməsi dayandırılmışdır. Kompensasiyanın ödənilməsi dayandırılarkən cavabdeh inzibati orqan o hallara istinad etmişdir ki, iddiaçını mənzil-uçot işinə baxış zamanı Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 14 ünvanında, yaşayış sahəsi 28.1 kv.m, ümumi sahəsi 63.8 kv.m olan və mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan daşınmaz əmlak müəyyən edilmişdir, bu isə “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinə zidd olduğundan kompensasiya məbləğinin ödənilməsi dayandırılır. İddiaçı hazırki tələbində ehtiyatda olan hərbi qulluqçu kimi müvəqqəti ödənilən və 2023-cü ilin yanvar ayından etibarən dayandırılmış mənzil kirayəsinə görə kompensasiya ödənilməsinin bərpa edilməsi və həmin kompensasiyanın 2023-cü ilin yanvar ayından etibarən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Bakı şəhəri Cavabdehin 103 saylı xx.xx.2019-cu il tarixli sərəncamına əsasən ehtiyata buraxılmış hərbu qulluqçu İddiaçı Cavabdehə (RİH) ərizə ilə müraciət edərək, Əfqanıstan və Qarabağ müharibəsi veteranı kimi yaşayış yeri üzrə Nərimanov RİH-də mənzil növbəsinə götürülməsini xahiş etmişdir. İddiaçı ailə tərkibi 10 nəfər (özü, arvadı, 2 oğlu, 2 gəlini, 4 nəvəsi) olmaqla T.Şıxəliyev küçəsindəki 14 №-li evin, yaşayış sahəsi 28,1 kv.m olan 1 otaqlı 121 A №-li mənzilində daimi qeydiyyatda olmaqla yaşayır. İddiaçı ehtiyata buraxılmış hərbi qulluqçu olmaqla Əfqanıstan və Qarabağ müharibəsi veteranıdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə tam cavab verir. Qeyd olunanlara, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddələrinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndlərinə istinad edilərək qərara alınmışdır: İddiaçı ailə tərkibi 10 nəfər (özü, arvadı, 2 oğlu, 2 gəlini, 4 nəvəsi) olmaqla yaşayış yeri üzrə Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı kimi mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi alan ailələrin və ehtiyata buraxılmış hərbçilərin siyahısına daxil edilmişdir. Sərəncamın surətlərinin RİH başçısı Aparatının Hüquq şöbəsinə və İddiaçı göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə tapşırılmışdır. Sərəncam hazırda qüvvədədir, ləğv olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi iləbağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hazırda iddiaçının Nərimanov rayonu, T.Şıxəliyev küçəsi, ev 14 ünvanında yaşyış sahəsi 28.1 kv.m, ümumi sahəsi 63.8 kv.m olan daşınmaz əmlakın olmasını əsas gətirərək sərəncamın icrasından imtina etməsi əsassızdır. Belə ki, həmin hal sərəncam qəbul edilərkən mövcud olmuş və cavabdeh tərəfindən müəyyən edilmiş, sərəncamda qeyd edilmişdir. Hazırda isə heç bir yeni hal müəyyən edilməmişdir və sərəncam qüvvədədir. Həmçinin, məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçının tələbində qeyd edilən kompensasiyanın təyinatı məhz kirayə xərclərinin ödənilməsinə xidmət etdiyindən, iddiaçı da mənzil şəraiti yaxşılaşdırılmalı hərbi qulluqçu kimi mənzil növbəsinə götürülən vaxtdan kirayə götürülmüş mənzildə yaşadığından tələbində haqlı hesab edilir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Seyidov Habil Həbib oğlu ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin üzərindəki evi icarəçi İddiaçı icarəyə verir; icarə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir, bu səbəbdən, şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1748/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6).

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1748/2024 nömrəli, 05 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar