Məhkəmə qərarları › İş №2-1(103)-2741/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2741/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2741/2025 16.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Prezident Adminstrasiyasına qarşı “mənəvi təzminatın ödənilməsi və müraciətə cavab verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezident Adminstrasiyasına qarşı “mənəvi təzminatın ödənilməsi və müraciətə cavab verilməsi” dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9113/2025 saylı 08 may 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 16 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Ulduz-Elektron” Məhdud Məsiliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Prezident Adminstrasiyasına qarşı məhkəməyə müraciət edərək, mənəvi zərərə görə **********000 (iki trilyon) manat mənəvi təzminat ödənilməklə müraciətlərinə qanunamüvafiq tədbirlər görülməklə cavab verilməsi öhdəliyinin cavadehrin üzərinə qoyulması barədə qərar qəbul edilmasini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçı “Ulduz-Elektron” Məhdud Məsiliyyətli Cəmiyyəti əsl İddiaçı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinə və eyni zamanda Azərbaycan Respublikası Prezident Administrasiyasına elektron poçt vasitəsilə iki müraciət etmişdir. Göndərdiyi müraciətlər həmin gün Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Respublikası Prezident Administrasiyası tərəfindən qəbul edilməsi barədə bildiriş gəlmişdir. Cavabdehlər tərəfindən göndərilən müraciətlərin heç biri bu günə kimi cavablandırılmamışdır və qanunamüvafiq tədbirlər görülməmişdir. Dövlət qulluqçularının hərəkət və hərəkətsizliyi dövlətə olan inamı kəskin surətdə sarsıdır, bu öz növbəsində mənəvi iztirab verir, ağır mənəvi zərər dəydiyini göstərir. Bu mənəvi zərər pul dəyərində ölçülməyəcək qədər böyükdür, lakin mənəvi təzminat qanunla pul ilə hesablandığından həmin mənəvi zərərdən çox-çox az olmasına baxmayaraq, həmin mənəvi təzminatı **********000 (iki trilyon) manat məbləğində dəyərləndirilib. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9113/2025 saylı 08 may 2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi və iddia tələbi üzrə işin icraata qəbul edilib icraat üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri Şikayət iddia ərizəsinə uyğun əsaslandırılmış, məhkəmə qərarında şəxsin məhkəməyə müraciət hüququnun olmasını, lakin bu hüququn mütləq hüquq olmadığını göstərmişdir. Məhkəmənin bu mülahizəsi birbaşa Azərbaycan Respublikası Konstitusiyasını inkar etməkdir. Belə ki, məhkəmənin göstərdiyi mülahizəni əsas götürsək onda belə çıxır ki, məhkəməyə müraciət etmək üçün hər bir şəxs birinci növbədə icazə almalıdır, yəni məhkəməyə müraciət hüququ əldə etməlidir. Göründüyü kimi, nə qədər də absurd bir mülahizədir. Halbuku, məhkəməyə müraciət etmək hər bir kəsin Azərbaycan Respublikası Konstitusiyasına görə müstəsna hüququdur. O da həmin hüququndan istifadə edib məhkəməyə müraciət etmişdir. Məhkəmənin ikinci mülahizəsi də absurddur, belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası inzibati orqan deyildir kimi göstərir, əgər inzibati orqan deyilsə, bəs onda nədir? Məhkəmə öz qərarında bunu açıqlamır və davamlı olaraq məhkəməyə müraciət hüququnun mütləq hüquq olmadığını göstərərək, absurd mülahizə ilə iddianı mümkün saymamışdır. Ona görə də heç bir tutarlı əsas gətirmədən iddianını mümükün olmadığı barədə qəbul etdiyi qərardad da qanunsuzdur. Odur ki, həmin qərardad ləğv edilməli, iddia mümkün sayılmalı və birinci instansiya məhkəməsinə iş icraata qəbul edilməklə qaytarılmalıdır. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Prezident Adminstrasiyasının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehə etdiyi müraciət məktubları ilə bağlı müvafiq hərəkətlər həyata keçirilib, nəticədə onun tələbləri yüksək şəkildə təmin olunmuşdur. Sadəcə bir sahibkar olaraq gömrük orqanının hərəkətlərindən narazı olduğunu, qanuni qüvvəsini almış məhkəmə qərarlarının hələ də həmin orqan tərəfindən icra olunmadığını bildirmişdir. Bununla bağlı həmin orqan barəsində müvafiq tədbirlərin görülməsini istəyir. Odur ki, iddiaçı şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək inzibati işin Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, iddiaçı mənəvi zərərə görə **********000 (iki trilyon) manat mənəvi təzminat ödənilməklə müraciətlərinə qanunamüvafiq tədbirlər görülməklə cavab verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulmasını tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının hüquqi marağının mövcudluğunu əsaslandırmasıdır. Apellyasiya şikayətinin məzmunundan aydın olur ki, iş üzrə iddiaçının hüquqi marağı cavabdehə ünvanladığı məktublara cavabın verilməsindən və ona vurulmuş ziyana görə təzminatın ödənilməsindən ibarət olmuşdur. İşin apellyasiya baxışı zamanı iddiaçı izahatında bildirmişdir ki, işdə olan cavabdehə etdiyi müraciət məktubları ilə bağlı müvafiq hərəkətlər həyata keçirilib, nəticədə onun tələbləri yüksək şəkildə təmin olunmuşdur. Sadəcə bir sahibkar olaraq gömrük orqanının hərəkətlərindən narazı olduğunu, qanuni qüvvəsini almış məhkəmə qərarlarının hələ də həmin orqan tərəfindən icra olunmadığını bildirmişdir. Bununla bağlı həmin orqan barəsində müvafiq tədbirlərin görülməsini istəyir. Göründüyü kimi, iddiaçının şikayəti əslində hazırki işdəki cavabdeh qurumdan deyil, belə ki, bildirdiyi kimi, cavabdeh quruma etdiyi müraciətləri ilə bağlı tələbləri artıq ödənilmişdir. Belə olan halda iddiaçının hazırki cavabdehə qarşı “müraciətlərinə cavab verilməsi öhdəliyinin qoyulması” ilə bağlı tələb irəli sürməkdə artıq hüquqi marağı qalmamışdır. Digər tərəfdən, məhkəmə araşdırmaları nəticəsində müəyyən olunmuşdu ki, iddiaçı tələb etdiyi mənəvi təzminatın ona ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdan öncə bu barədə (təzminat barədə) cavabdehə müraciət etməmişdir. Halbuki İPM-də nəzərdə tutulmuş “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında” iddia növü üzrə tələb olunan mümkünlük şərti- iddia üzrə iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi və imtina almasıdır. Yəni, iddiaçı hazırki tələblə bağlı ilk növbədə inzibati orqana müraciət etməli, inzibati orqan tərəfindən müvafiq inzibati akt təqdim edildikdən və ya bu barədə yazılı məlumat verildikdən sonra iddia ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Lakin hazırki işə baxılarkən iddiaçının “mənəvi təzminatın ona ödənilməsi” tələbi ilə bağlı ilk növbədə cavabdehə rəsmi qaydada müraciət etməsi, bununla bağlı hər hansı imtinanın verilməsi halı müəyyən olunmamış, həmçinin məhkəmə iclasında bu barədə hər hansı sübut da iddiaçı tərəfindən təqdim edilməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının qeyrimümkün sayılması ilə bağlı birinci instansiya məhkəməsi nəticə etibarilə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iddia ərizəsi ilə eynilik təşkil etməklə yanaşı, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9113/2025 saylı 08 may 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9113/2025 saylı 08 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar