Məhkəmə qərarları › İş №2-1(103)-2742/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2742/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2742/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3080/2022 nömrəli iş üzrə 06 may 2022-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona xx.xx.2019-cu il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının təqdim etdiyi arxiv arayışlarında işlədiyini iddia etdiyi illərin sosial sığorta stajına daxil edilməsi üçün mötəbər sübut hesab olunmadığı üçün həmin illər sosial sığorta stajı kimi hesablana bilməz. Bu səbəbdən də iddiaçıdan tələb olunan sosial sığorta stajı tələbi ödənmədiyi üçün ona əlilliyə görə əmək pensiyası təyin etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətinə gəldikdə, ilk olaraq, birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə: “İş materiallarına əlavə edilmiş AZE seriyalı 13061849 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsinin xx.xx.2019-cu il tarixdə verdiyi 027520 nömrəli vəsiqənin surətinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz İ (birinci) dərəcə əlildir. Məhkəmənin sorğusuna cavab olaraq Tovuz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 251 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 251 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, “M.B.Qasımov” adına sovxozun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində vətəndaş İddiaçı 20 may 1978-ci il tarixdə 241 №-li əmrlə “M.B.Qasımov” adına sovxozun 7 №-li traktor briqadasına traktorçu təyin edilmiş, 15 noyabr 1991-ci il tarixdə 601 №-li əmrlə 2 №-li traktor briqadası üzrə traktorçu, Azərb SSR ƏQM-in 37-ci maddəsinə uyğun olaraq öz arzusu ilə 01 oktyabr 1991-ci il tarixdən başqa işə getdiyinə görə işdən azad edilməsi göstərilmişdir. Əsas: fond № 75, siyahı 2. iş 50 v 32 iş 124 v 4. Qeyd edilən məktuba əlavə edilmiş İddiaçı “M.B.Qasımov” adına sovxozda əmək haqqı arayışından görünür ki, İddiaçı 19781990-cı illər üzrə əmək haqqı ödənişləri edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Tovuz rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 275 nömrəli məktubu ilə İddiaçı “M.B.Qasımov” adına sovxozda 1978-1991-ci illərdə işləməsinə dair şəxsi hesab kitablarının və əmr kitablarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2022-ci il tarixli, 01/06 nömrəli məktubunda qeyd edilmişdir ki, sabiq sürücü: İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Cəmiyyətdə sürücü vəzifəsində işləmişdir. Sürücü təşkilatlara müqavilə əsasında nəqliyyat xidməti işlərində deyil, “icarə” əsasında fəaliyyət göstərmişdir. Sürücü: İddiaçı aşağıdakı illərin aşağıdakı aylarında, aşağıdakı əmək haqqı hesablanmışdır: Təqdim olunmuş cədvələ əsasən 1992-1999-cu illər üzrə əmək haqları ödənilmişdir. Qeyd: Aşağıdakı məbləğlər mükafat olduğu üçün əmək haqqı hesablama cədvəlinə daxil edilməmişdir. İİİ-1993-cü ildə - 891,00 manat, Vİ1995-ci ildə - 101375,00 manat, V-1996-cı ildə - 122985,00 manat. 13-cü əmək haqqı alıb - 1992-ci ilin hesabına, 13-cü əmək haqqı alıb - 1994-cü ilin hesabına, 13-cü əmək haqqı alıb - 1995-ci ilin hesabına, cəmi 225251,00 manat. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 01/08 nömrəli arayışında qeyd edilmişdir ki, verilir: İddiaçı xx.xx.1991-ci ildən (Əmr № 86 ş/h xx.xx.1991) xx.xx.2001-ci il (Əmr № 96 ş/h xx.xx.2001) tarixinə qədər müəssisədə KAMAZ markalı avtomaşında sürücü işləmişdir. Qeyd: 1982-2013-cü illərdə müəssisənin adı dəfələrlə dəyişdirilmişdir: Azərbaycan SSR Nəqliyyat Nazirliyinin Tikinti-Quraşdırma Trestinin təsərrüfat hesablı maşın və mexanizm avtobazası xx.xx.1982-ci ildən Azərbaycan SSR Nəqliyyat Nazirliyinin Tikinti X3 Avtonəqliyyat Müəssisəsi adlandırılmışdır. xx.xx.1989-cu ildən Bakı Sənaye Tikinti X1 10 saylı Avtonəqliyyat Müəssisəsi adlandırılmışdır. xx.xx.1994-cu ildən Bakı Sənaye Tikinti X1 10 saylı X4 Müəssisəsi adlandırılmışdır. xx.xx.1998-ci ildən özəlləşdirilmə ilə əlaqədar olaraq müəssisə "xxxx" X6 Cəmiyyəti (Əmr № xx.xx.1998) adlandırılmışdır. xx.xx.2013-cü ildən (Əmr № 31 xx.xx.2013) Nizamnamənin dəyişdirilməsi ilə əlaqədar müəssisə "xxxx" Acıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilmə vəziyyətinə və İddiaçı həmin müəssisədə işləməsinə dair məlumatların təqdim olunması barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Azərbaycan Respublikasında 19951998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1197 nömrəli sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Bakı 10 saylı Yük avtonəqliyyat müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.1998-ci il tarixində tam başa çatdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilir ki, İddiaçı adı əmək kollektivinin üzvü kimi (sürücü vəzifəsində, xx.xx.1997-ci il vəziyyətinə 19 il 5 ay iş stajı ilə) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısına daxil edilmişdir. ... Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı Regional Ərazi Filialının İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda qeyd edilmişdir ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi haqqında qaydalar”ın 3.2.2-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə sosial sığorta stajının hesablanması proseduru həyata keçirilə bilər. Qeyd olunanlara əsasən bildirilir ki, sizə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün arxiv arayışlarının məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə birlikdə Tovuz regional “ASAN” xidmət mərkəzinə və ya Fondun 20 saylı regional ərazi filialına təqdim etməyiniz tövsiyə olunur. ... Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -4.3.1-ci bəndinə görə əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir: -4.3.2-ci bəndinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. -4.3.3-cü bəndinə əsasən İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, İ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərt əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı hesablanmaqla 5 ildən az olmamaq şərtilə ümumi sığorta stajının olmasıdır. Hazırkı iş üzrə iddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz İ dərəcə əlildir. İddiaçıya tələb olunan sığorta stajına gəlincə isə adıçəkilən Qaydaların 4.3.2-ci yarımbəndinə uyğun olaraq xx.xx.1963-cü il təvəllüdlü olmaqla əlillik təyin olunduğu vaxt 56 yaşı olmuşdur. 56 yaşlı sığortaolunan üçün 13 il 07 ay (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (56 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 41) x 4 ay = 164 ay/12 = 13 il 7 ay) sığorta stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Cavabdehin pensiya təyin edilməsindən imtinasının əsas dəlili iddiaçının əmək fəaliyyəti barədə qeydləri özündə əks etdirən əmək kitabçasının olmamasıdır. Cavabdeh iddiaçının arxiv arayışlarına əsasən işlədiyi dövrün sığorta stajı kimi qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin q bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. İş üzrə əldə edilmiş dövlət arxiv arayışına əsasən iddiaçı 20 may 1978-ci il tarixdə “M.B.Qasımov” adına sovxozda traktorçu təyin edilmiş, 15 noyabr 1991-ci il tarixdə işdən azad edilmişdir. Məhkəmənin sorğusu əsasında iddiaçının qeyd edilən sovxozda işləməsi barədə arayışın tərtib edilməsi zamanı əsas götürülmüş əmrlər kitabından çıxarışlar, şəxsi hesab kitablarından İddiaçı aid olan hissələr təqdim edilmişdir. Qeyd edilən arxiv sənədlərinin mötəbərliliyini şübhə altına ala biləcək hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Beləliklə, iddiaçının “M.B.Qasımov” adına sovxozda işlədiyi dövr onun ümumi sığorta stajına daxil edildikdə 13 il 05 ay 26 gün stajı təşkil edir. Bundan əlavə, İddiaçı "xxxx" ASC-də (keçmiş Bakı 10 saylı Yük avtonəqliyyat müəssisəsi) xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək sürücü işləmişdir. Qeyd edilməlidir ki, “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Bakı 10 saylı Yük avtonəqliyyat müəssisəsi xx.xx.1998-ci ildə özəlləşdirilərək "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC-nin təqdim etdiyi arxiv arayışında, əmək haqqı cədvəlində iddiaçının müəssisədə sürücü işlədiyi qeyd edilmiş, işlədiyi dövrə aid aldığı əmək haqqı barədə cədvəl məhkəməyə təqdim edilmişdir. İddiaçının "xxxx" ASC-də işləməsi həm də Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1197 nömrəli sərəncamı ilə Bakı 10 saylı Yük avtonəqliyyat müəssisəsinin özəlləşdirilməsi zamanı müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş emissiya prospektində (özəlləşmə planı) səhmləri güzəştlə almaq hüququ olan əmək kollektivinin siyahısında İddiaçı adının qeyd edilməsi ilə də sübut olunur (məhkəmə nəzərə alır ki, adıçəkilən emissiya prospektində iddiaçının təkcə həmin müəssisədə işlədiyi dövr deyil, bütövlükdə, yəni sovxozda işlədiyi dövr daxil edilməklə ümumi iş stajı 19 il 05 ay olaraq qeyd edilmişdir). İddiaçının "xxxx" ASC-də xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək sürücü işlədiyi dövr 10 il 24 gün təşkil edir.” İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının faktiki və qanuni əsasları ilə razılaşdığı üçün onları təkrar sadalamır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, dəlillər əsassızdır. Cavabdehin pensiya təyin edilməsindən imtinasının əsas dəlili iddiaçının əmək fəaliyyəti barədə qeydləri özündə əks etdirən əmək kitabçasının olmamasıdır. Cavabdeh iddiaçının arxiv arayışlarına əsasən işlədiyi dövrün sığorta stajı kimi qəbul edilməsini mümkün hesab etmir. Halbuki, qanunvericiliyin istinad olunan tələblərinə görə, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Belə ki, işdə olan dövlət arxivinin arayışına əsasən iddiaçı 20 may 1978-ci il tarixdə “M.B.Qasımov” adına sovxozda traktorçu təyin edilmiş, 15 noyabr 1991-ci il tarixdə işdən azad edilmiş, iddiaçının qeyd edilən sovxozda işləməsi barədə arayışın tərtib edilməsi zamanı əsas götürülmüş əmrlər kitabından çıxarışlar, şəxsi hesab kitablarından iddiaçıya aid olan hissələr təqdim edilmişdir. Qeyd edilən arxiv sənədlərinin mötəbərliliyini şübhə altına ala biləcək hallar məhkəmə kollegiyasına məlum deyil, cavabdeh də apellyasiya şikayətində bu əsasları göstərməmişdir. Odur ki, iddiaçının “M.B.Qasımov” adına sovxozda işlədiyi iş stajı 13 il 05 ay 26 gün təşkil edir. Bundan əlavə, iddiaçı "xxxx" ASC-də (keçmiş Bakı 10 saylı Yük avtonəqliyyat müəssisəsi) xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək sürücü işləmiş, “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Bakı 10 saylı Yük avtonəqliyyat müəssisəsi xx.xx.1998-ci ildə özəlləşdirilərək "xxxx" ASC yaradılmış, sonuncunun təqdim etdiyi arxiv arayışında, əmək haqqı cədvəlində iddiaçının müəssisədə sürücü işlədiyi qeyd edilmiş, işlədiyi dövrə aid aldığı əmək haqqı barədə cədvəl Məhkəməyə təqdim edilmişdir. İddiaçının "xxxx" ASC-də işləməsi həm də Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 1197 nömrəli sərəncamı ilə Bakı 10 saylı Yük avtonəqliyyat müəssisəsinin özəlləşdirilməsi zamanı müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş emissiya prospektində (özəlləşmə planı) səhmləri güzəştlə almaq hüququ olan əmək kollektivinin siyahısında iddiaçının adının qeyd edilməsi ilə də sübut olunur ki, bu da 10 il 24 gün təşkil edir. Göründüyü kimi, 56 yaşında İ dərəcə əlillik təyin olunmuş iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan minimum 13 il 7 ay sığorta stajı şərtinə iş üzrə iddiaçı tərəfindən əməl olunur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından da zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3080/2022 nömrəli iş üzrə 06 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar