Məhkəmə qərarları › İş №2-1(103)-2745/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2745/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2745/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2-1(112)-5760/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.1992-01.04.1999-cu illərdə "xxxx" ASC-də işlədiyi illərin ümumi iş stajınasosial sığorta stajına daxil edilməklə ona hüququn yarandığı vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 01.01.1992-01.04.1999-cu illərdə "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona 27.07.2018-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 07 iyun 2021ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə müraciət edərək, dəqiqləşmə barədə ərizədə texniki səhv olaraq 14.06.2018-ci il tarix əvəzinə 27.07.2018-ci il tarix qeyd edildiyini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmiş və iddia tələbinin “01.01.1992-01.04.1999-cu illərdə "xxxx" ASC-də işlədiyim illərin sosial sığorta stajına daxil edilməsi və iddiaçıya 14.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi göstərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2-1(112)-5760/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2-1(112)-5760/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş 10.11.1975-ci il tarixli İT-İ № ******* saylı əmək kitabçası və əyani təhsil haqqında diplomuna əsasən iddiaçının ümumi iş stajı 01.01.2006-cı il tarixinədək 18 il 5 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda onun 01.01.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan başqa, iddiaçının əmək kitabçasına əsasən mübahisələndirilən dövr 01.01.1992-ci il tarixdən 01.04.1999-cu il tarixədək olan dövrü təşkil edir. Aidiyyatı üzrə cavabdeh tərəfindən göndərilmiş 06.05.2021-ci il tarixli, **********4 nömrəli sorğuya verilmiş 21.05.2021-ci il tarixli, **********031100 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" ASC (VÖEN:**********) Azərbaycan Dövlət Əmlak Komitəsinin 377 nömrəli, 02 mart 1998-ci il tarixli sərəncamı ilə yaradılmış və 26.03.1998ci il Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Həmçinin, iddiaçının işlədiyini iddia etdiyi müəssisənin 02 mart 1998-ci il tarixinədək olan fəaliyyətinin mövcudluğu ilə bağlı heç bir məlumat verilməmişdir. Bu səbəbdən həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkünsüzdür. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2-1(112)-5760/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2-1(112)-5760/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. - B-İ №002435 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1972-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1977-ci ildə “Soyuducu və kompressor maşınları və qurğuları” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1977-ci 28 iyun tarixli qərarı iə ona mühəndis-mexanik ixtisası verilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Qax rayon şöbəsinin 32/172 nömrəli 01.08.2018-ci il tarixli məktubundan görünür ki, 01.01.2006-ci il tarixədək İddiaçı əmək kitabçasına əsasən müəyyən olunan 20 il 10 ay 25 gün sosial sığorta stajına görə fərdi hesabının sığorta nissəsində qeydə alınmalı olan pensiya kapitalı 14.662,84 manat ((20 il tam iş stajı x 306 manat = 6.120,0 manat + 255,0 manat (306 : 12 ay x 10 ay) + 21,25 manat (306 : 360 gün x 25 gün) = 6.395,25 manat, bu məbləğ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək 14.662,84 manat müəyyən olunur) məbləğində müəyyən olunmuşdur. Fərdi hesabının sığorta hissəsində qeydə alınan 14.662,84 manat pensiya kapitalı nəzərə alınmaqla Qanunun 10.2-ci maddəsinə əsasən hesablanan əmək pensiyasının məbləği 101,82 manat (14.662,84 manat pensiya kapitalı : 144 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) müəyyən olunduğundan və bu məbləğ yuxarıda qeyd edildiyi kimi əmək pensiyasının minimum məbləğindən yəni 116,27 manatdan az olduğuna görə, eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd edildiyi kimi 25 il sosial sığorta stajına malik olmadığına görə ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələblərinə uyğun deyildir; - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 10 mart 2021-ci il tarixli, **********1 saylı imtina məktubunda qeyd edilmişdir ki, əmək kitaçasında qeyd olunan 01.01.1992-ci il tarixindən 01.04.1999-cu il tarixinədək işlədiyi "xxxx" ATSC-nin maliyyə uçot sənədlərinin rayon arxivində təhvil verilməməsi səbəbindən qeyd olunan dövrün sığorta stajının yoxlanılması mümkün olmamışdır. Beləliklə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunvericiliyinin tələblərinə uyğun deyildir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkük hesab edilmir. Ona “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.2-ci maddəsinə əsasən 01.01.2020-ci il tarixdən yaşa görə müavinət təyin olunmuşdur; - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qax rayon Dövlət Arxivinin 36 nömrəli 29 aprel 2021-ci il tarixli məktubuna əsasən, "xxxx" ASC (keçmiş Qax Konserv zavodu” şəxsi heyətlə bağlı sənədləri (o cümlədən əmr kitabı, əmək haqqı cədvəlləri) arxivə təhvil verilməmişdir. - Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: -DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının **********2 nömrəli 20 may 2021-ci il tarixli məktubuna əsasən, İddiaçı təqdim etdiyi 10.11.1975-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan illər üzrə və təhsil haqqında diplomuna əsasən 25 il 8 ay 22 gün ümumi iş stajı olsa da, onun 01.01.1992-ci il tarixindən 01.04.1999-cu il tarixinədək "xxxx" ATSC-də işlədiyi iş stajını həmin ATSC-nin uzun müddət fəaliyyəti olmadığı səbəbindən və maliyyə uçot sənədlərinin rayon arxivinə təhvil verilmədiyindən yoxlanması mümkün olmamışdır. Buna görə də onun qanunvericiliyə müvafiq olaraq hesablanan sosial sığorta stajı 18 il 5 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır. 01.01.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində 13.350,02 manat pensiya kapitalı vardır və 01.01.2006-cı il tarixindən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********32 nömrəli 24 iyun 2021-ci il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Dövlət Əmlak Komitəsinin 02.03.1998-ci il tarixli 377 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş X2 (Konserv zavodunun) bazasında "xxxx" ASC yaradılmış və 25.12.2007-ci il tarixinə səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. "xxxx" səhmdar cəmiyyətinin özəlləşdirmə planında (Emissiya prospektində) özəlləşdirmə komissiyası tərəfindən təqdim olunmuş işçilərin siyahısında İddiaçı adı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7, 1.0.2, 21.1, 22.1-ci maddələrini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1, 3.2, 3.2.1-ci bəndlərini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndini, 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiya təminatı” haqqında SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndini, 109-cu maddəsinin “i” yarımbəndini, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 01.01.1992-ci il tarixdən 01.04.1999-cu il tarixədək "xxxx" ASC-də işlədiyi illər sosial sığorta stajına daxil edilməklə ona 63,5 yaşının tamam olduğu, 14.06.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının 01.01.1992-ci il tarixdən 01.04.1999-cu il tarixədək işlədiyi dövr üzrə "xxxx" ASC (VÖEN:**********) Azərbaycan Dövlət Əmlak Komitəsinin 377 nömrəli, 02 mart 1998-ci il tarixli sərəncamı ilə yaradılmış və 26.03.1998-ci il Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Həmçinin, iddiaçının işlədiyini iddia etdiyi müəssisənin 02 mart 1998-ci il tarixinədək olan fəaliyyətinin mövcudluğu ilə bağlı heç bir məlumat verilməmişdir. Bu səbəbdən həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkünsüzdür. Qeyd olunan məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan başqa, qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi uzun müddətdə baş vermişdir. Səhmdar Cəmiyyətləri bir anda yaranmamışdır. Yuxarıda adı çəkilən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”nın “Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi və onların özəlləşdirilməsi haqqında qərarların qəbulu Qaydaları” adlı 2-ci bölməsinin 1-3-cü bəndəlrinə görə, özəlləşdiriləcək dövlət müəssisələri kiçik, orta və iri müəssisələrə bölünür, özəlləşdiriləcək bütün orta və iri müəssisələr əvvəlcə səhmdar cəmiyyətlərə çevrilir və sonradan özəlləşdirilir; dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi və onların özəlləşdirilməsi zamanı həmin müəssisələrdə çalışan işçilərin hüquqları, habelə əhalinin sosial müdafiəsi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq təmin edilir. Həmin Proqrama “ Özəlləşdirmə prosesində dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi Qaydaları” adlanan 2 saylı Əlavədə özəlləşdirmədən əvəl görülməli olan zəruri təlbirlər aıqlanmışdır, belə ki:

1. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi əsasında DƏK tərəfindən işlənib hazırlanan və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclisi tərəfindən təsdiq olunan müvafiq Əsasnamə ilə tənzimlənir.

2. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi mövcud texnoloji və idarəçilik əlaqələrini nəzərə almaqla həyata keçirilir. Sərbəst təsərrüfat subyektlərinin səhmdar cəmiyyətlərə çevrilməsi zamanı heç bir əlavə şərt və məhdudiyyətlər qoyulmur.

3. Müəssisələrin səhmdar cəmiyyətlərə çevrilməsinin təsis sənədləri DƏK-də baxılır və təsdiq edilir. həmin sənədlər) mövcud qanunvericiliyə cavab vermədiyi hallarda əlavə işlənmək üçün geri qaytarılır.

4. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi özəlləşdirmə komissiyaları tərəfindən hazırlanmış və Dövlət Əmlak Komitəsində təsdiq olunmuş özəlləşdirmə planları əsasında həyata keçirilir.

5. Dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi və onların özəlləşdirilməsinə V hazırlıq məqsədilə (təşkilati-hüquq formanın seçilməsi də daxil olmaqla) hər müəssisədə (birlikdə) özəlləşdirmə komissiyası yaradılır. Komissiya aşağıdakı sənədləri işləyib hazırlayır və təsdiq, olunmaq üçün DƏK-ə təqdim edir: özəlləşdirmə planı (səhmdar cəmiyyətlər üçün emissiya prospekti sayılır); müəssisə əmlakının uçotu və balans dəyəri üzrə qiymətləndirilməsi haqqında akt; kommersiya banklarının, müştərək və digər müəssisələrin (hüquqi şəxslərin) nizamnamə kapitalında özəlləşdirilən müəssisənin; iştirak payının (səhmlərin, hissələrin) onun əmlakının tərkibindən çıxarılması və DƏK-ə verilməsi haqqında akt; son beş ilin illik hesabat balansları, həmçinin son hesabat dövrünün balansı; səhmdar cəmiyyətin nizamnaməsi (dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılan səhmdar cəmiyyətlərin nümunəvi nizamnaməsinə müvafiq olaraq hazırlan). Müəssisənin rəhbəri və baş mühasibi DƏK-ə təqdim olunan əmlakın uçotu və qiymətləndirilməsi aktının düzgünlüyünə görə şəxsən məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən, sənədlər DƏK tərəfindən hazırlanmış vahid metodikaya əsasən tərtib olunur.

6. Nümunəvi özəlləşdirmə planı, səhmdar cəmiyyətlərin (MSQ və holdinq də daxil olmaqla) nümunəvi nizamnaməsi DƏK tərəfindən təsdiq edilir və Proqram qəbul edildikdən sonra 30 (otuz) gün müddətində dərc edilir.

7. Əgər 1 (bir) ay müddətində 2.5 bəndində göstərilən sənədlər təqdim edilməzsə, DƏK öz qərarı ilə komissiya yaradır. Komissiya ilkin sənədlər və müəssisənin balansı əsasında müvafiq sənədləri hazırlayır. Zəruri hallarda komissiya öz işinə müstəqil auditor cəlb edə bilər.

8. Özəlləşdirilən müəssisələrin dövlətin mülkiyyətində qalmayan səhmləri (hissələri) səhmdar cəmiyyətin qeydiyyata alındığı andan satılmalıdır və yaxud qiymətli kağızlar bazarında səhmlərin qiymətini qaldırmaq məqsədilə özəlləşdirmənin sonunadək ehtiyatda saxlanıla bilər.

9. DƏK zəruri hallarda yerli icra hakimiyyəti orqanlarının təqdimatı əsasında əhaliyə xidmət göstərən sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlərin (mədəniyyət evləri, idman qurğuları, qazanxana, atelye və s.), özəlləşdirilən müəssisələrin əmlakının tərkibindən çıxarılması haqqında qərar qəbul edir. Beləliklə, iş üzrə müəyyən edilir ki, iddiaçı 01.01.1992 - 01.04.1992-ci illərdə X3 işləmiş, sonradan həmin dövlət müəssisəsi özəlləşdirilməsi məqsədilə ASC-yə çevrilmiş və bu zaman həmin ASC-nin özəlləşdirmə planında (Emissiya prospektində) özəlləşdirmə komissiyası tərəfindən təqdim olunmuş işçilərin siyahısında onun adı da qeyd edilmişdir. Baxılan iş üzrə iddiaçının mübahisələndirilən dövr ərzində ümumi iş stajı əmək kitabçasında qeyd olunduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin müddət onun ümumi iş stajına hesablanmalıdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23.07.2021-ci il tarixli, 2-1(112)-5760/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar