Məhkəmə qərarları › İş №2-1(103)-2746/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2746/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2746/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Shamsan Almaqtari və X6 Thabitin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müvəqqəti yaşamaq üçün icazənin verilməsi öhdəliyinin qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçılar İddiaçı1 Shamsan Almaqtari və X6 Thabit, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5, X1-Yəhyayevanın iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2450/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında 19 iyul 2023-cü il tarixli, ******* saylı Qərardan görünür ki, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin rəhbəri olduğu şirkətin fəaliyyətinin olmadığı müəyyən edildiyindən Miqrasiya Məcəlləsinin 50.1.3-cü maddəsinin tələbləri rəhbər tutularaq Yəmən Respublikası vətəndaşı 10384055 nömrəli pasporta malik olan İddiaçı1n müraciəti təmin edilməmişdir.

2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında 19 iyul 2023-cü il tarixli, ******* saylı Qərardan görünür ki, Miqrasiya Məcəlləsinin 46-cı maddəsində tələb olunan sənədlərdən birini təqdim etmədiyindən Yəmən Respublikası vətəndaşı 10384054 nömrəli pasporta malik olan X6 Thabitin müraciəti təmin edilməmişdir.

3. Yəmən Respublikasının vətəndaşı olan iddiaçıllar İddiaçı1 Shamsan Almaqtari və X6 Thabit Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin yuxarıda qeyd olunan qərarları ilə müraciətləri təmin edilməmişdir. Bundan sonra iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 Shamsan Almaqtari və X6 Thabit cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinin 19 iyul 2023-cü il tarixli Qərarlarının və 18 iyul 2023-cü il tarixli İnzibati Protokolun ləğv edilməsi və Azərbaycan Respublikası ərsazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tərəf sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbin İddiaçı1 Shamsan Almaqtari və X6 Thabita Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir.

6. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 18 iyul 2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin işçisi zəng edərək həyat yoldaşının 11 avqust 2020-ci il tarixdən, yəni 3 il əvvəldən yaşamaq icazəsi olmadan yaşadığına görə cərimə olunduğunu bildirmişdir. 2017-ci ildə Azərbaycana gəldikdən sonra ölkəni tərk etməsə də, müvəqqəti yaşamaqla bağlı qanunu pozmamışdır. Çünki o, həmin zaman Qətər Səfirliyində işləyir və X7 İşlər Nazirliyi vasitəsilə buna cavabdeh olmuşdur. Buna əsasən bütün əməkdaş və ailələrinin 2024-cü ilin iyul ayına qədər yaşamaq üçün icazəsi olmuşdur. Cəriməni 1 gün sonra, yəni 19 iyul 2023-cü ildə müvəqqəti yaşayış icazəsi almaq ümidi ilə ödəmiş, lakin qanunu pozan hər kəsin müddətin uzadılması və ya yeni yaşayış icazəsi almaq hüququ olduğunu bilə-bilə hamı üçün imtina verildi. “Asan Xidmət”-dən bununla bağlı bildirildi ki, qanunu pozduqlarına görə onların hamısına müvvəqti yaşayış üçün icazənin verilməsi müddətinin uzadılmasından imtina verilib. 24 iyul 2023-cü ildə poçtla iddiaçıya məlumat verilmişdir ki, 10 gün ərzində hamı Azərbaycanı tərk etməlidir, ya da 30 gün ərzində məhkəməyə verilməlidir. Bundan sonra da şikayət üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, 15 avqust 2023-cü ildə qeyri-qanuni protokolun sənədlərini Dövlət Miqrasiya Xidmətinə təhvil vermiş, lakin onlar iddiaçıya Dövlət Miqrasiya Xidmətinin müdirinə göndərilən məktuba cavab vermək üçün 2 həftə gözlənilməsini istəmiş və iddiaçı da bütün sənədləri Dövlət Miqrasiya Xidmətinin elektron poçtuna göndərmişdir. 21 avqust 2023-cü il tarixində Dövlət Miqrasiya Xidmətinin əməkdaşı zəng vurub yaxınlaşmağını xahiş etmişdir. 4 sentyabr 2023-cü il tarixində şirkətin bank hesabının çıxarılmasını izləmək üçün Kapital Banka getmiş, lakin müvəqqəti yaşamaq üçün icazəsinin olmadığı üçün bank hesabını təhvil verməkdən imtina edilmişdir. 7 sentyabr 2023-cü ildə yenidən Dövlət Miqrasiya Xidmətinə getmiş və cərimə ilə qarşılaşmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçının və ailəsinin viza müddətinin uzadılmasından imtina etmişdir. Səbəb kimi isə yeni yaratdığı "xxxx" MMC-nin fəaliyyətə başlamaması göstərilmişdir. İddiaçı1 Shamsan Almaqtari və ailəsinə Azərbaycan Respublikasını tərk etmək üçün 10 (on) gün vaxt təyin edilmişdir. İddiaçı1 Shamsan Almaqtari ailəsilə (həyat yoldaşı və 4 övladı) birlikdə 20 ildir ki, Azərbaycanda yaşayır, bu müddət ərzində ali məktəbin bakalavr və magistr pillələrini qırmızı diplomla bitirmişdir. 05 may 2021-ci il tarixdən 05 may 2025-ci il tarixinədək fəlsəfə doktoru üzrə qiyabi təhsilini davam etdirməlidir. Övladlarından ikisi orta məktəbdə təhsil alır, hər ikisi əlaçıdır, digər iki övladı azyaşlıdır. Vətəni Yəmən Respublikasında davam edən müharibədə ata evi yanmış, geri dönüb yaşayacaq yeri yoxdur. Ailəsilə birlikdə Azərbaycanı sevir və Azərbaycana bağlıdırlar, buradan getmək istəmirlər. Bir ay öncə yaratdığı "xxxx" MMC-nin fəaliyyətə başlaması üçün vizanın müddətinin uzadılması vacibdir. Son zamanlar ərəb turistlərinin Azərbaycan Respublikasına axınının əhəmiyyətli dərəcədə artdığını nəzərə alaraq, ərəb, azərbaycan, rus və ingilis dillərində sərbəst danışdığı üçün turizm sahəsində iş qurmağı və bununla Azərbaycana fayda gətirəcəyini düşünür. Övladları Azərbaycanda orta məktəbdə təhsil alırlar, onlar ərəb dillərini bilmir və onlar Yəmənə geri döndükləri halda təhsillərini davam etdirə bilməyəcəklər. Həmçinin ölkəni tərk etdiyi halda 2025-ci ildə fəlsəfə doktoru üzrə nəzərdə tutulan dərəcəsini müdafiə edə bilməyəcək.

7. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddianın heç bir hüquqi əsası yoxdur və ərizə təmin edilməməlidir. Belə ki, iddiaçı Almaqtari Yahya ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə xx.xx.2023-cü il tarixdə DMX-yə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə MYİ verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. İcraat materiallarından məlum olmuşdur ki, şəxs "xxxx" MMC-nin rəhbəridir. Aparılmış araşdırma zamanı, şəxsin sözügedən MMC-nin rəhbəri olduğu müəyyən edilsə də, hazırda şirkətin ofisinin, işçilərinin və fəaliyyətinin olmadığı məlum olmuşdur (müvafiq sənədlər etiraza əlavə olunmuşdur). Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2450/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, irəli sürülmüş iddia məcburetmə növündə iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçılar arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddiaçılar bununla bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin arzuladıqları inzibati akt qəbul edilmədiyindən məhkəmədə iddia irəli sürmüşlər.

10. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir.

11. Qüvvədə olan miqrasiya qanunverciliyi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi, icazənin müddətinin uzadılması, eləcə də imtina əsaslarını müəyyən etmişdir.

12. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina olunması üçün mövcud qanunvericilikdə nəzərdə tutulan əsaslar olduğundan, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” Qərar qəbul etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə, 60-cı maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.7-ci maddəsinə, 44.1-ci, 44.2-ci maddəsinə, 46.1-ci, 50.1ci, 48.3-cü maddəsinə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2013-cü il tarixli Fərmanının 5.4-cü maddəsinə, Miqrasiya Məcəlləsinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) hallar adlanan 45.1.6-1-ci maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçılar İddiaçı1 Shamsan Almaqtari və X6 Thabit apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2450/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

c) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 Shamsan Almaqtari və X6 Thabit apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər.

18. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 60-cı maddəsinin İİ hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.

20. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. - 44.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. - 44.2-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir (44.3.). - 45.1.6-1-ci maddəsinə əsasən, bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında təsis edilmiş, ödənilmiş nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş miqdardan az olmayan, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri vəzifəsini tutduqda və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olduqda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. - 46.1-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket; 46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır); 46.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün); 46.1.4. müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd; 46.1.4-1. Bu Məcəllənin 45.1.1ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi; 46.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış; 46.1.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti; 46.1.7. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti; 46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 46.1.9. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 46.1.10. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.11. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd. - 50.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə və ya ictimai asayişə zərər vurula biləcəyi hallarda; 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 50.1.3. şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8- ci maddəsi nəzərə alınmaqla); 50.1.4. pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddətinin bitməsinə 3 aydan az vaxt qaldıqda; 50.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olduqda (Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlar istisna olmaqla); 50.1.6. əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla, həmin şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulduqda; 50.1.7. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa icazə alınması üçün əsas olmuş hal aradan qalxdıqda və müvəqqəti yaşamağa icazə alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olmadıqda; 50.1.7-

1. bu Məcəllənin 46.1.10-cu maddəsində nəzərdə tutulan razılıq ərizəsini vermiş şəxslər tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyatdan çıxarılması barədə müraciət olunduğu halda, 10 iş günü ərzində qeydiyyata alınmaq üçün başqa yaşayış sahəsinə dair sənədlər təqdim etmədikdə; 50.1.8. 180 gün ərzində 90 gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda; 50.1.9. xarici dövlətdə daimi yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdikdə; 50.1.10. Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 50.1.11. barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma barədə qərar qəbul edildikdə; 50.1.12. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədini pozduqda; 50.1.13. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində tətbiq edilmiş inzibati cəriməni ödəmədikdə. - 48.3-cü maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edildikdə, təkrar müraciətə həmin imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra baxılır.

21. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2013-cü il tarixli Fərmanının 5.4-cü maddəsinə əsasən, Miqrasiya Məcəlləsinin 44.2 və 44.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətində qərar tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.

26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-21-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

27. Belə ki, işin hallarına görə Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi əsasında iddiaçılara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsini xahiş etmişdir. İcraat materiallarından məlum olmuşdur ki, şəxs "xxxx" MMC-nin rəhbəridir.

28. Aparılmış araşdırma zamanı, şəxsin sözügedən MMC-nin rəhbəri olduğu müəyyən edilsə də, hazırda şirkətin ofisinin, işçilərinin və fəaliyyətinin olmadığı məlum olmuşdur.

29. Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir.Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi və 50.1.2-ci maddəsi).

30. Göründüyü kimi, qüvvədə olan miqrasiya qanunverciliyi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi, icazənin müddətinin uzadılması, eləcə də imtina əsaslarını müəyyən etmişdir.

31. Apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, iddiaçılara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina olunması üçün mövcud qanunvericilikdə nəzərdə tutulan əsaslar olduğundan, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” Qərar qəbul etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir.

32. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq diqqətə çəkir ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

33. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası iddiaçıların şikayətin dəlilləri kimi istinad etdikləri halları əsassız hesab edir.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

35. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

36. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia rədd edilmişdir.

37. Beləlikə, də Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2450/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2450/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar