Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2746/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması” tələbinə dair işi üzrə (Açar sözlər: diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi; tədris yükü və yerinə yetirilmə qaydası; təhsil alınan ölkədə faktiki olma müddəti) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi İdddiaçının nümayəndəsi X3 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(112)-4434/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Semyon Kuznets adına Xarkov Milli İqtisad Universiteti tərəfindən xx.xx.2022ci il tarixdə Dİ 044201 №-li Bakalavr diplomu verilmiş, həmin diplom səlahiyyətli orqan tərəfindən xx.xx.2024-cü il tarixdə A-30644-14 nömrəsi ilə apostil edilmişdir. İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə müraciət edərək əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh 15 oktyabr 2024-cü il tarixli qərarla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, o, ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində təhsil aldığı kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona S. Kuznetson adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş 30 iyun 2014-cü il tarixli, Dİ № 044201 nömrəli bakalavr diplomunun və Dİ № 044201 nömrəli diploma əlavə sənədinin (məqbul cədvəli) Azərbaycan Respubilkası ərazisində kvalifikasiyasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Ukraynanın Xarkov şəhərində yerləşən S.Kuznetson adına Xarkov Milli İqtisad Unveristetinin “Maliyyə və kredit” fakültəsinə daxil olmuş və 2013-cü ildə həmin Universiteti bitirmişdir. Ona “Maliyyə və kredit” ixtisası üzrə Bakalavr pilləsini bitirməyi barədə 30 iyun 2014-cü il tarixdə, Dİ № 044201 nömrəli diplom verilmiş, həmin diplom Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən qanuni əsaslarla xx.xx.2024-cü ildə Apostil (təsdiq) olunmuşdur. İddiaçı Kuznetson adına Xarkov Milli İqtisad Universitetində oxuduğu müddət ərzində həmişə vaxtlı-vaxtında həmin Universitetin tədris proqramına uyğun və Universitet rəhbərliyinin müəyyən etdiyi qaydalara uyğun formada təhsildə iştirak etmiş və buraxılış imtahanı verib ali təhsil almışdır. O, hazırda oxuduğu ali məktəb ixtisası üzrə Azərbaycan Rerspublikasında ixtisasına uyğun işləmək və fəaliyyət göstərmək istəyir. Bununla bağlı, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun diplomunu tanıtmaq üçün dövlət orqanına müraciət etmiş, bununla bağlı dövlət rüsumu ödəyərək, cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən müsahibəyə dəvət olunmuşdur. Həmin Dövlət qurumunda onun təhsil aldığı müddətdə Ukrayna Respublikasına gediş-gəlişinin olub-olmadığını müəyyənləşdirərkən məlum olmuş ki, həqiqətən də o, ali təhsil aldığı müddət ərzində vaxtlı-vaxtında Kuznetson adına Xarkov Milli İqtisad Unveristetinə gedib gəlmişdir. Bundan sonra, bildirilmişdir ki, guya o, rus dilini zəif bilir. Bundan sonra, cavabdeh tərəfindən barəsində 15 oktyabr 2024-cü il tarixli, NA00033346 nömrəli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərar qəbul edilmişdir. Cavabdehin qərarı ilə razılaşmayan iddiaçı onu məhkəmə qaydasında hazırkı iddia tələbini irəli sürərək mübahisələndirmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə xx.xx.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciəti üzrə inzibati icraat apararaq iddiaçının təhsil aldığı ölkədə aşağıdakı müddətlərdə olduğunu müəyyən etmişdir: 2009/2010-cu tədris ili üzrə -11 gün, 2010/2011-ci tədris ili üzrə -12 gün, 2011/2012-ci tədris ili üzrə -17 gün, 2012/2013-cü tədris ili üzrə-18 gün, 2013/2014-cü tədris ili üzrə - 24 gün. İnzibati orqan müraciətə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(112)-4434/2025 nömrəli qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(112)-4434/2025 nömrəli qərarının ləğv edilməsini, yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddiaya uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarının təsviri hissəsində əsassız və qərəzli olaraq qeyd edilir ki, guya xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Qanunvericiliyi tədris ili ərzində tələbələrin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq təhsilin bu formasına qoyulan tələb kimi müəyyən edilmişdir. Məhkəmə qərarında əsassız olaraq bildirilmişdir ki, guya o sözügedən tələblərə riayət etməmişdir. Axı necə ola bilir ki, Azərbaycan Respublikasında təhsil sistemində Beynəlxalq standartlardan ayrı qayda müəyyən etsin və bu qayda xaricdə təhsil alan vətəndaşlara tətbiq olunsun. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(112)- 4434/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(112)-4434/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 27. Təhsil haqqında dövlət sənədi ... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları : 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”:
8. Ali təhsil proqramları: 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ... 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”:
3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İnzibati Prosessual Məcəllə:
Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı diplomun tanınması və müvafiq şəhadətnamənin alınmasına nail olmaqdan ibarətdir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tələbin təmin edilməsindən imtina edərkən qeyd etmişdir ki, o, ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində təhsil aldığı kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə minimum 180 saatdır ki, onun yarısı 90 saat təşkil edir. Həftəlik auditoriya dərslərinin bakalavriat səviyyəsində 30 saat olması nəzərə alınarsa iddiaçı təhsil aldığı dövlətdə hər tədris ilində minimum 3 həftə, yəni 21 gün olmalıdır. İddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 2009-cu ildə ümumiyyətlə, təhsil aldığı ölkədə olmamış, 2010-cu ildə 8 gün, 2011-ci ildə 11 gün, 2012-ci ildə 16 gün, 2013-cü ildə 17 gün təhsil aldığı ölkədə olmuşdur. Bu isə “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda müəyyən olunan müddətdən azdır. İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “...“birinci instansiya məhkəməsinin qərarının təsviri hissəsində əsassız və qərəzli olaraq qeyd edilir ki, guya xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Qanunvericiliyi tədris ili ərzində tələbələrin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq təhsilin bu formasına qoyulan tələb kimi müəyyən edilmişdir. Məhkəmə qərarında əsassız olaraq bildirilmişdir ki, guya o, sözügedən tələblərə riayət etməmişdir. Axı necə ola bilir ki, Azərbaycan Respublikasında təhsil sistemində beynəlxalq standartlardan ayrı qayda müəyyən etsin və bu qayda xaricdə təhsil alan vətəndaşlara tətbiq olunsun.”. Məhkəmə tərkibi işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Bununla belə, məhkəmə tərkibi bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir. Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İş materiallarından da aydın olur ki, iddiaçı 2009-cu ildə ümumiyyətlə təhsil aldığı Ukrayna Respublikasında olmamış, 2010-cu ildə 8 gün, 2011-ci ildə 11 gün, 2012-ci ildə 16 gün, 2013-cü ildə 17 gün təhsil aldığı ölkədə olmuşdur. Bu isə “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda müəyyən olunan müddətdən azdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının auditoriya dərslərində iştirak etdiyi dövrlərdə də tədris yükünün dövlət standartlarına uyğun yerinə yetirməsi mümkün deyildir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” na əsasən hər il üzrə auditoriya dərslərinin həcmi 180-240 saat müəyyən edilmişdir. Lakin iddiaçının təhsil müddəti bu şərti ödəmir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1776/2024 saylı oxşar iş üzrə qəbul etdiyi 15 iyul 2024-cü il tarixli qərarında da diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunun müəyyən olunmalı olması mövqeyindən çıxış etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən yuxarıda sadalanan qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(112)-4434/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.