Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2747/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə ötən müddət üçün əlilliyə görə əmək pensiyasının hesablanıb birdəfəyə ödənilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5319/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 8 ay üçün əlilliyə görə əmək pensiyasının hesablanıb birdəfəyə ona ödənilməsi öhdəyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 6 ay üçün əlilliyə görə əmək pensiyasının hesablanması vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, araşdırma məlumatına əsasən bildirilmişdir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə əlillik müddətinin biməsi səbəbindən 01 fevral 2021-ci il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının ödənişi onun əlilliyinin yenidən qiymətləndirildiyi 2021-ci ilin 28 sentyabr tarixindən bərpa edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” AR Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir (02 iyul 2021-ci il). Bununla da, əlilliyin bərpası 02 iyul 2021-ci il tarixdən sonra olmaqla yanaşı həmin tarixədək də 6 ay müddətini tamamlamış olmalı idi. Lakin həmin müddət 7 ay 27 gün təşkil etməklə, 6 ay müddətini keçmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi şikayəti qəbul etməyib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayətin mahiyyətinə gəldikdə, ilk olaraq, birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə: “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli, **********4 nömrəli iddiaçıya ünvanladığı məktubuna əsasən bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində əlillik müddətinin bitməsi səbəbindən 01 fevral 2021-ci il tarixindən dayandırılmış əlilliyə görə əmək pensiyasının ödənişi əlilliyin yenidən qiymətləndirildiyi 28 sentyabr 2021-ci il tarixindən bərpa edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən ********** nömrəli xx.xx.2022-ci il tarixli Əlillik haqqında arayışa əsasən, İddiaçı ümumi xəstəlik səbəbi ilə 2-ci dərəcəli əlillik xx.xx.2021-ci il tarixdə 5 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək təyin edimişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 18 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının qərarına əsasən, İddiaçı əlilliyinin xx.xx.2021-ci il tarixdə qiymətləndirilməsi nəticəsində əlavə müalicəyə ehtiyacı olduğu səbəb göstərilərək ona əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. İddiaçı iddia tələbini əsaslandıran sübut qismində məhkəməyə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2690004AAZLC nömrəli xx.xx.2021-ci il tarixli ambulator kitabçasından çıxarışı, 2709003AACTH nömrəli Tibbi Sosial Ekspert Komissiyasına göndərişi, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2021-ci il tarixli, 8 nömrəli şəhər poliklinikasına və X4 ünvanladığı məktubunu təqdim etmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ümumi xəstəliyi səbəbindən iddiaçıya əlillik təyin edilmiş, həmin əlillik müddəti xx.xx.2021-ci il tarixində başa çatmışdır, sonradan xx.xx.2021-ci il tarixdə yenidən 5 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək təyin edilmişdir, iddiaçıya xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək olan müddətdə əlillik ilə bağlı pensiya ödənilməmişdir, iddiaçı həmin pensiya məbləğinin ödənilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. Həmin Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun Preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı üçün təyin edilmiş əlillik müddəti bitdikdən sonra cavabdeh inzibati orqan ona əmək pensiyasının ödənilməsini dayandırmış, 8 aydan sonra isə 01 fevral 2021-ci il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının ödənişi iddiaçının əlilliyinin yenidən qiymətləndirildiyi 28 sentyabr 2021-ci il tarixdən bərpa edilmiş, lakin xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasından, əlilliyi olan şəxslərin reabilitasiyasından, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyası üçün şərait yaradılmasından, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasından, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsindən ibarətdir və həmin siyasətin davam olaraq qanunvericilik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxsin ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməsini nəzərdə tutulması barədə normanı qanuna daxil etmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı əlillik müddəti dayandırıldıqdan sonra bir ay müddətində sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müraciət etmişdir, xx.xx.2021ci il tarixdən başlayraq müayinələrdən keçmişdir, bir dəfə onun əlavə müalicəyə ehtiyacı olması əsası ilə ona əlillik dərəcəsi verilməsindən imtina edilməsinə baxmayaraq növbəti müraciəti əsasında əlilliyi yenidən bərpa edilmişdir, yəni əlillik müddətinin dayandırılmasından əlilliyin bərpa edildiyi tarixə qədər olan dövrdə də əlilliyinin olması təsdiq edilən şəxsdir, əlilliyi olan şəxslərin əlilliyə görə sosial təminat almaq hüquqlarının olması qanunvericilikdə təsbit edildiyinə və dövlət siyasətinin tərkib hissəsi olduğuna görə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün, lakin 6 aydan çox olmayan bir müddətdə ona əlilliyə görə əmək pensiyasının ödənilməsini tələb etmək hüququ vardır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdımadan, iddiaçının əlilliyinin iddiaçıdan asılı olmayan səbəbdən 8 aydan sonra bərpa edilməsinə qiymət vermədən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. “Məhkəmə onu da qeyd edir ki, “3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.” məzmununda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu xx.xx.2021-ci ildə qəbul olunsa və 24 iyul 2021-ci ildə dərc olunaraq qüvvəyə minsə də hazırda iddiaçının vəziyyətini yüngülləşdirən norma olduğu üçün iddiaçıya da şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.” İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının faktiki və qanuni əsasları ilə razılaşdığı üçün onları təkrar sadalamır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə bildirir ki, dəlillər əsassızdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı üçün təyin edilmiş əlillik müddəti bitdikdən sonra cavabdeh inzibati orqan ona əmək pensiyasının ödənilməsini dayandırmış, 8 aydan sonra isə 01 fevral 2021-ci il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının ödənişi iddiaçının əlilliyinin yenidən qiymətləndirildiyi 28 sentyabr 2021-ci il tarixdən bərpa edilmiş, lakin xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün ödənilməmişdir. İddiaçı əlillik müddəti dayandırıldıqdan sonra bir ay müddətində sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müraciət etmişdir, xx.xx.2021ci il tarixdən başlayraq müayinələrdən keçmişdir, bir dəfə onun əlavə müalicəyə ehtiyacı olması əsası ilə xx.xx.2021-ci il tarixdə ona əlillik dərəcəsi verilməsindən imtina edilməsinə baxmayaraq, eyni əsaslarla növbəti müraciəti ilə əlilliyi bu dəfə, yəni xx.xx.2021-ci il tarixdə yenidən bərpa edilmişdir, yəni əlillik müddətinin dayandırılmasından əlilliyin bərpa edildiyi tarixə qədər olan dövrdə də əlilliyinin olması təsdiq edilən şəxsdir, əlilliyi olan şəxslərin əlilliyə görə sosial təminat almaq hüquqlarının olması qanunvericilikdə təsbit edildiyinə və dövlət siyasətinin tərkib hissəsi olduğuna görə xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün ona əlilliyə görə əmək pensiyasının ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona ötən müddət üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin xx.xx.2021-ci il tarixli **********4 nömrəli imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından da zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5319/2022 nömrəli iş üzrə 12 may 06 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-2747/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2747/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver