Məhkəmə qərarları › İş №2-1(103)-2748/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2748/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2748/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi-Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «qaraja dair texniki pasportun verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1104/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı evin həyətində yerləşən qaraja texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə ünvan 1 ünvandakı evin həyətində yerləşən qaraj 2001-ci ildən etibarən iddiaçıya məxsusdur. Əvvələr həmin qaraj X1 istifadəsində olmuş və həmin qarajı iddiaçı İ.K.İsmayılovdan almışdır (faktiki olaraq aralarında alqı-satqı münasibətləri baş vermişdir). Yasamal rayon 64 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2021-ci il tarixli 04 saylı arayışına əsasən İ.Qutqaşınlı küçəsi, 101 saylı ünvandakı evin həyətində yerləşən qarajın İddiaçı məxsus olması təsdiq edilir. 2001-ci ildən etibarən qarajın kommunal xərcləri iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2021-ci il tarixində həmin qaraja texniki pasportun verilməsi məqsədi ilə sənədləri cavabdehə təqdim etmiş, lakin xx.xx.2021-ci il tarixli **********32 №-li cavab məktubu ilə imtina edilmişdir. İddiaçı hesab edir ki, imtina məktubu əsassızdır. Çünki qarajın yerləşdiyi torpaq sahəsi digər şəxsin torpaq sahəsinin əhatə etdiyi ərazi daxilində yerləşir. Əvvəla, həmin torpaq sahəsi ümumi istifadədədir. Hesab etdikdə ki, qarajın yerləşdiyi torpaq sahəsi digər şəxsin istifadəsindədir, onda həmin şəxsin qarajın sökülməsini və ya ona verilməsi ilə bağlı tələbi olardı. Lakin belə bir hal yoxdur. Cavabdeh iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatlarına əsasən göstərilən qarajın yerləşdiyi torpaq sahəsi digər şəxsə (“ANT İnşaat”Birgə Müəsisəsinə) icarə hüququ ilə verilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-2467 nömrəli şəhadətnaməsinin əhatə etdiyi ərazi daxilində yerləşir. Bundan əlavə, qeyri-yaşayış binasına (qaraja) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olan hüquqmüəyyənedici sənədlər idarəyə təqdim edilməmişdir. Bu səbəbdən, ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********32 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1104/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı məxsus ünvan 1 ünvandakı evin həyətində yerləşən qaraja texniki pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, habelə, prosessual hüquq normaları kobud surətdə pozmuşdur. Belə ki, elektron kadastr məlumatlarına əsasən qarajın yerləşdyi torpaq sahəsi digər şəxsə ("xxxx" MTK-ya) icarə hüququ ilə verilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-2467 nömrəli şəhadətnaməsinin əhatə etdiyi ərazi daxilində yerləşir. Bundan əlavə, qeyri-yaşayış binasına (qaraja) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olan hüquqmüəyyənedici sənədlər idarəyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamış, qanunsuz və əsassız olaraq iddia təmin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil onunla razılaşmamış, torpasq sahəsinin mülkiyyətçisinin etizı ol olmadığını, qaraja çıxarış deyil texniki pasport verilməsinin tələb olunduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia rədd edilməlidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı ünvan 1 ünvandakı evin həyətində yerləşən qaraja dair texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını tələb edərkən, aşağıdakı sənədlərəə istinad edir:

1. Yasamal rayon 64 saylı Mənzil Kommunal İstismar sahəsinin (“MKİS”) xx.xx.2021-ci il tarixli 04 saylı arayışına;

2. Qarajın yerləşdiyi torpaq sahəsi sahibinin (“ANT İnşaat”LTD birgə müəssisəsi) razılıq ərizəsinə. İşə əlavə olunmuş Yasamal rayon 64 saylı MKİS-in 26 fevral 2021-ci il tarixli arayışında aşağıdakılar təsbit olunur: “ - İ.Qutqaşınlı küçəsi 101 saylı evin həyətində yerləşən qaraj X2 məxsus olmuş və onun istifadəsində olmuşdur; - vət. İ.K.İsmayılov həmin qarajı 2001-ci ildə İddiaçı istifadəsinə vermişdir; -hal-hazırda İ.Qutqaşınlı küçəsi 101 saylı ünvanda yerləşən qaraj vətəndaş İddiaçı istifadəsindədir.” Tədqiq olunan həmin arayışda təsbit olunan həmin məlumatların hansı mənbəyə əsaslandığı öz əksini tapmamışdır. Eyni zamanda, mübahisəli qarajın yerləşdiyi torpaq sahəsinin sahibi olan - “ANT İnşaat” LTD birgə müəssisəsinin işə əlavə olunmuş, iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli, A3/74-04 saylı məktubunda aşağıdakılar bildirilir: “ - müəssisəyə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 188 saylı sərəncamı ilə Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilmiş və tikinti aparmaq məqsədi ilə 0.524 ha torpaq sahəsi istifadəsinə ayrılmışdır; - həmin torpaq sahəsinin bir hissəsində yüksək mərtəbəli yaşayış binasının tikintisi tam olaraq başa çatdırılmış və sakinlərin istifadəsinə verilmişdir; - İddiaçı istifadəsində olan, 56,0 kv.metr sahədən ibarət qaraj sahəsi “ANT İnşaat” LTD birgə müəssisəsi üçün ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir; - qarajın yerləşdiyi torpaq sahəsində yeni binanın tikintisi layihələndirilmişdir. Həmin sahədə inşaat işlərinə başlanıldıqda iddiaçı ilə müvafiq qaydada daşınmaz əmlakın alıqısatqı müqaviləsi bağlanacaqdır. - müəssisənin iddiaçının istifadəsində olan 56,0 kv.metr sahədən ibarət qaraja daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun alınmasına hər hansı etiraz və iddiası yoxdur.” Birincisi, iş materiallarına, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2002-ci il tarixli 88 nömrəli sərəncamına və xx.xx.2002-ci il tarixdə keçmiş AR DTXK Bakı şəhər şöbəsi tərəfindən verilmiş JN-2467 saylı 01100003 saylı şəhadətnaməyə əsasən müəyyən olunur ki, mübahisəli qarajın yerləşdiyi torpaq sahəsi (0,524 ha) yaşayış binasının tikintisi və layihələndirilməsi məqsədləri ilə 49 il müddətinə “ANT İnşaat” LTD birgə müəssisəsinin müvəqqəti istifadəsinə verilmişdir, bu günə olan məlumata görə müəssisənin həmin torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmamışdır. Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə, xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Konkret halda isə mübahisəli qarajın tikildiyi torpaq sahəsinə dair iddiaçının qanunvericiliyin qeyd olunan tələbi qaydasında hüququnun olması müəyyən olunmur. İkinci bir tərəfdən, “ANT İnşaat”LTD birgə müəssisəsinin tədqiq olunan məktubunun məzmunundan göründüyü kimi, həmin müəssisə ilə iddiaçı arasında mübahisəli qarajın tikildiyi torpaq sahəsinin sonuncuya istifadəyə və ya icarəyə verilməsi ilə bağlı hər hansı bir müqavilə bağlanmamışdır. Belə bir müqavilənin bağlanması isə yalnız, qanunvericiliyin müəyyən etdiyi şərtlər daxilində reallaşa bilər. Belə ki, sözügedən Torpaq Məcəlləsinin 50-ci maddəsinin 6-cı hissəsinə əsasən torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir, 7-ci hissəsinə əsasən isə torpaq istifadəçiləri istifadə hüquqlarını başqalarına vermək (satmaq) səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirə bilərlər. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, o cümlədən Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 242.2-ci maddəsinin tələbinə görə isə istifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Konkret halda da məhz, mübahisəli qarajın yerləşdüyi torpaq sahəsinin dövlət aktı əsasında verilmiş müvəqqəti istifadəçisi olan “ANT İnşaat”LTD birgə müəssisəsi həmin qarajla bağlı istənilən formada iddiaçının hüququnun reallaşdırılmasına (o cümlədən, onun adına texniki pasportun verilməsinə) o halda razılıq verə bilərdi ki, həmin torpağın mülkiyyətçisi, yəni, Bakı şəhər İcra Hakimiyyətinin timsalında, dövlətin razılığı olsun. Belə bir razılıq isə konkret halda mövcud deyil. Mülki Məcəllənin 178.8-ci maddəsinin tələbinə görə 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar hesab olunur. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, mübahisəli qarajın tikintisi üçün səlahiyyətli orqan tərəfindən qəbul olunmuş dövlət aktı ilə iddiaçıya torpaq sahəsi ayrılmadığı və yaxud o, qaraj və ya mənzil-tikinti kooperativinin üzvü olmadığı halda, necə tikildiyi və necə əldə olunduğu bəlli olmayan bir qaraja dair texniki pasportun tərtib olunması vəzifəsinin cavabdehə həvalə edilməsi istisna olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.4-ci bəndinə əsasən: “- hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək publik hüquqi şəxsin vəzifəsidir.” İşin tədqiq olunan sübutlarla və qanunvericiliyin tələblərinə əsasən müəyyən edilən halları baxımından, cavabdeh, mübahisəli ünvanda yerləşən qaraja dair iddiaçıya həm qeydiyyatdan, həm də texniki pasportun verilməsindən imtina etməklə, Azərbaycan Respublikası qanunvericiliyi ilə üzərinə düşən öhdəliyini yerinə yetirmişdir. Belə olan halda, həmin imtina onun qanunla qorunan hüquqlarını pozması kimi yozula bilməz. Beləliklə də iddiaçının İPM-in 34.1-ci maddəsinin tələbi qaydasında öhdəliyin icrası vasitəsilə cavabdehdən həmin qaraja dair texniki pasportun verilməsinin tələb etməsinin əsassız olduğu sübuta yetirilir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, iddianın təmin edilməsi barədə maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Ona görə də qeyd edilənləri nəzərə ialan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinın qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1104/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1104/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar