Məhkəmə qərarları › İş №2-1(103)-2748/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2748/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2748/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əvvəlki pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən hakim və məruzəçi), Səlimova Səadət Rəşid qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əvvəlki pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur.

2. Pensiya işindən görünür ki, iddiaçıya xx.xx.2009-cu ildə 55 yaşının tamam olduğu xx.xx.2009-cu ildən orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. Cavabdehin xx.xx.2022-ci il tarixli **********9 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya təyin edilən əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 37.3.1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən artıqvermə əsası ilə yenidən hesablanmış, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə pensiyasının məbləği 2845.52 manatdan 1426,71 manata azaldılmışdır.

4. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-2181/2023 saylı əmək pensiyasının yenidən hesablanması barədə qərarından görünür ki, **********9 nömrəli sərəncamı etibarsız hesab edilmiş və iddiaçıya təyin edilmiş əmək pensiyası ƏPQ-nin 39.1-ci maddəsinə əsasən yenidən hesablamaqla iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2011ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə pensiyasının məbləği 2845.52 manatdan 1655,54 manata azaldılmışdır.

5. İddiaçı artıq ödənilmiş pensiya məbləği ilə bağlı ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir.

6. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-91204/2023 nömrəli məktubla iddiaçıya bildirmişdir ki, araşdırma zamanı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Eyni zamanda iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı, ona 48272,40 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 48272,40 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 165,55 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq kəsilmiş 2.845 manat pensiyasının bərpa olunaraq hər ay ona verilməsi və əmək pensiyasından tutulan 165.55 manat pul məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçı ərizə təqdim edərək əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir.

9. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, yekunda cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-2181/2023 nömrəli qərarının ləğv edilməsi və 55 yaşdan təyin edilmiş pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.

10. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. O, dənizdə 1975-2018-ci il tarixlərdə mexanik işləmiş və hamısı da əmək kitabçasında qeyd olunmuşdur. O, güzəştli şərtlərlə təqaüdə çıxmış, lakin pensiyası azaldılmışdır. Buna görə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Ona haqsızlıq olunaraq ədalətsiz, qanuna müvafiq olmayan imtina verilmişdir. Qanunun geriyə qüvvəsi vətəndaşın vəziyyətinin yaxşılaşdırılması halında olur, pis vəziyyətə salacağı halda deyil. O təqaüdə çıxanda qanuna uyğun çıxmış və pensiyaya çıxaran orqan dövlət orqanıdır. Həmin vaxt da qanunvericilik 55 yaşdan çıxmasına imkan verirdi. Ona görə də, məcbur qalıb hüquqlarının dövlət tərəfindən bərpa olunması üçün məhkəməyə müraciət etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1307/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddianın təmin edilməsi və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-2181/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2009-cu ildən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

12. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması xahiş olunmuşdur.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

a. Apellyasiya şikayətinin dəlilləri

13. Aparılan araşdırma zamanı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur.

14. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin "b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 25 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 65%-i tələb olunan ümumi iş stajından artıq hər il üçün 2% olmaqla, lakin 90%-dən çox olmamaqla hesablanırdı.

15. “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanırdı.

16. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 33 il 9 ay 28 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək olan iş stajına uyğun olaraq "Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən həmin tarixə əmək pensiyasının sığorta hissəsi 39,94 manat (33,83 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixə indeksləşdirilib 65,41 manat müəyyən edilərək, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12984,48 manat sığorta kapitalına uyğun 90,17 manat (12984,48:144) və baza hissəsi (85,00 manat) üzərinə əlavə edilərək əmək pensiyası xx.xx.2011-ci il tarixə 240,58 manat (65,41+90,17+85,00 (indeksləşdirilərək xx.xx.2017-ci il tarixə 316,00 manat)) əmək pensiyası hesablanmalı olduğu halda, qanunvericiliyə zidd olaraq əmək pensiyası əməkhaqqına əsasən hesablanaraq tələb olunan 25 ildən artıq iş stajı 8 il olduğundan əmək pensiyası 8 ilə görə hər il üçün 2% olmaqla orta aylıq əmək haqqının 81% faizi (25 il üçün 65 faiz+25 ildən artıq 8 il üçün 16(8x2) faiz) miqdarında müəyyən olunmuşdur.

17. Belə ki, İddiaçı əmək pensiyası xx.xx.2006-cı il tarixə orta aylıq əmək haqqına uyğun 444,59 manat ((13913,76:24=579,74x81%)=469,59-25,00 manat (baza hissəsi)) (xx.xx.2009-cu il tarixə indeksləşdirilərək 678,78 manat) və xx.xx.2006-xx.xx.2009- cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7724,16 manat sığorta kapitalına uyğun 53,64 (7724,16:144) manat və baza hissəsi (75,00 manat) üzərinə əlavə edilərək əmək pensiyası xx.xx.2009-cu il tarixinə 807,42 manat (678,78+53,64+75,00 (indeksləşdirilərək xx.xx.2017-ci il tarixədək 1150,43 manat)) əmək pensiyası artıq müəyyən edilməklə ödənilmişdir.

18. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir.

19. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.

20. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır.

21. Bildirilir ki, aparılan araşdırma zamanı Fondun Qaradağ rayon şöbəsinə ünvanlanmış ərizəyə əsasən adıçəkilən şöbə tərəfindən İddiaçı xx.xx.2017-ci il tarixli müraciətinə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 38964,74 manat sığorta kapitalına uyğun əmək pensiyasının yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir.

22. Belə ki, 38964,74 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 77 (63 il 6 ay - 63 il 1 ay=5 ay+(144 ay-72 ay)) aya bölünməklə (38964,74/77=506,04 manat) qanuni əmək pensiyasının (316,00 manat) üzərinə əlavə edilərək (316,00+506,04=822,04 manat (indeksləşdirilərək xx.xx.2019- cu il tarixinədək 894,96 manat)) ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 49058,96 manat sığorta kapitalı 77 aya bölünərək (49058,96/77=637,13 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (1150,43+637,13=1787,56 manat (indeksləşdirilərək 04.01,2019-cu il tarixinədək 1946,13 manat)) artıq əmək pensiyası ödənilmişdir.

23. Bundan başqa, xx.xx.2019-cu il tarixdə işdən azad olmaqla əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 12045,71 manat sığorta kapitalına uyğun əmək pensiyasının adıçəkilən şöbə tərəfindən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir.

24. Belə ki, 12045,71 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə (12045,71/72=167,30 manat) qanuni əmək pensiyasının (894,96 manat) üzərinə əlavə edilərək (894,96+167,30=1062,26 manat (indeksləşdirilərək xx.xx.2022-ci il tarixədək 1426,71 manat)) ödənilməli olduğu halda, düzgün müəyyən edilməmiş 12421,02 manat sığorta kapitalı 72 aya bölünərək (12421,02/72=172,51 manat) düzgün olmayan əmək pensiyasının üzərinə əlavə edilməklə (1946,13+172,51=2118,64 manat pensiya məbləği (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinədək 2845,52 manat)) artıq əmək pensiyası ödənilmişdir.

25. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla İddiaçı 48272,40 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyindən həmin artıq ödənilmiş 48272,40 manat pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 165,55 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir.

26. Eyni zamanda bildirilir ki, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 1443,37 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixdən etibarən 1655,55 manat təşkil edir.

27. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

29. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək Bakı İnzibati Məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

30. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək Bakı İnzibati Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (https://e-qanun.az/framework/49851xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

32. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (6 mart 2007-ci il tarixədək qüvvədə olan):

Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

34. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

35. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Bununla yanaşı, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

38. İddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur. Ona xx.xx.2009-cu ildə 55 yaşının tamam olduğu xx.xx.2009-cü ildən orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

39. Cavabdehin xx.xx.2022-ci il tarixli **********9 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, iddiaçıya təyin edilən əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 37.3.1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdən artıqvermə əsası ilə yenidən hesablanmış, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə pensiyasının məbləği 2845.52 manatdan 1426,71 manata azaldılmışdır.

40. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-2181/2023 saylı əmək pensiyasının yenidən hesablanması barədə qərarından görünür ki, **********9 nömrəli sərəncamı etibarsız hesab edilmiş və iddiaçıya təyin edilmiş əmək pensiyası ƏPQ-nin 39.1-ci maddəsinə əsasən yenidən hesablamaqla iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2011ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə pensiyasının məbləği 2845.52 manatdan 1655,54 manata azaldılmışdır.

41. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirərək, ona 55 yaşının tamam olduğu xx.xx.2009-cu ildən təyin edilmiş əmək pensiyasının bərpa edilməsini xahiş edir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, işin istinad olunan hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının əsasını iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edilməsi olmuşdur.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, uzun illər formalaşmış həm inzibati orqanın praktikası, həm də məhkəmə praktikasına əsasən ƏPQ qüvvəyə mindikdən sonra, yəni xx.xx.2006-cı ildən sonra, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahı üzrə kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən Qanunun 9.8-ci maddəsində göstərilən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər aşağıdakı formada tətbiq edilmişdir:

1. əgər şəxsin xx.xx.1997-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay xüsusi stajı tamam olmuşsa, ona 55 yaşdan;

2. əgər şəxsin xx.xx.1997-ci il tarixədən sonra xx.xx.2006-cı ildədək 25 il ümumi, 12 il 6 ay xüsusi stajı tamam olmuşsa, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

44. İş materiallarından görünür ki, cavabdeh məhz həmin praktikaya uyğun olaraq iddiaçının xx.xx.1997-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay xüsusi stajının tamam olmasını nəzərə alaraq, ona 55 yaşının tamam olduğu xx.xx.2009-cu ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş, lakin sonradan həmin qərarına dəyişiklik edərək, yeni qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması barədə qərar ilə iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini qərara almışdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən mühüm prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir.

46. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə anoloji qaydada həll ediləcəyini bilməlidir.

47. Lakin qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə bilər. Lakin bu yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb edir. Yəni cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür.

48. İşin yuxarıda istinad olunan hallarından görünür ki, cavabdeh inzibati orqan 2009-cu ildə, həmin dövrdə formalaşmış inzibati praktikasına uyğun olaraq iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etsə də, sonradan heç bir əsas olmadan bu praktikanı dəyişmiş, bu zaman hər hansı bir əsaslandırma etməmiş, deməli praktikasını dəyişməkdə haqlı olmamışdır.

49. Bundan əlavə, qeyd edilməlidir ki, qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı o halda qorunmur ki, şəxs: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

50. Hazırkı iş üzrə cavabdeh bu hallardan hər hansı birinin mövcud olmasını sübuta yetirə bilməmişdir.

51. Belə olan halda məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, ona görə ki, iddiaçının ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı inzibati orqanın praktikasına etimadı mövcuddur və onun bu etimadı qanunla qorunur.

52. İİQ-nin yuxarıda qeyd edilən 67.5-ci maddəsindən görünür ki, qanunverici aşağıdakı qanunsuz əlverişli inzibati aktın ləğv edilməsinə yol vermir:

1. maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu;

2. başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı;

3. cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın.

53. Məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda göstərilən hallarına əsasən iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı qəbul edilmiş xx.xx.2009-cu il tarixli inzibati akt:

1. iddiaçının məzmununa etimad göstərdiyi və bu etimadın qanunla qorunduğu inzibati aktdır;

2. onun qəbul edilməsi başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmamışdır;

3. iddiaçı üçün cari pul öhdəliklərini nəzərdə tutmaqla onun üçün əlverişli inzibati aktdır.

54. Belə olan halda aydındır ki, həmin inzibati aktın qanunsuz olduğu barədə cavabdehin dedikləri həqiqət olsa belə, İİQ-nın 67.5-ci maddəsinə əsasən cavabdehin onu ləğv emək hüququ olmamışdır.

55. Bundan başqa, o da qeyd edilməlidir ki, İİQ-nın 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

56. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən istinad etdiyi normalar iddiaçıya 55 yaşın tamam olduğu xx.xx.2009-cu ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə xx.xx.2009-cu il tarixli qərar qəbul edilən zaman da mövcud olmuş, lakin cavabdeh İİQ-nin 67.12-ci maddəsinin tələbini pozmaqla həmin əsaslara 14 il sonra istinad etmiş və iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi qənaətinə gələrək bununla ona 55 yaşdan təyin edilmiş qərarın qüvvədən düşməsinə səbəb olmuşdur.

57. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya 55 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı tarixi 57 yaşa çəkməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanunsuz əlverişsiz inzibati aktdır.

58. İİQ-nin 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

59. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, İİQ-nin 67.3cü maddəsində qeyd edildiyi kimi cavabdehin xx.xx.2023-cü il tarixli qanunsuz əlverişsiz inzibati aktı ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına uyğun olaraq pensiyanın əvvəlki məbləğdə hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir.

60. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2-1(112)-1307/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Səadət Səlimova Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar