Məhkəmə qərarları › İş №2-1(103)-2749/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2749/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2749/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin **********6632 saylı 13.04.2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin **********6632 saylı 13.04.2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6257/2021 saylı 13 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********1140 saylı 17.02.2021-ci il tarixli qərar ilə İddiaçı məxsus “İst Food” restoranında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə 18.02.2021-ci il tarixdən 04.03.2021-ci il (04.03.2021 tarixi daxil olmaqla) tarixədək operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. DVX seriyalı 000556 saylı 22 fevral 2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məvburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsləsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, fiziki şəxs İddiaçı (VÖEN **********) məxsus Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, 1054-cu ünvanda yerləşən “İst Food” kafe-restoranında operativ vergi yoxlaması zamanı 22 nəfər fiziki şəxsdən 7 nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmiş, həmin aktın əlavəsinə əsasən X4, X2, Şahid2, Şahid4, Şahid6, Şahid1, Şahid5 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.04.2021-ci il tarixli **********6632 nömrəli qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi və 16.04.2021-ci tarixədək 14.000 manatın büdcəyə ödənilməsi qərara alınmışdır. “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********76633 nömrəli tələbnamədən görünür ki, İddiaçı büdcəyə ödənilməli olan 14000 manat vəsait 16.04.2021-ci il tarixə kimi Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin AZ17CTRE**********002117121 №-li hesabına ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati şikayətə baxılması haqqında **********368500 nömrəli 11 iyun 2021-ci il tarixli qərardan görünür ki, fərdi sahibkar İddiaçı keçirilmiş opertaiv vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi 06.05.2021-ci il tarixli inzibati şikayət üzrə icraata “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.04.2021-ci il tarixli **********6632 nömrəli qərar hissəsində xitam verilməsi, 13.04.2021-ci il tarixli **********6638 nömrəli qərar hissəsində isə inzibati şikayət təmin edilməmiş, 22.02.2021-ci il tarixli DVX seriyaalı 004564 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.04.2021-ci il tarixli **********6638 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin **********6632 saylı 13.04.2021-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini tələb edir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən ona Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 13.04.2021-ci il tarixdə **********6632 saylı Qərar qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX seriyalı 000556 saylı 22.02.2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda onun Bakı şəhəri Yasamal rayonu, Tiflis prospekti 1054-cü məhəllədə yerləşən X14 Restoranında cəlb edilmiş 22 fiziki şəxsdən 7 nəfəri Əmək Məcəlləsinin 49-cü maddəsinin tələblərini pozaraq işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb etməyi qeyd edilmişdir. Adıçəkilən şəxslər restoranda göstərilən xidmətlərdən faydalanmaq üçün oraya gəlmiş müştərilər olmuşdur. O, adları qeyd edilən şəxslərlərlə nə rəsmi, nə də qeyri-rəsmi olaraq əmək münasibətlərində olmamışdır. Cavabdeh orqan tərəfindən onun barəsində tərtib edilmiş DVX seriyalı 000556 saylı 22.02.2021-ci il tarixli akt və həmin akt əsasında qəbul edilmiş **********6632 saylı 13.04.2021-ci il tarixli qərar qanunsuz və əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********1140 saylı 17.02.2021 -ci il tarixli qərarına əsasən Həmzəyev Məmməd Həmzə oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti 1054-cü məhəllədə yerləşən “İST FOOD” restoranında Operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti 18.02.2021-ci il tarixdən 04.03.2021-ci il tarixədək nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aksiz markası ilə markalanmalı olan malların AR-nın ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”na müvafiq olaraq əldə edilməsinə nəzarət edilməsi, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab faktura əsasında alınmasına nəzarət edilməsi məsələlərini əhatə etmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən adları aşağıda qeyd olunan 7 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur: Fırınçı - X2, Dəzgahçı - X4, Qabyuyan - Şahid2, Aşpaz köməkçisi - Şahid4, Salatçı - Şahid6 Anar oğlu, Ofisiant - Şahid1, Kassir - Şahid5. İddiaçı qeyd olunan maddənin tələbləri qaydasında aktı imzalamamasının səbəblərini izah etməmiş, akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını bildirməmiş, vergi nəzarəti zamanı toplanmış materiallara baxılaraq, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə müvafiq olaraq **********6632 saylı 13.04.2021 -ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6257/2021 saylı 13 avqust 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə işə düzgün qiymət verməmiş və nəticədə ədalətsiz qərar qəbul etmişdir. Cavabdeh orqan tərəfindən tərtib edilmiş aktda adları qeyd edilmiş şəxslərin notarial qaydada təsdiq edilmiş ərizələri sübut qismində məhkəməyə təqdim edilsə də, məhkəmə həmin sübutların mötəbərliyinə şübhə ilə yanaşmışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etirazın məzmunu iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir və iddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdeh orqan tərəfindən onun barəsində tərtib edilmiş **********6632 saylı 13.04.2021-ci il tarixli qərarın ləğv edilməsi” barədədir. O, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi onun iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********1140 saylı 17.02.2021-ci il tarixli qərar ilə İddiaçı məxsus “İst Food” restoranında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə 18.02.2021-ci il tarixdən 04.03.2021-ci il (04.03.2021 tarixi daxil olmaqla) tarixədək operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. Həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə 17.02.2021-ci il tarixdə KY211558772 nömrə ilə qeydə alınmış və onun keçirilməsinin əsası kimi “vergi orqanlarının Vergi Məcəlləsinin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasın olması; VM-nin 50.2.4cü maddəsi” göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 17.02.2021-ci il tarixdə tərtib edilmiş operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********1144 saylı tələbnamə İddiaçı göndərilmişdir. DVX seriyalı 000556 saylı 22 fevral 2021-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məvburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsləsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt”dan görünür ki, fiziki şəxs İddiaçı (VÖEN **********) məxsus Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, 1054-cu ünvanda yerləşən “İst Food” kafe-restoranında operativ vergi yoxlaması zamanı 22 nəfər fiziki şəxsdən 7 nəfərinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmiş, həmin aktın əlavəsinə əsasən X4, X2, Şahid2 Şahid4, Şahid6, Şahid1, X5 əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş şəxslər sırasında göstərilmişlər. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.04.2021-ci il tarixli **********6632 nömrəli qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi və 16.04.2021-ci tarixədək 14.000 manatın büdcəyə ödənilməsi qərara alınmışdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş- əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərdən Şahid5, Şahid4 və H.M.Möhbalıyevin notarial qaydada təsdiq olunmuş ərizələrinin tədqiqi zamanı verilmiş ərizələrin müxtəlif tarixlərdə olmasına baxmayaraq onların hərfbəhərf eyni olmaqla (qrammatik səhvlər də daxil olmaqla) sadəcə ad və soyad dəyişdirilməklə verilməsinə, eyni halın Şahid2 və Şahid1 tərəfindən verilmiş ərizələrdə də təkrarlanmasına, həmçinin iddiaçı tərəfindən iddianın dəlilləri barədə sübutun təqdim edilməməsinə, bu dəlillərin məhkəmə araşdırması zamanı da təsdiqini tapmamasına istinad edərək, iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Lakin iddiaçı tərəf apellyasiya şikayətində vergi orqanının tərtib etdiyi aktda adları qeyd edilmiş şəxslərin notarial qaydada təsdiq edilmiş ərizələrinin birinci instansiya məhkəməsi tərəfindən mötəbərliyinə şübhə ilə yanaşıldığı üçün sübut qismində qəbul edilməməsinə etirazını bildirdiyi üçün bu halın araşdırılması məqsədilə apellyasiya baxışı zamanı vergi orqanının tərtib etdiyi aktda adları qeyd edilmiş 7 şəxsdən 6-sı şahid qismində məhkəməyə dəvət olunmuş, 1-i- X1 isə adına verilmiş şəxsiyyət vəsiqəsinin seriyası ilə informasiya sistemində “əlaqə məlumatları” bölməsində hər hansı məlumat aşkarlanmadığından, telefon nömrəsinin axtarışı nəticə vermədiyi üçün şahid kimi məhkəməyə çağırılması mümkün olmamışdır. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, 22 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tiflis prospekti, 1054-cu ünvanda yerləşən “İst Food” kafe-restoranına dönər almaq üçün getmiş, kassada ödəniş edən zaman vergi orqanının əməkdaşları ona yaxınlaşaraq ad və soyadını soruşmuşlar, o da ad və soyadını onlara bildirmiş, daha sonra vergi orqanının əməkdaşları obyektdə olan kassa aparatını yoxlamışlar. Daha sonra şahid ifadəsini dəyişərək, əslində adı çəkilən obyektə həmin dövrdə “kassir” işinə bir-iki həftədir ki gəldiyini, orada işlədiyini, ona görə də vergi orqanının əməkdaşları obyektə gələndə onun da orada olduğunu, onun ad və soyadını soruşduqda özünü təqdim etdiyini, həmin şəxslər getdikdən sonra obyektdə 1-2 gün işləyib işdən çıxdığını və hazırda orada işləmədiyini bildirmişdir. İş materiallarında notariat qaydada verdiyi ərizəni kimin təklifi ilə verməsi barədə suala şahid: “adı çəkilən obyektdən işdən çıxanda orada əvvəllər “administrator” vəzifəsində işləmiş Fərid adlı şəxs vergi yoxlaması ilə bağlı onun gələcəkdə notariusda ərizə yazmalı olduğunu bildirmiş, buna görə də onun telefon nömrəsini götürmüş, sonradan ona zəng vuraraq həmin ərizəni gedib yazmalı olduğunu dediyi üçün o da gedib notariusda belə ərizə yazmışdır” cavabını vermişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadə verərək (ifadə verərkən üzərində WOLT şirkətinə məxsus geyim və əşyalar olmuşdur), WOLT şirkətində öz adına açdığı VÖEN əsasında kuryer vəzifəsində işlədiyini, həmin şirkətdə işləməsini təsdiq edən sənədlərin evdə olduğu üçün təqdim edə bilmədiyini, həmin WOLT şirkəti tərəfindən 2019 və 2020-ci ilin yanvar ayında ona geyim, çanta, proqram təminatının verildiyini, işinin müxtəlif restoran və kafelərdən müştərilərin yemək və s. sifarişinin çatdırılması ilə bağlı olduğunu, 22 fevral 2021-ci il tarixdə “İst Food” kafe-restoranına da məhz müştəri tərəfindən verilmiş sifarişi götürmək üçün getdiyini, həmin vaxt vergi əməkdaşlarının obyektdə olduğunu, onların ondan ad və soyadının soruşduğunu, həmin şəxslərə sifariş əsasında obyektə gəldiyini bildirsə də buna məhəl qoyulmadığını və onun obyektin işçisi kimi göstərildiyini bildirmişdir. Bundan əlavə şahid ifadəsində qeyd etmişdir ki, hadisədən bir neçə gün sonra obyektdə administrator vəzifəsində çalışan Fərid adlı şəxs ona zəng vuraraq obyektə müştəri sifarişini götürməklə əlaqədar gəldiyi üçün obyektə cərimə yazıldığını bildirilmiş, həmin şəxs ona obyektdə çalışmadığı barədə notariusda ərizə yazmalı olduğunu bildirdiyi üçün o da gedib notariusda belə ərizə yazmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7.-1-ci maddəsinə əsasən Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin Məcəllənin 49.1-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Apellyasiya baxışı zamanı aparılan araşdırmalar, o cümlədən şahid ifadələrindən müəyyən olundu ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus obyektlə operativ vergi yoxlaması keçirilən zaman obyektdə “kassir” kimi işləyən- Şahid5 ilə əmək müqaviləsi bağlanmadan şəxs işlərin (xidmətlərin) görülməsinə cəlb olunmuş, “qarson” kimi yazılmış Şahid1 isə həmin obyektdə işçi kimi fəaliyyət göstərməmiş, belə ki, həmin şəxsin obyektdə yoxlama aparılan zaman olmasının səbəbi WOLT şirkətində adına açdığı VÖEN-lə işlədiyi üçün müştəri sifarişinin götürülməsi ilə bağlı olmuş, həmin şəxsin adına həqiqətən də vergi yoxlaması keçirilməmişdən, yəni 22.02.2021-ci il tarixdən əvvəlki- 16.09.2020-ci il tarixdə vergi orqanında qeydiyyatdan keçərək VÖEN alması sistemdən çıxarışla təsdiq olunur. Vergi orqanının 22.02.2021-ci il tarixli aktında adları qeyd olunan digər şəxslər- X2, Şahid2, Şahid4, Şahid6 gəldikdə isə həmin şəxslər şahid qismində məhkəməyə dəvət olunsalar da iştiraklarını təmin etməmiş, X1 isə adına verilmiş şəxsiyyət vəsiqəsinin seriyası ilə informasiya sistemində aparılan axtarış nəticəsində hər hansı məlumat əldə olunmadığı üçün məhkəməyə şahid qismində dəvət olunması təmin edilə bilməmişdir. Belə olan halda Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini sübut etmək vəzifəsinin iddiaçının üzərinə düşdüyünü, bunun üçün iddiaçı tərəfindən adları çəkilən şəxslərin məhkəmə prosesində iştirakının təmin edilməsi məqsədilə hər hansı tədbirin görülmədiyini, məhkəmənin öz təşəbbüsü ilə həmin şəxslərin məhkəməyə dəvət olunması istiqamətində isə yalnız iki nəfərin iştirakının təmin olunduğunu nəzərə alaraq hesab edir ki, araşdırmanın digər şəxslərin notariat qaydada verdikləri ərizələr üzrə aparılması yeganə mümkün “sübutetmə vasitəsi”dir. İş materiallarında olan X2 və Şahid4 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizələrdən müəyyən olunur ki, onlar “İstfood” restoranında işləməmiş, İddiaçı ilə heç bir əmək müqaviləsi bağlamamışlar, ərizələr eyni məzmunda tərtib olunmuşdur. Şahid2 tərəfindən verilmiş və notariat qaydada təsdiq olunmuş ərizədə göstərmişdi ki, o, iş danışmaq üçün “İstfood” restoranına getmiş, bu an otağa Vergilər Nazirliyinin əməkdaşları daxil olmuşlar və ondan restoranın əməkdaşı olub-olmadığı soruşmuşlar, o isə onlara buranın əməkdaşı olmadığını bildirdiyinə baxmayaraq onun adı və soyadını soruşub özlərində qeyd etmişlər. Digər şəxslər Şahid6 Anar oğlu və X4 tərəfindən notariat qaydasında hər hansı ərizənin verilmədiyi müəyyən olunur. Hazırki işdə iddianın və apellyasiya şikayətində iddiaçının yeganə dəlili- vergi yoxlaması aktında adları qeyd olunan şəxslərin (7 nəfərin) iddiaçıya məxsus obyektdə işçi kimi fəaliyyət göstərməməsi, onların müştəri olması ilə bağlıdır. Halbuki həmin şəxslərdən biri Şahid5 şahid kimi ifadə verərkən obyektdə işləməsi faktını etiraf etmiş, digəri- Şahid1 obyektə çatdırma şirkətinin işçisi kimi müştəri sifarişini götürmək üçün gəldiyi faktı ifadəsi ilə təsdiq olunmuş, digər 5 nəfərdən- Şahid6 Anar oğlu və X4 tərəfindən notariat qaydasında hər hansı ərizə verilməmiş, X2, Şahid4 və Şahid2 notariat verdikləri ərizə isə onların iddiaçıya məxsus obyektdə həqiqətən işləməməsi faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir, bunun üçün yetərli sübut sayılmır. Belə ki, bu zaman Kollegiya nəzərə alır ki, istənilən şəxs notariat qaydada ərizə verərkən sərbəst iradə ifadəsini bildirsə də, bu hal onun yalan ifadə verə biləcəyini də istisna etmir, çünki notariat orqanı yalnız verilmiş ərizədə şəxsin iradə ifadəsinin nədən (bunun düz və ya yalan olduğunu bilmədən) ibarət olduğunu və belə ərizənin onun yanında verildiyini təsdiqləyir. Məhkəmə iclasında şahid qismində ifadə verən şəxsə isə məhkəmə tərəfindən onun bilə-bilə yalan ifadə verəcəyi təqdirdə cinayət məsuliyyəti daşıyacağına dair xəbərdarlıq olunduğu və ona bu barədə iltizama imza etdirildiyi üçün bu şəkildə verilən ifadə notariat qaydada verilmiş ifadədən daha üstün hüquqi qüvvəyə malik olub, mötəbər sübut əhəmiyyətinə malikdir. Bu baxımdan Kollegiya hesab edir ki, X2, Şahid4 və Şahid2 notariat qaydada verdikləri ərizələr məhkəmə tərəfindən o zaman mötəbər sübut kimi qəbul edilərdi ki, həmin şəxslər məhkəmə iclasında şahid kimi bilə-bilə yalan yalan ifadə verməklə bağlı məsuliyyət məsələsi onlara izah edildikdən sonra verəcəkləri ifadələrlə ərizədəki ifadələri təsdiq edərdilər. Lakin yuxarıda qeyd olunan səbəblərə görə həmin şəxslərin iştirakı məhkəmənin təşəbbüsü ilə təmin edilə bilməmiş, qeyd olunan sübutetmə vasitəsindən istifadə etməli olan şəxs- iddiaçı isə iddiasının və apellyasiya şikayətinin dəlillərini sübuta yetirmək üçün həmin şəxslərin məhkəmədə iştirakını təmin etməmişdir ki, bununla da öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, vergi orqanının 22.02.2021-ci il tarixli aktında adları qeyd olunan şəxslərdən yalnız “qarson” kimi yazılmış Şahid1 iddiaçıya məxsus obyektdə operativ vergi yoxlaması aparılan zaman işləmədiyi, digər şəxslər- Şahid5, X2, Şahid4, Şahid6 Anar oğlu, Şahid2 və X1 isə obyektdə əmək müqaviləsi bağlanmadan müvafiq işlərin görülməsinə cəlb olunduğu müəyyən olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Odur ki, vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.04.2021-ci il tarixli **********6632 №-li qərarla “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 6 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktına görə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 12.000 (on iki min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6257/2021 saylı 13 avqust 2021-ci il tarixli qərarı qismən, iddianın rədd edilən- “vergi orqanının **********6632 saylı 13.04.2021-ci il tarixli qərarının 1 (bir) nəfər fiziki şəxsə görə 2000 manat maliyyə sanksiyasının tətbiq olunduğu” hissədə ləğv edilməli, həmin hissədə iddia təmin olunmalı, vergi orqanının **********6632 saylı 13.04.2021-ci il tarixli qərarı 1 (bir) nəfər fiziki şəxsə görə 2000 manat maliyyə sanksiyasının tətbiq olunduğu hissədə ləğv edilməli, məhkəmə qərarı iddianın rədd edildiyi digər- “vergi orqanının **********6632 saylı 13.04.2021-ci il tarixli qərarının 6 (altı) nəfər fiziki şəxsə görə 12000 manat maliyyə sanksiyasının tətbiq olunduğu” hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6257/2021 saylı 13 avqust 2021-ci il tarixli qərarı qismən, iddianın rədd edilən- “vergi orqanının **********6632 saylı 13.04.2021-ci il tarixli qərarının 1 (bir) nəfər fiziki şəxsə görə 2000 manat maliyyə sanksiyasının tətbiq olunduğu” hissədə ləğv edilsin. Həmin hissədə iddia təmin olunsun. Vergi orqanının **********6632 saylı 13.04.2021-ci il tarixli qərarı 1 (bir) nəfər fiziki şəxsə görə 2000 manat maliyyə sanksiyasının tətbiq olunduğu hissədə ləğv edilsin. Məhkəmə qərarı iddianın rədd edildiyi digər- “vergi orqanının **********6632 saylı 13.04.2021-ci il tarixli qərarının 6 (altı) nəfər fiziki şəxsə görə 12000 manat maliyyə sanksiyasının tətbiq olunduğu” hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar