Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-275/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2-1(81)-4401/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 57 yaşı tamam olduğu tarixdən, yəni 01.05.2005-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1948-ci ildə doğulmuşdur. O, 05.01.1967-ci ildən 01.09.1967-ci ilə qədər «Bakı Fəhlə» zavodunda xarrat, 12.05.1968-ci ildən 22.08.1968-ci ilə qədər «X4»nda qəbuledici-nəzarətçi, 11.04.1969-cu ildən 01.08.1970-ci ilə qədər 3 №-li Tikinti-Quraşdırma İdarəsində, 23.01.1972-ci ildən 20.03.1973-cü ilə qədər gözətçi, 21.03.1973-cü ildən 11.09.1973-cü ilə qədər 73 №-li uşaq Bağçasında gözətçi, 14.08.1973-cü ildən 22.10.1973-cü ilə qədər «Neft Daşları» X11 İdarəsində 4-cü dərəcəli Qazma avadanlıqların və aqreqatların təmiri üzrə çilingər, 22.10.1973-cü ildən 01.03.1974-cü ilə qədər 5-ci dərəcəli Qazma avadanlıqların və aqreqatların təmiri üzrə çilingər, 01.03.1974-cü ildən 01.12.1975-ci ilə qədər təmir və kirayə sexinə borular üzrə mühəndis, 01.12.1975-ci ildən 18.02.1976-cı ilə qədər təmir və kirayə sexinə borular üzrə mühəndis, 19.02.1976-cı ildən 24.08.1977-ci ilə qədər həmin X5 sexində böyük mühəndis, 24.08.1977-ci ildən 03.05.1982-ci ilə qədər böyük mexanik, 03.05.1982-ci ildən 20.01.1983-cü ilə qədər İdarədə rəhbərlik yanında aparatda baş mexanik, 21.02.1983-cü ildən 05.04.1983-cü ilə qədər «Xəzərdənizneftqazsənaye» İB-nin «Bulla» X8 İdarəsində qazma avadanlıqlarının təmiri üzrə böyük mexanik, 05.04.1983-cü ildən 04.02.1986-cı ilə qədər İstehsalat Xidmət Bazasının rəisi, 19.08.1986-cı ildən 01.03.1994-cü ilə qədər İstehsalata Xidmət Bazasının rəisi, 01.03.1994-cü ildən 04.03.1994-cü ilə qədər Tamponaj İdarəsində quyuların sementlənmə sexinə aqreqatların avadanlığı üzrə böyük mexanik, 04.03.1994-cü ildən 26.02.2001-ci ilə qədər İstehsalata Xidmət Bazasının rəisi, 26.02.2001-ci ildən 01.11.2006-cı ilə qədər həmin idarənin MMTXnin 13-cü dərəcəli növbə rəisi, 01.11.2006-cı ildən 01.05.2007-ci ilə qədər «Bayıl Limanı» X8 İdarəsi «Bulla» Qazma sexində MMTX-nin 13-cü dərəcəli növbə rəisi, 01.05.2007-ci ildən 25.06.2009-cu ilə qədər 13-cü dərəcəli mühəndis, 25.06.2009-cu ildən 22.11.2010-cu ilə qədər 13-cü dərəcəli növbə rəisi vəzifəsində işləmişdir. 23.02.2016-cı il tarixdən ümumi xəstəlik səbəbindən birinci dərəcəli əlil olmuş və ona DSMF-nin Yasamal rayon Şöbəsi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. O, 01.01.2006-cı ilə qədər 35 il 8 ay 17 gün ümumi, 17 il 3 ay 3 gün zərərli iş stajını tamamlamışdır. Bu əsasdan hesab edir ki, 57 yaşı tamam olan tarixdən ona pensiya təyin olunmalı idi. İşlədiyi çilingər peşəsi AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahının Xİİ Bölməsinin 2130100a-18559, böyük mexanik 2130100b- 23485, rəis 2130200b-24125, böyük mexanik 2130200b-23485, böyük mühəndis isə 2130200b-17541 şifrlərinə uyğundur. Pensiya yaşı tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün İdarəyə müraciət etmişdir. lakin, ona pensiya təyin olunmasından imtina edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4401/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 57 yaşı tamam olduğundan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-438/2020 saylı, 14.01.2020-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-438/2020 saylı, 07.02.2020-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4401/2019 saylı, 31.10.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1357/2020 saylı, 26 avqust 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 438/2020 saylı 07.02.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyasın təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “DOST” Agentliyinə ərizə il müraciət etmişdir. Ərizəyə əlavə edilmiş 30.04.2019-cu il tarixli SOCAR**********80020115x00115 nömrəli və 19.01.2019-cu il tarixli 13A19-01/79 nömrəli arxiv arayışlarında qeyd olunan 14.08.1973-cü il tarixindən 22.11.2010-cu il tarixədək olan dövr ərzində işlədiyi peşə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda və 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısında nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaları yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası huququ vardır. Məhkəmələrdə güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün iddiaçının çalışdığı vəzifələrin Siyahılarda qeyd olunan vəzifələrin adları (hərfi yazılışları) ilə dəqiq uyğunluq təşkil etməsi təcrübəsi vardır. Azərbaycan Respublikası Ali məhkəməsinin X2 işi üzrə qəbul etdiyi 30.04.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarından çıxarış: məhkəmə hesab edir kı, siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə yerin altında və üstündə habelə qısamüddətli və ya uzun müddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Ali məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrinin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Baxılan halda isə müvafiq vəzifə sözügedən siyahıda nəinki açıq şəkildə, ümumiyyətlə göstərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı 18.04.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı hüquqi varisi kimi X1 əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı ərizə təmin edilmiş, iddiaçı onun prosessual hüquq varisi – X3 ilə əvəz edilmişdir. Ali Məhkəmə işi yeni apellyasiya baxışına qaytararkən qərarında qeyd etmişdir ki, iş materiallarında olan və məhkəmələrin sübut kimi istinad etdikləri «Sokar» şirkəti tərəfindən verilmiş arayış mötəbər sübut kimi qəbul olana bilməz. Arayışda ümumiyyətlə iddiaçının işlədiyi peşə və sahənin Siyahılarla əksini tapmış hansı peşə və sahəyə uyğun olması göstərilməmişdir. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə dair məhkəmənin gəldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. Məhkəmə bu prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi. Məhkəmə kollegiyası onu da xatırladır ki, məhkəmələr yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerlərindən təqdim edilmiş arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İşin tam və hərtərəfli araşdırılması barədə yuxarıda göstərilən prosessual tələblərə riayət olunmaması, apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsasdır. Lakin iş üzrə yeni qərar çıxarılması üçün, əvvəlki abzasda göstərilən halların araşdırılması zəruridir və əhəmiyyətli sayda sübutların araşdırılması tələb olunur. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib və tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb və iş üzrə Ali Məhkəmənin qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilməlidir. Hazırkı işin hallarından görünür ki, İddiaçı xx.xx.1948-ci ildə doğulmuşdur. İddiaçı 05.01.1967-ci ildən 01.09.1967-ci ilə qədər «Bakı Fəhlə» zavodunda xarrat, 12.05.1968-ci ildən 22.08.1968-ci ilə qədər «X4»nda qəbuledici-nəzarətçi, 11.04.1969-cu ildən 01.08.1970-ci ilə qədər 3 №-li Tikinti-Quraşdırma İdarəsində, 23.01.1972-ci ildən 20.03.1973-cü ilə qədər gözətçi, 21.03.1973-cü ildən 11.09.1973-cü ilə qədər 73 №-li uşaq bağçasında gözətçi, 14.08.1973-cü ildən 22.10.1973-cü ilə qədər «Neft Daşları» X11 İdarəsində 4-cü dərəcəli qazma avadanlıqların və aqreqatların təmiri üzrə çilingər, 22.10.1973-cü ildən 01.03.1974-cü ilə qədər 5-ci dərəcəli qazma avadanlıqların və aqreqatların təmiri üzrə çilingər, 01.03.1974-cü ildən 01.12.1975- ci ilə qədər təmir və kirayə sexinə borular üzrə mühəndis, 01.12.1975-ci ildən 18.02.1976- cı ilə qədər təmir və kirayə sexinə borular üzrə mühəndis, 19.02.1976-cı ildən 24.08.1977- ci ilə qədər həmin X5 sexində böyük mühəndis, 24.08.1977-ci ildən 03.05.1982-ci ilə qədər böyük mexanik, 03.05.1982-ci ildən 20.01.1983-cü ilə qədər idarədə rəhbərlik yanında aparatda baş mexanik, 21.02.1983-cü ildən 05.04.1983-cü ilə qədər «Xəzərdənizneftqazsənaye» İB-nin «Bulla» X8 İdarəsində qazma avadanlıqlarının təmiri üzrə böyük mexanik, 05.04.1983-cü ildən 04.02.1986-cı ilə qədər İstehsalat Xidmət Bazasının rəisi, 19.08.1986-cı ildən 01.03.1994-cü ilə qədər İstehsalata Xidmət Bazasının rəisi, 01.03.1994-cü ildən 04.03.1994-cü ilə qədər Tamponaj İdarəsində quyuların sementlənmə sexinə aqreqatların avadanlığı üzrə böyük mexanik, 04.03.1994-cü ildən 26.02.2001-ci ilə qədər İstehsalata Xidmət Bazasının rəisi, 26.02.2001-ci ildən 01.11.2006-cı ilə qədər həmin idarənin MMTXnin 13-cü dərəcəli növbə rəisi, 01.11.2006-cı ildən 01.05.2007-ci ilə qədər «Bayıl Limanı» X8 İdarəsi «Bulla» Qazma sexində MMTX-nin 13-cü dərəcəli növbə rəisi, 01.05.2007-ci ildən 25.06.2009-cu ilə qədər 13-cü dərəcəli mühəndis, 25.06.2009-cu ildən 22.11.2010-cu ilə qədər 13-cü dərəcəli növbə rəisi vəzifəsində işləmişdir. İddiaçıya 01.11.2010-cu ildə yaşa görə pensiya təyin olunmuşdur. İddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, işlədiyi çilingər peşəsinin Azərbaycan Resbulikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının Xİİ bölməsinin 2130100a-18559, böyük mexanik 2130100b-23485, rəis 2130200b-24125, böyük mexanik 2130200b-23485, böyük mühəndis isə 2130200b-17541 şifrlərinə uyğun olduğu üçün ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının xahişini təmin etməmiş və 27 sentyabr 2019-cu il tarixli məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, onun şöbəyə təqdim etdiyi 30.04.2019-cu il tarixli və 19.01.2019-cu il tarixli arayışlarında qeyd olunan 14.08.1973-cü ildən 22.11.2010-cu il tarixədək işlədiyi peşələr nə Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıya, nə də 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya uyğun gəlmir. Bundan sonra iddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, iddiaçının işlədiyi çilingər peşəsi Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının Xİİ bölməsinin 2130100a-18559, böyük mexanik 2130100b-23485, rəis 2130200b-24125, böyük mexanik 2130200b-23485, böyük mühəndis isə 2130200b-17541 şifrlərinə uyğun gəlməsi iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışla öz təsdiqini tapdığından cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin maddənin «b» bəndində isə göstərilirdi ki, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13.06.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən dəyişikliyə əsasən, qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır. Göründüyü kimi iddanın təmin olunması üçün aşağıdakı şərtlər məcmu halda mövcud olmalıdır: 1. İddiaçının 01.01.2006-cı il tarixə 25 il ümumi stajı olmalıdır; 2. İddiaçı həmin müddətin 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən işlərdə işləməlidir;
3. İddiaçı 57 yaşa çatmalıdır. Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının Xİİ bölməsinin 2130100a-18559 şifrində bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingərlər, 2130100b-23485 şifrində quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsi ilə məşğul olan mexaniklər və böyük mexaniklər, 2130200b-24125 şifrində neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri, 2130200b-23485 şifrində böyük mexaniklər, 2130200b-17541 şifrlərində quyularda geofiziki tədqiqatlar yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları nəzərdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 30.04.2019-cu il tarixli SOCAR**********80020115X00115 №-li arayışında yalnız iddiaçının işlədiyi sahələr, peşələr və müddətlər göstərilmiş, həmin sahə və peşələrin əmək şəraiti zərərli və ağır olan işlərə aid olub olmaması, Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 və ya 2 nömrəli siyahıda hansı koda uyğun olması qeyd olunmamışdır. Həmin arayışda ümumiyyətlə iddiaçının «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı» və ya 2 nömrəli Siyahısı üzrə güzəştli iş stajının olması yazılmamışdır. Əksinə, iddiaçının işlədiyi peşələr tarix ardıcıllığı ilə göstərildikdən sonra arayışın “qeyd” hissəsində yazılmışdır ki, “Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli, 781 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğundan güzəştli şərtlə pensiyaya çıxmaqla əlaqədar həmin icra hakimiyyəti orqanına müraciət etməyinizi məqsədəuyğun hesab edirik”. Birinci instansiya məhkəməsi Dövlət Neft Şirkətinin 30.04.2019-cu il tarixli arayışını sübut kimi qəbul etmiş və istinad edərək bildirmişdir ki, arayışda iddiaçının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısı üzrə güzəştli iş stajının mövcud olması göstərilmişdir. Lakin məhkəmə iddiaçının əmək fəaliyyətini 2 nömrəli Siyahıya uyğunlaşdırmış (iddiaçının işlədiyi böyük mexanik, böyük mühəndis və çilingər peşəsinin Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 Noli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nın 2130100a-18559, 2130100b-23485, 2130200b-24125, 2130200b-23485, 2130200b-17541 şifrlərinə istinad edilməklə güzəştli iş stajı kimi qəbul olunmasını məqsədə müvafiq hesab etmiş) və bu ziddiyyəti əsaslandırmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin Siyahıdakı hansı koda (kodlara) uyğun olduğu dəqiq göstərilməli, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları (müəssisənin fəaliyyət istiqaməti və s.), eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini (işin xarakteri, funksional vəzifəsi) əks etdirməli, həmçinin əsaslandırılmış olmalıdır. Ali Məhkəmənin qərarında qeyd olunmuş göstərişləri nəzərə alaraq yeni apellyasiya baxışı zamanı Socar-ın “X9” Trestinə iddiaçının güzəştli iş stajı barədə sorğu ünvanlanmış, cavab məktubunda eyni qaydada iddiaçının işlədiyi peşələr tarix ardıcıllığı ilə göstərildikdən sonra arayışın “qeyd” hissəsində yazılmışdır ki, iddiaçının güzəştli yaşa görə iş stajı müəyyən olunmamışdır. Məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahısında nəzərdə tutulan, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə 12 il 6 ay sığorta stajı olmadığından, iddiaçıya həmin yaşdan pensiya təyin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, pensiyanın 57 yaşdan təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2-1(81)-4401/2019 saylı qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2-1(81)- 4401/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi