Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-275/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi 3-cü şəxs qismində cəlb olunmaqla) “texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-1(112)-5034/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.metr olan 797 nömrəli 2 otaqdan ibarət mənzilin onun mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-5034/2021 saylı qərardadına əsasən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi 3cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 mart 2014-cü il tarixli, 2(004)-854/2014 saylı qətnaməsi ilə İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 19 oktyabr 2007-ci il tarixli, 29.07 saylı mənzilə dair müqaviləyə əsasən Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.metr olan 797 nömrəli 2 otaqdan ibarət mənzil üzərində İddiaçı mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüquqlarının tanınmasına dair iddiası təmin edilmiş və Azərbaycan Respublikasının adından çıxarılan qətnamə qanuni qüvvəsini almışdır. Belə ki, qətnamə həm apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş yekunda dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-18/2018 saylı 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə sözügedən mənzil İddiaçı təhvil verilməklə o, mənzilə köçürülmüşdür və hazırda orada yaşayır. Həmin qətnamə də apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş və nəticə etibarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bununla belə İddiaçıla mənzilin kommunal xidmətlərinə dair “Azəriqaz”, “Azərsu” və “Azərişıqla” müvafiq olaraq müqavilələr bağlanmışdır. İddiaçının qanuni sahibliyində və istifadəsində olan həmin mənzilin mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi zərurəti yaranmışdır. Bununla bağlı DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müvafiq ərizə ilə müraciət olunmuş, lakin cavab olaraq göstərilmişdir ki, hüquqaların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını, onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun deyildir. Eyni zamanda bildirilmişdir ki, müraciətdə qeyd olunan məhkəmə qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamış, qeyd olunan iş üzrə idarə tərəf olmamış və qətnamənin idarəyə rəsmi qaydada daxil olması barədə məlumat aşkar olunmamışdır. İddiaçı hesab edir ki, DƏDRXnin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin imtinası əsassızdır. Belə ki, onun mənzilə hüquqlarının tanınmasının və köçürülməsinin hüquqi əsası qanuni qüvvəsini almış, dövlətin adından çıxarılan məhkəmə aktlarıdır. Həmin məhkəmə aktları məhz imtinada göstərilən "xxxx" MMC tərəfindən bütün instansiyalarda mübahisələndirilmişdir. İddiaçı müqaviləsinin və maliyyə arayışının etibarsızlığı və bütün məhkəmə araşdırmalarının nəticəsi olaraq müəyyən olunmuşdur ki, mənzilin yeganə vicdanlı alıcısı, qanuni sahibi İddiaçıdur. Məhkəmə qətnamələrində hüquqi əsaslandırılma bundan ibarət olmuşdur ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin isə hüquqi mövqeyi aşağıdakı şəkildə olmuşdur: “Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsinə müvafiq olaraq tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.5-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Bu mənada «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi qəbul edilməlidir. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.” Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanın mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Onu da qeyd edək ki, binanın tikintisi başa çatdırılmış və qanunla müəyyən olunmuş qaydada istismara təhvil verilmişdir. Göründüyü kimi artıq İddiaçı mənzilə hüquqlarının tanınmasının, dövlət qeydiyyatına alınmasının hüquqi əsası müqavilə, maliyyə arayışı və ya protokoldan çıxarış deyil, qanuni qüvvəyə minmiş məhkəmə qərarıdır ki, bunun üçün yetərli olan bütün lazımi sənədlər cavabdehə təqdim olunmuşdur. Bu səbəbdən də cavabdeh idarə şəxsdən əlavə sənədlər tələb edə və imtina üçün başqa əsaslar gətirə bilməz. Cavabdeh idarənin qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmiş halları hüquqi müəyyənlik prinsipi baxımından yenidən mübahisələndirmək səlahiyyəti yoxdur. Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res jııdicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci madəsinin 1-ci hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci madəsinin 2-ci hissəsinə görə insan və vətəndaş hüquqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci madəsinin 7-ci hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan, Bakı şəhəri, Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.m olan 797 nömrəli 2 otaqdan ibarət mənzilin İddiaçı mülkiyyətinə verilməsinə dair texniki pasportun və dövlət reyestrindən çıxarışın verilməsi DƏDRX- nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə tapşırılmalıdır. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır və qanunidir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı iddia tələbi ilə bağlı 27.11.2019-cu il və 05.09.2020-ci il tarixlərdə İdarəyə müraciət etmişdir. İddiaçı 27.11.2019-cu il tarixli, ********** nömrəli müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzilinə dair təqdim olunmuş hüquqmüəyyənedici sənədlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. Bu səbəbdən 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aidiyyəti təşkilata ("xxxx" MMC”) sorğu göndərilmişdir. Sorğu müsbət cavablandırılacağı təqdirdə ərizəyə yenidən baxılacağı barədə iddiaçıya **********04 saylı, 25.12.2019-cu il tarixli bildiriş ünvanlanmışdır. İddiaçı 05.09.2020-ci il tarixli, ********** nömrəli müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.07.2005-ci il tarixli, 203 saylı sərəncamına əsasən Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Alatava küçəsində ayrılmış torpaq sahəsində "xxxx" MMC-nin inşa etdiyi 1 ədəd 2 girişli, 4 ədəd 1 girişli, 14-15 mərtəbəli, ümumi sahəsi 67.328 kv.metr olan, 551 mənzilli binaları (9 mənzil istisna olmaqla) və həmin binalara aid olan lift, hol və pilləkən qəfəsini, abadlaşdırılmış həyətyanı sahə (o cümlədən su çənini, kommunikasiya xətlərini) Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 16.05.2019-cu il tarixli, RR/02-463 saylı məktubuna əsasən qaçqın və məcburi köçkünlərin mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə əvəzsiz olaraq verilmişdir. "xxxx" MənzilTikinti Kooperativi tərəfindən İdarəyə daxil olmuş 08 saylı, 12.08.2020-ci il tarixli məktubda qeyd olunan 9 mənzilin siyahısında Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzili barədə məlumat olmadığı müəyyən edilmişdir. Həmçinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzilinə dair ərizəyə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********64 saylı, 26.10.2020-ci il tarixli məktub ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən mənzildə aparılan yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, mənzilin sahəsi sənəd üzrə 91.53 kv.metr olsa da, faktiki olaraq 73.4 kv.metr təşkil edir. Bakı İnzibati Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-1(112)-5034/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.metr olan 797 nömrəli 2 otaqdan ibarət mənzil üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, müvafiq mənzilə dair sənədlər MMC tərəfindən verildiyindən müvafiq yaşayış sahəsi əvvəlcə MMC-nin adına ilkin qeydiyyata alınmalı və yalnız bundan sonra MMC ilə iddiaçı arasında notarial qaydada bağlanmış müqavilə əsasında iddiaçının adına qeydiyyata alına bilər. İşin düzgün araşdırılması məqsədilə "xxxx" MMC və "xxxx" MMC inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19 oktyabr 2007-ci il tarixli müqavilədən görünür ki, müqavilə tərəfləri arasında Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, yaşayış evinin blok 8, mərtəbə 10, ümumi sahəsi 91,53 kv.metr, 2 otaqdan ibarət 797 izolə olunmuş mənzilə dair bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən yekun sənədləşmə kompleksi tikinti olduğu üçün "xxxx" MMC tərəfindən həyata keçiriləcəkdir. Payçı İddiaçı ona düşən mənzil sahəsinin hər kv.metri üçün 600 manat olmaqla, cəmi 54918 manat (64609 ABŞ dolları) ödəmişdir. "xxxx" MMC tərəfindən verilmiş 19 oktyabr 2007-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa olunan yaşayış binası "xxxx" MMC və "xxxx" MMC-yə məxsusdur. Həmin binanın giriş 8, 10-cu mərtəbəsində, ümumi sahəsi 91,53 kv.metr olan 2 otaqlı, 797 saylı mənzilim ümumi məbləğini ödəyir. 54918 manat (64609 ABŞ dolları) alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-854/2014 saylı, 15 mart 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.metr olan 797 nömrəli 2 otaqdan ibarət mənzil üzərində İddiaçı istifadə və sahiblik hüququ tanınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3718/2017 saylı, 20 aprel 2017-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-854/2014 saylı, 15 mart 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5968/2017 saylı, 24 avqust 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3718/2017 saylı, 20 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2017-ci il tarixli qərardadı ilə üçüncü şəxs "xxxx" MMC-nin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-854/2014 saylı, 15 mart 2014-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 fevral 2018-ci il tarixli, 2(102)-1243/18 saylı qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(004)-18/2018 saylı qətnaməsindən görünür ki, cavabdehlər "xxxx" MMC və "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91,53 kv.metr olan 797 nömrəli 2 otaqdan ibarət mənzil İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2018-ci il tarixli, 2(103)-10963/2018 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli, 2(004)-18/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2019-cu il tarixli, 2(103)- 13625/2019 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-18/2018 saylı iş üzrə 04 iyul 2018-ci il tarixli qətnaməsi "xxxx" MMC tərəfindən mənzilin təhvil verilməsi və "xxxx" MMC-nin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2(004)- 617/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Abdullayev Fərman Ərrəhman oğlunun cavabdehlər İddiaçı və "xxxx" MMC-yə qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Abdullayev Fərman Ərrəhman oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 2(004)-617/2019 saylı qətnaməsi iddiaçı Abdullayev Fərman Ərrəhman oğluna münasibətdə dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli, 2(102)-7791/2019 saylı qərarı ilə iddiaçı Abdullayev Fərman Ərrəhman oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 26 oktyabr 2020-ci il tarixli, **********64 saylı imtina məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə və sənədlərə baxılmış, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.07.2005-ci il tarixli, 203 saylı sərəncamına əsasən Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Alatava küçəsində ayrılmış torpaq sahəsində "xxxx" MMC-nin inşa etdiyi 1 ədəd 2 girişli, 4 ədəd 1 girişli, 14-15 mərtəbəli, ümumi sahəsi 67.328 kv.metr olan, 551 mənzilli binaları (9 mənzil istisna olmaqla) və həmin binalara aid olan lift, xol və pilləkən qəfəsini, abadlaşdırılmış həyətyanı sahə (o cümlədən su çənini, kommunikasiya xətlərini) Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 16.05.2019cu il tarixli, RR/02-463 saylı məktubu ilə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə əvəzsiz olaraq verilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən İdarəyə daxil olmuş 08 saylı, 12.08.2020-ci il tarixli məktubda qeyd olunan 9 mənzilin siyahısında Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzili barədə məlumat olmadığı müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzilinə dair ərizənizə əlavə olunmuş hüquqmüəyyənedici sənədlər tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17 dekabr 2020-ci il tarixli, **********14 saylı imtina məktubundan görünür ki, iddiaçının ünvan 2 ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, qeyd olunan mənzil üzərində hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciətinə 26 oktyabr 2020-ci il tarixli, **********64 saylı məktubla ətraflı münasibət bildirilmişdir. Eyni zamanda bildirilmişdir ki, müraciətdə qeyd olunan məhkəmə qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamış, qeyd olunan iş üzrə idarə tərəf olmamış və qətnamənin idarəyə rəsmi qaydada daxil olması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Cavabdeh imtinaya əsas olaraq ilk növbədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 27.07.2005-ci il tarixli, 203 saylı sərəncamına əsasən Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Alatava küçəsində ayrılmış torpaq sahəsində "xxxx" MMC-nin inşa etdiyi 1 ədəd 2 girişli, 4 ədəd 1 girişli, 14-15 mərtəbəli, ümumi sahəsi 67.328 kv.metr olan, 551 mənzilli binaları (9 mənzil istisna olmaqla) və həmin binalara aid olan lift, xol və pilləkən qəfəsini, abadlaşdırılmış həyətyanı sahənin (o cümlədən su çənini, kommunikasiya xətlərini) Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 16.05.2019cu il tarixli, RR/02-463 saylı məktubu ilə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə əvəzsiz olaraq verildiyini, "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən İdarəyə daxil olmuş 08 saylı, 12.08.2020-ci il tarixli məktubda qeyd olunan 9 mənzilin siyahısında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən yaşayış binasının 797 saylı mənzili barədə məlumat olmadığının müəyyən edilmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı həmin yaşayış binalarının Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə təhvil verilməsinə dair sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********73 saylı, 18 iyun 2021-ci il tarixli məktubda aidiyyəti üzrə müraciət etməyin məqsədəuyğun olduğu bildirilərək, həmin sənədlərin təqdim edilməsindən imtina edilmişdir. Cavabdehin mənzilə dair hüquqmüəyyənedici sənədlərin tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilməsi barədə dəlilinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, artıq qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən mübahisəli mənzilə dair "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19 oktyabr 2007-ci il tarixli müqaviləyə əsasən həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüquqları tanınmış, sözügedən mənzil və mənzilin yerləşdiyi binanın "xxxx" MMC və "xxxx" MMC-yə məxsus olması müəyyən edilmişdir. İddiaçının mənzilə dair "xxxx" MMC ilə arasında bağlanmış 19 oktyabr 2007-ci il tarixli müqaviləyə əsasən mənzilin dəyərini tam ödəməklə, həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ əsasında sahiblik və istifadə hüququnun məhkəmə qərarları əsasında tanınmasını və ona təhvil verilməsini, habelə müraciətinin təmin edilməsindən imtina edilməsi üçün əsas olmadığı halında tələbin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsinin tələbinə uyğun olduğu müəyyən edilir ki, bu da öz növbəsində, cavabdehin imtinasının əsassız olması qənaətinə gəlmək üçün əsas verir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının qanuni sahibliyində və istifadəsində olan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Yeni Yasamal massivində yerləşən 8-ci blok, 10-cu mərtəbə, ümumi sahəsi 91.53 kv.metr olan 797 nömrəli 2 otaqdan ibarət mənzilə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası cavabdehin "xxxx" MMC və "xxxx" MMC-nin üçüncü şəxs qismində icraata cəlb edilməli olunmalarına dair apellyasiya şikayətinin dəlili ilə razılaşmır və hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektlərin icraata cəlb edilməsini tələb edən hər hansı zərurət müəyyən olunmamışdır. Eyni zamanda, hazırkı iş üzrə ekspertizanın təyin edilməsi üçün zərurət yoxdur. Cavabdehin istinad etdiyi yaşayış binasına "xxxx" MMC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra təqdim ediləcək notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında mənzilə mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasının mümkün olduğuna dair dəlili də əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanılmış 19 oktyabr 2007-ci il tarixli müqavilə ilə "xxxx" MMC inşa etdiyi binadakı mənzili dəyərini almaqla satmışdır. Ona görə də, həmin mənzilə dair "xxxx" MMC hər hansı hüququn sahibi deyildir. Dəyəri tam ödənildiyi üçün mənzilə mülkiyyət hüququ müqaviləyə əsasən iddiaçıya keçmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-1(112)-5034/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-275/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-275/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver