Məhkəmə qərarları › İş №2-1(103)-275/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-275/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-275/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-49/2019 saylı 28 iyun 2019-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi 0,12 hektar olan İ sektorun B-29, 30 saylı bağ sahələrinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində onun (iddiaçının) adına qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 3 aprel 2018-ci il tarixli, 2-1(82)- 727/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Bundan sonra “Gəmi Təmirçisi” BYC hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə vermiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 4 iyun 2018-ci il tarixli qərardadı ilə 3 aprel 2018-ci il tarixli məhkəmə qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və “Gəmi Təmirçisi” BYC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur İşə təkrar baxılmanın nəticəsi olaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2-1(82)-49/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 0,12 hektardan ibarət B-29-30 saylı bağ sahəsinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən hüquqlarının dövlət qeydiyyatına alınmasına dair ərizəsinə əlavə etdiyi sənədlər surətdir, əsilləri İdarəyə təqdim edilməmişdir. Bundan başqa idarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında İddiaçı adı aşkar edilməmişdir. Həmçinin, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7054/2015 saylı, xx.xx.2015- ci il tarixli qərardadına əsasən “Gəmitəmirçisi” bağçılıq yoldaşlığına ayrılmış bağ sahələrinin rəsmiləşdirilməsinə və özəlləşdirilməsinə qadağa qoyulmuşdur. Bundan əlavə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7723/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsilə iddia təmin edilərək keçmiş “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı birliyinin Hövsan ərazisində yerləşən sahəsində aparılan inventarizasiya gedişi haqqında iclasının xx.xx.2010-cu il tarixli protokolunun ləğv edilməsi, üzərində Baş direktor və Həmkarlar İttifaqının sədrinin imzaları olmayan, kompüter tərtib olunmuş 3 saylı xx.xx.1986-cı il tarixli protokolunun ləğv olunması və etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013cü il tarixli Sərəncamı ilə ləğv olunmuş Azərbaycan Dövlət X11çiliyi, idarənin qurumlar, həmçinin qeyri-hüquqi şəxs olan “Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin “Gəmitəmirçisi" bağçılıq yoldaşlığı adlandırılan qurumun xx.xx.2015-ci il tarixli və xx.xx.2018-ci il tarixli protokollarının ləğv olunması və nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Gəmitəmirçisi” bağçılıq yoldaşlığının torpaq sahələrinin rəsmiləşdirilməsi (özəlləşdirilməsi) üçün hazırlanmış sənədlərin qəbul edilməsinin yalnız Dövlət qeydiyyatından keçən “Gəmi təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə aid möhür və ştampla təsdiqlənməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 nömrəli, 24 iyul 2019-cu il tarixli qərardadı ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7723/2018 nömrəli, 25 iyun 2019-cu il tarixli qərardadından verdiyi şikayət ərizəsi təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin yekun məhkəmə qərarı İdarəyə daxil olmamışdır. Göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar nəzərə alınmamış və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyəti, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 fevral 2022-ci il tarixli, 2-1(103)-21/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1025/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2022-ci il 18 fevral tarixli, 2-1(103)-21/2022 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndələri X4 və X5 apellyasiya şikayətini müdafiə etdilər, İddiaçı isə apellyasiya şikayətinə etiraz etdi. Üçüncü şəxs “Gəmi Təmirçisi” BYC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı Şəhər XDS İK-nın 12 oktyabr 1985-ci il tarixli 16/358 nömrəli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İB-nin “Gəmitəmirçisi” bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır. İddiaçı ləğv olunmuş "Gəmitəmiri və Gəmiqayırma” İstehsalat Birliyinin "Gəmitəmirçisi'’ bağçılıq yoldaşlığı adlandırılan qurumun adından özünü idarə heyətinin sədri kimi qeyd edən Q.Qarayev tərəfindən imzalanmış və möhürlə təsdiq edilərək xx.xx.2012-ci il tarixdə dublikat kimi verilmiş bağçılığın üzvlük kitabçasına istinad edərək, özünü Suraxanı rayonu Hövsan qəsəbəsindəki Gəmitəmirçisi Bağçılıq yoldaşlıq cəmiyyətinin üzvü olduğunu və ona B-29-30 saylı 0,12 hektar torpaq sahəsi verildiyini iddia edir. Hüquq müəyyənedici sənəd kimi “Gəmitəmirçisi” bağçılıq yoldaşlığı tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli üzvlük kitabçası, həmin tarixli 42BY saylı arayış, bağçılıq üzvlərinin xx.xx.1986-cı ildə təsdiq edilmiş 3 saylı protokol – siyahısından çıxarış, 1986-cı il fevral ayına aid 5/672 saylı ayrıc aktı, Dövlət Arxivinin Bakı Filialı tərəfindən Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixi 16/358 saylı sərəncamına dair X1 adına verilmiş xx.xx.2008-ci il tarixli 1088 saylı arxiv çıxarışı təqdim edərək, iddiaçı torpağa dair texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməli olduğu qənaətindədir. İddiaçı xx.xx.2017-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin 27 noyabr 2017-ci il tarixli cavab məktubu ilə ona imtina edilmiş, imtina məktubda bildirilmişdir ki, onun adı bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar edilməmişdir. Həmçinin qeyd olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7054/2015 saylı, 25 iyun 2015-ci il tarixli qərarı ilə “Gəmitəmirçisi” bağçılıq yoldaşlığına ayrılmış bağ sahələrinin özəlləşdirilməsi qadağan edilmişdir. İddiaçı bildirir ki, Bakı şəhər XDS İK-nın 12 oktyabr 1985-ci il tarixli 16/358 nömrəli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İB-nin “Gəmitəmirçisi” bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılmışdır. 1999-cu ildən həmin bağçılığın üzvüdür və bağçılıq sahəsində İ sektorda yerləşən ümumi sahəsi 1.200 kv.m olan B-29,30 saylı bağ sahələri ona məxsusdur. Həmin bağ sahələri hazırda onun istifadəsindədir. İddiaçı bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan DƏDRX Bakı şəhər Ərazi İdarəsi 27 noyabr 2017-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Halbuki, onun sənədləri tamdır və tələb olunan səviyyədədir. Hesab olunur ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddiaya etiraz edir və etirazını iddiaçıya çıxarışın verilməsinə dair müraciətə imtinanın məzmununa uyğun olaraq əsaslandırır. Üçüncü şəxs bildirir ki, Bakı Şəhər XDS İK-nın 12 oktyabr 1985-ci il tarixli 16/358 nömrəli qərarı ilə Hövsan qəsəbəsində “X11 Təmiri” İB-nin fəhlə və qulluqçularına torpaq sahəsi ayrılmış və bununla bağlı “Gəmi təmirçisi” bağçılıq yoldaşlığı yaradılmışdır. 2017-ci ildə yenidən “Gəmi təmirçisi” BYC-nin sədri seçilmiş, nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, möhür və ştampı hazırlanmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi B-29-30 saylı bağ sahəsinə dair sənədlərin hansı qurumun möhürü ilə təsdiqləndiyi bilinmir. Onun iddia etdiyi mövcud olmayan bağ sahəsi “Gəmi təmirşisi” BYC-nin ərazisinə şamil edilir. B-29-30 saylı bağ sahəsi BYC-nin ərazisində yoxdur. Müvafiq ərazidəki axırıncı bağ sahəsinin nömrəsi 27-28-dir. Bu da onu göstərir ki, sənədlər saxtalaşdırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qərardadı ilə “Gəmi təmirçisi” BYC-nin bağ sahəsinin rəsmiləşdirilməsinə (özəlləşdirilməsinə) qadağan qoyulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Həmin Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Lakin hazırki işdə iddiaçıya istinad etdiyi bağ sahəsi üzrə çıxarışın verilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1025/2022 saylı qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Adıçəkilən Qanunun 8.0.7-ci maddəsinin məzmunundan görünür ki, üzvlük kitabçası kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas ola bilər. İddiaçı isə məhkəməyə təqdim etdiyi üzvlük kitabçasının kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyini sübut edə bilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu sənədlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı Şəhər İcra Hakimiyyətinə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqlar istifadələrinə verilən bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə buna dair heç bir səlahiyyət olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. İddiaçının adı isə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin işdə olan ilkin siyahısında yoxdur (1-ci cild, iş vərəqi 211-216), onun təqdim etdiyi bağçılıq-yoldaşlıq birliyinin üzvlük kitabçasında sahənin ölçüsü də göstərilməmişdir. Beləliklə, iddiaçının istinad etdiyi üzvlük kitabçası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində qeyd olunan əsaslara aid edilə bilməz. Odur ki, iddiaçının cavabdeh orqana və məhkəməyə iddia etdiyi bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənəd təqdim edib-etmədiyi araşdırılmamışdır. Bundan başqa, iddiaçı 29, 30 saylı bağ sahələrinin ona məxsus olduğunu iddia etdiyi halda, həmin bağların hansı siyahıda qeyd edildiyinə, torpaq ayırma sənədləri olaraq torpağın koordinatları, ayrıc aktı və sxeminin mövcudluğuna dair müvafiq araşdırmalar aparılmamışdır. İşdə olan ayrıc aktı bütün bağçılıq-yoldaşlıq təsərrüfatına torpaq ayrılmasını nəzərdə tutduğu halda, iddia edilən torpağa dair ayrıc aktının olduğu araşdırılmamışdır. Həmçinin iddiaçının təqdim etdiyi protokoldan çıxarışla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, çıxarışı edilən protokolunun özünün mövcud olubolmaması araşdırılmamışdır. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu xidməti vəzifəsinə uyğun olaraq yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri müxtəlif sübutların müqayisə edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə olaraq İPM-in 12-ci maddəsinin tələbləri baxımından hüquqmüəyyənedici sənədlərlə əlaqədar xidməti vəzifəsinə uyğun olaraq müvafiq araşdırma aparmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Gəmitəmirçisi” bağçılıq-bostançılıq cəmiyyətinə aid arxivdə saxlanılan bütün sənədlərin təsdiqlənmiş surətləri məhkəmə sorğusuna əsasən əldə edilərək iş materiallarına əlavə edilmiş (1-ci cild iş vərəqi 210-246) və həmin sənədlərlə iddiaçıya iddia etdiyi torpaq sahəsinin ayrıldığı müəyyən edilmədiyi halda, iddianın təmin edilməsi üçün əsas götürülmüş sənədlərin həmin sənədlərdən daha mötəbər olması heç nə ilə əsaslandırılmamış, sübutların mötəbərliliyinin müəyyən edilməsi məqsədilə araşdırma aparılmamışdır...İşə təkrar baxarkən apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi hüquqmüəyyən edici sənədləri qiymətləndirməli, müvafiq sorğular verməli, çıxarışı təqdim edilən protokolun özünün mövcudluğu araşdırıldırılmalı, 1-ci cild iş vərəqi 210-246-cı səhifələrdə olan cavabdeh tərəfindən məhkəmə sorğusuna əsasən xx.xx.2019-cu il tarixli **********39 aylı məktuba qoşma olaraq əlavə edilmiş 36 vərəqdən ibarət arxiv sənədləri ilə müqayisəli təhlil etməli, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması məsələsinə hüquqi qiymət verilməlidir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Qeyd olunanlar nəzərə alınaraq hazırki apellyasiya baxışı zamanı “Gəmi Təmirçisi” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adının olub-olmaması barədə məlumatları, siyahıda adı olduğu təqdirdə bunu təsdiq edən sənədlərin (arayış, protokoldan çıxarış və s.) təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi üçün üçüncü şəxs “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinə sorğu göndərilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, “Gəmi Təmirçisi” BYC-nin üzvlərinin siyahısında İddiaçı Nəsib oğlunun adı mövcud deyil, “Gəmi Təmirçisi” BYC-nin ərazisində B-29 və B- 30 saylı bağ sahələri yoxdur. Bağçılığın sahil boyu sonuncu bağ sahələrinin nömrələri 27- 28-də bitir. İddia edilən B-29 və B-30 saylı sahələr “Gəmi Təmirçisi” BYC-yə heç bir adidiyyatı yoxdur və ayrıc cizgi sxemindən (otvod) kənarda yerləşir. Buna dair verilən sənədlər saxtadır. Məhkəməyə təqdim edilən saxta sənədlər, barəsində məhkəmənin qərarı əsasında Bakı şəhər Səbail rayon İcra və probasiya şöbəsi tərəfindən 2(011)- 2693/2019-006 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə axtarışda olan X2 tərəfindən tərtib edilmiş və imzalanmışdır. Göründüyü kimi İddiaçı Nəsib oğlunun adı “Gəmi Təmirçisi” BYC-nin üzvlərinin siyahısında mövcud deyil, “Gəmi Təmirçisi” BYC-nin ərazisində B-29 və B-30 saylı bağ sahələri yoxdur. Bağçılığın sahil boyu sonuncu bağ sahələrinin nömrələri 27-28-də bitir. İddia edilən B-29 və B-30 saylı sahələr “Gəmi Təmirçisi” BYC-yə heç bir adidiyyatı yoxdur və ayrıc cizgi sxemindən (otvod) kənarda yerləşir. Belə olan halda isə iddiaçının məhkəməyə təqdim etdiyi üzvlük kitabçasının kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyini sübut olunmur. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində məhz kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilən üzvlük kitabçasının daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğu göstərilmişdir. Bundan başqa, iddiaçı 29, 30 saylı bağ sahələrinin ona məxsus olduğunu iddia etdiyi halda, “Gəmi Təmirçisi” BYC-nin məhkəməyə ünvanladığı məktubdan da görünür ki, sonuncunun ərazisində B-29 və B-30 saylı bağ sahələri ümumiyyətlə mövcud deyil. Eyni zamanda iddiaçının təqdim etdiyi bağçılıq-yoldaşlıq birliyinin üzvlük kitabçasında sahənin ölçüsü də göstərilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən ona torpaq sahəsi ayrılması ilə bağlı protokolun əsli məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçının “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətində işləməsi də hər hansı sübutla təsdiq olunmur. Bundan başqa Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisində “Gəmitəmiri və Gəmiqayırma” İB “Gəmitəmirçisi” bağçılığının 200 üzvünə torpaq sahəsi ayrılması ilə bağlı Bakı Şəhər XDS İK-nın 16/358 saylı qərarı 12 oktyabr 1985-ci il tarixdə qəbul edilsə də, iddiaçının məhkəməyə təqdim etdiyi üzvlük kitabçasında onun 1999-cu ildən “Gəmi Təmirçisi” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvü olduğu qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının özünün təqdim etdiyi sənədlərlə özünün istinad etdiyi hallar - tarixlər üst-üstə düşmür. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı cavabdeh orqana və məhkəməyə iddia etdiyi bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün yuxarıda göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu təsdiq edən sənədləri təqdim etməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-49/2019 saylı 28 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar