Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-275/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X12 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X13) “mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 145/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçılar X11, İddiaçı, X3 və X8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Şüvələn qəsəbəsi ərazisində yerləşən iddiaçılara məxsus torpaq sahələrinə dair verilmiş mülkiyyət haqqında şəhadətnamənin ləğv edilməsi və həmin ərazidə onlara məxsus bağ sahələrinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçılar X6, İddiaçı, X1 və X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, iddiaçılara məxsus bağ sahələrinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışların verilməsi» barədə iddia tələbləri üzrə işdən İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, iddiaçıya məxsus bağ sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbi üzrə icraat, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, iddiaçıya məxsus bağ sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışların verilməsi» barədə iddia tələbi üzrə icraat və iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, iddiaçıya məxsus bağ sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışların verilməsi» barədə iddia tələbi üzrə icraat ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və bağ sahəsinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati məhkəmə icraatına X13 üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)-145/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərardadı ilə iddia «bağ sahəsinə mülkiyyət hüququ haqqında reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 2-1(112)- 145/2023 nömrəli, 06 aprel 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququ haqqında şəhadətnamənin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Hazırda həmin qərardan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarında göstərmişdir ki, iddiaçıya ayrılmış bağ sahəsi kimi iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 13 saylı bağ sahəsinin yerinin müəyyən edilməsi üçün məhkəmə müvafiq prosessual hərəkətlər (tədbirlər) aparsa da, son nəticədə bağ sahəsinin yerinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmənin qənaətinə görə iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 13 saylı bağ sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin imtinası qanunazidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya “Xoş Diyar” Bağçılıq Yoldaşlıq tərəfindən “Bağbanın üzvlük kitabçası” Bakı şəhəri, Şüvəlan qəsəbəsində ayrılmış 600 kv.metr torpaq sahəsinə dair müraciətə əlavə edilmiş sxem və cizgilərinə əsasən sözügedən torpaq sahəsinin naturada müəyyən etmək mümkün olmamışdır. Belə ki, iş üzrə cavabdehin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən ekspertiza keçirilmişdir ki, həmin ekspert rəyi cavabdehin maraqlarına uyğundur. Belə olan halda məhkəmə tərəfindən alternativ ekspertiza təyin edilərək özəl ekspertiza fəaliyyəti ilə məşğul olan ekspertiza mərkəzlərə təyin edilərək rəyin verilməsi həvalə edilməlidir. İddiaçıya məxsus olan torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlər mövcuddur ki, məhkəmə araşdırması tam ətraflı və ədalətli aparılmamış, lazımi prosessual hərəkətlər həyata keçirilməyərək iddia tələbi qanunsuz olaraq rədd edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, tərəfinizdən göstərilən sahə digər fiziki şəxs tərəfindən hasarlanmış ümumi ərazi daxilində yerləşir. Elektron kadastr məlumat bazasına əsasən göstərilən sahədə ləğv edilmiş DTXK tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” mövcuddur. Bundan əlavə eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına başqa bir şəhadətnamə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən mütəxəssis rəyinin alınması ilə bağlı Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli qərardadına cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14 fevral 2023-cü il tarixli məktubda qeyd edilir: sözügedən ərazidə hasarlama işləri plan üzrə (bölgü sxeminə əsasən) aparılmadığından, həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Həmçinin İdarədə mövcud olan arxiv siyahısında vətəndaşın adı aşkar edilməmişdir. Bu səbəblərdən qərardadda qeyd olunan sualların cavablandırılması mümkün olmamışdır. Faktiki olaraq kənardan göstərilən ümumi ərazi digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasarlanıb. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna əsasən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla «Xoş Diyar» Bağçılıq Yoldaşlığı Cəmiyyətinin arxiv qovluğunda mövcud olan müvafiq sənədlərin, həmin bağçılığın nəzdində Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 13 saylı bağ sahəsinə dair sənədlərin, eləcə də X10 adına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən torpaq sahələrinə dair tərtib edilmiş JN-22971D kod 00306016 və JN- 20690D kod 00306016 Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamələrin təsdiq edilmiş surəti, eləcə də onun verilməsinə əsas olmuş, "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, eləcə də 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair order, eləcə də kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Lakin İddiaçı adına “Xoş Diyar” bağçılıq yoldaşlığının üzvü kimi Xəzər rayonu, Şüvəlan bağ massivindəki 13 saylı bağa dair üzvlük bileti mövcud olsa da, həmin bağa dair onun adına digər sənədlər (cizgi və s.) aşkar edilmədiyindən, torpaq sahəsinin ona ayrılaraq təhvil verilməsi təsdiqlənmir. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, həmin ərazidə hasarlama işləri plan üzrə (bölgü sxeminə əsasən) aparılmadığından, həmçinin bağ sahəsi koordinat sistemində verilmədiyindən bağın dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır, habelə İdarədə mövcud olan arxiv siyahısında iddiaçının adı aşkar edilməmişdir. Rəydə həmçinin qeyd olunur ki, faktiki olaraq kənardan göstərilən ümumi ərazi digər fiziki şəxs tərəfindən mişar daşı ilə hasarlanmışdır. Göründüyü kimi, İddiaçı ona ayrılmış sahə kimi iddia etdiyi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 13 saylı bağ sahəsinin yerinin müəyyən edilməsi üçün məhkəmə müvafiq prosessual hərəkətlər (tədbirlər) aparsa da, son nəticədə bağ sahəsinə dair müvafiq texniki sənədlər və məlumatlar olmadığından onun yerinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ik, göstərilənlər İddiaçı iddia etdiyi bağ sahəsinə hüququnun yaranmaması qənaəti yaradır. Odur ki, onun iddiası üzrə üçüncü şəxs X10 adına keçmiş DTXK tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğvi üçün əsas mövcud deyil. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-145/2023 nömrəli 06 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-275/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-275/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver