Məhkəmə qərarları › İş №2-1(103)-275/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-275/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-275/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X34 Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X38, X21, X22, X25, X23, X15, X30 və X10) “fərdi yaşayış evinə dair yeni ünvan təyin edilməsi və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1756/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinə dair yeni ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı Bakı şəhəri, 2-ci Sülh döngəsi ünvanında yerləşən 6 saylı fərdi yaşayış evini Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsində 30\22315 saylı xx.xx.2001-ci il tarixli çıxarışla Daşınmaz Əmlakın Dövlət Reysteri xidmətində qeydə aldırmışdır. Əmlakı 6 mülkiyyətçidən ibarət olmaqla paylı mülkiyyətdədir. Bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)- 184\2022 saylı 5 iyul 2022-ci il tarixli qətnaməsində xx.xx.1995-ci il tarixli Texniki pasportda qeyd edilmiş “D” literli yaşayış tikilisinin yerinə yeni inşa edilən paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus 1/8 hissə Bskı şəhəri Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 saylı fərdi yaşayış evi 2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş eskiz layihəyə uyğun natura qaydasında ayrılması qət edilmişdir. Digər mülkiyyətçilər ilə onun evinin damı, hasarı və qapısı tamamilə ayrılmış formadadır. Bunu nəzərə alaraq cavabdeh orqana onun mülkiyyətinə dair ayrıca çıxarışın verilməsi ilə əlaqədar müraciət etmiş, cavabdeh ayrıca çıxarışın verilməsindən imtina etmişdir. Belə ki, cavabdehin ona ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd edilir ki, “ərizəyə əlavə edilmiş Bakı şəhər Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İddiaçı cavabdehin imtinasını qanunsuz və hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi qərara alınmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-184/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.1995-ci il tarixli Texniki Pasportda qeyd olunmuş D literli yaşayış tikilisinin yerinə yeni inşa edilən paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus 1/8 hissə Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 saylı fərdi yaşayış evi 2020-ci il tarixli “Aztexlayihəinşaat MMC” tərəfindən verilmiş eskiz layihəyə uyğun natura qaydasında ayrılması qət edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılan zaman məlum olmuşdur ki, müvafiq daşınmaz əmlakın texniki pasportunda qeyd olunan D tikilisi sökülərək yerində ikimərtəbəli, ümumi sahəsi 135.89 kv.m olan yeni fərdi yaşayış evi tikilmişdir. Həmin tikili üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1756/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 ünvanında yerləşən 6 saylı fərdi yaşayış evinə dair yeni ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1756/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinin seriya FM 010545 nömrəli “Qeydiyyat vəsiqəsi”nə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 nömrəli evin 1/8 hissədən qalan hissəsi X27, 1/8 hissə 1 otaq X7, 1 otaq -12,6 kv.m X1, 1/8 hissəsi X11, 1/8 hissəsi X12, 1/8 hissəsi X2, 2/8 hissəsi X20, 1/12 hissəsi X19, 1/12 hissəsi X13, 1/12 hissəsi isə X5 adına qeydiyyatdan keçmişdir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-184/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsinə (İddiaçı cavabdehlər X31, X14, X3, X16, X17, X20, X24, X18 və X8 qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi) əsasən, iddia tələbi təmin edilmiş, xx.xx.1995-ci il tarixli Texniki Pasportda qeyd olunmuş “D” literli yaşayış tikilisinin yerinə yeni inşa edilən paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus 1/8 hissə Bakı şəhəri Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 saylı fərdi yaşayış evi 2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş eskiz layihəyə uyğun natura qaydasında ayrılması qət edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-T-0123-8/2023 **********76 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)- 184/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. - X13 notarial qaydada təsdiq edilmiş **********456 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinin yeni inşa edilmiş fərdi yaşayış evinin X2 adına özəlləşdirilməsinə etiraz etmir, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaq. - X6 notarial qaydada təsdiq edilmiş **********455 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinin yeni inşa edilmiş fərdi yaşayış evinin X2 adına özəlləşdirilməsinə etiraz etmir, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaq. - X9 notarial qaydada təsdiq edilmiş **********130 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinin yeni inşa edilmiş fərdi yaşayış evinin X2 adına özəlləşdirilməsinə etiraz etmir, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaq. - X4 notarial qaydada təsdiq edilmiş **********167 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinin yeni inşa edilmiş fərdi yaşayış evinin X2 adına özəlləşdirilməsinə etiraz etmir, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaq. - X12 notarial qaydada təsdiq edilmiş **********129 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinin yeni inşa edilmiş fərdi yaşayış evinin X2 adına özəlləşdirilməsinə etiraz etmir, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaq. - X19 notarial qaydada təsdiq edilmiş **********457 nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinin yeni inşa edilmiş fərdi yaşayış evinin X2 adına özəlləşdirilməsinə etiraz etmir, gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaq. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 184/2022 saylı, 8 yanvar 2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 184/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi 11 avqust 2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, ümumi mülkiyyət iki və daha artıq şəxsin ümumi maraqlar əsasında formalaşdırdığı vahid obyekt üzərində istifadə, sahiblik və sərəncam hüququdur. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi əmlaka (əşyaya) sahiblik, ondan istifadə etmək və onun üzərində sərəncam vermək hüququ mülkiyyətçinin davranış imkanlarının hüquqi təminatını əks etdirir. Ümumi mülkiyyət hüququnun səciyyəvi xüsusiyyətlərindən biri burada subyektlərin bir nəfərdən artıq olmasıdır. Bu subyektlər ümumi mülkiyyət hüququnun iştirakçılarıdırlar ki, onlar ümumi mülkiyyətçilər ayrılırlar. Qeyd olunmalıdır ki, qanunvericilik paylı ümumi mülkiyyətdə olan əşyanın bölünməsini və ondan payın ayrılmasını nəzərdə tutur. Hazırkı iş üzrə Nərimanov rayon Məhkəməsinin 2(005)-184/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsindən görünür ki, xx.xx.1995-ci il tarixli Texniki Pasportda qeyd olunmuş “D” literli yaşayış tikilisinin yerinə yeni inşa edilən paylı mülkiyyət hüququ ilə İddiaçı məxsus 1/8 hissə Bakı şəhəri Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 6 saylı fərdi yaşayış evi 2020-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş eskiz layihəyə uyğun natura qaydasında ayrılması qət edilmişdir. Həmçinin ünvan 4 ünvanında yerləşən paylı mülkiyyətində olan fərdi yaşayış evinin payçıları iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin iddiaçının adına ayrı şəkildə dövlət qeydiyyatına alınmasına etiraz etmirlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1756/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1756/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar