Məhkəmə qərarları › İş №2-1(103)-2750/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2750/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2750/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı MTK-nın cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın dəyişdirilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(112)-4997/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MTK cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının 1-ci bəndindəki “icarə əsasında” sözü hissəsində etibarsız sayılması, Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında bağlanmış 1362 saylı, xx.xx.2017-ci il tarixli torpaq icarə müqaviləsinin ləğv edilməsi və həmin torpaq sahəsinin İddiaçı MTK-nın adına daimi istifadə hüququ ilə rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 262 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi ünvanda yerləşən torpaq sahəsi hündürmərtəbəli yaşayış evlərinin tikintisi məqsədilə İddiaçı MTKnın icarə əsasında istifadəsinə ayrılmış, xx.xx.2017-ci il tarixli, 13277 saylı inşaat pasportu tərtib edilmiş, 17/87 saylı, xx.xx.2017-ci il tarixli ayrıc aktı verilmişdir. Həmin sərəncam əsasında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında 1362 saylı, xx.xx.2017-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır. Torpaq sahəsi kooperativə daimi istifadə hüququ ilə ayrılmalı olduğundan torpaq icarə müqaviləsi qanunvericiliyin tələblərinin pozulması ilə bağlandığından etibarsız sayılmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4815/2021 nömrəli, 12 iyul 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı MTK apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2566/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4815/2021 saylı 12 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Sonradan iddiaçı tələbi dəqiqləşdirərək Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 262 nömrəli sərəncamının 1-ci bəndinə Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə İddiaçı MTK-ya daimi istifadə hüququ əsasında icazə verilməsi məzmununda dəyişiklik edilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbində bildirmişdir ki, İddiaçı MTK Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət etmiş və Cavabdehin xx.xx.2017-ci il tarixli 262 nömrəli sərəncamının 1ci bəndindəki “icarə əsasında” sözü hissəsində etibarsız sayılması, cavabdehlə iddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1362 nömrəli torpaq icarə müqaviləsinin ləğv edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına daimi istifadə hüququ ilə rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 262 nömrəli sərəncamının 1-ci bəndinə əsasən icarə əsasında Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. X1 əsasında xx.xx.2017-ci il tarixli 1362 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır və müqaviləyə əsasən icarə müddəti 49 il müəyyən edilmişdir. Halbuki, Torpaq Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpağının hüquqi şəxsin (İddiaçı MTK-nın) istifadəsinə verilməsi icarə əsasında deyil, daimi istifadə əsasında verilə bilərdi. Eyni zamanda, formalaşmış məhkəmə təcrübəsinə görə də dövlət torpaqları çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin mənzil-tikinti kooperativinin icarəsinə deyil, daimi istifadəsinə verilir. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(81)-4562/2017 nömrəli qərarı əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 67 nömrəli sərəncamı ilə dövlət torpağının İddiaçı MTK-nın icarəsinə verilməsi məhz Torpaq Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinə zidd olduğuna görə qanunsuz hesab edilmişdir. Ona görə də hazırkı iş üzrə iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-4997/2022 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(112)-4997/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Əhədova) Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmədə mübahisələndirilən inzibati akt kimi Sərəncam deyil, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə cavabdehin xx.xx.2022-ci il tarixli 7-5764/17 nömrəli məktubu çıxış etmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edilərək Sərəncamının 1-ci bəndinin dəyişdirilməsi, yəni həmin bənddə "Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə "xxxx" MTK-ya daimi istifadə hüququ əsasında icazə verilsin" məzmunda dəyişiklik edilməsi tələb olunmuşdur. Cavabdeh isə Sərəncamın 1-ci bəndində qeyd edilən dəyişiklik edilməsi barədə yeni sərəncam-inzibati akt qəbul etməmiş, bununla da tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixli 7-5764/17 nömrəli inzibati akt qəbul edərək iddiaçıya məlumat vermişdi. Bundan dərhal sonra isə iddiaçı iddia tələbini dəqiqləşdirməklə məhkəmədə sonuncu inzibati aktı, yəni cavabdehin xx.xx.2022-d il tarixli 7-5764/17 nömrəli məktubunu mübahisələndirmişdir. Yəni imtina barədə inzibati akt qəbul edildikdən 30 gün müddətində mübahisələndirilmişdir. İnzibati-Prosessual Məcəllənin 38.2-ci maddəsinə əsasən də məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati İ aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göstərilənlər onu təsdiq edir ki, birinci instansiya məhkəməsi tərəfindən 262 nömrəli Sərəncamın qəbul edildiyi xx.xx.2017-ci il tarix deyil, həmin Sərəncamda dəyişikliklər etmək tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə cavabdehin 7-5764/17 nömrəli məktubun qəbul edildiyi xx.xx.2022-ci il tarix iddia müddətinin axımı üçün əsas götürülməli idi. Həmin məktubun tarixi imtina tarixi kimi qiymətləndirilməli və məcburetmə haqqında iddianın verilməsi üçün İPM-də təsbit olunmuş müddət axımı məktubun iddiaçıya verildiyi vaxtdan hesablanmalı idi. Məhkəmə isə İPM-in 38.2-ci maddəsinin tələblərini pozaraq əsassız olaraq iddianın xüsusi mümkünlük şərtlərinin pozuntusu nəticəsinə gəlmişdir. Oeyd edilməlidir ki, oxşar işlər üzrə Ali Məhkəmənin xx.xx.2021-d il tarixli 2-1(102)-1373/2021 nömrəli qərarında formalaşmış hüquqi mövqeyə əsasən də iddia müddəti iddiaçının arzuladığı inzibati aktı qəbul etməkdən imtina barədə cavabdeh tərəfindən verilmiş cavab məktubu imtina kimi qiymətləndirilməli, məcburetmə haqqında iddianın verilməsi üçün İPM-in 38.2-ci maddəsində təsbit olunmuş müddətin axımı cavab məktubunun iddiaçıya verildiyi vaxtdan hesablanmalıdır. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 262 saylı sərəncamına əsasən İddiaçı Mənzil-Tikinti Kooperativinin xx.xx.2017-ci il tarixli, 27 saylı müraciəti nəzərə alınaraq, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 1362 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MTK arasında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 262 saylı sərəncamı, 13277 saylı, xx.xx.2017-ci il tarixli inşaat pasportu və 17/87 saylı, xx.xx.2017-ci il tarixli ayrıc aktına əsasən, Bakı şəhəri, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinə dair 49 il müddətinə icarə müqaviləsi bağlanmışdır. İşdən görünür ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 262 nömrəli sərəncamının 1-ci bəndinə Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsinə İddiaçı MTK-ya daimi istifadə hüququ əsasında icazə verilməsi məzmununda dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iş üzrə iddiaçının qaldırdığı mübahisələndirmə haqqında iddia növü üzrə müddətə dair xüsusi mümkünlük şərti ödənilmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən sərəncam iddiaçıya yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında inzibati akt olmaqla xx.xx.2017-ci il tarixlidir. Həmin sərəncam əsasında iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 1362 nömrəli icarə müqaviləsi də bağlanmışdır. İcarə müqaviləsinə əsasən icarə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi ünvanda yerləşən torpaq sahəsi 49 il müddətinə iddiaçının istifadəsinə verilmiş, iddiaçı isə cavabdehə hər il icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan aktın verildiyi vaxtdan, ən geci həmin akt əsasında icarə müqaviləsi bağladığı xx.xx.2017-ci il tarixdən məlumatlıdır. Hazırkı iş üzrə iddiaçı birinci dəfə sözügedən sərəncamın etibarsız sayılması ilə bağlı (İPM-in 36-cı maddəsinə uyğun) iddiasını xx.xx.2021-ci il tarixdə məhkəmədə iddia qaldırmaqla mübahisələndirmiş, inzibati iş təkrar inzibati məhkəmə icraatına qaytarıldıqdan sonra isə xx.xx.2022-ci il tarixdə sərəncamın dəyişdirilməsi iddiasını vermişdir. Başqa sözlə, iddiaçı sərəncamdan məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddia tələbi üzrə müddətin ötürülməsindən 1 ildən çox keçdiyini nəzərə alaraq iddiaçıya iddia müddətinin bərpasına dair ərizə verilməsinin təklif edilməsinə hüquqi zərurət görməmişdir. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə təsbit olunan müddətlərin, o cümlədən məhkəmədə iddia qaldırmaq üçün müəyyən olunan müddətlərin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir; ikinci, hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 saylı 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən, ...mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). İddiaçının hazırkı iddiası İnzibati Prosessual Məcəllənin 2.2.1 və 32.1-ci maddələrində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. Belə ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 262 saylı sərəncamının 1-ci bəndinin məzmununa dəyişiklik edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, mübahisələndirilən xx.xx.2017-ci il tarixli sərəncam əsasında tərəflər arasında xx.xx.2017-ci il tarixdə 1362 nömrəli icarə müqaviləsi də bağlanmışdır. Həmin müqaviləyə əsasən icarə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, 3160-cı məhəllə, X.Mustafayev, X.Dadaşov və M.Ş.Həmidov küçələrinin əhatə etdiyi ünvanda yerləşən torpaq sahəsi 49 il müddətinə iddiaçının istifadəsinə verilmiş, iddiaçı isə cavabdehə hər il icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan aktın verildiyi vaxtdan, eyni zamanda icarə müqaviləsi bağlandığı xx.xx.2017-ci il tarixdən məlumatlı olmuşdur. Müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar isə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.1-ci və 73.2-ci maddələrinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, X1dan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 78.1-ci maddəsinə əsasən Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. Həmin Qanunun 78.2-ci maddəsinə əsasən şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarına müvafiq olaraq mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-nin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-nin 38.1-ci maddəsi) əməl olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, 2-1(112)-4997/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar