Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2750/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin tərtib edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3011/2023 nömrəli 03 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan əsassız olaraq alınmış 4000 manat artıq ödəmənin qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi ilə əvəz edilməsini və artıq ödənilmiş 4000 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edilərək maliyyə orqanlarına göndərilməsinə dair öhdəliyin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-3011/2023 nömrəli 03 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ondan əsassız olaraq alınmış 4000 manat artıq ödəmənin qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi ilə əvəz edilməsini və tələbinin artıq ödənilmiş 4000 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edilərək maliyyə orqanlarına göndərilməsinə dair öhdəliyin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.3 kvadrat metr olan zirzəmini X2 xx.xx.2015-ci il tarixdə ******* nömrəli alqı-satqı müqaviləsi əsasında 69.000 manata satmışdır. Əmlakı satdıqdan bir neçə gün sonra ona Bakı Vergilər Departamentinin əməkdaşı tərəfindən zəng olunaraq həmin əmlakı satdığı üçün Dövlət Vergi Xidmətinə 4000 manat vergi borcunun olduğu bildirilmişdir. Bakı Vergilər Departamentinin əməkdaşı ona həmin borcu təcili və mütləq ödəməli olduğunu bildirmiş, o, borcun haradan yarandığını soruşduqda əmlak satdığına görə gələn gəlirdən vergi ödəməli olduğunu demişdir. Bundan sonra onun adına ********** nömrəli VÖEN açdırmış, Bakı Vergilər Departamentinin əməkdaşının təkidi ilə xx.xx.2015-ci il tarixində Vergilər Nazirliyinin hesabına ********* nömrəli mədaxil qəbzi əsasında 4000 manat məbləğində vergi ödəmişdir. xx.xx.2021-ci il tarixində Bakı şəhər X5 üzrə Baş İdarəsindən ona **********604800 nömrəli bildiriş gəlmişdir. Həmin bildirişdə qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 3800 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə görə vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin bildirişdən sonra o, Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət edərək ondan tələb olunaraq alınan 4000 manat pulun ona geri qaytarılmasını tələb etmişdir. X8 Xidmətindən verilən cavabda bildirilmişdir ki, “3800 manat məbləğində artıq ödəmə məbləği Veıgi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən tələbetmə müddəti bitdiyindən qeydiyyatda olduğu vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixində silinmişdir.”. 3800 manat artıq ödəməsi olduğu halda Dövlə Vergi Xidməti tərəfindən ona heç bir məlumat verilməmiş, o da həmin vaxt Bakı Vergilər Departamentinin əməkdaşının tələbinin qanuni olduğunu düşünərək bu barədə maraqlanmamışdır. Halbuki 5 il ərzində heç bir artıq ödəmə bildirişi gəlmədiyi halda, 5 il, yəni tələbetmə müddəti bitən kimi dərhal 3800 manat artıq ödəmənin olduğu və tələbetmə müddətinin bitməsi barədə onun ünvanına bildiriş gəlmişdir. Cavabdeh məhkəmə iclasına etiraz ərizəsi göndərərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işi araşdırıb xx.xx.2023-cü il tarixli 2-1(112)-3011/2023 saylı qərar qəbul edərək iddianı rədd etdi. Bakı İnzibati Məhkəməsi onun hüquqlarını pozan qərar qəbul etmişdir. Səbəb olaraq onu bildirir ki, o, həmin 4000 manat vergi ödənişini ödəməmişdən əvvəl heç bir VÖEN-i olmamışdır və heç bir bəyənnamə verməmişdir. Əmlakını satdıqdan sonra Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin əməkdaşının ona vurduğu zəng və hədə-qorxu gələrək tələb etməsi əsasında o, VÖEN açmışdır. Lakin heç anlayışı olmadığı üçün bəyənnamə gördərməmişdir. Bütün işləri həmin idarənin əməkdaşı etmiş və sonda ona 4000 manat vergi ödənişi ödəməli olduğunu bildirmişdir. O da dövlətə olan etibarı ilə həmin məbləği həmin əməkdaşın dediyi hesaba göndərmişdir. O, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsində belə saxtakar və savadsız əməkdaşların işlədiyini bilsəydi, işi araşdırıb özünə mühasib tutub borcunun olmadığını və həmin tələb olunan məbləğin haqsız tələb olunduğunu müəyyənləşdirərdi. Məhkəmə yekun məhkəmə aktı çıxararkən Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 85.5-ci maddəsinə əsasən “Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir” hissəsini əsas tutaraq artıq tələb etmə müddətinin bitdiyi üçün iddia tələbini rədd etmişdir. O, heç bir kommersiya işi ilə məşğul olmadığı halda Dövlət Verg Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin əməkdaşının təkidi ilə 4000 manat vəsaiti dövlət büdcəsinə ödəmişdir. Bu halda onun həmin məbləği dəqiq olaraq necə hesablaması və hansı bəyənnamə əsasında ondan tələb olunması barədə anlayışı olmayıb. Bu da o deməkdir ki, həmin 4000 manat vəsaiti o, dövlət büdcəsinə ödəyərkən artıq ödədiyindən xəbərsiz olmuşdur. Həmin məbləğ bütövlükdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üstə Baş İdarəsinin əməkdaşı tərəfindən ona məcburi ödətdirilib. Ümumiyyətlə, heç bir borcunun olmadığı halda hər hansı bir əməkdaşın ona bu vəsaiti məcburi ödətdirməsi qanun pozuntusudur. Belə olan balda Azərbaycar Respublikasının Vergilər Məcəlləsinin 85.5-ci maddəsində qeyd olunan tələbetmə müddəti olan 5 il etibarsız sayılır. Çünki o, vergi ödəyicisi olsaydı və bəyənnamə təqdim etmiş olsaydı, həmin artıq ödəmədən xəbərdar olardı. O da həmin vaxtı Bakı Vergilər Departamentinin əməkdaşının ondan qanuni əsaslarla tələl etdiyini düşünərək bu barədə maraqlanmamışdır. Halbuki, 5 il ərzində heç bir artıq ödəmə bildiriş gəlmədiyi halqa, 5 il, yəni tələbetmə müddəti bitən kimi dərhal 3800 manat artıq ödəmənin olduğu və tələbetmə müddətinin bitməsi barədə onun ünvanına bildiriş gəlmişdir. Bu işə onun artıq ödəməsinin tələbetmə müddətinin bitməsi kimi deyil, onu aldadaraq ondan 4000 manatın dövlət büdcəsinə ödənilməsi hadisəsi kimi baxılmalı və yekun məhkəmə aktı çıxararkən planlı şəkildə onu aldadaraq onun vəsaitinin ödətdirilməsi kimi baxılmalıdır. O, heç nədən vergiyə cəlb edilmişdir və qanuni olduğu bildirilərək ona 4000 manat ödətdirilmişdir. İlk növbədə bu hala qanun pozuntusu kimi baxmaq lazımdır. Bu hal araşdırılmalı və Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 85.5-ci maddəsində qeyd olunan tələbetmə müddəti 5 il olan şərtin, onun həmin məbləğin ondan haqsız olaraq alındığını bildiyi müddətdən, yəni bildirişin göndərildiyi müddət olan xx.xx.2021-ci il tarixindən hesablanmalıdır. Yuxarıda göstərilən səbəblərdən hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3011/2023 saylı qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə qərar qəbul olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. 85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 221.2. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. 221.3. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. 2.1. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.4 Gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin «xahiş edirəm» hissəsində «Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)- 1511/2014 saylı qətnaməsinin ləğv edilməsini» qeyd etmişdir. Məhkəmə kollegiyası bunu texniki yanlışlıq kimi qəbul edir. Belə ki, iş materallarından və apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, iddiaçı hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3011/2023 nömrəli 03 mart 2023-cü il tarixli qərarını mübahisələndirir, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşin faktiki hallarından görünür ki, iddiaçı vergi ödəyicisi kimi uçota alınmaq üçün xx.xx.2015-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh İddiaçı xx.xx.2015-ci il tarixdə vergi ödəyicisi kimi uçota almış və ********** nömrəli vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsi vermişdir. İddiaçı könüllü şəkildə verdiyi ərizə əsasında vergi uçotuna alınmışdır. İddiaçıya məxsus şəxsi hesab vərəqəsinə əsasən iddiaçı xx.xx.2015-ci il tarixdə 4000 manat məbləğində ödəniş etmiş, cavabdeh cari bəyannamə əsasında iddiaçıya xx.xx.2016-cı il tarixdə 2015-ci ilin 4-cü rübü üzrə 4000 manat sadələşdirilmiş vergi hesablamışdır. Daha sonra elə həmin tarixli dəqiqləşmiş bəyannamə əsasında iddiaçıya hesablanmış 4000 manat sadələşdirilmiş vergi məbləği azaldılmış, nəticədə iddiaçının 4000 manat artıq ödəməsi yaranmış, eyni zamanda 2015-ci ilin 4-cü rübü üzrə iddiaçıya 200 manat sadələşdirilmiş vergi hesablamış, həmin məbləğ 4000 manat artıq ödəmədən çıxılmış, nəticədə iddiaçının həmin tarixə 3800 manat artıq ödəməsi yaranmışdır. xx.xx.2021-ci il tarixdə isə cavabdeh Azərbaycan Respublikası Vergi Məcələsinin 85.5-ci maddəsinə əsasən tələbetmə və əvəzləşdirmə müddəti bitmiş 3800 manat artıq ödəməni iddiaçının şəxsi hesab vərəqəsindən azaltmışdır. xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə barədə bildiriş göndərilmiş və bildirişdə xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 3800 manat artıq ödəmə məbləğinin müəyyən edilməsi və qeyd olunan artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsinin təmin edilməsi bildirilmişdir. İddiaçı bu bildirişi aldıqdan sonra 2022-ci ilin yanvar ayında cavabdehə müraciət edərək artıq ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş etmiş, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmiş, bundan sonra iddiaçı hazırki iddia tələb ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisi artıq ödənilmiş vergini hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olmuş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsində müəyyən edilən tələb etmə müddətinə hər hansı bir istisna halı nəzərdə tutulmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçının artıq ödəməsi 2015-ci ilin 4-cü rübü üzrə 4000 manat sadələşdirilmiş vergi ödəməsi nəticəsində yaranmışdır, artıq 2021-ci ildə iddiaçının həmin artıq ödənilmiş vergi məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququnun müddəti bitmiş, yəni iddiaçı bu hüququn vergi orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını itirmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3011/2023 nömrəli 03 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardad tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2750/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2750/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver