Məhkəmə qərarları › İş №2-1(103)-2750/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2750/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2750/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1636/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 10 may 2023-cü il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.33.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...10 may 2023-cü il tarixdə 65 yaşının tamam olması ilə əlaqədar ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 9 iyun 2023-cü il tarixli məktubla ona pensiyanın təyin edilməsindən əsassız olaraq imtina etmişdir. Halbuki, 31 dekabr 1978-ci il tarixdən bu günədək ayrı-ayrı müəssisələrdə 35 ildən artıq işləmişdir. Belə ki, 6 yanvar 2010-cu il tarixdə "xxxx" TASC-nin xüsusilə zərərli və ağır sahə olan “Dəmirçi, termiki emal və qazan-qaynaq” sexinə zərərli və isti iş şəraitində işləyən “pəstah təmizləyən” peşəsinə işə qəbul olunmuşdur. O, 16 mart 2011-ci il tarixdən bu günədək əvvəl “Tökmə” sexində, sonra isə “Tökmə və termiki emal” sexində zərərli iş şəraitində “tökməni əl və ya sumbata ilə təmizləyən” peşəsində işləmişdir. Cavabdeh qurum imtina məktubunda onun 6 yanvar 2010-cu il tarixdən 16 mart 2011-ci il tarixədək “pəstah təmizləyən” peşəsində işlədiyi müddəti nəzərə almadan 11 il, 2 ay, 19 gün güzəştli iş stajının olduğunu qeyd etmişdir. Halbuki, həmin dövrdə işlədiyi “Dəmirçi, termiki emal və qazan-qaynaq” sexində bütün peşələrdə işləyənlər (fəhlələr, mütəxəssislər və s.) sex xüsusilə ağır və zərərli olduğu üçün güzəştli şərtlərlə pensiya hüququ verən iş şəraitində işləmişdir. Həmin sexdə termiki peçlərdən çıxmış isti pəstahı, metalı sumbata və ya əl ilə (çəkiclə, qələmlə, pnevmo-alətlə) təmizləyən təmizləyicilər güzəştli şərtlərlə pensiya hüququ verən peşələr hesab olunur. Yəni, isti metalın nə ilə təmizləməsindən asılı olmayaraq həmin peşə zərərli hesab edilir. Təmizləyicilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşlərin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 11-ci bölmə Metal emalı, Tökmə istehsalı 11.1-ci hissəsinin “a” bəndində, 11.5-ci hissəsinin Metal email üzrə sair peşələr “a” bəndində, 35-ci bölmə Ümumi peşələrdə nəzərdə tutulmuşdur...” Cavabdeh iddia ərizəsinə etiraz verərək iddianın rədd olunmasını xahiş etmiş və bunu aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı 12 may 2023-cü il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatını xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin 20 aprel 2023-cü il tarixli KŞ- 10-04 nömrəli arayışında şəxsin həmin müəssisədə 6 yanvar 2010-cu il tarixdən 15 mart 2011-ci il tarixədək olan dövr ərzində “pəstah təmizləyən” vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin bu vəzifə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin siyahısında öz əksini tapmadığından, ona yaşa görə pensiya təyin etmək mümkün olmamışdır. Beləliklə, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az olmuşdur. Onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 2 ay 19 gün (16 mart 2011-ci il tarixdən 16 avqust 2015-ci il tarixədək, 1 may 2016-cı il tarixdən 31 avqust 2020-ci il tarixədək, 1 oktyabr 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək olan dövrlər) təşkil edir. Eyni zamanda, 1 yanvar 2006-cı il tarixdən bugünədək iddiaçıya münasibətdə ödənilməli olan sosial sığorta haqları 2015-ci il üzrə 4 ay, 2016-cı il üzrə 4 ay, 2020-ci il üzrə 1 ay onun fərdi hesabının sığorta hissəsində (ümumilikdə 9 ay) öz əksini tapmamışdır. Bu səbəbdən qeyd edilən ayları onun sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. İddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hesab olunur ki, imtina qanunidir və iddiaçının iddiası təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın “Metal emalı” (11) bölməsinin “Tökmə istehsalı” (11.1) bəndinin fəhlələr yarımbəndində tökməni sumbata və əl ilə (çəkiclə, qələmlə, pnevmo-alətlə) düzəltməklə məşğul olan təmizləyicilər vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi pəstah təmizləyən vəzifəsi yuxarıda göstərilən tökməni sumbata və əl ilə (çəkiclə, qələmlə, pnevmo-alətlə) düzəltməklə məşğul olan təmizləyicilər vəzifəsinə uyğun deyil...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1636/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilərək ona 60 yaşı tamam olan gündən pensiya təyin olunmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmə mənim zərərli iş şəritində işləməyim barədə iş yerinin ona təqdim etdiyi arayışa əhəmiyyət vermədən, heç bir araşdırma aparmadan qərar qəbul etmişdir. Ona görə də Bakı İnzibati Məhkəmənin qərarını əsassız hesab edir. Onun zərərli sahədə və zərərli peşədə işləməynmi müəssisənin verdiyi arayış təsdiq edir. Qüvvədə olan qaydalar tələb edirki işçinin zərərli işdə işləməsini müəssisə tərəfindən təsdiq etməlidir. Məhkəmə onun işlədiyi pəstah (yəni metal kütləsi) təmizləyicisi peşəsinin xüsusiyyətlərini tam araşdırmadan cavabdehin mövqeyini müdafiə edərək tələsik qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 12-ci maddəsinin tələbinə görə mübahisənən düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırması məhkəmənin vəzifəsidir…” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi isə 60 yaşının tamam olduğu günə iddiaçının tələb olunan 12 il 6 ay güzəştli pensiya hüququ verən stajının tamam olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən iddiaya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üzrə 25 il sığorta stajı ilə bağlı şərt ödənilsə də, onun güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi iş stajı 12 il 6 ay həddində toplanmamışdır. Əmək kitaçasına əsasən onun 6 yanvar 2010-cu il tarixdən 15 mart 2022-ci il tarixədək (1 il 2 ay 9 gün) müddətdə işlədiyi “pəstah təmizləyən” peşəsi Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmamışdır. Həmin Siyahıda nəzərdə tutulan müvafiq işlərdə onun stajı isə, ümumilikdə 11 il, 02 ay, 19 gün (16 mart 2011-ci il tarixdən 31 avqust 2015-ci il tarixədək, 1 may 2016-cı il tarixdən 31 avqust 2020-ci il tarixədək, 1 oktyabr 2020-ci il tarixdən 31 mart 2023-cü il tarixədək olan dövrlər) təşkil edir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, iddiaçının tələbi əsaslı deyil və cavabdeh inzibati orqanın üzərinə ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı üzrə öhdəlik qoyula bilməz. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.1963-cü il təvəllüdlü iddiaçının (şəxsiyyət vəsqəsi:№ ********) 60 yaşının tamam olduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən – «axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.» Konkret halda iddiaçı 60 yaşından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmiş, onun həmin yaş həddinə münasibətdə Qanunun sözgedən norrmasının nəzərdə tutdğu şərtlər ödənilməlidir ki, həmin yaşdan ona güzəştli şərtlərlə pensiya təyin olunması mümkün olsun. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən. 4.2. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Konkret halda isə iş materiallarına əsasən iddiaçının şəxsiyyət vəsiqəsinin (AZE №********) məlumatlarına əsasən xx.xx.1963-cü il tarixdə doğulduğu nəzərə alınmaqla, 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixinə onun 25 ildən çox ümumi stajının mövcud olduğu müəyyən edilsə də, həmin tarixə onun azı 12 il 6 ay xüsusi staja malik olduğu müəyyən olunmur. Belə ki, onun işə əlavə olunmuş xx.xx.1985-ci il tarixli APM № ******* nömrəli əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, onun əmək fəaliyyəti aşağıdakılardan ibarətdir: xx.xx.1978 – xx.xx.1985: xx.xx.1978: Ermənistan SSR-də Vardanes rayonu kolxozda müxtəlif işləri görə fəhləxx.xx.1985-xx.xx.1988: X3 (Distansiya) yol montyoru – 2 il 9 ay 21 gün xx.xx.1989-xx.xx.1989:Təmir zavodunda qaynaqçı - 2 ay; xx.xx.1989-xx.xx-1997: Maşınqayırma zavodunda döyücü fəhlə- 7 il 9 ay 18 gün xx.xx.2002-xx.xx.2007:həmin zavodda çapıcı – 4 il 5 ay 12 gün xx.xx.2007-xx.xx.2007: həmin zavodda çapıcı – 5 ay 1 gün xx.xx.2007-xx.xx.2010: həmin zavodda gözətçi- 3 il 17 gün xx.xx.2010 – xx.xx.2011: həmin zavodda pəstah təmizləyicisi – 1 il 2 ay 9 gün xx.xx.2011-xx.xx.2022: tökməni əllə və ya subata ilə təmizləyən fəhlə- 10 il 11 ay 9 gün xx.xx.2022 – xx.xx.2022: həmin zavodda tökməni əllə və ya subata ilə təmizləyən fəhlə- 2 ay xx.xx.2022-xx.xx.2022: həmin zavodda tökməni əllə və ya subata ilə təmizləyən fəhlə- 1 ay 29 gün xx.xx.2022-xx.xx.2023 (60 yaşı tarixi)- tökməni əllə və ya subata ilə təmizləyən fəhlə- 9 ay 20 gün İddiaçının qeyd olunan əmək fəaliyyəti üzrə toplanan 31 il 11 ay 16-gün iş stajı onun hərbi biletinin (No4544278) qeydlri üzrə onun xx.xx.1981-xx.xx.1983-cü illərdə 2 il 15 gün müddətli hərbi xidməti də nəzərə alındıqda 34 il 1 gün ümumi iş stajı mövcud olur. Onun həmin stajının da hansı hissəsinin güzəştli pensiya hüququ verən işlərə aid olduğunu araşdırdıqda, iş materiallarına əlavə olunmuş, işlədiyi "xxxx" MMC tərəfindən verilmiş KŞ seriaylı 10-04 saylı 20 aprel 2023-cü il tarixli arayışda onun termiki emal sexində “pəstah təmizləyən” və “tökməni əllə və sumbata (çəkiclə, qələmlə, pnevmoalətlə) düzəltməklə məşğul olan İddiaçı 6 yanvar 2010-cu il tarixdə işə qəbul edilmiş (əmr № 14/K) və hazırkı vaxtadək həmin müəssisədə işlədiyi peşələr üzrə iş stajının 13 il 3 ay təşkil etdiyi və həmin dövrdə işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təqsdiq edilmiş siyahının Xİ bölmə, İ hissə, “a” bəndində göstərilmişdir. Lakin onun həmin Maşınqayırma zavodunda xx.xx.2010–xx.xx.2011-ci illərdə (1 il 2 ay 9 gün) işlədyi “pəstah təmizləyicisi” peşəsinin sözügedən Siyahıda nəzərdə tutulduğu müəyyyən olunmur. Adları çəkilən hər iki peşənin adlarından belə göründüyü kimi, ikinci halda, məhz, pəstahın deyil, burada tökmənin, həm də onun əllə və sumbata ilə yalnız (əlin köməyi ilə) təmizlənməsi – istər ağırlığı baxımından, istərsə də bu zaman ayrılmış zərərli tozlara görə insan sağlamlığı üçün nə qədər təhlükə yaratdığını görməmək və bu peşənin pəstahların, yəni, zavod və ya hər hansı üsulla emal olunan hissələrin (o cümlədən tam hazır olmayan maşın hisələrinin) təmizlənməsindən fərqləndirməmək mümkün deyil. Ən azından, pəstahlar müxtəlif yuyucu, sair vasitə və üsullardan istfadə etməklə təmizləndiyi halda, tökmələr yalnız əlin köməyi ilə təmizlənir. Odur ki, məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının qeyd olunan peşədə işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutlmamadığını əsas gətirməklə, onun güzəştli stajı kimi nəzərə alınmasından imtina etməsi əsaslıdır. Belə olan halda, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixinə güzəştli pensiya hüququ verən “tökməni əllə və sumbata (çəkiclə, qələmlə, pnevmoalətlə) ilə təmizləyən” peşəsində işlədiyi müddət cəmi 12 il 28 gün təşkil edir. Göründüyü kimi, onun azı 12 il 6 ay güzəştli pensiya hüququ verən stajı (həmin stajın üzərinə onun 2 ay qaynaqçı kimi işlədiyi dövr əlavə edildiyikdə belə) toplanmır. Başqa sözlə, iddiaçının «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci madəsində nəzərdə tutulan 60 yaşından güzəştli şərtlərələ pensiya hüququ yaranmır. İPM-in 73.1-ci maddəsinin tələbi də məhz onu nəzərədə tutur ki, məhkəmə, o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, iddia rədd olunmuşdur. Başqa sözlə, məhkəmə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. Ona görə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparmada,əsas qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1636/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, konkret halda onun qeyd olunan güzəştli pensiya hüquq verən peşədə (tökməni əllə və sumbata ilə təmizləyən) işləməkdə davam etdiyini nəzərə alınmaqla,ona izah edilir ki, onun həmin işdə 12 il 6 ayının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1636/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar